Müharibənin kişi üzü yoxdur – Furqan yazır...

Furqan, yazar

Furqan, yazar

10 yanvar 2022
# 11:02

Kulis.az Furqanın “Müharibənin kişi olmayan ü” yazısını təqdim edir.

Adını dünya tarixinə həkk etmiş Napoleon Bonaparta hələ Paris Hərbi Akademiyasında oxuyanda boyunun balaca olmasına görə dostları sataşarmışlar:

- Hey, Bonapart, sən ata minənə qədər savaş bitər!

Bonapart isə xəyallarını açıqlayar verdiyi cavabda:

- Mən savaş başlayanda ata minməyəcəm! Mən ata minəndə savaş başlayacaq!

"Müharibə" sözü sadəcə dörd sait, dörd samitdən ibarət deyil, kədər, göz yaşı, iztirab, itki, aclıq daşıyır özündə...

"Müharibə" sözü "aclıq" sözü ilə sinonimdi həm də. Sevgi aclığı!

Kaş dünyanın bütün napoleonları bilsəydilər bunu...

***

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin "Müharibənin qadın olmayan üzü" romanını oxuyanda bilmək olur ki, müharibənin heç kişi üzü də yoxdu. Müharibənin, ümumiyyətlə, adam üzü yoxdu, qaniçən üzü var, zalım üzü var.

Nədənsə çox sevirəm müharibədən bəhs edən əsərlər oxumağı. Daha bir Nobel mükafatı almış yazıçı Mixail Şoloxovun "İnsanın taleyi" povestində İkinci Dünya Müharibəsində faşistlərə əsir düşmüş Sovet əsgərlərinin taleyindən danışılır. Əsirlərin arasında bir həkim də var. İşgəncələr zamanı qolu sınan həkimin öz ağrılarını unudaraq digər əsirlərin köməyinə tələsməsi çox şey deyir oxucuya. Çox şey...

***

Tural adlı şıltaq təbiətli, civə kimi bir yerdə dayanmayan qrup yoldaşım vardı. Futbol xəstəsi olan kimya müəllimimizə futboldan suallar verib başını qatırdı və müəllim bir də onda ayılırdı ki, dərs əldən gedib. Məsələn, belə bir sual:

- Müəllim, dünən gördüz “Xəzər-Lənkəran” “Neftçi”ni pis günə qoydu?

- Hə, nə təhər uddu e... Halaldı “Xəzər Lənkəran”a...

Və beləliklə kimya dərsi futbol müzakirəsinə çevrilirdi.

Kimya müəllimimiz Turala ləqəb də qoymuşdu: “topagülləqoyan”! Yəni, araqarışdıran.

- Ədə, Tural, topagülləqoyanlıq eləmə, ədəəə!

Tural da gülürdü bu xitaba, biz də, müəllim də!

Qırx dörd günlük Haqq savaşımızda Tural şəhid oldu. Onun şəhid olduğunu eşidən gün kimya müəllimimizin xitabı tikə-tikə olub qulağımda bəlkə yüz dəfə, bəlkə min dəfə səsləndi: “top”, “güllə”, “top”, “güllə”, “top”, “güllə”, “top”, “güllə”...

***

Məşhur rəssam Pablo Pikassonun sərgilərindən birinə gələn bir general bütün rəsm əsərlərinə baxdıqdan sonra müharibənin təsvir olunduğu əsərin qarşısında dayanıb üzünü Pikassoya tutar:

- Bütün əsərlərinizi bəyəndim, ən çox bəyəndiyim əsəriniz isə budur.

Pikasso bir generala baxar, bir də çəkdiyi rəsmə:

- Çox sağ olun, general, amma bir yerdə yanılırsınız. Bu əsər mənim əsərimdən daha çox sizin əsərinizdi. Sizin əl işinizdi.

***

Hər dəfə bu əhvalatı xatırladığımda Zahir Əzəmətin dünyanın bütün müharibələrinin çirkinliyini çılpaqlığıyla göstərdiyi "Ön cəbhəyə təşviqat vərəqəsi" şeirini pıçıldayıram öz-özümə:

endirilmiş bayraqları güllələməyin

öldürülmüş əsgərləri tapdalamayın

yaralılara su verin əsirlərə təbəssüm

daha bir döyüş bitdi deyə gülümsəyin

işğal etdiyiniz torpaqlarda

ev tikməyin ev uçurtmayın

qıcıqlandırmayın yiyəsiz evlərin itlərini

həmişə üstünüzdə uşaq şəkli gəzdirin

və unutmayın

müharibələr yalnız bayağı marşları

çeynəmək üçün deyil

P.S. insanları öldürüb də sonra

qulaqlarınızı dayamayın ürəklərinə…

# 2912 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #