Kulis.az məşhur türk aktyoru Cüneyt Arkının həyatdan öyrəndikləri təqdim edir.
Neçə yaşında olursan ol, içindəki uşağı hər zaman yaşatmalısan. Həyatdan bunu öyrəndim. Mənim uşaqlığım, yaxşı keçmədi. Əskişəhərin balaca bir kəndində böyüdüm. O zamanlar, ailə büdcəsinə kömək etmək məqsədiylə, hər il üç-dörd ay bostanda növbətçilik edirdim. Süfrədən tox qalxdığım günlər az olurdu. Ancaq yenə də o yaşda qayğı çəkmirsiniz, çünki indiki kimi gözləntilər yox idi. Bu da sizi ayaqda saxlayır.
Heyvanların, insanlardan vəfalı olduğunu öyrəndim. Uşaq vaxtı iki itim vardı. Onların mənə olan vəfasını və bağlılığını həyatım boyu heç kimdən görmədim.
Yeri gələndə çörəyi daşdan çıxarmaq lazım olduğunu öyrəndim. Kasıb vaxtımızda, atam, evimizin qarşısındakı 500 kvadrat metrlik qayalıq ərazini dağıdaraq parçaladı. Belində torpaq daşıdı və ərazini əkin üçün yararlı hala saldı. O zamandan bəri həyatın sərt üzünə təslim olmamaq qərarını verdim.
Gec də olsa insanın həyatın gözəlliklərinin fərqinə varmasının lazım olduğunu öyrəndim. Çox çalışdım. O qədər çalışdım ki, gecəm gündüzüm bir-birinə qarışdı. Gündüz film çəkilişlərində, gecələr isə macəra filmlərində çəkildiyim üçün “Medrano” və “Kazak” sirklərinə gedib məşq edirdim. Bir gün çəkiliş vaxtı yorulduğumu hiss etdim, qapının qarşısına çıxdım. Üzümü gözəl bir külək yalayıb keçdi, sizi başa sala bilməkdə çətinlik çəkirəm. Eyni anda, qoxu da hiss etdim. Başımı qaldırıb irəliyə baxdığım zaman bir nəfərin salat satdığını gördüm. İllərdir çalışmaqdan, baharın gəlişindən xəbərsiz qaldığımı hiss etdim. İndi, “Dəyərdimi?” deyə öz-özümə soruşuram. Cavabım həmişə belə olur: “Xeyr, dəyməzmiş”.
Oğullarıma bir nəsihətim var, gəncliyinizdə dörd ayaq üstündə yaşayın, çılğınlıqla sevişin, iştahla yeyin. İllər sonra, yaşaya bilmədiyiniz hər bir an üçün, eynən mənim kimi peşman olarsınız.
İnsanlara kömək etməyin ən böyük iş olduğunu öyrəndim. 10 ildən çox, “Babacan” adlı proqramı hazırladım. Halsız olana dərman, çarəsiz olana çarə olmaq üçün... Spirt və narkotikin əsiri olmuş gəncləri xilas etməyə çalışdım. Bu gənclər üçün qapı-qapı gəzib, imkanlı adamlardan kömək istədim. O proqramın hesabına, çox insanı müalicə və iş sahibi etdik. Bu, həyatımda etdiyim ən yaxşı işlərdən biri idi. Şəxsən mən məşhurların, cəmiyyətin problemləriylə yaxından maraqlanmalarının gərəkli olduğunu düşünürəm. Çox təəssüf ki, bu həqiqətlər tanınmış adların, o cümlədən dəyərli bir vasitə olan televiziya işçilərinin vecinə deyil.
Evliliyin mədən işindən daha çox zəhmət tələb etdiyini öyrəndim. Bunu da mənə öyrədən həyat yoldaşım Betül olub. Çünki mən illərlə evə gec gəldim. O, bundan narahat olsa da, heç bir vaxt bunu dilə gətirmədi. Düşünün, yoldaşımla, heç yemək yeməyə də getmirdik. Gəzməyə getməyə qərar verəndə də mənim işim uzanırdı. Bu səbəbdən həyat yoldaşıma, sonsuz səbri, anlayışı və evliliyimizə görə çəkdiyi zəhmət üçün hər zaman minnətdar olmuşam.
Həyatın, həm enişləri, həm də çıxışları olduğunu öyrəndim. Təəssüf ki, enişləri nəzərə almadım. Əziyyətimin qarşılığını almasam da, ən azından, iş qura biləcək pulum vardı. Amma qurmadım. Uşaqlarımı şirkət sahibi etmək, həm də yaşlı vaxtlarımda daha rahat yaşamaq istəyərdim. Bəli, indi peşmanam.
Həyatda çətinliklə əldə edə bildiyin nə varsa, onu sevdiyin insanlarla paylaşmalısan. Yoxsa tək başına yaşadığın heç bir şeyin ləzzəti olmur.
Bu ölkədə insanların zəncirlərin uzunluğu qədər azad olduqlarını öyrəndim. İllər öncə, “Vətəndaş Rza” adlı bir film çəkmişdik. Filmdə, Rza həyat yoldaşı ilə birlikdə özünə kiçik gecəqondu düzəldir. Bir gecə, bardan çıxmış imkanlı adam gecəqondunu dağıdır. Qonşular Rzaya məhkəmədə şahid kimi onun xeyrinə danışacaqlarını söyləyir amma pul onları susmağa məcbur edir. Rza başına gələn bu haqsızlığa dözmür və Atatürkün heykəlinin altında, aclıq aksiyasına başlayır. Nəhayət ictimaiyyət nümayəndələri, media və vəkillər Rzanın yanına gəlir. Günlərdir aclıq etməsi Rzaya yerindən qalxmağa imkan vermir. Və kütlə, birdən qışqırmağa başlayır: “Qalx vətəndaş Rza, qalx!” O vaxt RTÜK (Radio və Televiziya Üst Qurumu. Türkiyədə fəaliyyət göstərən radio və televiziyaların yayımlanmasına nəzarət edən qurum – red.) tərəfindən qayçılanan bu film, məncə hər kəsə nümunə olmalı idi. Hər kəs sakit dayandı. Artıq vətəndaşın ayağa qalxması lazımdır.
Mənbə: “Esquire” jurnalı
Tərcümə etdi:
“Çılğınlıqla sevişin, iştahla yeyin”
4 avqust 2012
09:00
2468 dəfə oxunub