“Dedi, şeir çap etdirmə! Etdirmədim!” MÜSAHİBƏ

“Dedi, şeir çap etdirmə! Etdirmədim!” MÜSAHİBƏ
11 aprel 2013
# 14:00

Kulis.Az şair, tərcüməçi Mahir Qarayevlə müsahibəni təqdim edir.

- “Tənhalıq” kitabınız 2008-ci ildə çap olunub. Qeyd də yazmısınız ki, “birinci və sonuncu kitab”. Bu qeydlə bağlı kitabda izah vermisiniz, ancaq bir qədər geniş izah etməyinizi istərdik.

- Hə, mənim ilk kitabım əlli yaşımda çıxıb. Bir qədər qəribə görünə bilər. Amma belə deyək: mən bir qədər istisnayam, o mənada istisnayam ki, öz ədəbi nəslimizin nümayəndələrindən əvvəl çap olunmağa başlasam da, kitabımı xeyli gec nəşr etdirdim. Mənim “Azərbaycan” jurnalında ilk şeirlərim çap olunanda 21 yaşım var idi. 1979-cu ildə Əkrəm Əylislinin baş redaktoru olduğu jurnalda çap olunmuşam. O vaxt heç yerdə oxumayan, işləməyən gənc adam üçün çap olunmaq elə də asan məsələ deyildi, hətta çox çətin idi. “Tənhalıq” şeirim də ilk dəfə onda çap olunub. Yadımdadı, Əkrəm Əylisli üstünə yazmışdı ki, “Sergey Yeseninin xatirəsinə”. Hələ 1978-ci ildə Göyçayda çap olunan “Qaraçı qız” şeirim isə 1980-ci ildə Yusif Səmədoğlunun baş redaktor olduğu “Ulduz” jurnalında getdi. Mən onu 16 yaşımda yazmışdım. Yadımdadı ki, özünü tanımadığım Vaqif Bəhmənlinin imzasına da ilk dəfə həmin vaxt, 79-cu ildə rast gəlmişdim. Mən altıncı nömrədə çap olunmuşdum, Vaqif isə deyəsən 3-cü nömrədə. Çox yaxşı şeirlər yazmışdı. Yəni eyni vaxtda çap olunmuşuq, aramızda təxminən üç nömrə fərq olub.

Vaqif məndən səhv etmirəmsə 1-2 yaş böyük olmalıdır, amma ədəbi nəsil üçün bu xırda məsələdir. Elə indi, Yazıçılar Birliyinin təşkil etdiyi müsabiqədə də, biz eyni vaxtda çap olunmağa başlayan iki adam hər ikimiz mükafat aldıq. Mənim Vaqiflə də, bizim ədəbi nəslim digər nümayəndələri ilə də bir fərqim olub ki, mən hamıdan az çap olunmuşam və deyim ki, bunu özüm bilərəkdən, şüurlu şəkildə belə etmişəm. Yəni çap olunmağa hər cür imkanım olsa da, mən bu yolu seçdim. Kitabda niyəsini əsaslandırmışam.

Kəsəsi, bizim nəsildə elə bir adam yoxdur ki, mənim qədər az yazıb, az da çap olunsun. Az yazmaq deyəndə, əslində bu şərti məsələdir, amma fakt olaraq görünən budur ki, az çap olunmuşam. Tez-tez həm sizin saytda, həm də elə başqa saytlarda müxtəlif ədəbi nəsillərdən olan yazarlarla müsahibələr gedir. Mən bu ədəbi nəsillərin heç birinə aid deyiləm, odur ki, o sıraya adımın düşmədiyindən qəti incimirəm. Əslində heç ora düşməməliyəm də, çünki mən heç vaxt onların arasında, yaxud sırasında olmamışam və yoxam.

Adını çəkdiyiniz kitabda da müxtəlif yaşlarda yazdığım şeirlərdən nümunələr – cəmisi 25 şeir və 5 poetik silsilə yer alıb. Məncə elə bu qədər bəsdir. Daha doğrusu yüzlərlə yazımdan bu gün üçün seçib ortaya çıxardığım budur. Boynuma alıram ki, çox vasvası və öz yazılarıma qarşı nəinki sərt, hətta son dərəcə qəddaram. Ön sözdə yazdığım kimi, minlərlə əsər yazılır, amma qəddar zaman hamısının üstündən xətt çəkib beş-üçünü saxlayır. Mən zamanın bu «qəddarlıq» hüququnu əlindən alıb, həmin işi özüm görməyə çalışıram. Təxminən bu qədər.

- Kitabda da yazmısınız ki, “Minə çatınca yaz, onları cırıb atacaqsan, yandırıb itirəcəksən və qalacaq cəmisi... əsla narahat olma, lap beşi də qala bilər, üçü də. Hətta biri qalsa da bəsindir!”

- Əlbəttə, bəsindir. Bu fikir nəsə çoxlarına qəribə gəlir, amma bircə yazıyla da ədəbiyyatda qalmaq olar. İraq-iraq, Füzulinin bütün külliyyatı məhv olsaydı, bizə gəlib çatmasaydı, təkcə “Məni candan usandırdı” qəzəli qalsaydı, şəxsən mən onu yenə dünyanın ən böyük şairlərindən biri kimi tanıyacaqdım.

- Bir müsahibənizdə çap olunmaqdan qorxduğunuzu söyləmisiniz. Çap olunmaq fobiyanız var?

- Əslində, o dediyim çapdan qorxmaq məsələsi deyil. Həmişə ədəbiyyatın içində olmuşam. Kim haradan gəlib, kim haracan gedib, harda başlayıb və harda tükənib – ovcumun içi kimi bilirəm. Kim kimin haqqında nə yazıb, hamısı yaddaşımdadır. Ədəbi prosesləri mükəmməl izləmişəm, indi də izləyirəm. On görmüşəm ki, birinin beş şeiri çap olundu, beş gündən sonra dbrdü, bəzən lap beşi də unudulub getdi. Lap əvvəllər də belə olub. Nəsiminin, Füzulinin yüzlərlə müasirindən bu günə uzaqbaşı dərsliklərdə adı çəkilən beş-üç ad qalıb, vəssalam. Zamanın qarşısında duruş gətirməyən minlərlə, on minlərlə ədəbi nümunələr hamısı silinib, unudulub.

Müəllimlərimiz institutda bizə onlardan danışırdılar və biz onların adlarını güclə əzbərləyirdik ki, heç olmasa imtahanda cavab verə bilək. Onlar bu gün yalnız arxivlərdədir, yaddaşlarda isə Nəsimi kimi, Füzuli kimi diri deyillər. Zaman həqiqətən böyük qüvvədir və hər şeyin də qiymətini o verir. Beş gün üçün populyar olmağa, yaxud hansısa bəsit təfəkkürlü bir çevrənin gözündə qəhrəman olmağa nə var ki? Bu səbəbdən kitabda yazmışam ki, ucuz şöhrətə meylli bədbəxt, səmimi ol və özünü aldatma: əsərin qiymətini zaman və tarix verir. Sən yaz, yaxşı yazmısansa narahat olma, əgər o yaxşı şeirdirsə qalacaq. Biz aradabir Paşanı, Əli Kərimin oğlunu qınayırdıq ki, niyə onu təbliğ eləmir. O da deyirdi ki, mən niyə təbliğ etməliyəm. Bu, zorla olan iş deyil, atam şeir yazıb, şeirdirsə qalacaq, yoxsa yox. Əslində düzgün yanaşma budur. Mən də bu fikirdəyəm. Şeirlərim çap olunan vaxt böyük əks-səda yaranmışdı. Aydın Məmmədov dedi ki, hamı sənin şeirlərin barədə danışır, tənbəllik eləmə, ardını çap etdir. Necə deyərlər, əlimə yaxşı fürsət düşmüşdü, çapa davam etsəydim başqa cür olacaqdı. Amma davam etmədim. Lap düzü, məni məni fikrimdən daşındıran, çap olunmaqdan saxlayan Mehdi Bəyazid oldu.

- Mehdi Bəyazidlə nə vaxt tanış olmuşdunuz?

- Elə həmin vaxt, 80-ci illərdə. Mehdi çox savadlıydı, xeyli müddət yaxın olduq. İndiki cavanlar onun son dövrlərini, sınmış vaxtlarını gördülər, mənsə onun yaxşı çağlarının şahidiyəm. Bir evdə kirayə qalırdıq. Şeirlərimi o ki, var təriflədi, yeyib-içdikdən sonra dedi bu gündən çapı qoyursan bir kənara. Dedim nə üçün? Cavab verdi ki, sənin güclü təbin var, amma sistemin yoxdu. İndi dörd-beş şeir yazmısan, hamı da səni tərifləyir, bəs sabah nə edəcəksən? Bu yol səni haracan aparacaq? Deyəcəklər çapa şeir gətir, tezbazar yazıb aparacaqsan və olacaqsan… filankəs! Mənə uzun bir siyahı verdi ki, bəs bunları oxumalısan. Özü də əzazil müəllim idi. Siyahı nömrəli idi – filan kitabı birinci, filan kitabı ikinci oxumalısan. Beləcə, məni inandırdı və yavaş-yavaş rus ədəbiyyatını oxumağa başladım.

- O vaxt universitetdə oxumurdunuz?

- Oxuyurdum, filologiya fakültəsində təhsil alırdım. Sentyabrda instituta gedəndə şeirlərim artıq çap olunmuşdu. Bu da o vaxt üçün böyük prestij idi. Təsəvvür edin ki, xalq yazıçılarının, xalq şairlərinin əsərlərinin çap olunduğu “Azərbaycan” jurnalında şeirlərim və şəklim çıxmışdı.

- Bir çoxları deyir ki, o vaxt Əkrəm Əylisli yaşlı yazıçılara qarşı repressiya edərək daha çox gəncləri çap edib. Bu haqda nə deyə bilərsiniz?

- Biz onda çox cavan idik. Mənim redaksiyanın içindən, necə deyərlər, «daxili mətbəxdən» xəbərim yox idi. O vaxtkı ədəbi qəzet və jurnalların bir qırağında “Ədəbi gənclik” rubrikasına yer verilirdi. Əkrəm Əylisli həmin o rubrikanı xeyli genişləndirdi, qocaların payından kəsib, gənclərə verdi. Məsələn, Nadir Cabbarovu o vaxt biz cavanlar çox da tanımırdıq, amma Əkrəm Əylislinin vaxtında baş redaktorun müavini oldu, Natiq Səfərov tərcüməyə nəzarət edirdi. Biz elə Natiq Səfərovu da sonradan tanıdıq. Məlum oldu ki, imzasını tanımadığımız bu adam peşəkar tərcüməçidir. O vaxtın bərk gedən yazıçı və şairləri Natiq Səfərovla, Vidadi Məmmədovla hesablaşırdılar. Onlar özləri yazmasalar da, yaxşı müəllim, yaxşı məşqçi idilər. Əkrəm Əylisli heç məni tanımaya-tanımaya şeirimi çap etmişdi.

- Bu necə oldu, necə baş verdi?

- Redaksiyanın yolun tapıb, getdim. Gördüm redaksiyanın qapıları açıqdır, girdim içəri. Otaqda eynəkli, qaraqabaq bir adamla rastlaşdım. Dedi ki, xeyirdir? Dedim, şeir gətirmişəm, şairəm. Vərəqi qoydum qabağına. Heç demə, bu Nadir Cabbarovmuş. Zəhmli adamdı. Fikirləşdim ki, indi yəqin mənə qapını göstərəcək. Amma elə olmadı, şeiri oxudu, başını qaldırıb soruşdu ki, harada oxuyursan? Dedim heç yerdə oxumuram, əsgərlikdən gəlmişəm. Gəl dalımca dedi. İri bir otağa keçdik, içəridə çoxlu adamlar var idi. Bircə Fikrət Qocanı tanıdım. Düzü bərk utandım, tərs kimi o da düz Fikrət Qocanın üstünə getdi, dedi ki, Fikrət müəllim, bu uşaq heç harada oxumur, işləmir, ancaq deyəsən şairdir. Vərəqi verdi Fikrət Qocaya, özü çıxıb getdi. Fikrət Qoca şeiri oxumağa başladı, deyəsən iki dəfə oxudu. Soruşdu, başqa şeirlərin var? Dedim, evdə var, amma makinadan çıxarılmayıb. Dedi makina-zad lazım deyil, sabah saat 3-də o biri şeirlərini, bir də şəklini gətirib, yanıma gəl.

- Fikrət Qoca nə işlə məşğul idi?

- “Azərbaycan” jurnalında şeir şöbəsinə baxırdı. Bunu əvvəlcə bilmirdim, sonra öyrəndim. Həvəslə evə gəldim, üç dənə şeir seçdim. Səhər 3-də getdim. Onları da oxudu. Siyirtməsindən ağ vərəq çıxardı ki, bura ad familiyanı, ev ünvanını, harada doğulduğunu yaz. Dediklərini yazıb kağızı verdim. Dedi ki, vəssalam, şeirlərin bizdə çap olunacaq, gedə bilərsən. Beş aydan sonra o şeirlərin dördü də çap olundu.

- Şeirlərinizə nə qədər qonorar verdilər?

- Təxminən 175 manat. O zaman üçün xeyli yaxşı məbləğ idi. Onda mən Akademiyada işləyə-işləyə 108 manat maaş alırdım.

- İnstitutda oxuya-oxuya akademiyada işləyirdiniz?

- İnstitutda axşam oxuyurdum. Şeirləri “Azərbaycan” jurnalına verəndə hələ işləmirdim, çap olunanda artıq işləyirdim. Sonralar bir neçə dəfə də ötəri çap olundum. Öz istəyimlə olmadı, hə də Mehdidən xəlvət. Bir dəfə də Elçin Səlcuq onun qəzetinə şeir verməyimi xahiş etmişdi. Qəzetin adını unutmuşam.

- “Detektiv” qəzeti idi?

- Deyəsən, hə. “Detektiv” idi. Elçinlə vaxtilə “Azadlıq” qəzetində 15 gün bir yerdə işlədiyimiz üçün tanış idik. Xahiş etdi ki, şeir gətir. Yadımdan çıxıb hansı şeirlər idi, deyəsən əvvəl çap olunanlar idi. İki-üç dəfə belə çap olundum. Ona çap olunmaq da deməzdim.

- O vaxt çap olunmaq çətin idi, indi rahatdır. Çap olunmaq yaradıcılığa necə təsir edir?

- Keyfiyyətsiz şeirlər həmişə çap olunub. Hər jurnalın redaktoru Əkrəm Əylisli kimi deyildi. Hərə bir yolla ortabab, zay şeirlərini çap etdirirdi. Yəni, istedadsızlar həmişə olub, həmişə də irəli getməyin yolunu istedadlıdan yaxşı biliblər. Amma indiki çap azadlığı və çap bolluğu yox idi. Məsələn, hökumətin marağında deyildi ki, Vaqif Cəbrayılzadə, yaxud Ramiz Rövşən çap olunsun. Onlara təhlükəli baxırdılar, hər misrada xüsusi məna axtarıb tapırdılar. Vaqifin bir şeiri var idi, təxminən beləydi ki, dünyanın ən qoçaq adamı dünyanın ən kasıb adamıdır, qorxusu yox, allahdan, bəndədən, istəsə dillənər, amma deyir dostum, dilənçinin qurduğu ölkə də dilənər. Deyirdilər bura proletar ölkəsidir, fəhlə-kəndli ölkəsidir. Bəlkə də Vaqif bunu başqa mənada yazmışdı. Amma üst qatda görünən bu idi. Sovet hökumətinin pis vaxtları idi, dilənirdi də. Dilənçilərin qurduğu ölkə bəs necə olmalıydı (gülür). Ramizgil çox çap olunmurdular. Məsələn, Ramizin 70-ci ildə çap olunan “Bir yağışlı nəğmə” kitabı həcm baxımından “525-ci qəzet”in şənbə sayının qoşa nömrəsində yerləşdirmək olar. Hələ bəlkə orda boş yer də qalar. Biz Ramizi o kitabla tanımışıq. İkinci kitabı da çox böyük deyil, özü də 1987-ci ildə, 17 ildən sonra çap olunmuşdu.

- Ramiz Rövşən 17 il çap edilməmişdi?

- Ramiz Rövşən bir dəfə çap olunurdu, üç il o şeirlərin havası gedirdi. Ya tələbədərlə bir dəfə görüşürdü, neçə il hamı o görüşdən danışırdı. Anarın baş redaktor olduğu “Qobustan” jurnalında bir silsiləsi çap olunmuşdu, hamı onu köçürüb bir-birinə verirdi. Əsgərlikdə olanda dostum Məzahir Əhmədoğlu Ramizin, Vaqifin, Sabir Rüstəmxanlının, Dilsuzun, Eldar Baxışın şeirlərini qəzetdən kəsib məktubla mənə göndərirdi.

- Yazıçı Əlabbas müsahibəsində deyib ki, onun “Köhnə kişi” povestini 1981-ci ildə çap etməyiblər. Povest doqquz il sonra çap olunub. Deyir ki, povest o vaxt çap olunsaydı, mən indi məşhur yazıçı idim. Bununla bağlı nə deyə bilərsiniz?

- İndi bir çox tanınmış adlar var ki, onlara doğrudan da Əkrəm Əylisli yaşıl işıq yandırdı. Tutaq ki, o vaxt mən də deyək ki, Nadir Cabbarovun yox, birbaşa Əkrəm Əylislinin otağına girsəydim, ola bilər hər şey başqa cür olacaqdı. Amma dəyişən mənim həyat yolumun hansısa ştrixi ola bilərdi, nəticə dəyişməyəcəkdi. Yəni mən yenə indi necə varamsa, o cür olacaqdım. Əlabbas dediyiniz mövzu ilə bağlı ayrıca kitabında da yazıb. Ola bilər onun povesti kiminsə gözündən qaçıb, vaxtında çap olunmayıb. Şəxsən mən belə şeyə heç vaxt faciə kimi baxmıram. Yaxşı əsər üçün heç bir fərqi yoxdur – istər tez çap olunsun, istər gec. Bu mənim subyektiv fikrimdir. Hə, bəlkə də 1981-ci ildə çap olunsaydı, yaşı az olduğu üçün Əlabbas tənqidçilərin diqqətini özünə cəlb edə bilərdi ki, yeni bir imza gəlib. Bu da ola bilərdi. Bu da bir qismət məsələsidir. Amma mən fatalizmdən uzağam. Tutaq ki, bu mənada şəxsən mənim itirdiyim nə ola bilərdi? O ola bilərdi ki, vaxtında Yazıçılar Birliyində gənc yazıçı kimi növbəyə durmadım, hər hansı imtiyazlardan da bəhrələnmədim. Bəli, mən bunların heç birini etmədim. Amma həmin imtiyazlar məni yaxşı yazıçımı edəcəkdi? Tutaq ki, təşviqat qatarı ilə rayonlara səfərə çıxsaydım, yaxud gedib Rusiyada hansısa tədbirdə şeirlərimi oxusaydım, indikindən daha yaxşı şair olacaqdım? Yaxud adlarını çəkmək istəmədiyim bir neçə yaşıdım vaxtilə deyib ki, gəl qoşul bizə, Yazıçılar Birliyinə qarşı mübarizə aparaq. Biri dedi ki, ittifaqın üzvüsən? Dedim, yox. Dedi, niyə səni üzv götümürlər? Dedim, axı mən ora ərizə verməmişəm, bəlkə versəm qəbul edərlər. Sonra maraq üçün ərizə yazdım və qəbul etdilər (gülür).

- İkinci kitabınızla birinci kitabın fərqi nədir?

- Ümumiyyətlə, heç bir fərqi yoxdur. Əslində, mənim iki yox, bir kitabım var – ikinci kitab birincinin daha yaxşı redaktə olunmuş və bir az da sıxılmış formasıdır. Orda yalnız poetik silsilələri saxlamışam.

- Həm şair kimi, həm də tərcüməçi kimi tanınırsınız. Bir qədər də tərcümə fəaliyyətinizdən danışardınız.

- Şeiri necə yazıramsa, tərcüməni də o cür edirəm: tələsmədən və son dərəcə vasvası şəkildə. Hər sözün, hər misranın üzərində aylarla, illərlə işləmək mənə zövq verir. Bu, mənim tərzimdir.

- Nəsr əsərləri də tərcümə etmisiniz?

- Əlbəttə. Kafkanın “Hökm” novellasını, «Gündəliklər»ini, sənət haqqında söhbətlərini, Folknerin, Markesin bir neçə əsərini, müsahibələrini. Çoxdu tərcümələrim. Amma ilk tərcümə işim Andrey Voznesenskinin “Qoya” şeiri olub. Arif Acalov deyirdi ki, sən başlanğıcda işin ən çətin yerindən yapışmısan, elə şeirdən yapışmısan ki, o elə bil Füzulinin əruzda yazdığı qəzəldir (gülür).

- İrihəcmli tərcümələriniz olub?

- İrihəcmli tərcümələrim demək olar ki, yoxdur. Mənim üçün maraqlısı Anarın rus dilində yazdığı «Paqonlu kabuslar» hekayəsi oldu. Ona görə ki, bir tərəfdən son dərəcə güclü hekayədir, digər tərəfdən, müəllif sənin çevirdiyin dili mükəmməl bilir. Bax, bu mənimçün əsl imtahan oldu. O vaxt Anar müəllimdən soruşdum ki, bu hekayəni hamı Azərbaycan dilində niyə çap etdirmirsiniz? Dedi, bəs mən onu birbaşa rus dilində yazmışam, tərcümə etmək istədim, alınmadı. Dedim, icazə verin, mən çevirim. Dedi, çətin olacaq. Düz deyirmiş. Çətin oldu. Amma həm də çox maraqlı. O hekayəni mütləq oxuyun, Servantes qələminə layiq bir hekayədir. Bəyənsəniz, göndərərəm saytda da verərsiniz. Qoy oxumayanlar da oxusun.

- İndi əvvəlki illərdən fərqli olaraq çap imkanı həddindən artıq genişdir. Tərcümə olunmuş əsərlər də çoxalıb. Tərcümə olunmuş kitabların keyfiyyətindən razısınızmı?

- Qətiyyən razı deyiləm. Bir neçə nümunə (məsələn, Vilayət Hacıyevin tərcüməsində «Qanun» nəşriyyatının çap etdiyi Frans Kafkanın «Məhkəmə» romanı kimi) istisna olmaqla, qalanlar bərbad haldadır. Tərcüməçilər rus, ingilis, fransız, alman dilindən tərcümə edirlər – burası məlum. Amma hansı dilə tərcümə edirlər? Bax, burası mənə qətiyyən məlum deyil. Ən azı , onların çevirdikləri dili bilən yaxşı redaktorlar lazımdır ki, həmin tərcümələri həmin dildən dübarə Azərbaycan dilinə çevirsinlər.

- Mən eşitmişəm ki, sizin bir romanınız da var, amma hələ çap olunmayıb. Onu nə vaxt çap etdirməyi fikirləşirsiniz?

- Siz mənə sualın ən çətinini verdiniz. Günü sabah çapa vermək olar, amma yəqin ki, hələ bir müddət keçməlidir. Mən axı sizə dejim, çox vasvasıyam. Desəm onu neçə ilə yazmışam, desəm üzərində nə qədər tər tökmüşəm – qəti inanmazsız. Ona görə də yaxşısı budur, heç deməyim. Ola bilər ki, ümumiyyətlə heç onu çap etdirməyim. Yəni bu da ola bilər. Sağlıq olsun, baxarıq.

-Romanın adı nədir?

-“Nobel mükafatı”

- Sizin də qalib olduğunuz Yazıçılar Birliyinin təşkil etdiyi ədəbiyyat müsabiqəsi ilə bağlı nə deyə bilərsiniz?

- Mən öz kitabımdan arxayınam. Münsiflərin hamısı ilə yaxşı münasibətlərim var. Əgər münsiflər qərar versəydi ki, bu kitab birinci yox, yeddinci yerə layiqdir, mənim halıma zərrəcə təfavüt etməyəcəkdi. Yalnız orasını fikirləşəcəkdim ki, bu 8-10 şəxsin subyektiv fikridir, vəssalam. Amma bu fikir mənim öz kitabıma olan münasibətimi qətiyyən dəyişdirməyəcəkdi. Çünki bir də təkrar elirəm: mən kitabdan – ortaya çıxartdığım işdən arxayınam və zənnimcə, ən ümdəsi də budur. Kiminsə bostanına daş atmaq çıxmasın, əsərim qalib olubsa deməli birinci yerə layiqdir. Mənim özümün birini erə layiq bildiyim əsəri münsiflər də həmin yerə layiq bilibsə, mən onlara minnətdaram. Ən azından ona görə ki, onlar mənim qənaətimi təsdiqləmiş oldular və mənim bu kitabdan arxayınçılığım bir az da artdı. Başqa nə deyə bilərəm ki? Daha doğrusu, müsabiqə ilə bağlı baş verən proseslər hamısı göz qabağında oldu, hamı da gördü. Hər kəs öz rəftarına, öz davranışına cavabdehdir.

Mən müsabiqə üçün kitab yazmamışdım. Nizamnamədə şərt var idi ki, yalnız 2011-2012-ci illərdə çap olunman kitablar təqdim oluna bilər, mən də təqdim etdim. Vəssalam. Mən ümumiyyətlə gileyi xoşlayan adam deyiləm. Gileyim yalnız yarımçıqlıqdan olur. Yarımçıq işdən, yarımçıq tərcümədən, yarımçıq kitabdan, yarımçıq adamdan. Hərdən kimsə, hardasa məni də açıq, ya üstüörtülü sancmaq istəyir. Çox təəssüflərirəm və çox vaxt da gülməyim gəlir. Fikirləşirəm ki, axı öz işinə, öz yaradıcılığına mənim qədər heç kəs qəddar ola bilməz. Bir halda ki, mən özüm özümə qarşı bu qədər amansızam, onda sənin məni sancmağından nə çıxacaq? Yəni, mən bu qədər az çap olunuram, dözmürsən, bəs sabah meydana atılsam, sənin aqibətin necə olacaq. Yox, deyəsən belə getsə, romanımı çap etdirəsi olacam.

- Milli Kitab Mükafatında ekspert kimi işiniz başa çatdı. Əvvəlki müsabiqələrə nisbətən kəmiyyət çox olsa da sanki keyfiyyət aşağı düşüb. Bu nə ilə bağlıdır?

- Məntiqlə yanaşanda, nəticə düz gəlir. Yəni, keyfiyyətin aşağı düşməsi həm anlaşılan, həm də gözləniləndir.Mən ötən dəfəki müsahibədə də demişdim, yenə deyirəm: ikinci MKM birinci MKM-ə nisbətən zəif oldu. Bu ilki isə əvvəlkilərdən də zəifdir. Səbəbi mən bir şeydə görürəm: yazarlarımız az oxuyurlar, az öyrənirlər, az düşünürər, əvəzində çox yazırlar. Bu çoxluq… nə isə. Hətta birbaşa müsabiqə üçün, müsabiqəni gözünün qabağına qoyub yazanlar da var, nəticə də belə.

- MKM üçün əsər yazan yazıçıların olduğunu düşünürsünüz?

- Bəli, görünən mənzərə bu cürdür. Üstəlik, bu dəfə hələ müəyyən münaqişə də ortaya düşdü, appelyasiya şurası yaradıldı. İlk müsabiqədə ciddi əsərlər daha çox olsa da, heç bir münaqişə yaşanmamışdı. Görünür, bu da məntiqə uyğundur. Sənət olmayan yerdə hay-küy və hay-küyçülər həmişə önə çıxır...

Qan Turalı

# 2706 dəfə oxunub

Müəllifin son yazıları

# # #