Mirzə Cəlil "Ölülər"i bu əsərdən oğurlayıb?

Mirzə Cəlil "Ölülər"i bu əsərdən oğurlayıb?
18 aprel 2013
# 17:29

Yazıçı Həmid Herisçi Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini belçikalı yazıçı Moris Meterlinkin “Müqəddəs Antoninin möcüzəsi” əsərindən plagiat etməkdə ittiham edib.

Həmid Herisçi haqlıdırmı? Yoxsa bu Mirzə Cəlilə qarşı növbəti iftiranın tərkib hissəsidir? Bu suallara aydınlıq gətirmək üçün Kulis.Az "Müqəddəs Antoninin möcüzəsi" əsərinin qısa süjetini təqdim edir.

"Zəngin xanım Hortenziya vəfat edir. Onun yas mərasiminə qohumları hədsiz zəngin olan qadının var-dövlətini necə xərcləyəcəklərini hesablayırlar. Qəflətən müqəddəs Antoni gəlir ki, mərhum qadını canlandırsın, diriltsin. Bütün varisləri yığışıb. Yeni sahiblər artıq evin təmirini düşünürlər, onlara miras qalmış qohumların təbii ki, bu kədərli hadisədən qanları qaradır, faciə baş verib. Amma planlarında yaşlı qadının dirilmə məsələsi yoxdur.

Onlar hamısı savadlı adamlardır, uğurlu sinfin nümayəndələridir, hörmətli adamlardır - məgər ölünü diriltmək olar? Ola bilməz! Birinci pərdədə Antoni mərhuməyə yaxınlaşmağa çalışır, amma onu sərxoş dilənçi və dəliyə oxşadaraq buraxmırlar. İkinci pərdədə dəlidən canlarını qurtarmaq üçün onu Hortenziyanın yanına aparırlar və o, qoca xanımı dirildir, lakin dirilmiş xanımın ilk sözləri onun yataq otağında üst-başı pis vəziyyətdə olan adama etiraz etməkdən ibarət olur. Dirilmiş Hortenziya dərhal nitqini itirir. Hərçənd bunu əvvəl heç kim başa düşmür.

Amma nəhayət qulluqçu Hortenziyanın qohumlarına dirilmiş sahibənin lal olduğunu deyəndə qohumların Antoniyə qarşı heyranlığı, dərhal qəzəbə çevrilir. Onlar Antonini diri adamı lal eləməkdə günahlandırırlar.

Polis çağırılır və onlar Antonini həbs edirlər. Polis rəisi hər şeyi izah edir: “O, artıq üçüncü dəfədir ki, xəstəxanadan qaçır. Başa düşün, o, ağıldan o məsələ (əli ilə başını göstərir). Və hər dəfə azadlığa çıxanda eyni şeyləri edir. Xəstələri müalicə edir, qozbellərin belini düzəldir, həkimlərin çörəyini əlindən alır, bir sözlə qeyri-qanuni hərəkətlər edir”.

Bir müddətdən sonra Hortenziya bibi yenidən ölür. Və hər şey öz yerini tutur".

# 4070 dəfə oxunub

Müəllifin son yazıları

# # #