Tələbələrin seks həyatı film olmalıdır...

Tələbələrin seks həyatı film olmalıdır...
6 mart 2014
# 09:00

Kulis.Az “Azərbaycan yazıçılarının hansı məşhur əsərinə film çəkilməlidir” sualı ilə yazıçılara müraciət edib.

Anar: “Vallah film çəkiləsi o qədər əsərlərimiz var ki... Ancaq Ənvər Məmmədxanlının, İsi Məlikzadənin və Mövlud Süleymanlının hekayələrinə, povestlərinə film çəkilməsini istərdim”.

Maqsud İbrahimbəyov: “Sözün açığı, mən elə bir əsər görmürəm ki, ona film çəkilə bilər. Sovet vaxtı belə filmlər çəkilirdi, ancaq indi krizisdir. Əsərlər ola bilər, ancaq gəlin açıq danışaq da indi kino yoxdur axı”.

Əkrəm Əylisli: “O qədər əsər var ki, onlara film çəkilə bilər. Yüz əsər adı çəkmək olar. Film əsasən rejissorun əsəridir. Məsələn, Fellini filmi çəkəndə ssenarini kənara qoyurmuş. Ona görə birinci növbədə rejissoru axtarmaq lazımdır. Rejissor da ki, yoxdur. Yüksək nasirin dili kino üçün yararlı olmaya bilər. Bu fakt da var. Çox istərdim ki, “Tənha narın nağılı” hekayəmə yenidən film çəkilsin. O vaxt ssenari Moskvaya həvalə olundu. Mən kənarda qaldım. Film heç xoşuma gəlmədi, baxa bilmədim inanın. Tofiq İsmayılovun mənim ssenarim əsasında çəkdiyi “Sürəyya” filminə isə baxmaq qismət olmayıb. Ancaq baxanlar deyir ki, yaxşı alınıb. Filmdə burdan Moskvaya gedən cavan oğlanın həyatından bəhs olunur”.

Mövlud Süleymanlı: “Sovet vaxtı çap olunmuş “Şeytan” povestim bütün dövrlər üçün ən gözəl ssenaridir. Bunu qətiyyətlə deyirəm. Çox rejissorlar “Şeytan”a görə mənə müraciət etmişdi. “Şeytan”ın alt qatında narahatlıq yaradan müəyyən məsələlər var ki, bütün zamanlar üçün aktualdır. Elə götürək “Dəyirman” povestimi. Onu da məndən çox istədilər. Nə bilim, baş qarışdı, yaddan çıxdı. Mən elə özümdən danışdım (gülür). İsa Hüseynovun “Şəppəli” hekayəsi kiçik olsa da, bu günümüzü, sabahımızı ifadə edir. “Şəppəli”yə film çəkilməsi çox gözəl olardı. Gördüyünüz kimi əsərlər var. Ancaq kinomuzun vəziyyəti də göz qabağındadır. Nə vaxt ki, biz özümüzü çəkəcəyik, o zaman da kinomuz yaranacaq”.

Seymur Baycan: “Çoxlu əsərlər var ki, onlara film çəkilməlidir. Həmin əsərlərdən Sabir Əhmədlinin “Qanköçürmə stansiyası”, Əkrəm Əylislinin “Ağ dərə”, İsi Məlikzadənin “Quyu” və “Yaşıl gecə” əsərlərini qeyd edə bilərəm. Yusif Vəzir Çəmənzəminlinin “Studentlər” romanına da film çəkilsə lap yaxşı olardı. Ancaq bir şərtlə ki, tələbələrin “bazlığa” getmə səhnəsi detallarla iri planda çəkilsin. Orda çox əla söhbətlər var. Hiss olunur ki, müəllif özünü yazıb. Bir qram da o yan bu yan ola bilməz”.

Etimad Başkeçid: “Mənə elə gəlir ki, film çəkmək bizə çox asan gəldiyi üçün düz-əməlli film çəkə bilmirik. Əslində, istənilən romanın əsasında film çəkmək olar. Yaxşı rejissor bəzən pis əsəri də mataha mindirməyə qadirdir. Lakin, dünyada qəbul olunmuş qaydalar var, onlara riayət etmədən yaxşı film barədə düşünməyə dəyməz. Əvvəla, dövlətin büdcəsindən ayrılan pullarla film industriyasını ayaqda saxlamaq mümkün deyil. İkincisi, roman-filan öz yerində, amma daşdan keçən ssenarilərin yazılması lazımdır. Yəni ssenarinin orijinal ideyası, maraqlı süjet xətti olmalıdır. Sonra bu ssenari yaxşı rejissorun əlinə düşməlidir, xüsusi seçilmiş aktyor truppası formalaşdırılmalıdır və s. Bildiyimə görə, təkcə Amerikada üç mindən çox ssenarist fəaliyyət göstərir. Bu ssenarilərlə xüsusi agentlər məşğul olur, prodüserlər tapırlar. Bu prodüserlər də, sənətdən başı çıxan adamlar olur, bizdəki kimi heç bir perspektiv vəd etməyən filmlərin çəkilişinə qol qoymurlar. Bir sözlə, bizdə ekranlaşdırıla biləcək çox əsərlər var, ancaq onların əsasında normal film çəkilməsi mexanizmi yoxdur demək olar”.

Aqil Abbas: “Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsərinə film çəkilməsini çox istəyərdim. Tarixi dövrü əhatə edir, vacib əsərdir. Psixoloji əsər kimi Sabir Əhmədlinin “Yamacda nişanə” romanına da film çəkilsə yaxşı olar”.

Şərif Ağayar: “Müstəqillik dövründə sənətə gələn yazıçıların qarşısında qapılar açılmalıdır. Qocalar bacarmadı. Nə yazıçı, nə rejissor, nə də ssenarist kimi... Kino sahəsinə növbəli prinsiplə pul bölmək sahəsi kimi baxırlar. Bu biabırçılıqdır!”

Aydın Dadaşov: “Əsl romanın janr tələbi mövzunun qloballığından əlavə polifoniyanın struktura gətirilməsi ilə bağlıdır. Polifoniyanın personajlararası üstəgəl tamaşaçı oxucu ünsiyyətini diologizm sistemində nizamlaması prinsipi ekrana gətirilə bilmir. Məhz bu səbəbdəndir ki, ssenarinin hekayə-kinohekayə, povest-kinopovest analoqu olsa da kinoroman formatı mövcud deyil. Geniş oxucu marağı doğuran "Yarımçıq əlyazma" postmodernist romanının bir motivi əsasında “Şah İsmayıl, yaxud hamı səni sevənlər burdadır...” pyesi yarandı. Növbəti mərhələdə həmin pyes əsasında nəzəri müddəalara əsaslanan dəqiq bir ssenari hazırlamaq mümkündür. Bütövlükdə isə əsas göstəricisi dünyanın müəllif şərhindən ibarət romanın birbaşa hadisəli ssenariyə çevrilməsi mümkünsüzdür".

Aydın Talıbzadə: “Əli və Nino”nu kinematoqrafik hesab edirəm. Və əgər yaxşı komanda ilə işləsələr, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında film çəkilməsini istəyərəm”.

Nəriman Əbdülrəhmanlı: “Məncə sual bir qədər başqa cür olmalıdı. Bizdə əsər yox, rejissor-ssenariçi problemi var. Dünya kinematoqrafiyasıyla ayaqlaşan ssenariçi-rejissorlar istənilən əsərdən yüksək səviyyəli ekran əsərləri yarada bilərlər”.

# 10786 dəfə oxunub

Müəllifin son yazıları

# # #