Dünən Milli Kitab Mükafatının (MKM) qalibləri açıqlanan zaman insident yaşanıb. Hərbi xidmətdə olan Şəhriyar Del Geranini ən yaxşı gənc yazar mükafatının qalibi elan edən münsif Rəşad Məcid mükafatı yazıçı Əsəd Qaraqaplanın almasına etiraz edərək “Sən gəlmə, mükafatı sənə verməyəcəyəm” deyib.
Qısa təkiddən sonra mükafatı alan Ə. Qaraqaplana R. Məcid "Əsəd 4 roman yazıb, Şəhriyarın bir hekayəsi onların hamısından güclüdür" replikasını atıb.
Baş verən insidentlə bağlı Kulis.Az-a danışan R. Məcid Şəhriyar Del Geraninin mükafatını Ə. Qaraqaplana verməyi ədalətsizlik hesab edir: “Şəhriyar Yazıçılar Birliyinin üzvü deyil. Onunla heç yaxın münasibətimiz də yoxdur. Ancaq əsərini oxudum, bəyəndim və qüsurlarını da dedim. Mən istəyirdim ki, mükafatı başqa bir adam alsın. Ən azından Cavidin adını çəkdim. Kəramətlə bir yerdə olublar, o da gəlib ala bilərdi. Əsəd Qaraqaplanın ağzından araq iyi gəlirdi. Mən də təşkilatçılara dedim ki, bu adama mükafat vermək istəmirəm. Əsədin yazdığı 4 roman Şəhriyarın bir abzasına dəyməz. Dünən deyir ki, Arif Əliyevi tanımıram. Ancaq istedaddan danışır, özünə yazıçı, jurnalist deyir. Azərbaycan jurnalistikasında əməyi olan insanı tanımır. Heç onun davranışları, hərəkətləri də ürəkaçan deyil. Dünən də düzgün etdim. Düz danışmağıma da əminəm. Yazıçı kimi böyük iddialarım olmadığı üçün kiməsə qarşı qərəzimdən söhbət belə gedə bilməz. Hər zaman açıq fikrimi demişəm. Heç vaxt altdan-altdan iş görməmişəm”.
Yazıçı Ə. Qaraqaplan isə R. Məcidin dedikləri ilə razılaşmayaraq onun bu hərəkətlə özünü biabır etdiyini bildirdi: “Bir neçə gün əvvəl Şəhriyarla görüşmüşdüm. Özü demişdi ki, əgər qalib olsam mükafatı sən götürərsən. “Əli və Nino”-dan zəng etmişdilər, Şəhriyarın ailəsi rayonda yaşadığı üçün onlara dedim ki, mükafat alacaq adam kimi mənim adım yazılsın. Aqşinin sözü olmasın, Rəşad Məcid ədəbiyyat məmurudur. O dünya ilə bu dünya arasında var gəl edən biridir. Onun aqressiyası həqiqi istedada qarşıdır. 2008-ci ildə birinci gənc ədiblər məktəbi yarananda mənim də adım siyahıya yazılmışdı. Onlar fırıldaqçılıqla, oyunbazlıqla məşğul olduqları üçün oranı tərk etdim. Yaltaqlı yuvası olan Yazıçılar Birliyinə üzv olmadığım üçün bu əlbəttə ki, Rəşad Məcidə xoş gələ bilməzdi. Üstəlik, bir-iki yazımda onu tənqid etmişdim. Onun mənə qarşı göstərdiyi aqressiya bundan qaynaqlanır. Çünki şəxsi müstəvidə bizim aramızda heç bir problem olmayıb. Mənə deyir ki, sənin əsərin 10-luğa düşməyib. Rəşad Məcid bilmir ki, mən Milli Kitab Mükafatını boykot etmişəm? Boykot etdiyim mükafatın onluğuna necə düşə bilərəm? Bir də ki, Yazışılar Birliyinin təşkil etdiyi müsabiqədə dördlüyə düşdüyüm halda imtina etmişəm. Rəşad Məcid bunu da nəzərə alsın. Yaşlı-başlı adamdır, bununla nə demək istəyirsən? Özünü nə hesab edir? Bu suallara cavab verməsini istəyərəm. Deyir ki, içkili olmuşam. Mən içkili deyildim. Ayıb deyil, belə sözlər danışır. Ancaq danışanda mədəniyyətdən, ədəbiyyatdan danışırlar. Belə mənasız işlər lazım deyil. Sonra da deyirlər ki, gənclər elə etdi, gənclər belə etdi. Sən belə edəndən sonra gənclər sənə necə hörmət etməlidirlər? Dünən Rəşad Məcidinin özünə dedim ki, sənə bu lazım idi?”