İlham Mirzəyev: “Bizdə adətdir, insanlara öləndən sonra qiymət verirlər"

İlham Mirzəyev: “Bizdə adətdir, insanlara öləndən sonra qiymət verirlər"
14 aprel 2014
# 09:00

Dələduzluqda ittiham olunaraq həbs olunan Space televiziyasında yayımlanan “Etiraf” və “Etibar edin” verilişlərinin aparıcısı, psixoloq İlham Mirzəyevin ötən il Kulis.Az-a verdiyi müsahibəni yenidən təqdim edirik.

- Aparıcı yoxsa, psixoloq kimi daha populyarsınız?

- İlk növbədə aparıcı kimi daha populyaram. Aparıcı kimi tanınandan sonra insanların mənə psixoloq kimi inamı yarandı və mən öz arxamca tamaşaçıları aparmağı bacardım. Artıq 14 ildir ki, efirdəyəm. Verilişlərimin reytinqi həmişə yüksək olur. Reklam və tamaşaçı sarıdan problemim yoxdur. Hər hansı bir telekanala qonaq gedəndə də deyirlər ki, İlham müəllim, iştirak etdiyiniz verilişin reytinqi yüksək olur. Bu da ondan irəli gəlir ki, çalışdığım müddətdə özümü tamaşaçılara sevdirməyi bacarmışam, inam, etibar qazanmışam. Elə aparıcılar olur deyir “şok açıqlama”, amma baxırsan içində heç nə yoxdur. Tamaşaçılarla yalandan ünsiyyət qura bilmirəm.

- Aparıcısı olduğunuz “Etiraf” verilişində qonaqlarınız bir qayda olaraq ağlayır. İnsanların göz yaşları ilə spekulyasiya etmirsiniz?

- Bu gün 9 milyon xalqın qarşısında çəkdiyi əzab-əziyyəti etiraf edən populyar bir insana baxanlar ondan nümunə götürür ki, insan yorulmamalıdır, çalışmalıdır. Tamaşaçılar həmin insanın bugünkü şan-şöhrəti, tamaşaçı rəğbətini, sevgini, nailiyyətləri elə-belə qazanmadığını öyrənir. Açıq deyirəm, heç vaxt göz yaşı ilə reklam qazanmaq istəməmişəm. Sadəcə mən psixoloqam, insanların daxili aləmini açmağı bacarıram. Verilişə 50 faiz insan mənə görə baxırsa, 50 faiz insan da qonağa görə baxır.

- Ağlatdığınız insanların içərisində hamı ürəkdən ağlayır, ya saxtakarlıq edənlər də olur?

- Heç kimi nə ağlamağa, nə də ki, gülməyə məcbur edə bilməzsən. Əgər ağlayan insanın bir dərdi varsa, gülən insanın min dərdi var. Elə qonaq olur ki, ağlamır, ancaq məni, tamaşaçını ağladır. Onun hər bir sözü insana qamçı kimi dəyir. Elə insan da olur ki, hiss edirəm onun siması da, danışığı da yalandır. Yenə deyirəm heç kimi məcburi ağlatmaq olmaz. İnsanın gərək daxili yansın ki, gözündən yaş çıxsın. Qonaqlarım da bilirlər ki, dərdi kimə demək, kiminlə bölüşmək lazımdır. Çünki mən onlarla səmimi oluram.

- Qonaqları özünüz seçirsiniz?

- Çox vaxt prodüserlər seçir, amma elə vaxt olur ki, özüm seçirəm. Bu yaxınlarda Təranə Qumralla Musa Musayevi şəxsən özüm çağırdım. Gördüm ki, o insanlar batır. Bir kəlmə söz ailəni qatıb-qarışdırır, amma bu gün onların övladları var. Bu gün etdiklərimizə görə gələcəkdə övladlarımız məsuliyyət daşıyacaq. Təranə Qumralla Musa Musayev verilişimdə qonaq oldular. Bilmirəm, onlar nə dərəcədə səmimi oldular, bunu tamaşaçılar məndən yaxşı bilir. Ancaq hər halda mən öz sözümü dedim. Hadisələrə bir psixoloq kimi rəyimi verdim. Bununla bərabər, biz jurnalistlərin insanların şəxsiyyətini təhqir etməyə haqqı yoxdur. İstər aparıcı, istərsə də qəzet müxbiri olsun.

- İndiyə qədər ağlada bilmədiyiniz qonaq olub?

- Hələ çox adamlar var ki, ağlamayıblar. Eləsi olub gəlib məni ağladıb. Hərdən oğlum deyir ki, ay ata, bəsdir daha ağlama, qocalıbsan. Deyirəm, niyə ağlamayım. Deyir, əvvəl sən ağladırdın, indi qonaqlar səni ağladır. Deyirəm, mənim balam həyat mənə o qədər dərs verib ki, indi qarşımda oturub danışanlara qulaq asanda yaşadığım ağrılı-acılı günlər yadıma düşür. Dəfn mərasimində ağlaşanların çoxu ölən üçün ağlamır. Hamı öz dərdini yadına saxlayıb ağlayır.

- Cəmiyyətdə sizə qarşı münasibət birmənalı deyil. Sevənlərlə bərabər, sizə ironik münasibət bəsləyənlər də var...

- Bu, çox təbii haldır. Düzdür, hələ ki, mənə mənfi münasibətin şahidi olmamışam. Tərif olan yerdə tənqid də olmalıdır. 9 milyonun hamısı məni sevsə, bu, anormal olar. Məni gözü götürən də var, götürməyən də. Biz müsəlmanıq, bizə başqa yerdən düşmən lazım olmur. Həmişə özümüz özümüzü içimizdən vururuq. Bu gün İlham Mirzəyev tamaşaçılar tərəfindən sevilirsə, onu nəyləsə vurmağa çalışırlar. Amma mən sözümü deməyi və sözümün arxasında dayanmağı bacarıram.

- “Etibar edin” proqramında problemli insanları dinləyən zaman tez-tez gülməyiniz də əleyhinizə istifadə olunur...

- Mən 14 ildir ki, efirdəyəm. Hər hansı bir kadrı göstərsinlər ki, insanları orda ələ salıram. Təbii ki, mənşəyi bilinməyən, min bir oyundan çıxan müğənni özünü Azərbaycan mədəniyyətinə qulluq edən biri kimi göstərirsə, Allahdan, Qurandan, namusdan, qeyrətdən danışırsa, ona gülmək lazımdır. Çünki ekran qarşısında tamaşaçılar həmin adamlara gülürlər. Dərdli insanlara isə heç vaxt gülməmişəm. Qocalar evində olmuşuq, atasız-anasız uşaqlara sünnət elətdirmişik, ancaq o kadrları efirə verməmişəm. Sevinirəm ki, bu gün bir çox aparıcılar mənim cığırımla gəlir. Ancaq təəssüflər olsun ki, indi hər şeylə reklam tutmağa çalışırlar. Azərbaycan ziyarətgahlarını qarış-qarış gəzib, müqəddəs yerləri Azərbaycan xalqına tanıtdırmışam. “Etibar edin” proqramı ilk psixoloji verilişdir. Canlı bağlantı ilə tamaşaçılara yardım edirik. Canına qəsd etmək istəyənə yardım etməyin nəyi pisdir? Çox insanların yerini bu gün dar edirəm, problem yoxdur. Allah məni sevənlərin də, sevməyənlərin də canını sağ eləsin.

- Verilişinizə yüzlərlə problemli insanlar zəng edir. Sizcə bu problemlər nədən qaynaqlanır?

- Dünyada olduğu kimi Azərbaycanda da artıq yadlaşma prosesi gedir. Qonşuya, qohuma, tanışa münasibətdə yadlaşmanı daha gözəl görmək olar. Qohumlar ancaq toydan-toya, yasdan-yasa görüşürlər. Gediş-gəliş olduqca azalıb. Əvvəllər ağsaqqallar, ağbirçəklər ailələri dağılmağa qoymurdu. Ağsaqqalların sayı getdikcə azalır. Hərənin başı öz probleminə qarışıb. Ailələrin dağılmaq təhlükəsinin qarşısını alan insanlar azdır. Onun üçün də insanlar psixoloqlara, o cümlədən mənim verilişimə üz tuturlar. Çünki bilirlər ki, onlara kömək edirəm. Xarici ölkələrdə hər ailənin öz psixoloqu olur. Hər bir kiçik ailə özü özlüyündə bir dövlətdir və ailələr birləşərək bütöv bir dövlət yaradırlar. Hər bir ailənin də öz adət-ənənəsi var. Məsələn, bir ailə başqa bir ailədən qız alır. Ailələrin psixologiyası tamamilə fərqli olur. Mən istərdim ölkəmizdə evlənən cütlüklər toydan iki ay əvvəl rəqs öyrənmək üçün məşq etmək əvəzinə elə psixoloq yanına getsinlər. Ailənin nə demək olduğunu öyrənsinlər. Gəlin-qaynana, kürəkən-qayınana, ər-arvad, valideyn-övlad münasibətlərini bilsələr inanın ailələr dağılmaz. Verilişimə zəng vuran insanların dərdini öz dərdim kimi qəbul edirəm. 47 yaşım var, inanın ki, özümü 80 yaşında hiss edirəm.

- Bəs yorulmursunuz?

- İnanın ki, çox yoruluram. Hiss edirəm ki, yaşlanmışam, iki il bundan əvvəlki İlham deyiləm. Yəqin ki, 50 yaşıma kimi efirdə olacağam.

- Bir ara şəhərdə reklamınız yerləşdirilmişdi. Biz adətən o bannerlərdə müğənniləri görməyə adət etmişik. Bu ideya necə yarandı?

- Bir də görürsən yazırlar filankəs gəlir. Tanımırsan kimdir bu, niyə gəlir, səbəbi nədir. Amma mən İlham Mirzəyevi hamı tanıyır ki, mən kiməm. Reklamda barmağımla göstərirdim ki, “özünüzü stressdən qoruyun”. Mənim reklama ehtiyacım yoxdur. Nəyəsə görə ora çıxmamışdım. Onu məndən prodakşn xahiş etmişdi, mən də razılıq vermişdim. Bu gündən sonra efirə çıxmasam da, yəqin ki, gənc nəsil məni unutmayacaq.

- Sizi tez-tez parodiya edirlər.

- Elməddingil, KVN, “Bu şəhərdə” məni dəfələrlə parodiya edib. Özləri də etiraf edirlər ki, səni parodiya edəndə “yeyilir”, camaat xoşlayır (gülür).

- Hansı parodiya daha çox xoşunuza gəlib?

- Allaha and olsun onlara baxanda o qədər gülürəm. Hamısının öz yeri var. KVN-də belə bir yer var. Habil Əliyev, Ədalət gəlir, deyir, tez olun ağlayın, çıxaq gedək (ürəkdən gülür). Bu yaxınlarda Arif Babayev qonağım oldu. Dedim, Arif müəllim, ağlayın çıxaq gedək. Dedi, qadan alım, mən ağlamayacağam. Açıq etiraf edirəm ki, Azərbaycanda ağlamağı televiziyaya mən gətirmişəm (gülür). Mənim verilişimə bənzər verilişlər yaratsalar da buna nail ola bilmədilər. Hələ indiyə kimi heç bir kanalda, heç bir verilişdə yeni bir söz deyilməyib. Kim veriliş açıbsa, dediyimizin böyür-başını bir balaca düzəldib deyiblər. İnsanlarımızın zövqü bir balaca korlanıb. Elm adamını, siyasət adamını efirə çıxarırıq reytinq gətirmir. Amma adi bir bozbaş müğənni efirə çıxan kimi reytinq qalxır. Bəlkə bu adamlar agentdirlər? Onları bura göndəriblər ki, mentalitetimizi pozsunlar, səviyyəmizi aşağı salsınlar. Səbəb nədir? Özümə də maraqlıdır, ancaq səbəbini tapa bilmirəm.

- Bir neçə kitabın müəllifisiniz. Hamı bir ağızdan insanlar kitab oxumadığını deyir (sözümü kəsir).

- Düz deyirlər, insanlar kitab oxumur.

- Sizin kitablar da oxunmur? Kitablarınızdan gəlir götürə bilirsiniz?

- İndiyə kimi çap etdiyim kitablardan hələ xeyir görməmişəm. Çünki kitablar satılmır. İnternetdə psixologiyaya aid o qədər məlumat var ki. Azərbaycanda stress haqda ilk dəfə mən müdafiə etmişəm. Kitablarım çap olunur, inanın Allaha alan yoxdur. O kitabları hədiyyə verirəm. Amma yuxu yozumları kitabı buraxsam elə alacaqlar. 1998-ci ildə Firuzə Nadirin mənim haqqımda yazdığı “Mən tanrı yolçusuyam” adlı kitab çıxmışdı. Adi bir kitab idi. Mənim həyatımdan bəhs olunurdu, orada bürclər haqda da məlumat verilmişdi. Həmin kitabın pulu ilə 4 otaqlı ev aldım.

- Doğurdan?

- İnanın səmimiyyətimə, düz deyirəm. Ancaq bu gün 4 otaqlı evin dəyərində pulu kitablara verib nəşr etdirirəm, alan yoxdur. Qabaq Axundov kitabxanası dolu olardı. İndi Facebook, Google çıxandan insanlar boş qalıb. Peyğəmbərimiz buyurub ki, insan doğulan gündən ta məzara qədər elmlə məşğul olmalıdır. Alim qabaqda gedən ağsaqqaldır. “Alim güldü, aləm güldü, alim batdı, aləm batdı” deyiblər. Ziyalımız çox olsa bizə xeyirdir. Bu gün kitab yox, kiminsə əkiz doğmağı, kiminsə dəbdəbəli villası insanlara maraqlı gəlir. Kanallarda günah yoxdur, kanal məcburdur ki, şivən salan adamları efirə çıxarsın.

- Dediniz ki, pirlərdən, ziyarətgahlardan süjetlər hazırlamısınız. Pirlərin təbliği nə dərəcədə doğrudur?

- İlk olaraq qeyd edim ki, müqəddəs Kəbəni ziyarət etmişəm. Mütəmadi getdiyim ziyarətgah isə Mir Mövsüm Ağa ziyarətgahıdır. Mən də istəməzdim ki, pirlər çox təbliğ olunsun. Kim istəyirsə ziyarət etsin, kim istəmirsə etməsin. Həmin ziyarətgahlarda peyğəmbər nəslindən olan övliyaların məzarları yerləşir. Biz də Allaha xatir gedib onların qəbirlərini ziyarət edirik. Bizi də, o pirləri də yaradan Allahdır. Belə bir məsəl var ki, 12 imama yalvarana kimi bir Allaha yalvar. Mir Mövsüm Ağanı ziyarət etmişəm, ancaq ondan heç nə istəməmişəm. O da mənim kimi bəndədir, sadəcə məndən bir köynək Allahımıza yaxındır. Bu elə bil insanlara psixoloji təsir edir. Gedib orda rahatlanırlar. Allahdan başqa Allah, Allaha şərik yoxdur.

- Yanınıza gələn insanlar sizdən daha çox özləri üçün nəsə istəyirlər, ya kiməsə qarşı pis bir əməl etməyinizi xahiş edirlər?

- Mənim yanıma kimsə baxdırmaq üçün gəlmir. Çünki özümə qadağa qoymuşam. Yanıma daha çox stressdən, depressiyadan, qorxudan əziyyət çəkən adamlar gəlir. Hazırda stressin, depressiyanın ən qlobal dövrüdür. Maşınların tıxacı, insanların bir-birinə münasibəti,informasiya bolluğu hər bir şey insanlara təsir edir və psixoloji travmalar alırıq. Azərbaycanda qaçqınlarımız, köçkünlərimiz torpaqlarından didərgin düşüblər, onlar artıq postdramatik sindrom yaşayıblar. Onlar torpaqlarına qayıtsalar da o stress daim onlarla olacaq. Yəni o stress insanı tərk etmir. Stress insandan çıxanda bütün orqanizmə mənfi təsir edir. Ekstrasens kimi qəbul edəndə heç vaxt razı olmamışam ki, kimsə kiminsə yolunu bağlatdırsın.Çünki mən bunu özümə qadağan etmişəm. Ümumiyyətlə, mən pisliklərdən uzaq adamam. Mənə pislik edən adamlara da pislik etmirəm. Hər bir insanın qəlbi bir otaqlı evə bənzəyir. O otağa o qədər əşya yığılar ki, o ev çox darısqal olar, oranı toz basar, təmizləmək olmaz. Müəyyən insanların qəlbini toz basıb, müəyyən insanların da qəlbi genişdir. İnsanlara deyərdim ki, qəlblərindəki o kini atsınlar. İnsan insana qarşı xeyirxah olub, əl tutmalıdır. İnsanlara mehriban olmağı arzulayıram. Rifahımız yaxşı olsun. Bir-birimizə dost olaq. Onsuz da insan ömrü qısadır. Gəlin bir-birimizlə dost olaq.

- Mədəniyyət və İncəsənət Universitetini bitirmisiniz, psixologiyadan müdafiə etməyiniz nə dərəcə düzgündür?

- Mən İncəsənət universitetini fərqlənmə ilə bitirmişəm. İxtisas dəyişmə institutunda bir il təhsil alıb ixtisasımı dəyişmişəm. Psixologiya üzrə fəlsəfə doktoruyam, dosentəm, 80-ə yaxın elmi məqalənin, 8 elmi monoqrafiyanın, 3 dərs vəsaitinin müəllifiyəm. Mənim elmə gəlməyimə bəzi adamlar müxtəlif don geyindirdilər. Azərbaycanı xaricdəki konfranslarda tərənnüm edirəm. Dünyada az da olsa tanınıram. Bu gün reabilitasiya ilə bağlı tədqiqat işi aparıram. Bu gün bu işlərə kölgə salan insanlar həddindən artıq çoxdur. Qoy salsınlar, eyib etməz. İlham bu dünyadan köçəndən sonra onun yazdıqları arxivlərdə qalacaq. Bizdə adətdir axı, insanlara öləndən sonra qiymət verirlər.

- Qiymətləriniz çox yüksəkdir?

- İnsanlar gəlib, qəpikləri olmayıb. Allaha xatir onları qəbul etmişəm. Biz insanıq, məgər kiminsə pulu olmayanda onu çölə atarlar? Kiminsə arxası yoxdursa onu vurarlar? Arxasızın, kimsəsizin arxasında Allah dayanır. Ruzini verən də, alan da Allahdır. “Pensioner” bir nənə gəlib, ondan pul götürməmişəm. Bir cavan gəlin üzüyünü qoyub, vicdanım haqqı imtina etmişəm. Gəlirimdən keçib elə insanları yola salmışam. Kiminin gücü çatıb 10 manat, kiminin gücü çatıb 50 manat, kiminin də gücü çatıb 500 manat verib. Müdafiə etməmişdən qabaq fərdi psixologiya ilə məşğul olmuşam. Amma bəzi nadanlar deyiblər ki, baxıcılıqla məşğul oluram. Bu gün xaricdə məşhur adamların, biznesmenlərin psixoanalitikləri var. Şükür Allaha, psixologiya, astrologiya elmindən də başım çıxır.

- Növbə çox olur?

- Əvvəl çox olurdu, indi qəbul etmirəm. Çünki klinikam açılandan sonra yenidən qəbula başlayacağam.

- Bayaq qeyd etdiniz ki, xaricdə məşhur biznesmenlərin psixoanalitikləri var. Sizə müraciət edən biznesmen, məmurlar çox olub?

- Ad çəkməyəcəyəm, gələnlər çox olub. Onlardan bəziləri indi bu mötəbər vəzifələrdə əyləşiblər.

- Bu gün onlar sizinlə əlaqə saxlayırlar?

- Onlar mənə kömək edirlər. Yeri gələndə elə onların sayəsində dolanıram. Niyə gizlədim? O vaxt yaxşılıq etdiyim insanlar bu gün mənə əl tuturlar. Hətta kitablarımın çapında da kömək edirlər. Açıq deyim, bu gün mənim nə gəlirim var ki, Türkiyədə kitab çap etdirim? Həmin adamlardan xeyli razıyam. Allahdan yeganə arzum budur ki, dövlətimizi, xalqımızı qorusun və ənin amanlığı bizlərdən əksik etməsin. Amin!

P.S. Müsahibə İlham Mirzəyevə olan silahlı hücumdan əvvəl alınıb.

# 10588 dəfə oxunub

Müəllifin son yazıları

# # #