Subay qızların nişandan sonra...

Subay qızların nişandan sonra...
3 noyabr 2014
# 16:53

Bir küçə düşünün. Heç vaxt keçmədiyiniz küçə... Anidən qarşınıza çoxdan arzuladığınız biri çıxır. O küçəni sevməyə başlayırsınız. Və bir gün o adam yox olur... Və ömürlük sevməyə sizə yalnız o küçə qalar...

Kimi vardı, kimi yoxdu... Doğma və yad adamlar vardı. Küçəmiz gəlişli gedişli idi. Bir gün tabutla çiyinlərdə gedənlərin yerini doğulanlar doldururdu. Elə belə... Əvəz etmirdilər, sadəcə doldururdular...

Bəzən insanlar çox asanlıqla imtina edirlər. Daha anlamırlar ki, gələn əvəz etməyəcək, sadəcə gedənin yerini dolduracaq. Bu, düşən süd dişinin yerinə təzəsinin gəlməsidir. Amma bədənin təmiz uşaqlıq qoxusu elə o dişlə itib gedir...

Əslində hər şey nənəmin sandığından başladı... Axırıncı süd dişimi əmim sapla qapıya bağlamışdı. Mənə demişdi gözlə, indi Şaxta baba qapını açacaq, heç ağrımayacaqsan. Mən də guya inanmışdım. Onu danışdığı yalanın qabağında üzüqara eləmək istəməmişdim...

Bu, ilk ağrım deyildi əslində. Hamısını özüm dartıb çıxarmışdım bircə-bircə. Hamısında da ağlamışdım. Bu ağrının adını tapa bilmədiyim üçün onu inandırmağa çalışmadım. Əmimin gözləri çox kədərli idi. Hiss edirdim ki, onun ağrısı daha yüklüdür...

Yaxşı ki, qapını nənəm açdı. Və sonucu süd dişimlə bərabər süd qoxum da getdi. Şaxta baba gəlmədi nə yaxşı ki. Yoxsa mən əmimə inanacaqdım. Və bəlkə də ona inanan yeganə adam olacaqdım...

Çox yalan danışırdı əmim. Bütün yalanlarını nənəmin sandığında gizlətmişdi. Mən ona həsəd aparırdım. Ona görə yox ki, əmimin yalanlarına inanan çox idi, yox qətiyyən belə deyildi. Heç ağlıma da gəlməzdi o yaşımda. Yalnız ona görə ki, nənəmin üç qıfıllı sandığını açan yeganə adam idi. Əmimin uğursuz toy dəvətnamələrini orada gizlətmişdi nənəm.

Maraqlı vərdişi vardı əmimin. Tez-tez açıb adamların adını oxuyurdu dəvətnamələrdən. On iki vərəqli dəftərdə siyahı yazmışdı. Hamısının qabağına qonaqların nə qədər pul yazdırdığını qeyd eləmişdi...

Əslində toy olmamışdı. Əmim toyun acısını özü uydurduğu siyahıdan çıxırdı. Hər gün hesablayırdı. Mən əmimin nə etdiyinə maraqla baxırdım. Nənəm kədərlə...

Bilmirəm, niyəsə subay qızların çoxu nişanlanandan sonra oğlan dostları, tələbə yoldaşları, nə bilim bəlkə də sevgililəri ilə çəkdirdikləri fotolardan oğlanları kəsib çıxarırlar. Amma özlərinə toxunmurlar. Çox çətindir yəqin. Keçmiş də olsa, o anın xoşbəxtliyini, xatirəsini kəsib doğramaq. Düz edirlər, insan bu qədər qəddar olmamalıdır. Əmim də o cür kəsmişdi nişanlısı ilə fotolarını... Özünə çatanda əli gəlməmişdi. Yalnız bir qolunu kəsmişdi. O da qızın əlindən tutduğu qol idi...

Hərdən telefonda nişanlısı ilə danışırdı. Hamı özünü bilməzliyə vururdu. Çünki əmim öz-özünə danışırdı...

Nənəm cehiz gələcək deyə evdəki əşyaların yerini dəyişmişdi. Amma əmim bunların heç birini hiss etməmişdi. Əvvəllər yatağının qoyulduğu, amma indi boş qalan döşəmədə qıvrılıb yatırdı.

Həyətdə zibil qutusunu armud ağacının altından götürüb tualetin yanına qoymuşdu nənəm. Əmimsə əvvəlki kimi yenə də zibilləri gətirib ağacın dibinə atırdı...

Toydan bir həftə əvvəl qız evi əmimin uşaqlıqda keçirdiyi qəzadan xəbər tutmuşdu. Həmin qəzadan sonra yeddi gün komada yatmışdı əmim. Onun "kişiliyini" itirdiyini deyirdilər. Amma bunu əmimin özündən soruşmağa nə babamın, nə də nənəmin cəsarəti çatmışdı. Beləcə toy yasa dönmüşdü. Cehiz necə bükülü gəlmişdisə, eləcə də geri qayıtdı.

Nənəm cehizin üstündəki qırmızı lentdən kəsib darvazaya bağlamışdı.

Günlərin bir günü əmim zibil qutusunu əvvəlki yerinə qaytardı. Boyu ipə çatsın deyə...

Nənəm qırmızı lentin yanında qara bağladı o gün. Təxminən bir neçə il, quşlar dimdikləyib qoparanacan qara ilə qırmızı yanaşı qaldı darvazada.

O küçə yenə də var. Yenə kimlərsə ölür, kimlərsə doğulur. Və yenə də dolur o küçə...

# 5989 dəfə oxunub

Müəllifin son yazıları

# # #