Anarla Fuad Musayevin oxşar taleyi

Anarla Fuad Musayevin oxşar taleyi
22 oktyabr 2012
# 07:45

Azərbaycan Yazıçılar Birliyinin 2009-cu ildə keçirilməli qurultayı üç ildir ki, gecikir. Birliyin sədri Anar üç ildir sədr olmasa da həmin vəzifədədir. Sədrə müxalif olanlar onun vəzifədən getməsinin vacibliyindən danışır. Ancaq sədr inadından dönmək bilmir.

İllər bundan əvvəl Azərbaycan Futbol Federasiyası Assosiasiyalarının (AFFA) ilk prezidenti Fuad Musayev də inadından dönmürdü. Yığma hər dəfə biabırçı şəkildə məğlub olanda azarkeşlərin, futbol adamlarının qəlbində ümid işığı yaranırdı ki, bəs Fuad müəllim istefa ərizəsini yazacaq. Fuad Musayevin istefası isə düyünə düşmüşdü. Hətta onun AFFA prezidenti postundan getməsi çoxları üçün bir röya idi.

Azarkeşlər durmadan “İS-TE-FA” qışqırırdı. Fuad müəllimin isə cavabı özünəməxsus olurdu: “Onlar nə qədər ki, istefa qışqıracaqlar mən də öz kreslomda oturacağam”. Bəli, bir gün futbolsevərlər ağızlarına yox, ayaqlarına qüvvət verib AFFA-nın binası önünə toplaşdılar. Futbolçular, klub rəhbərləri yaşıl meydanlara çıxmaqdan imtina etdilər ki, belə olmaz Fuad müəllim, getməlisən, vəssalam. UEFA-nın keçmiş prezidenti Yuhansson, Rusiya futbolunun eks rəhbəri Koloskov, nə bilim daha kimlər-kimlər Fuad Musayevi inad daşından düşürmək üçün dilə tutdular. Nəhayət ki, hər kəs istəyinə çatdı. Fuad Musayev getdi...

Əli qələm tutanlar da Anarın getməyini illərdir gözləyirlər. Ancaq Anar da Fuad Musayev kimi getmək bilmir. İndi nə etsin yazıçılar? Yazıçılar Birliyinin qarşısına yığışsınlar? Yazmaqdan imtina etsinlər? PEN klubdan nümayəndələr dəvət etsinlər? Markesi, Lyosanı, yeni nobelçi Mo Yanı dəvət etsinlər? Axı nə etsinlər? Anar da deyir ki, mənim getməyimlə nələrinsə dəyişəcəyini düşünənlər yanılır. Eynən Fuad Musayevin düşüncə tərzi. Fuad Musayevin də yanında Çingiz İsmayılov kimi futbolu bilən nəhəng vardı. Bəs nəticə? Anar müəllimin də ətrafında yazı işini bilən Çingiz Abdullayev ola bilər. Ancaq getmək məsləhətdir...

Fərid MİRZƏYEV

# 3131 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #