Gənc yazarlar ədəbiyyatdan xəbərsizdi

Fəxri Uğurlu, yazıçı

Fəxri Uğurlu, yazıçı

13 iyul 2022
# 18:20

Kulis.az yazıçı Fəxri Uğurlunun “Atalı-analı yetimlər” yazısını təqdim edir.

Son illər bu “gümüş” kəlamı tez-tez eşidirik: “Heç kim heç kimin kitabını oxumur”. Doğrudanmı belədir? Oxumurlarsa, niyə oxumurlar?..

Sovet dönəmi başa çatandan sonra ədəbiyyatımızda nisbi durğunluq yarandı, varislik prinsipi pozuldu. Bir çox mövzu aktuallığını itirdi, fəlsəfi-estetik axtarışlar proqnoza gəlməyən yeni dövrün acı reallıqlarına ilişib qaldı, kitabla cəmiyyət arasında ünsiyyət mexanizmi qırıldı. Yeninin gəlişi yubandıqca zamanla ayaqlaşa bilməyən köhnənin ömrü də uzandı. Nəticədə uzun müddət “rütbəsi” artırılmayan, ədəbi imtiyazlardan məhrum olan söz cəbhəsi əsgərlərinin hövsələsi daraldı, qələm əhlinin bir qismi taleyindən küsüb inzivaya çəkildi, bir qismi də uğursuzluqlarının səbəbini yaşlı nəslin boynuna yıxmaqla ədəbi iqtidara müxalif mövqe tutdu.

Həyat, ədəbiyyat neçənci dəfə atalar-oğullar problemiylə üzləşdi, ancaq bu dəfə qarşıdurma, bəzi istisnaları saymasaq, fəlsəfi-estetik mahiyyətdən uzaqlaşıb sosial-bioloji münaqişə xarakteri aldı. Məsələ gəlib bu yerə dirənəndə artıq kimin nə yazdığı, necə yazdığı elə bir əhəmiyyət daşımır, kiminsə yazısını oxuyub çözməyə də ehtiyac qalmır, çünki bu zaman doğmaların-yadların, dostların-düşmənlərin əvvəlcədən tutulmuş bir siyahısı olur, o siyahıya gözucu nəzər salanda dərhal “bilirsən” ki, filankəs yazıçıdır, ya yox, bəhmənkəs söyülməlidir, ya öyülməli. Yəni əsas odur ki, o filankəs bizdəndir, ya bizdən deyil, qalanı sonranın işidir…

Ədəbi məhsullara bu cür qərəzli yanaşma ədəbiyyat sferasında xaos, söz meydanında tozanaq yaradır, haramxorluğu qazanc mənbəyinə çevirir. Bu da yalnız sənət məbədinə dal qapıdan soxulmağa müdam hazır duran ədəbi şarlatanların nəfinə işləyir. Onlar bu münaqişədən dərhal yararlanıb saxta ədəbi rütbə, nimdaş ədəbi mundir yiyəsi olur, cılız mənafelərinə əlləri çatsın deyə istedadlı gəncləri bada verməkdən, sütül söz həvəskarlarının mayasına haram qatmaqdan belə çəkinmirlər.

Bəs bu nizamsızlıq, məktəbsizlik şəraitində istedadlı gənclərin beynini kim mayalandırsın, onları mənasız intriqaların günahsız qurbanlarına çevrilməkdən kim qorusun, yeni oxucunun duyğularını kim tərbiyələndirsin, onlara yaxşını pisdən ayırmağı kim öyrətsin? Bəli, söhbət məhz duyğuları tərbiyələndirməkdən gedir, çünki əgər insanın duyğusu itilənməzsə, ya sonradan korşalarsa, heç bir ağıl, savad, bilik onun dadına yetməz. Fikir vermişəm, bəzən qıraqdan savadlı təsir bağışlayan tanınmış biri, tutalım, məşhur bir televiziya aparıcısı müsahibəsində elə yazıçı adlarını, yaxud elə ədəbi əsərləri bir sırada sadalayır ki, onları heç sənət tanrısı özü də bir qaba yığa bilməz; ya da çağdaş ədəbiyyatın bəyəndiyi imzalarını yan-yana düzəndə qələm tutmağı az-çox bacaran yazıçılarla bir cərgəyə söz sənətinə elmi-güman dəxli olmayan elə qrafomanların adını dürtür ki, heyrətlənməyə bilmirsən. Sənətdən bir balaca baş çıxaran kəs dərhal anlayır: adam oxuduğu kitabların mahiyyətindən, sənətin sirlərindən tam xəbərsizdir, onu bu mətləblərdən agah eləyən olmayıb, hansısa ədəbiyyat veteranının, ya qurumun əlinə pasport verdiyi şəxsin gerçək sənətkar olduğuna saf könüldən iman gətirib.

Öz müşahidələrimə əsasən deyə bilərəm: ədəbiyyatla maraqlanan gənclərin bir çoxu söz sənətimizin keçib gəldiyi mərhələlərdən, o cümlədən folklorumuzdan, klassik ədəbiyyatımızdan, hətta ötən əsrin 60-cı illərindən başlayıb qırmızı imperiyanın dağılmasıyla başa çatan parlaq bir dönəmindən belə xəbərsizdir. Xəbəri olanların da əksəri sistemli bilik almayıb, eləcə tərifini eşitdiyi müəllifin tərifli kitabını tapıb oxumaqla kifayətlənib. Yenə öz müşahidəmi deyirəm, axtarışda olan bir gəncə uzaqdan-uzağa antipatiya bəslədiyi yazıçının yaxşı bir əsərini oxumağı tövsiyə eləyəndə sözün pis mənasında heyrətlənir, oxuyandan sonra isə sevmədiyi müəllifdən elə bir əsər gözləmədiyini, yaxşı mənada heyrətə gəldiyini deyir. Bunlar onu göstərir ki, rəhmətlik Seyid Əzim demişkən, sözümüzün, sənətimizin məktəbi dağılıb.

Qayıdıram yuxarıdakı suala: bu gün ədəbiyyata marağı olan gənc söz sənətinin sirlərinə harada yiyələnməli, harada məktəb keçməlidir? Bu atalı-analı, hətta nənəli-babalı yetimə kim yiyə durmalı, ona sözlə düzgün davranmağı kim öyrətməlidir? Universitetlər bu sahədə mükəmməl təhsil vermir, çox vaxt pedaqoqların özləri belə yaxşını pisdən ayıra bilmirlər. Yaradıcı təşkilatlar, konkret halda Yazıçılar Birliyi öyrətmək missiyasını öhdəsinə götürməyib. Estetik-fəlsəfi klublar (başqa cür də adlandırmaq olar) yox dərəcəsindədir. Ədəbi nəşrlər ətrafında da mühit (ya da sağlam mühit) formalaşmayıb. Bəs bu bəxtsiz cavan kimə sığınsın, kimin əlinə baxıb sənət öyrənsin? Ümid yalnız ayrı-ayrı sənət xiridarlarının insafına qalır, ancaq bu da problemi köklü şəkildə həll eləyə bilməz.

Keçmiş zamanlarda maarifin ayaq açdığı ölkələrdə (elə bizdə də) məfkurə adamları öz ideya-bədii istiqamətlərinə uyğun qəzetlər, jurnallar, ədəbi-fəlsəfi məclislər, cürbəcür estetik platformalar ətrafında birləşər, fikirlərini, zövqlərini cəmiyyətə təlqin eləməyə çalışardılar. Bu sayaq birliklərə təsadüfi adamlar düşə bilməzdi, düşənlərsə fikir, sənət səltənətinin tamhüquqlu vətəndaşı sayılardılar, xalq arasında hörmətli tutular, söz yiyəsi, hökm sahibi olardılar. Bir-iki dövri nəşr bir millətin taleyini dəyişərdi. İndi söz-sənət adamının cəmiyyətə təsir göstərməsi, heç olmasa zövqləri tərbiyələndirməsi üçün hansısa bir mexanizm qalıbmı? Qalsaydı, zövqlər bunca bayağılaşardımı? Kütləvi zövqün səviyyəsinə düşməyən, əksinə, kütləni öz səviyyəsinə qaldırmağa qadir olan adamların hörməti qalmayıb bu torpaqda. Sənət məbədinə dal qapıdan soxulub söz meydanını sirk arenasına çevirən təlxəklər hər yerdə meydan sulayır. Bunu görən, başa düşən azlıq da abrına qısılıb susur.

Yenə soruşmaq istəyirəm: mizan-tərəzinin pozulduğu bir zamanda gənc ədəbiyyat həvəslisi sənət olanla sənətin imitasiyasını bir-birindən necə ayırsın? Qızıl kimi vaxtını arxasında heç bir fəlsəfi-estetik məram durmayan cılız intriqalara yox, fikir yarışına, söz döyüşünə sərf eləmək istəsə, kimin qapısını döysün? Əlbəttə, ən birinci şərt mütaliədir, ancaq iş bununla bitmir; o gənc həm də saysız-hesabsız ədəbiyyat siyahısından nələri seçməli olduğunu bilməli, üstəlik, oxuduqlarını doğru-düzgün təsnifləndirməyi, yozmağı bacarmalıdır. Bundan ötrüsə o, mütləq ustad yanında şagirdlik mərhələsindən keçməlidir, necə ki, bir dərzi, bir pinəçi, bir çilingər usta əlinə baxmadan peşəsinə yiyələnə bilməz…

Gerçək ədəbiyyat əyləncə deyil, milli ideologiyanın bazasıdır. Mirzə Fətəli Axundovdan başlanan maarifçilik yolu Vətənimizin sərhədlərinin cızılması, Azərbaycanda demokratik dövlətçiliyin bünövrəsinin qazılmasıyla nəticələndi. Ciddi ədəbiyyat bunca qüdrətli, həm də xatalı silahdır, onu naşı əllərə vermək, ona əyləncə vasitəsi kimi baxmaq, onu ictimai həyatdan çıxdaş eləmək, onunla zarafat eləmək olmaz!

Bəs bu gün necə, yaradıcı ömrünün parlaq dövrünü yaşayan nisbətən gənc ədəbi nəsillərimiz gələcəyimizə yön verən ideyalar istehsal eləyə bilirmi? Bu sualın qarşısında sual işarəsinə dönüb dərin fikrə getməkdən savayı çarə tapmırsan…

“Litpark.az”

# 2103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #