Tanınmış aparıcı: “Dedilər ki, saçını uzatmasan...” MÜSAHİBƏ

Tanınmış aparıcı: “Dedilər ki, saçını uzatmasan...” MÜSAHİBƏ
11 iyul 2013
# 08:00

Kulis.Az-ın “Ekran üzü” layihəsinin budəfəki qonağı Lider televiziyasında yayımlanan “Ekstra Hiss” və “Qızıl pillə” proqramlarının aparıcısı Zabir Əliyevdir.

- Jurnalist kimi region televiziyalarında çalışmağa başlamısınız. Regionda və paytaxtda fəaliyyət göstərən kanallar arasında hansı fərqlər var?

- İlk olaraq onu qeyd edim ki, mən İnternyus Azərbaycan şirkətində jurnalistika dərsləri almışam. Orda bizə dünyanın tanınmış televiziya işçiləri, rejissorlar, prodüserlər, montajçılar dərs keçirdilər.

Paytaxt kanallarındakı geriliyi görsəm də, irəliləyişi görə bilmirdim. Region televiziyalarında bir işçinin üzərinə on iş düşürdü. Orda işçi azlığı, əmək haqqı məsələsi vardı. Ona görə də bir adam müxtəlif işlərin öhdəsindən gəlməli idi. Əks təqdirdə işdən çıxmalı olacaqdı, ya da maaşı azaldılacaqdı.

Digər tərəfdən region televiziyasında çalışmağın bir üstünlüyü də o idi ki, istədiyimizi edə bilirdik. Yəni, istədiyimiz layihəni həyata keçirə bilirdik. Heç bir senzura tətbiq olunmurdu. Mən ümumiyyətlə, senzuranın əleyhinə deyiləm. Televiziya mədəniyyəti var ki, onun çərçivəsindən kənara çıxmaq olmaz. Sadəcə ürəyimiz istəyəndə hər hansı bir layihəni ürəklə aparıb televiziyanın rəhbərliyinə təqdim edirdik. Rəhbərlik də qəbul edirdi. Şərait yaradırdılar, baxmayaraq ki, Gəncədə Kəpəz televiziyasında işlədiyim vaxtda kanalın vəziyyəti o qədər də yaxşı deyildi. Ancaq bacardığımız qədər, öz gücümüzlə nə isə yaradırdıq. Tamaşaçı da bəyənib baxırdı.

- Artıq uzun müddətdir ki, Lider televiziyasında çalışırsınız. Yerinizi dəyişmək barədə düşünmürsünüz?

- Adımın gündə bir kanalda səslənməyini xoşlamıram. Düzdür, televiziya sahəsində çalışan insan üçün bunun fərqi olmamalıdır. Sadəcə Lider televiziyası mənə doğma insan kimi qol açdı. Və mən burda özümü rahat hiss elədim.

Bölgə televiziyasından gəlmişdim. Bəziləri deyirdilər kənddən gəlib, heç nə bacarmayacaq. Düşünürdülər ki, dünyagörüşüm, televiziya bacarığım onlardan aşağıdır. Mən də susub dayanırdım. Gözləyirdim ki, vaxtı gələndə istədiyimi edim. Məndə bu bacarığın olduğunu bilirdim. Get-gedə hər şey formalaşdı. Şahidi oldular ki, yox, hər halda nəyisə bacarıram. Düzdür, burda da çox şeyləri öyrəndim. Praktikadan çox şey asılıdır. Yəni, heç bir televiziya işçisi deyə bilməz ki, mən hər şeyə qadirəm, hər şeyi bilirəm. Mən hər gün nə isə öyrənirəm.

- Regiondan gəlsəniz də saç düzümünüz, geyim tərzinizi tezliklə dəyişə bildiniz. Çətin olmadı?

- Mən Mingəçevir şəhərində böyümüşəm. Mingəçevir də kənd deyil (gülür). Amma Bakı ilə müqayisədə rayon hesab olunur. Mən həmişə yaxşı geyinməyi xoşlamışam. Etiraf edim ki, Mingəçevirdə və ya Gəncədə belə geyinmirdim, belə saç düzümündə deyildim. Mən ilk olaraq Lider radioya gəldim, radiodan sonra Lider dizayna keçdim. Televiziyada çalışmaq istəyirdim. Çünki radio aparıcılığı mənlik deyildi. Üç ay işləyəndən sonra qayıtdım Gəncəyə, sonra yenidən qayıtdım televiziyaya. Onda mənə dedilər ki, səndə yeni bir imic formalaşdırmaq lazımdır. Ola bilsin ki, onların gözündə rayonlu kimi görünürdüm (gülür). Dedilər ki, nəyisə dəyişmək lazımdır, ona görə saçlarını uzat. Mədəniyyət xəbərlərini aparacaqdım. Uzun müddət keçdi. “Mən uşaq olsam da” verilişini təqdim etdilər. Sonra televiziyalarda “torba tikənlər” olur, onlar üzümə dedilər ki, qoymadıq o verilişi sən aparasan. Səbirli olduq, gözlədik, saçım uzandı. Sonra bir məclisdə qohum-əqrəba dedi ki, bu nə saçdır saxlayırsan, arvada oxşayırsan. Mən də fikirləşdim ki, düz deyirlər, saçımı kəsdirim. Onsuz da mədəniyyət xəbərlərinə çıxacağam, saçı uzun nəyə lazımdı. Şou proqram aparmayacağam ki, mədəniyyət xəbərləridir, ciddi bir şeydir. Həmin məclisdən çıxandan sonra düşdüm metroya, metro keçidində bərbərxana var idi. Girdim bərbərxanaya, saçımı qəşəng kəsdirdim.

- Sirr deyilsə, hansı metrostansiyanın keçidi idi?

- Əzizbəyov metrostansiyası (gülür). Qəşəngcə saçımı polboks kəsdirdim. İşə gələndə məni Liderdə işə götürən Fuad Dadaşovla qarşılaşdıq. Dedi, bu nədir? Bu nə saçdır? Oldun hamıdan biri. Dedi, get gözüm səni görməsin. Dedim, bəs nə edim? Dedi, saçın uzanmayana qədər nə efir görəcəksən, nə də iş. Onsuz da maaş almırdım. Yeddi ay stajor olmuşam. Gəldim məsələni evdə danışdım ki, saçımı kəsdirdiyimə görə məni işə götürmürlər. Bax, belə bir vəziyyət yarandı. Ondan sonra qohum əqrəba əl-ayağa düşdü, ora zəng, bura zəng, tez saç uzadan dərman axtarmağa başladılar ki, uşaq işə düzəlsin (gülür).

- Yuxarıda “torba tikənlər”dən danışdınız. Televiziyada niyə bu qədər çox “torba tikən” olur?

- Paxıllıqdan, qısqanclıqdan yaranır. Düşünürlər ki, birdən kimsə onların yerini tutar. Birdən kimsə onların çörəyini əlindən alar. Belə şeylər ömrü boyu mənə yad olub. Həmişə istəmişəm ki, hamı yaxşı olsun. Hamı məndən üstün olsun. Yaxşının işinə də həmişə sevinmişəm. Amma bu gün üzümə gülüb, arxamca min cür söhbət edənlər var. Boş verirəm, susmaq qızıldır.

- Kəpəz televiziyasında qrimdən istifadə etdiyinizə görə iş yoldaşlarınızın qınağına tuş gəlməyiniz doğrudur?

- Düzdür, qınaq obyektinə çevrilmişdim.

- Sizdən əvvəl burada kişi aparıcılardan kimsə qrimlənmirdi ki?

- Əslində mən Mingəçevir televiziyasında işləyən zaman da qrimdən istifadə edirdim. Yenə deyirəm, biz İnternyus Azərbaycan məktəbi keçmişik. İnternyusda bizə bunların hamısını tədris edirdilər. Yəni, aparıcı kamera qarşısında mütləq qrimdə olmalıdır, çünki tər var, hansısa nöqtələr var, bunlar görünməməlidir, tamaşaçı onları görməməlidir. Elə qrimdən istifadə olunmalıdır ki, tamaşaçı bilməsin ki, sən qrim olunubsan. Sadəcə sifət hamar görünməlidir. Kəpəz televiziyasında ağəlilər var idi. Deyirdilər ki, bu nədir axı, qrimlənirsən, makiyaj edirsən. Cavab verirdim ki, bunlar hamısı efir üçündür, belə olmalıdır. Yavaş-yavaş onlar da qrimdən istifadə etməyə başladılar.

- Qınaq altında yaşamaq çətin olmur?

- Mən inqilab etməyi sevirəm.

- Bir aparıcı kimi sevilirsiniz?

- Əsas məsələ odur ki, camaat arasında sərbəst gəzə bilirəm.

- Sizi tanımırlar deyə sərbəst gəzirsiniz, ya özünüz fikir vermirsiniz?

- Tanıyırlar, sadəcə özümü efirdə o cür göstərməmişəm ki, hər yoldan keçən mənə yaxınlaşsın və yaxud da arxamca hansısa bir söz atıb, hansısa verilişimin adını çəksin. Hərdən olur ki, kənardan “Ekstra Hiss” deyənlər də olur. Ancaq “bu nə verilişdir”, “bu nə aparıcılıqdır”, “bu necə danışıqdır” deyənlər olmayıb. Amma aparıcılar görmüşəm küçə ilə gedəndə ardınca bir qoşun adam düşür. Verilişinin adını çəkir. Mən cəmiyyətin bir üzvüyəm və istəyirəm ki, cəmiyyətdə özümü normal bir insan kimi hiss edim. Heç vaxt istəməmişəm ki, kimdənsə fərqlənim. Düzdür, xarici görünüş etibarı ilə kimdənsə fərqlənsəm də tamaşaçılar mənə adi yanaşır.

- Milli Televiziya və Radio Şurası bu yaxınlarda aparıcıların nitqi ilə bağlı təşkil olunan monitorinqin nəticələrini açıqladı. Nəticələr o qədər də ürəkaçan deyildi. Bir çox aparıcıların efirdə ləhcə ilə danışmaları vurğulanıb. Aparıcının efirdə ləhcə ilə danışmasına münasibətiniz necədir?

- Əlbəttə ki, münasibətim çox pisdir. Ləhcə ilə danışmaq nəyə lazımdır? Bu gün Bakıda ləhcə ilə danışanların sayəsində ədəbi dildə danışan insanlar da artıq ləhcə ilə danışmağa başlayıb. Fikir vermisiniz? Küçə danışığını, hansısa rayonun ləhcəsini efirə gətirmək lazım deyil. Televiziya danışıq məktəbidir. Biz baxıb öyrənməliyik ki, hansı sözü necə demək lazımdır, hansı cümləni necə işlətmək, özünü necə aparmaq lazımdır. Müsahibəni necə qurmaq lazımdır. Təəssüf ki, bu gün televiziyadan ancaq pis şeylər öyrənirik.

- İnsanlar adətən şikayətlənir ki, televiziyalarda intellektual verilişlərin sayı azdır. Bununla bərabər, belə verilişlərin reytinqinin aşağı olmasını da qeyd edirlər. Siz necə düşünürsünüz, bu nədən qaynaqlanır?

- Mənə elə gəlir ki, verilişlərin reytinq məsələsi çox böyük, çox vacib, qlobal məsələlərdən biridir. Reytinqdə birinci sırada qırğın, dava, hansı ki, o onu söyür, bu bunu söyür, bax belə verilişlərdir. İntellektual, sənədli filmlərin reytinqi aşağıdır. Görünür, o reytinq cədvəlini müəyyən edən təşkilat Azərbaycanın düşmənidir. Deməli, Azərbaycana mədəniyyət lazım deyil. Mədəniyyət proqramları var, tədris proqramları var, ədəbi proqramlar var, hansı biri reytinqlidir? Mən ümumiyyətlə, reytinq dalınca qaçmıram. Bu yaxınlarda mənə dedilər filan-filan veriliş reytinqlidir. Sənin verilişin niyə reytinqdə yoxdur? Üzr istəyirəm ifadəmə görə, dedim ki, çünki efirdə çıxıb bambılılıq eləmirəm.

Eləmərəm də. Mənə tapşırıbsınız ki, bu işin öhdəsindən gəl, verilişi apar. Mən də dediklərinizi edirəm. Amma mən reytinq üçün yalandan hansısa səhnəni qura bilmərəm axı. Tamaşaçı da desin hə, nə baxımlı veriliş idi. Əslində o tamaşaçının fikri deyil. Bu reytinq cədvəlini müəyyən edən insanların fikridir. Ona görə də Azərbaycan televiziyaları bu vəziyyətə düşüb. Daha doğrusu, paytaxtdakı televiziyalar. Region televiziyalarına diqqət edin. Mən tez-tez bölgə televiziyalarında oluram. Lənkəranda, Şəkidə, Yevlaxda, Gəncədə müasir televiziyalar qurulub. O kanalların proqramlarına baxın. Region kanallarındakı proqramlar paytaxtdakı televiziyaların proqramlardan üstündür. Çünki onlar bilir tamaşaçıya nə lazımdır. Bəlkə də orda reklam ucuzdur ona görə. Region televiziyaları əsas etibarı ilə sağlamlığı, tədrisi, cəmiyyəti, intellektual verilişləri düşünürlər. Bunların hamısı həmin region televiziyalarının hər birində var. Paytaxt televiziyalarında isə yoxdur.

- “Ekstra Hiss” proqramı ilə daha çox gündəmdə qaldınız... (sözümü kəsir)

- Sağ olsun Murad Dadaşov. Onun sayəsində “falçı” ləqəbi də qazandım (gülür)

- Açıqlama vermişdiniz ki, falçılara, ekstrasenslərə inanmırsınız.

- Bəli, inanmıram.

- İnanmadığınız insanlarla necə işləyirsiniz?

- Bu da bir məharətdir, aparıcılıq məharəti.

- Onlar sizlə əlaqə saxlayır, ya siz onları tapırsınız?

- Biz əvvəl elan vermişdik. Bu verilişin qalibləri bizə müraciət edən insanların problemlərini həll etmək üçün onların evlərinə gedirlər. Onların problemlərini dinləyirlər, bacarırlarsa kömək edirlər. Çəkib gəlirik, hazırlayıb verilişi efirə veririk. İşimiz bundan ibarətdir, amma yeni mövsümdən istəyirik ki, “Ekstra Hiss” studiya variantında olsun.

- Verilişdə qorxulu baxışlarınız, danışığınız, jestləriniz parodiya olunmağınıza gətirib çıxardı.

- Düzdür, o parodiya şişirdilmiş formada təqdim olunmuşdu. Sadaladıqlarınızı rejissor tələb edirdi. Hətta hərdən insanlar olurdu ki, mənə deyirdilər uşaq səni efirdə görəndə qorxur. Məndən bu tələb olunurdu, mən də edirdim. Əslində bu, bir qədər artistlik idi. Nə görücüyəm, nə də psixoloqam. Sadəcə aparıcıyam, ola bilsin aktyorluğum tutub.

- Verilişiniz ümidləri doğrultdu?

- Görünür uğurlu alındı. Mən eyni zamanda “Qızıl pillə” proqramının aparıcısıyam. Bir adamdan eşitmədim ki, desin “Qızıl pillə”ni aparan oğlan, hamı deyir ki, “Ekstra Hiss” verilişini aparan oğlan, cadugərlərlə işləyən oğlan. (gülür).

- Qohumlardan, dostlardan ekstrasenslərə sizin vasitənizlə yol tapmaq istəyənlər çoxdur?

- Qohumlardan belə istəkdə olanlar yoxdur. Bütün günü ancaq dostlara, tanışlara nömrə paylayıram. Çox adam mənə qibtə edir ki, bəxtəvər, bütün günü falçılarla oturub-durur. Fikirləşirlər ki, yəqin onlar mənim üçün şərait yaradırlar.

- Bir ara şeir də oxuyurdunuz.

- Şeir mənim həyatımdır.

- Özünüz cızma-qara edirsiniz?

- Vaxtilə yazmışam, indi eləmirəm. İlham pərim uçub.

# 5191 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #