“Osmanlıdan tərcümə türkə...” SORĞU

“Osmanlıdan tərcümə türkə...” SORĞU
28 fevral 2013
# 11:56

Kulis.az türk dilindən tərcümənin doğru olub-olmamağı ilə bağlı bu dəfə yazıçı və şairlərin mövqeyini təqdim edir.

Xalq şairi Zəlimxan Yaqub türk dilində oxumağa üstünlük verir: “Türkiyə ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə çevrilmiş variantlarını oxumamışam. Mənə elə gəlir ki, türkcədən tərcüməyə ehtiyac yoxdur, bunun əleyhinəyəm, bu, yaxşı hal deyil. Türk dili tərcüməsiz də başa düşülür, anlaşılır. Dünya ədəbiyyatının ən yaxşı nümunələri - məşhur klassiklərin, Nobel mükafatçılarının, Amerika yazıçılarının və başqa yazıçılarının əsərlərinin hamısı türk dilində var. Oxucularımız elə türk dilində oxusalar yaxşı olar. Orxan Pamukun dilimizə tərcümə olunan əsərlərini oxumuşam. Oxumaz olaydım. Türkiyəli yazıçılarının əsərlərinin dilimizə tərcümə olunmasına razı deyiləm”.

Yazıçı Seyran Səxavət deyir ki, başqa dillərdən tərcümələr daha çox olsa yaxşıdır: “İngilis və rus dillərindən tərcüməyə diqqət ayrılsa daha faydalı olar. Bu dillərdən Azərbaycan dilinə tərcümənin meydanı daha genişdir, böyükdür. Orda tərcüməçi kimi manevrlər etmək olar. Tərcümə sahəsi bizdə hər zaman axsayıb. Düşünürəm ki, tərcümə orijinal əsər yazmaqdan min qat çətindir. Türkiyə türkcəsindəki bədii mətnlərin dilimizə tərcümə olunması haqda isə onu deyə bilərəm ki, bizim dilimiz başqadır, Türkiyə türkcəsi başqadır, fərqlər var. Məsələn, türkiyəlilərin futbol reportajlarına baxanda bu fərq aydın hiss olunur. Türkiyəli şərhçi cinahdan cərimə meydançasına top qaldıran Həsən Şaşın bu hərəkətinə “Həsən Şaşın ortası” deyir. Axı bizdə “Əli Quliyevin ortası” demək olmaz. Ümumiyyətlə, türkcə əsərləri oxuya bilirik də. Açığı, türkcədən tərcümə mənə qəribə gəlir”.

Yazıçı-tərcüməçi Etimad Başkeçid türkcədən dilimizə tərcümə olunan bədii mətnləri oxumur: “Türk dilini bilən və özünə hörmət edən mütəxəssis onu tərcümədə oxumaz. Tərcümə həmişə orijinalın məlum dərəcədə təhrif olunması, yenidən işlənməsi deməkdir. Bunu mən demirəm, tərcüməşünaslıq elmi deyir. Orijinaldan oxumağın üstünlüyü ondadır ki, sən tərcüməçinin interpretasiyası ilə yox, müəllifin öz konsepsiyası ilə tanış olursan. “Türkiyə türkcəsindən tərcümə etmək lazımdırmı” sualına mütləq mənada “hə” və ya “yox” cavabı vermək istəmirəm. Bu türkcəni anlamayanlar, yaxud hansısa səbəblərdən onu yad, yabançı dil kimi qəbul edənlər üçün tərcümə, yəqin ki, lazımdır. Düzünü desəm Türkiyə türkcəsindən tərcümənin keyfiyyəti ilə bağlı bilgilərim çox azdır. Səbəbini yuxarıda qeyd elədim – bu dildən tərcümələri sadəcə oxumuram”.

Yazıçı Şərif Ağayar türkcə bədii mətnlərin dilimizə uyğunlaşdırılmasının tərəfdarıdır: “Mütəxəssislərin fikri belədir ki, oxşar dillərdən tərcümə etmək daha çətindir, nəinki fərqli dillərdən. Mən bu fikirlə tam razıyam. Tərcüməçinin səviyyəsindən asılı olmayaraq Orxan Pamukun əsərlərini, istənilən adi bir şeiri, hekayəni oxuyanda görürsən ki, sözlər dəhşətli dərəcədə enerjisini itirir. Bu barədə dəfələrlə yazmışam. Düşünürəm ki, Osmanlı türkcəsini bütün türkdilli xalqların, respublikaların aydınları və gəncləri mükəmməl səviyyədə öyrənməlidirlər.

Bizim gənclərin çoxu Türkiyə türkcəsində rahat oxuyurlar. Bu sevindirici faktdır. Düzdü leksikonumuza, yazılarımıza türkcədən çoxlu sözlər gəlir. Bəzi adamlar bunun əleyhinə getməklə çox böyük səhv edirlər. Türkcədən nə qədər faydalansaq, nə qədər yararlansaq aradakı məsafələr bir o qədər itər. Dilimizin də inkişaf tempi artar. Türkcədən tərcümə məsələsini qəbul edə bilmirəm, yəni fundamental tərcüməyə ehtiyac yoxdur. Burda uyğunlaşdırmalar ola bilər. Məsələn, Əziz Nesinin bir hekayəsində uzağı 20 sözə işarə qoyub tərcüməsini vermək olar. Türk dili ilə bizim dilimizin arasında müəyyən qrammatik fərqlər var. Biz axı “gidiyorum” demirik axı. Sadəcə qarşılıqlı işlənən sözləri yerinə qoyursan. Osmanlı türkcəsi bizə nisbətən daha çox inkişaf edib. Mən qələm adamıyam, yeri gəlib yazılarımda türk sözləri işlətmişəm. Türklər demiş onların “daha net, daha dəqiq” ifadələri var. O dili öyrənməklə inkişafımızı sürətləndirə bilərik”.

Şair Qismət Rüstəmov Türkiyə türcəsindən tərcümələrin vacib olduğunu söylədi: “Son illər əsasən Türkiyə türkcəsində kitablar oxuyuram. Türkiyə türkcəsindən xüsusilə nəsr əsərlərinin tərcüməsi lazımdır. Tərcümə işi ilə peşəkarlar məşğul olmalıdır. Mən şəxsən bir tərcüməçinin dünyanın üç-dörd aparıcı dilindən eyni vaxtda yaxşı tərcümə edə biləcəyinə inanmıram. Çalışmaq lazımdır ki, ixtisaslı tərcüməçilər yaransın və özünü bir xalqın ədəbiyyatına həsr etsin. Tərcümə sahəsində ruslar qədər tarixləri olmasa da, 90-cı illərdən Türkiyədə böyük bir sıçrayış baş verdi. Bunun nəticəsində demək olar ki, bütün vacib əsərlər türkcəyə çevrildi, hətta əksəriyyətinin bir neçə tərcümə variantı var. Professional məktəbin əsası qoyuldu. Mən əsasən iki - rus və türk dillərində oxuyuram. Son illər türk dilində daha çox oxuyuram. Çünki mənə gərəkli olan kitabları bu dildə daha rahat tapıram, təbii ki, rus dilində də həmin kitablar artıq çoxdan var, amma bizim kitab bazarına bütün dillərdə daha çox belletristika daxil olur. İndi cəmiyyətdə də bir orta nəsil yetişib, onlar özlərindən əvvəlki nəsillərdən fərqli olaraq, rusca bilmirlər, gözlərini açıb türk kanallarını seyr ediblər, bu mənada o nəsildən olanlar bizim dildə nə vaxtsa tərcümə olunası sual altında olan kitabları türkcədə axtarırlar”.

# 2512 dəfə oxunub

Müəllifin son yazıları

# # #