Əkrəm Əylisli: “Yazmağa bir az vaxt olaydı” MÜSAHİBƏ

Əkrəm Əylisli: “Yazmağa bir az vaxt olaydı” MÜSAHİBƏ
6 dekabr 2013
# 10:10

Bu gün yazıçı Əkrəm Əylislinin 76 yaşı tamam olur. Yazıçın 75 yaşı ərəfəsində Kulis.Az-a verdiyi müsahibəni yenidən təqdim edirik.

- Əkrəm müəllim, təbrik edirik, 75 yaşınız tamam olur. 75 yaşda özünüzü necə hiss edirsiniz?

- Sualınız sadə görünsə də, bu sualda o qədər mürəkkəblik var ki. 75 yaşın qəribə, sehrli dünyası olur. Əgər mənəvi varlıq olaraq yaşayıb, bu günə çıxmısansa, özün üçün daha maraqlı adam olursan. İnsan yaşlandıqca özünə olan marağı daha da artır. Bu saat ən qəribə, ən həyəcanlı hiss odur ki, yazmağa bir az vaxt olaydı. Əvvəl həmişə yazıdan qaçmışam. Min oyunlardan çıxmışam ki, yazmayım. Axı yazdıqca təzələnməlisən. Bunu demişəm və yenə də deyirəm ki, stolun arxasına keçəndə sıfırdan başlamalıyam. Yazmağa başlayanda Əkrəm Əylisli yox olur. Yazılan cümləni elə bil yeni bir yazıçı yazır. Ən uğurlu da onda alınır. Elə-belə, xətir üçün yazanda alınmır.

- Bir dəfə yazmışdınız ki, “...Adına “yaradıcılıq əzabı” deyilən müsibətin nə demək olduğunu da elə bu birinci cümlədən kifayət qədər aşkar hiss eləməyə başlayıram. Biz xeyli vaxt bir-birimizə düşmən kəsilirik: mən və həmin o birinci cümlə! Və o “vicdansız” birinci cümlə heç vaxt mənim istəyimcə alınmır. Mən onun nazı ilə oynamağa məcbur oluram”. 55 ildən artıq yaradıcılıq təcrübəniz var. Hələ də o birinci cümlə “vicdansızlıq” edir?

- Mən ədəbiyyatda cavan ruhdan ayrılan adam deyiləm. Bir vəzifədə olmuşam, ancaq vəzifədən ayrılan zaman həmin vəzifə yadımdan çıxıb. Yaşımın fərqini dərinliyiylə hiss etmirəm. Mənimlə Qan Turalı arasında yaş fərqi var. Bəs düşüncəmizdəki fərq nədir? Dünyanı görməyimizdə, hissiyyatımızdakı fərq nədir? Bunu hələ də başa düşə bilmirəm. O ilk cümlə də hələ də mənə təslim olmur, “vicdansızlıq” edir. 50 ildən artıqdır ki, onunla döyüşdəyəm.

- Siz yaradıcılığa 50-ci illərin sonunda başlamısınız. O illərdə ədəbi darğalar, ədəbi bütlər, nüfuzlu yazıçılar vardı. Onlar həmin dövrdə çox güclü idilər. Məsələn, Əbülhəsən, Süleyman Rəhimov, Mehdi Hüseyn, Mirzə İbrahimov və s. Sonradan sizin nəsil də ədəbi hakimiyyət əldə edib, özünü təsdiqlədi. Maraqlıdır, 30 yaşınız olanda 75 yaşlı yazıçılar sizə necə təsir bağışlayırdı?

- 50 yaşındakılara da çox qocalmış kimi baxırdıq (gülür). Deyirdik ki, bu qocalar niyə çıxıb getmir?! Biz cavanlara yer vermirlər. İndi bunları hərdən yaşı 70-i keçmiş, vəzifədən ayrıla bilməyənlərin yazıçıların yadına salıram. Amma bilmirəm ki, onlar niyə vəzifədən getmirlər (gülür).

- Anarın Mirzə İbrahimovla vəfatı ilə bağlı bir yazısı var. Anar yazır ki, Mirzə İbrahimov zamanı anlaya bilmədi. Anar bunu yazanda SSRİ dağılmışdı. Gənclər adətən həmişə yaşlı yazıçıları qınayırlar ki, yeni dövrün nəbzini tuta, zamanla ayaqlaşa bilmirlər. Bəs siz necə? Dövrü anladığını düşünürsünüzmü?

- Mirzə İbrahimov hansı zamanı qəbul etməli idi? Sovet hökuməti dağılandan iki il sonra Mirzə İbrahimov öldü. Çox çəkmədi ki... 75 yaşımda istəmirəm kiminsə könlünə dəyim, ancaq bir söz deyəcəyəm. Anarın şeirlərini oxuyanda yadıma Mirzə İbrahimov düşdü. Mirzə İbrahimovun yadına rəhmətlik arvadı düşürdü və arvadına şeir yazırdı. Bunlar niyə belə bir-birinə oxşadılar? Şeirləri də eynilə həmin şeydi haa. Anar doğrudanmı başa düşmür ki, bu cür şeir yazmaq olmaz. Anarın yazdığı şeirləri oxuyanda dəhşətə gəlirəm, onun ağlı kəsmir ki, bu cür şeir yazmaq olmaz. Bu şeir deyil. Yazdığı şeirlərlə niyə yadına düşmür Mirzə İbrahimov? (gülür)

- Yazırsınız ki, dünyadakı vicdanlı yazıçıların hər birinin qəlbinin bir hissəsində sosializm var. Yəqin ki, sovet vaxtı Kommunist Partiyasının üzvü olmusunuz. İndi də ürəyinizdə sosializm qalıbmı?

- Olmuşam, Kommunist Partiyasının üzvü olmaq qəribə bir şey deyildi. Əbülfəz Elçibəy də Kommunist Partiyasının üzvü olub (gülür). Allah ona rəhmət eləsin. Bəy məhkəmədə demişdi ki, nə edirsiniz edin, məni partiyadan çıxarmayın. Mən partiyadan ayrı yaşaya bilmərəm.

- Əkrəm Əylisli özünü hansı səviyyədə solçu hesab edir?

- Bunu sözlə ifadə etmək çox çətindir. 6-7 yaşımda keçirdiyim, yadımda qalan hissiyyatlarım var. İnanın ki, o hissləri duyuram. Uşaqlığın qorxu hissi, təbiətə münasibət və s. “Adamlar və ağaclar”a son söz yazmışdım. O ki evdən birinci dəfə çıxır. Qorxu basır bunu. İnsanların arasına çıxır, uşaqdır da. Çıxır o mühiti, o insanları görür. Qəliz məsələdir, onları söhbətdə açmaq olmur. Onları ancaq yazmaq olar. Mən bütün dünyanın modelin bir Əylisdə görürəm. Əylis mənim üçün dünyadır. Dünyanın hər şeyi, insan münasibətlərinin bütün mənzərələri – zalımlığı, rəhmdilliyi, satqınlıq, mərdlik, namərdlik mənim üçün Əylisdə cəmlənib.

- İsmayıl Şıxlıyla bağlı xatirəniz var. İsmayıl Şıxlı sizi görüb deyir ki, mənəviyyat-zad qurtardı. Ayrılanda demisiniz ki, hara gedirsən? Deyib ki, mitinqə, meydana. Sizin əsərlərinizdə yüksək mənəvi-əxlaqi keyfiyyətlərə, öz mənəviyyatını, əxlaqını itirməyən insanlara geniş yer verilib. Kənd sizin əsərlərinizdə az qala mənəviyyat məbədinə çevrilib. Amma “Ətirşah Masan”inizin qəhrəmanı Ələddin də deyir ki, burda mənəviyyat qalmayıb, kənddən çıxıb getmək istəyir.

- İsmayıl Şıxlının dediyi “mənəviyyat qurtardı” söhbətini indi də tez-tez xatırlayıram. İsmayıl Şıxlını doğrudan da çox ziyalı, insaflı, tərbiyəli bir şəxsiyyət idi. Pedaqoji İnstitutda dərs deyirdi. Ömründə rüşvət almamışdı. Belə şeylərdən uzaq insan idi. Onun dediyi fikir hər gün yadıma düşür. İsmayıl Şıxlı nə qədər böyük, nə qədər dərin insan imiş. Həqiqətən də indi mənəviyyat yoxdu. Hələ ki, qurtarıb. İndi siz nəsə etməyə çalışırsınız, çarpışma gedir. Siz həqiqətləri açmaq istəyirsiniz. Amma bu mühit təmizlənməlidir.

Mənəviyyat da həqiqətdir də. “Ətirşah Masan”da mən bunu demişəm, bu əsər buntdur, qiyamdır. Bu xalqa, qoca nənələrə, gəlinlərə vurğun kənd uşağı birdən gözünü açıb, yenidən qayıdır kəndə. Baxır görür ki, onun uca səviyyədə təsəvvür etdiyi insanlar haqda yanılıb. Onlar heç vaxt uca səviyyədə olmayıblar. O təsəvvür etdiyi səviyyədə nə nənə olub, nə baba . Bu hardasa onları içinin arzusuyla böyüdüb. Orda bunt eləyir ki, yox, belə deyilmiş. “Ətirşah Masan” depressiyada yazılıb.

- Simvolik baxımdan Masan nənə Ursulanı xatırladır. Hadisələrin mərkəzində o dayanır.

- Keçən il Qrem Qrin adlı yazıçı ilə tanış olmuşdum. Qrem Qrin adlı yazıçı oxumamışdım. Qrem mənim üçün 100 faiz Dostoyevski, Tolstoy səviyyəsində, hətta Markesdən üstün, nəhəng yazıçıdır. Dünən axşam isə Hans Kris adlı yazıçını oxuyurdum. Baxıram ki, allah, allah, Qrem Qrinə necə oxşayır. Qrem ondan əvvəl yaşayıb. Yazıçılar hamısı bir-birindən təsirlənirlər. Markes özü də kimdənsə təsirlənib. Təsirlənmək oğurlamaq demək deyil. Uzun müddət Azərbaycan ədəbiyyatı nağılların təsiri ilə yazılıb.

- İsmayıl Şıxlının bir yazısı var. O da sizin kimi kənd uşağı olub. Deyir bakılı ola bilmirik, ürəyimiz kənddə qalıb. Kəndə də gedirik, şəhər üçün darıxırıq. Ancaq siz kəndə qayıda bildiniz. Qayıdan kimi də “Ətirşah Masan” kimi əsər yazdınız.

- Kəndə qayıtmağımla bağlı bir neçə yazım, pyesim var. “Yazığam sevmə məni” adlı bu pyes yaxşı pyesdir. Bu pyesi Dövlət Gənc Tamaşaçılar Teatrında oynadılar. Həqiqətən gözəl pyesdir. “Ceviz kölgəsinin nağılı” adlı çox gözəl bir hekayəm də var. Ağacı kəsirlər, kölgə yox olur. Orda nələr baş verir. Bu hekayəni Əylisdə son müşahidələrimin nəticəsi olaraq yazmışam.

- Kəndə qayıdıb nə gördünüz? Şəhərdən bezib kəndə gedirsiniz, kənd belə. Kənddən qaçırsınız şəhərə, şəhərdən də kəndə. Sizcə mənəviyyat haradadır?

- Yazıçı ömür boyu çabalayır. Elə bilir həqiqət ordadı, cumur ora. Yazıçının ikinci həyatı var?! Ən böyük yazıçılıq nümunəsi Lev Tolstoydur. O da kənddə özünə yer tapmırdı. Kəndi tərk edir və yolda da ölür. Yazıçı həmişə axtarır, narahat olur. Narahatçılıq qurtaranda yazıçılıq da qurtarır. Rahatlıqla yazıçılıq heç cür uzlaşmır. Yazıçılıq daim ağrıyan bir vücuddur. Həm də ağlayan. Ağrıya-ağrıya ağlayan bir vücud.

- Orxan Pamuk deyir ki, romançının ən yaxşı cəhəti odur ki, oxucu romanı oxuya-oxuya həm də fikirləşir ki, bunun nə qədəri həyatda baş verib, nə qədərini yazıçı uydurub. Əlavə edir ki, bu romanı maraqlı edən əsas cəhətlərdən biridir. “Gilənar çiçəyinə dediklərim”i oxuyarkən hiss olunur ki, avtobioqrafik məqamlar çoxdur.

- Özümdən nə isə olmasa, heç vaxt uydura bilmərəm. Mən özümdən uydurmuram. Özümü yazmasam yaza bilmərəm.

- Qələndər obrazı sizə oxşayırmı?

- Şübhəsiz ki, mən özümü yazmışam. Həqiqətən də elə bir şey olmasa, yaza bilməzdim.

- Yeni əsər üzərində işləyirsinizmi?

- İki roman “Daş yuxular” və “Möhtəşəm tıxac” üzərində işləyirəm. Amma bu haqda geniş danışmaq istəmirəm.

-75 yaşınızın tamam olduğu bu günlərdə hansı əsərinizlə fəxr edirsiniz? Əlinizi stola çaxıb hansı əsəriniz haqda “bunu mən yazmışam” deyə bilərsiniz?

Belə çox əsərim var. “Ağ dərə”, “Tənha narın nağılı”, “Söyüdlərin sarı işığı”... Başqa əsərlərimi də qeyd edə bilərəm.

# 5142 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #