“Bacım Moskvada dilənir, mənsə burda” - REPORTAJ

 “Bacım Moskvada dilənir, mənsə burda” - REPORTAJ
21 may 2011
# 09:00

Onlar parklarda, metro vaqonlarında, gediş-gəlişin gur olduğu küçələrdə tez-tez rastımıza çıxırlar. İnsanların qarşısında yazıq sifət alıb, əllərini açaraq pul dilənənləri görəndə kimimiz ciblərdə atılıb-düşən qəpiklərdən birini onlara uzadıb sakitcə yoluna davam edir, kimimiz isə acılayıb özündən uzaqlaşdırır.

Onları danışdırmaq, dilənçiliklə bağlı suallar ünvanlamaq və gözlədiyimiz cavabı almaq o qədər də asan deyil. Danışmaq bir yana, şəkillərinin çəkiləcəyini eşitdikləri an “yox, yox” deyib gözdən itirlər.

Dilənçi briqadiri – İlqar

Dəstə ilə dolaşan dilənçi qrupu niyyətimi bilmədən mənə əl açdı. Dostumla mən pul əvəzinə istəyimizi onlara çatdırdıq. Bizi dövrəyə alan qrupun arasında bir nəfər seçilirdi. Bir əlində əski, bir əlində maşın şüşəsi silmək üçün istifadə olunan “göy su” olan İlqar – “dilənçi briqadiri” idi. O, bir az fikirləşəndən sonra dilənçi qızlardan bir-ikisinin danışmasına icazə verdi. Niyə məhz onun icazə verdiyini soruşdum: “Çünki qohumuq. Evdən çıxanda valideynləri uşaqları mənə tapşırır”.

Şəlalə adlı qızcığaz soyuqqanlı tərzdə, özünü itirmədən danışır: “Bərdə kürdlərindənəm. 16 yaşım var, 11 yaşımdan dilənməyə başlamışam. Dilənib anamı saxlayıram. Anamın vəziyyəti o qədər də yaxşı deyil. Atam isə dustaqdır. “Sovetski”də kirayə qalırıq. Bir bacım, bir qardaşım var. Daha çox “Torqovı”da və bulvarda dilənirəm”.

- Qardaşın və bacın da sənin kimi dilənir?

- Bibim bacımı Rusiyaya dilənməyə aparıb. Qardaşım Gəncədə, xalamın yanında yaşayır, universitetdə oxuyur.

- Gündəlik qazancın nə qədər olur?

- 10-12 manat. Sevgililərə, cütlüklərə daha çox yaxınlaşıram. Oğlanlar qızların yanında daha çox əllərini ciblərinə atırlar.

Sərt “əmilər”

Şəlalənin dediklərindən belə çıxır ki, qazandıqları çox zaman heç özlərinə də qismət olmur. Polislər onları yaxalayanda əllərindəki pulun hamısını alırlar:

- Polislərlə demək olar ki, hər gün rastlaşırıq. Ən çox Xətaidəki polis bölməsinə aparırlar. Bölmədə də bizə deyirlər ki, daha dilənməyin. Bizim isə başqa çarəmiz yoxdur. Yığdığımızı alandan sonra bizi bölmədən çıxarıb düzənlikdə atırlar. Evdə də danlanırıq. Valideynlərimizə deyə bilmirik ki, polislər tutmuşdular.

- Baxıram, hamınız uzun don geyinmişsiniz...

- Mənə əyin-başı anam alır. Daha çox rəngli paltarlara üstünlük veririk. Qızlar şalvar geyinə bilməz. Valideynlərim icazə vermir.

Söhbətin “şirin yerində” dilənçilər arasında him-cim başladı: “əmilər gəldi”, “əmilər yaxınlaşır” Sonradan bildik ki, “əmi” dilənçi jarqonunda “polis” deməkdir.

Az sonra yaxınlıqda post-patrul maşını dayanır və “təkərli həbsxana”nın qapısı açılan kimi dilənçilər qaçmağa başlayırlar, ancaq bizə görüş üçün ünvan verirlər. Onlar gözdən itən kimi vəd etdikləri görüş yerinə gedirik.

Təngnəfəs olublar, ünvanlarında bizi gözləyirlər. Deyəsən, bu söhbət onlara bir az əyləncəli gəlir. Amma “briqadir” İlqar Bəsti adlı qızı danışmaq üçün tələsdirir, dəstəni “əmilər”ə yaxalatdırmaq istəmir...

- Adım Bəstidir. 17 yaşım var, 10 yaşından küçələrdə dilənirəm. Qardaşım toyda adam bıçaqlamışdı, onun üstündə indi həbsdədir. Anam xəstədir, ciyərlərinə su yığılıb, müalicə baha olduğu üçün çarəsiz evdə yatır. Yevlaxda dolanmaq çətindir, burda adama gündəlik 2 manat verib “Kubinka”da kirayə qalırıq. Qazancım azı 5 manat, ən çox isə 10-15 manat olur. “Torqovı”da, “Sahil”, bir də Ağır Cinayətlər Məhkəməsinin qarşısında dilənirəm.

- Məhkəmə qarşısında qazanc pis olmur, hə?

- Şəhərin mərkəzinə nisbətdə pis deyil. Məhkəməyə kimlər gəlir?! Əksəri işi darda olan insanlar. Dil tökürəm, alqış deyirəm, yalvarıram, onlar da işlərinin yaxşı olması xatirinə xəsislik etmirlər.

- Normal bir iş tapıb işləyə bilmirsən?

- Bir-iki dəfə işləmişəm. Amma şəxsiyyət vəsiqəm olmadığı üçün işdən çıxartdılar. Həm də üstümüzdə “dilənçi” adı var deyə, kimsə etibar etmir. İşləyən zaman başıma gəlib. Elə indinin özündə də qonşuluqda nəsə itəndə, yaxud oğurlananda günahı bizdə axtarırlar.

“Sən evdə, mən evdə, bəs qazanımız necə qaynasın?!”

Yenicə ailə həyatı quran Bəsti ərinin apreldə əsgəri xidmətə yollandığını deyir:

- Ərim əsgərlikdədir, o getdiyi vaxtdan, iki aya yaxındır yenidən dilənirəm. Amma özünün xəbəri yoxdur. Anam da deyinir ki, daha ailəlisən, dilənmə. Deyirəm, sən evdə, mən evdə, bəs qazanımız necə qaynasın!? Atamı əmim “əvəz edirdi”, bizə maddi cəhətdən köməklik edirdi, amma o da bu yaxınlarda rəhmətə getdi.

Dilənçi qızın bəzək-düzəyinin yerində olması nəzərimizdən qaçmır.

- Harada bəzənirsən? Evdə?..

- Bir-iki yerdə gözəllik salonları var. Qızlar sağ olsunlar, bizi tanıyırlar, insanlıq xətrinə pulsuz makiyaj edirlər. Yaxşı qazancımız olanda pulunu veririk. Taxdığım zinət əşyaları – üzük, sırğa isə anamındır, bəzilərini də qohumlar bağışlayıb.

Küçədən, yoldan ötən oğlanların atmacasından da şikayətlənən Bəsti yanlarındakı uşaqları göstərir. Və deyir ki, artıq dilənçiliyə alışmış azyaşlıların da qisməti bundan yaxşı olmayacaq.

İlqar dəstəni başına yığır. Dəstə Bakı küçələrində gözdən itir. Amma biz buna qədər onların bizə açdıqları əlləri boş qoymuruq, danışan qızların ovuclarına imkanımız çatan qədər pul basırıq. Və arxalarınca aıqış deyirik: “Allah sizi heç vaxt “əmilər”lə üzləşdirməsin!..”



Fotolar: Əhməd MUXTAR

# 2089 dəfə oxunub

Müəllifin son yazıları

# # #