Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?
15 oktyabr 2024
# 17:00

Kulis.az Fərid Hüseynin "Ədəbiyyatımızın kədərli dəqiqələri" rubrikasından "Ustad kitabxanasından dəllal tamahına…" adlı VI yazısını təqdim edir.

Qara xəbər gətirənə mükafat, muştuluq düşürmü?

Heç nəhs günü, ağrılı aqibəti irəlicədən çatdırana ənam, xalat verərlərmi?

Çoxlarının düşüncəsinə görə verməzlər, amma zaman-zaman taleyin iradəsindən çəkinməyib nəhs günü “müjdələyənlərə” hədiyyə verənlər də olub.

Seyid Əzim Şirvani istəkli şagirdi Mirzə Ələkbər Sabirin ona yazdığı, ünvanladığı, sonunda isə acı aqibətini nişan verən şeirinə görə ona dünyanın ən qiymətli, ən dəyərli hədiyyələrindən birini bağışlamışdı.

Sabir öz şeirində ustadını ucalda-ucalda həm də ona bəd günün qaçılmazlığını nişan verirdi:

Sən piri-cəhandidəsən, ey Seyyidi-sərkar,

Məndən çək əlin, eyləgilən pir ilə rəftar!

Olmaz sənə qismət dəxi bu dövləti-didar,

Bundan sora hicrimdə ciyərqan olacaqsan!

Aşiq mənə bir mən kimi ziyba gərək olsun,

Mail gülə bir bülbüli-şeyda gərək olsun,

Səndə bu işə səbrü şəkiba gərək olsun,

Amma, bilirəm, səbr evi viran olacaqsan!

Doğrudan da, Sabirin müəllimi ilə bu şeir cavablaşmasının sonunda onun səbr evinin viran olacağı ilə bağlı aşkar öncəgörməsi diqqət çəkir. Gərək Seyid Əzim kimi adam da səbri-şəküba, ­ yəni, sonacan dözüm olaydı, amma o duruş gətirsə də, axırda ona tablamadılar və onun da səbr evi, Sabirin də dediyi kimi, öz taleyinin timsalında viran oldu.

Mirzə Ələkbər Sabir ustadı Seyid Əzim Şirvaniyə yuxarıda örnək gətirdiyimiz şeiri ithaf etdiyinə görə müəllimi ona çox qiymətli bir hədiyyə – dahi Nizami Gəncəvinin “Xəmsə”sini bağışlayıbmış. Bu o zamanlar imiş ki, Seyid Əzim Şirvani yeməyə doyunca çörək tapmırmış, ehtiyac içərisində gününü birtəhər gecə eləyirmiş. Lakin o, öz qiymətlidən qiymətli hədiyyəsi ilə bərabər Sabirə yolladığı məktubda açıqca qeyd edirmiş ki: “Sənin o əsərinin qarşısında daha qiymətli bir hədiyyə verməyə gümanım çatmır, imkanım yoxdur”.

Böyük insanlar, qəlbigenişlər, əli və ürəyi açıqlar həmişə özlərinə ən gərək olanları hədiyyə edirlər, mahiyyətcə xırda insanlar isə artıqlarını, onlara daha gərək olmayanları.

Seyid Əzim Şirvaniyə isə “Xəmsə” daim gərək idi. Axı “Xəmsə” ədəbiyyatın həm “əlifbas”ıdır, həm “Quranı”. Yəni “Xəmsə” vasitəsi ilə söz meydanında həm ilk hərfləri, hər cür yaradıcı xırdalıqları, texnarlığı öyrənirsən, həm də gərdişi-dövranın ən dərin, hikmətli mətləblərinə bələd olursan. Ona görə “Xəmsə”, Seyid Əzim kimi bir ustad şair üçün, əslində, hələ-hələ bağışlanası hədiyyə deyildi.

Ancaq Seyid Əzim ona ithaf olunan əsərin müqabilində – ona yazılan kəsərli sözlərin əvəzində “Xəmsə”ni bağışlamaqla sanki qarşı tərəfə həm də dahi Nizaminin cavabını çatdırmaq demək idi. Çünki Nizamidən bizə yadigar qalan öyüdlər arasında səxavətli olmaq, əliaçıqlıq, olanını düşünmədən vermək əxlaqı ən öndə gələn nəsihətlər cərgəsindədir.

Sonra nə olur?

Aradan on illər keçir, vaxt sovuşur, Sabir möhkəm xəstələnir, yorğan-döşək dustağına dönür. Ailəsi başlayır evdəki əşyaları bir-bir, iki-iki satıb şairin xəstəliyinin xərclərinə məsrəf eləməyə. İş o yerə gəlib çatır ki, satılması nəzərdə tutulan əşyaları seçmək üçün evə dəllal çağırmalı olurlar. Dəllal da ayıq adam imiş, evdəki əşyaları saf-çürük edəndə nəzərləri Sabirin yatağının yanına qoyulmuş balaca masadakı “Xəmsə”yə sataşır. İstəyir ki, ehtiyac içində olan bu ailədən kitabı ucuz alıb baha satsın. Olub-qalanını satmağa məcbur, canı ilə əlləşən xəstəhal şair dəllalın fikrindən duyuq düşəndə deyir ki: “Sabir çörəksiz yaşayar, amma Nizamisiz yaşaya bilməz!...”

İki şairin timsalında xilas edilən isə əsrlərin sınağından çıxmış “Xəmsə” olur.

Seyid Əzimi camaat məsciddə sıxışdırıb, divara qısnayıb öldürür, Sabirin isə millət dərdindən ciyəri şişərək haqqa qovuşur.

Seyid Əzim dünyadan daha gözləntiləri qalmadığı bir vaxtda qəlbindəki Nizamisini “xilas etmək” üçün “Xəmsə”ni Sabirə bağışlayır, Sabir isə ən əlacsız anlarında “Xəmsə”ni dəllala qismət olmağa qıymır.

“Xəmsə”dən başqa bağışlamağa qiymətli heç nəyi olmayan Seyid Əzimin onu Sabirə ərməğan etməyə qərar verdiyi, Sabirin evində isə “Xəmsə”nin dərman pulu ucbatından satılmaq təhlükəsi ilə üzləşdiyi anlar mənim üçün ədəbiyyatımızın ən kədərli dəqiqələrindəndir…

# 4241 dəfə oxunub

Müəllifin son yazıları

# # #