“İdiot” məni ən çox əsəbiləşdirən romandır” - LAYİHƏ

“İdiot” məni ən çox əsəbiləşdirən romandır” - <span style="color:red;">LAYİHƏ
5 dekabr 2014
# 15:18

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının, tanınmış şəxslərin ən çox sevdiyi əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz teatrşünas, yazıçı Aydın Talıbzadədir. Onun ən sevdiyi əsər F.M.Dostoyevsknin “İdiot” romanıdır.

- “İdiot”u hansı keyfiyyətlərinə görə seçdiniz?

- Fərid, elektron poçtumu açdım, gördüm ki, mənə bir “torba” sual göndərmisən: elə suallar ki, onların hamısı tədqiqat yönlüdür, filoloji savaddan qaynaqlanır, yetərincə intellektual və məntiqlidir. Ona görə, sənin suallarına göz gəzdirəndə anladım ki, bu, açıq bəyan edilməmiş sınaqdır, imtahandır. Məni dərinlərə çəkmək, rus ədəbiyyatının tədqiqatçısı kimi danışdırmaq istəmisən; yoxlamaq istəmisən məni ki, görək, Aydın nə dərəcədə həqiqi bilgi sahibidir. Olsun, qəbul eləyirəm və hətta sevinirəm ki, mən roman haqqında sərbəst və müfəssəl, hərtərəfli fikir yürütmək imkanı əldə etmişəm. Sənə təşəkkürlər və mən görürəm ki, sən romanı elə-belə oxumamısan, öyrənmisən, onun filoloji təhlilinə varmısan. Lap yaxşı. Gəlirəm birbaşa sənin sualının üstünə. Birinci: mən sənə demişdim ki, sənin bu rubrikanda iştirak eləmək istəmirəm?

- Düzdür, demişdiniz...

- İndi həmin o imtinanın səbəbini izah eləyirəm. Mən nəyi seçəcəyimi heç cür müəyyənləşdirə bilmirdim. Öz-özümə utanırdım ki, mən necə Folkner, Heminquey, Fitscerald, Tomas Mann, Henri Hesse, Balzak, Stendal, Emil Zolya, Tomas Vulf, Kortasar, Asturias, Kobo Abe, Yukio Misima, Maks Friş, Hüqo, Coys, Selincer kimi yazarlardan vaz keçim. Yaddan çıxarma bu sözümü: Hüqo ideal romançıdır; çünki o, əla nağıl danışa bilir. İkincisi, Fərid, sən məni bu rubrikaya dəvət eləyəndə bir daha düşündüm ki, ya rəbb “romanı sevmək” nə demək? Şeiri də sevmək olar? Necə sevmək olar? Bəs bu sevgi necə sevgi olar? Sənə elə gəlmirmi ki, bu sevgidə nekrofillik əlamətləri var? Məsələn, XIX yüzildə yazılmış bir romanı sevmək ölünü sevmək anlamına gəlmirmi? Aydın məsələdir ki, mən bu ifadəni dəyişib başqası ilə (bəyənmək, üstünlük vermək, xoşlamaq) əvəzləyə bilməyəcəyəm: dil artıq bunu qəbul eləyib, buna alışıb və fırlanıb yenə bunu deyəcək, daha doğrusu, ən rahatını deyəcək.

Amma mən, eyni zamanda belə də düşünürəm ki, bəlkə “romanı sevmək”, “sənəti sevmək”, “ədəbiyyatı sevmək” real həyatdakı sevgi qıtlığının sublimasiya variantıdır? Üçüncüsü, mən bilmirəm, azərbaycanlılar hansı məntiqlə “İdiot” sözünü dilimizə tərcümə eləmək istəmirlər. “Gicbəsər” kəlməsi “İdiot”un mənasını tam, dəqiq ifadə eləyir, hədəfi yüzdə yüz vurur. Görünür, bizimkilər nə vaxtsa, sadəcə, “gic” sözündən hürküblər, ehtiyatlanıblar, onu ədəbiyyata, romançılığa yaraşdırmayıblar. Halbuki “gic” çaşqın adamı, məntiq zəifliyi və ya iradəsizlik ucbatından qərar qəbul edə bilməyən, vəziyyət içində gic və girinc qalmış insanı eyhamlaşdırır. Olsun ki, rus mədəniyyətinə aşırı vurğunluq da burada müəyyən rol oynayıb.

“Gicbəsər” romanının məziyyət və bədii keyfiyyətlərini sıralayıb onlardan danışmaq üçünsə mən gərək tədqiqat işi aparam. Bir də sən unudursan ki, mən bu romanı haradasa 30-35 il bundan öncə oxumuşam. Amma, narahat olma, roman haqqında nə düşündüyümü sənə təfsilatı ilə deyəcəyəm. Çünki ömrüm boyu dəfələrlə bu əsərin müxtəlif rejissorlar tərəfindən təqdim edilən ekran versiyalarına baxmışam. Məsələn, Akira Kurosavanın, İvan Pıryevin, Ancey Vaydanın, Vladimir Bortkonun filmlərinə... Hələ mən teatr tamaşalarını demirəm... Ona görə, gəl, bu keyfiyyətləri qoyaq bir qırağa və mən öz roman təəssüratımı bölüşüm.

Əvvəla, bu roman qədər məni əsəbiləşdirən, həyəcanlandıran digər bir roman tanımıram. İkinci: Dostoyevskinin bu əsəri butafor roman deyil, uzun-uzadı təsvirlər romanı deyil, ideyasını ehtirasa, ehtirasını ideyaya çevirib, çevirdiyini sinəsinə bərk-bərk basıb ora-bura qaçışan əlacsız adamların ünsiyyət romanıdır, ünsiyyət burulğanıdır; elə bir burulğan ki, içinə baş vurmuş hər bir kimsəni mütləq batırır. Üçüncü: “Gicbəsər” ideal şəkildə qurulmuş polifonik romandır: hər bir personaj öz ideya və ehtirası mövqeyindən çıxış eləyir. Dördüncü, Dostoyevski dünyanın yeganə yazıçısıdır ki, dialoqu hadisəyə çevirir. Beşincisi, eh, sadalasam, çox çıxacaq, ay Fərid, qorxuram, bizi sonucda heç kim oxumaya... Nitsçe boşuna demirdi ki, Dostoyevski nəsə öyrənə biləcəyim yeganə psixoloqdur.

- Bildiyiniz kimi, adətən, Dostoyevski romanları insan iztirabları ilə başlayır, yaxud da süjetin ilk mərhələsində mənəvi əzablar üzə çıxır. Dostoyevski yaradıcılığını tədqiq edənlərin fikrincə, bu romanda insan iztirabı yazıçının digər əsərləri ilə müqayisədə çox gec “zühur edir” (süjet sürəti prinsipi ilə). Sizin bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Romanı yazıçı belə düşünüb, ona belə lazım olub, mənim bu barədə fikrim necə olacaq ki? O tədqiqatçılarsa cəfəng danışırlar... Gec, ya tez – bunun mətləbə nə dəxli? Bu, nəyi dəyişir ki? Sadəcə, “Gicbəsər” romanının faktiki süjet hadisəsi knyaz Mışkinin Peterburqa qatarla gəlişidir. Xatırlayın, İsa Məsihin Yerusəlimə varid olmasını... O da, bu da üzü insan iztirablarına doğru gedirlər, insan iztirablarını azaltmağa doğru gedirlər. Nəticə necə olur? İztirabların kollapsı baş verir: hər şey daha da pisləşir. Çünki kütlə üçün çörək və əyləncə peyğəmbərdən üstündür, düşüncədən üstündür, xeyirxahlıqdan və alicənablıqdan üstündür. Kütlə İsa Məsihin yox, Varavvanın xilasına səs verdi: nədən ki, düşünməkdən çətin, yorucu heç nə yoxdur bu dünyada...

- Lev Nikolayeviç Mışkin yaşamaqçün maddi təminatı olmayan, müflisləşmiş knyazdır, eyni zamanda epilepsiya xəstəliyindən əziyyət çəkən biridir, sizcə, bu elə güman olunduğu kimi yazıçının öz obrazı deyilmi?

- Əgər romana bu yöndən, bu tərzdə yanaşılarsa, söyləməliyəm ki, “Gicbəsər” əsərində Dostoyevski daha çox Parfyon Semyonıç Roqojindir, nəinki knyaz Mışkin. Məncə, mənim fikrimcə, mənim şərhimdə, deyəsən, heç rusların özləri də bunu deməyiblər, bu roman Dostoyevski və Tolstoy arasındakı münasibətlərin, ideyalar səviyyəsində dayanan qiyabi mübahisələrin illüstrasiyasıdır. Knyaz Lev Nikolayeviç Mışkin adlı personajsa dahi rus yazıçısı qraf Tostoyla baxışır. Tolstoyun energetik aurası ilə knyaz Mışkinin aurası haradasa üst-üstə düşür, Parfyon Semyonıç Roqojin də Dostoyevski əsərlərinin daxili enerjisinin təbiəti kimidir. Nastasya Filippovna Baraşkova isə sanki ədəbiyyatın özüdür: hamı ondan faydalansa da, sonucda heç kim bu qadının yeganə sahibi ola bilmir.

- “Bütün dünyada bu əsərdən dərin və qüvvətli əsər yoxdur, bu hələlik insan fikrinin son və ən böyük sözüdür. Bu, insanın ifadə edə biləcəyi ən acı kinayədir... ...insan dühasının yaratdığı bütün əsərlər içərisində ən böyük və ən kədərli kitabdır”. Bu fikirləri Dostoyevski “Don Kixot” əsəri barədə deyirdi. İnsanlığın səadət və ədalət asayişçisi olmaq ehtirası ilə ürəyi alovlanan Mışkini varlı Peterburq cəmiyyətinin Don Kixotu hesab etmək olarmı?

- Olar, niyə də yox. Amma, yenə də, əlbəttə ki, bu, mənim şəxsi mülahizəmdir, Mışkin daha çox Hamletdir, nəinki Don Kixot: hərçənd fəlsəfi fikir tarixi onları eyni bir müstəvidə görür. Mışkin başdan-ayağa sığallı, cavan bir rus zadəganı tipidir: itizəkalı birisidir. Don Kixot isə ucqar bir kənddə yaşayan, zəmanəsindən geri qalmış, cəngavərliyi özü üçün poetikləşdirmiş 50 yaş civarında bulunan, “idalqo” sözündən qaçıb belə deyək də, müflisləşmiş ispan bəyidir, xəyal adamıdır. O, daha çox Kazanova ilə, Məşədi İbadla müqayisəyə gəlir – Toboslu Dulsineyanın bir dəli timsalında aşiqi olduğu üçün. Don Kixotun özü İspaniya ilə cəngavər-cəngavər oyununa girişir, onun özü oyun qurur romanda... və axırda da İspaniyanın baş təlxəyinə dönür, ictimai şəbədələrin mərkəzi olur. Amma romanın finalında Don Kixot onu yolundan sapdırmış cəngavər romanlarını lənətləyərək mömin bir xristian kimi ölür. Mışkin isə Peterburq mühitinin sadəlövh, primitivcəsinə səmimi, canlı kuklasıdır, Peterburq xəstəxanasının 6 nömrəli palatasının kuklasıdır... və dünyanın bütün oyunlarından uzaqdır. Don Kixot öz təsəvvüründə özünü cəngavər, qəhrəman qismində görür: onun istəyilə imkanı uzlaşmır deyə, Don Kixot gülüncdür. Knyaz Mışkin isə o qədər ağıllı, o qədər tərbiyəli birisidir ki, heç kimdən və heç nədən çəkinmədən öz fiziki qüsurunu boynuna ala bilir, sonda isə sanki xristian sevgisini tərk edib əcinnələrə qoşulur. Burada artıq xristianlığın çox mühüm “öldürmə” ehkamı fiaskoya uğrayır.

- Dünyanı bütün pisliklərdən qorumaq istəyən Don Kixot dəllək Karasko tərəfindən məğlub ediləndən sonra qəmgin təbəssümlə öləndə başa düşür ki, bu dünyada onluq bir iş yoxdur, o, dünyanı fəth edə və qoruya bilmir. Filippovnanı hədsiz məhəbbətlə sevən Mışkin də onu qoruya bilmir və başa düşür ki, pula pərəstiş edənlərin içində onun arzusuna çatması müşküldür, məğlubiyyət labüddür. Dünya ədəbiyyatının bu iki möhtəşəm əsərinin mayasında məğlubiyyət dayanır? Sizcə də, saflığın məğlubiyyətinin mahiyyətində nə dayanır və saflığın məğlubiyyəti hər zaman labüddürmü?

- Mən Don Kixotu məğlub saymıram: o, heç kim idi, ancaq bir qəhrəman kimi öldü: öldü və əbədi oldu. Don Kixot başqalarını güldürə-güldürə, özü isə bığaltı xəfifcə qımışa-qımışa zəmanənin üzərində ucaldı, “cəngavərliyin həpəndi” simvolu kimi məşhurlaşdı. Səncə, yel dəyirmanıyla vuruşan şəxs qalib gəlməliydi? Səncə, bütün ispan cəmiyyətinə müharibə elan etmiş əfəl bir idalqonun qalib gəlmək şansı olardımı? Don Kixot məğlub olmalıydı ki, qələbə çalsın, digər insanları öz yaşantılarının səmimiyyətinə inandırsın. Hər bir məğlubiyyətdə yeni dünya düzəni üçün bir mesaj gizlənir. Bunu unutma! Onu da unutma ki, saflıq, təmizlik, səmimilik ədalətin defisiti zamanı yayda buz əriyən kimi əriyib yox olur.

- “Cinayət və Cəza”da olduğu kimi Dostoyevski bu romanda da qadın qəhrəmanına bəraət qazandırır. Belə ki, Nastasiya Fillippovna özünə “abırsız”, “Roqojinin aşnası”, “küçə qadını” desə də yazıçı onu qorumağa çalışır. Sizcə, yazıçı nəyə görə bütün çirkinliklər içindən öz qadın qəhrəmanlarına qarşı belə mövqe ortalığa qoyurdu?

- Məgər kişilərin bütün mübarizələrinin əvvəli və sonucu qadın deyilmi? Bu, hər bir insanda instinktiv baş verir, hüquqlar nə qədər bərabər olsa belə... Qadınlar özlərini nə qədər sərbəst aparsalar belə... Dostoyevski öz qadın personajını Tolstoy kimi intihara sürükləmir, yaniki türməyə atmır; o, bilir ki, Nastasya Filippovna necədirsə, onu kişisəl cəmiyyət yaradıb, öz əyləncəsi kimi yaradıb və onun taleyi üçün məsuliyyətlidir. Fikir verin, son dərəcə maraqlı bir diaqram görüntülənir: qadınlar daha çox azad olduqca kişilər daha çox məsuliyyətsiz olur.

- Dostoyevsknin “İdiot” romanı “dünyanı gözəllik xilas edəcək” ideyasını bəyan edir, ona alternativ olaraq yazılmış “Şeytanlar” romanı isə “dünyanı eybəcərlik məhv edəcək” ideyasını əks etdirir. Sizcə, hər iki ideyanı bəyan etməklə yazıçı nəyi vurğulamaq istəyir, elə hər iki ideya aşağı-yuxarı eyni mesajı vermirmi?

- Onu Dostoyevski demir, gicbəsər Mışkin deyir; çünki dünyanı tanımır, çünki balaca, saf uşaq kimidir. O ki qaldı “Əcinnələr” romanına, yenə də bu fikirlə razı deyiləm -fəlsəfi müstəvidə. Gözəllik də, eybəcərlik də fəlsəfi kateqoriyadır, anlayışdır, bizim beynimizin məhsuludur. Təbiət nə gözəllik tanıyır, nə eybəcərlik... Orada hər şey harmoniyadadır. Əgər ali qüvvə, sistem, matriks istəməsə, dünyanı heç nə xilas etməyəcək... Ona görə hər bir insan özünün və ətrafındakıların ruhsal xilası barədə düşünməlidir. Bununsa bir yolu var: ruhsal, mənəvi kamilliyə çatmaq...

- Əsərin üç əsas qəhrəmanının da Peterburqa gəlişi təsvir olunur:

- İsveçrədəki ruhi xəstəxanada sağalmaq istəyən Mışkin, onun xəstəxana xərclərini qarşılayan himayədarı öldüyünə görə müalicə xərclərini ödəyə bilmir deyə Peterburqa qayıdır.

- Nastasya əyalətdə yaşasa da, eşidəndə ki, cariyəsi olduğu Totski evlənir, o da tez-bazar Moskvaya üz qoyur.

- Roqojin atasının qorxusundan Polşaya qaçıb, atasının ölüm xəbərini eşidəndə sevincək Peterburqa qayıdır.

Yazıçı bu labüdlüyü nədən yaradır, hamını “bir damın altına” yığır?

- Nədən ki, bu personajlar olmadan, bir araya gəlmədən roman yoxdur; nədən ki, bu personajlar fenomendirlər; cəmiyyətdə yaşayıb cəmiyyətə mənsub deyillər; nədən ki, bu personajlar ancaq öz xarakterlərinin, yaşantılarının həqiqətinə uyğun davranırlar, özləri olmaqdan ehtiyatlanmırlar. Mışkin də, Nastasya Filippovna da, Roqojin də bir fərd olaraq toplumdan yuxarıdadırlar. Yalnız onlar həqiqidirlər, qalanlarsa – oyuncaq... Mışkin də, Roqojin də, Nastasya Filippovna da maskasızdırlar, ona görə də müdafiəsizdirlər.

- Bu romanın həm də Çernişevsknin “Nə etməli?” əsərinin əleyhinə yazıldığı deyilir. Çernişevski insanın inqilabla, Dostoyevski isə islahla düzələcəyini təklif edirdi. Siz yuxardakı ideyaların hansını qəbul edirsiniz və nəyə görə belə hesab edirsiniz?

- Sən bu fikri söyləyəndə sovet ədəbiyyatşünaslığından itələnirsən. Boş mülahizədir, “söz demək” xətrinə deyilmiş sözdür: inqilab insanı düzəltmir, əksinə, onu daha da azğın eləyir. Çünki qiyam, inqilab, üsyan öncə tanrını ortadan götürür və bütün qanunları pozub öz məntiqinə tabe elətdirir. “İslah etmək” kəlməsindən də mən xoşlanmıram. İslah "əsləhə", yəni silah sözündəndir. Burada zor var, məcburiyyət var. İnsan isə hər bir vəziyyətdə öz içinin işığı ilə hərəkət etməlidir. Əgər sənin içində işıq yoxdursa, bax, onda bu sənin və toplumun problemidir, hətta dünyanın problemidir.

- Dostoyevski Mışkini Don Kixot qədər gülünc, İsa kimi müqəddəs biri elan edirdi. Sizcə, Mışkinin İsalığı nədə idi?

- Hamıya qarşı sonsuz və təmənnasız sevgidə... Yaxşıya və pisə qarşı eyni sevgi... Bu, yalnız peyğəmbərlərə və müdrik insanlara bəxş edilmiş olağanüstü bir duyğudur. Ona görə mən deyirəm ki, dünyanın ən xristian romanlarından biridir “Gicbəsər”... Hətta yozum üçün yer də var burda: knyaz Mışkini İsa Məsih, Roqojini İuda, Nastasya Filippovanı Məryəm kimi götürmək olar.

- Nastasiya Fillippovnanın gözəlliyini almaq üçün Qanya ortalığa atılır, mümkün olmur, Roqojin yüz min pul tapıb “Birjevıye vedemosti” qəzetinin arasında sevgilisinə uzadır, o, imtina edir, əvvəl oda atır, sonra özündən gedən Qanayaya verilməsini tələb edir, sonra heç nəyi olmayan Mışkini seçir, milyonlardan imtina edir, amma Mışkin cibindən kağız çıxarır ki, böyük bir vərəsə sahibidir – milyonlardan imtina edən Nastasya birdən qarşısında yenə milyonçu görür və ondan da imtina edir. O satılmaq istəmir və onu sevən hər kəsdən qisas alır, bu obraz Puşkinin “Misir gecələri” poemasında Kleopatranın pərəstişkarlarının qarşısına qoyduğu şərtin – eyşdə bir gecə keçirib səhər boynu vurulmağa razı olanlar gəlsin – bir başqa mənada təkrarı deyilmi?

- Nə o budu, nə də bu o: teksturalar çox fərqlidir! Dostoyevskinin bütün romanları sosial statusundan, toplumsal mövqeyindən asılı olmayaraq, alçaldılmış və təhqir edilmişlərin həyat romanlarıdır... Və bu əsərlərin hamısı insanın içindəki qutsal ruhi başlanğıcla insanın ehtiraslarına yiyələnmiş cinlərin aramsız didişməsi üzərində qurulub.

- Maraqlıdır ki, Nastasya ölür, Mışkinlə Roqojin son səhnədə onun yanında olurlar, amma Nastasiya haqqında Dostoyevski bircə kəlmə də “meyit”, “cəsəd”, “ölmüş vücud” sözlərini işlətmir, onun bədəni qanın içində təsvir olunmur. Qəribədir deyilmi?

- Bu ona görə belədir ki, Mışkin də, Roqojin də artıq reallıq duyğusunu itiriblər. Onlar Nastasya Filippovnanı ölü saymırlar, canlı bilirlər. Bu elə bir haldır ki, Mışkin və Roqojin üçün zaman və məkan artıq bir-birinə qarışıb, ərginləşib. Dostoyevski də özünün yox, onların gördüyünü və yaşantısını bizə təqdim edir...

- Tənqidçilər gözəlliyi ideallaşdırmaq baxımından bu əsəri Renessans dövrünün təsiri ilə yazıldığını iddia edirlər.

- Qoy, bu iddia elə iddia kimi də qalsın: mən ona toxunmaq istəmirəm; ancaq alçaldılmış və təhqir edilmişlərin renessansı olmur!

- İstərdim əsərdəki strukturdan, kənar süjetlərdən və onları yaradan qəhrəmanlardan (tənəzzülə uğramış general İvolkin, məmur Lebedev, təlxək Ferdışenko, sələmçi Ptisin, “pozitivist” Burdovski və s.), kənar xətlərin əsərə nələr qazandırmasından və ən əsası Dostoyevsknin konvlay üsulundan – yəni süjetin əsas düyününü açan mühüm vəzifələrdən və gözlənilməyən mürəkkəbləşdirmələri olan toplamalardan danışasınız.

- Fərid, elə bilirsən, mən çox bekar adamam ki, sənin müsahibəndə iştirak etməyə razılaşmışam? Mən insan faktorunu nəzərə alıb imtina eləməmişəm. Mənim günlərlə əyləşib bu suallara cavab verməyə nə həvəsim var, nə marağım...

- Əsərdə parodiya şəklində olsa da müəyyən “süjet qayifələri” var – Mari haqqındakı əlavə novellada günahsız yerə bədnam olunmuş qadın haqqında danışılır, Lebedevin qrafinya Barri haqqında boş-boş danışdıqları, Mışkinin ölümə məhkum edilmiş insan haqqında düşüncələri. Holbeyin “Çarmıxdan çıxarma” əsəri barədə İppolitin qeydi və s.

- Gündə neçə adamla görüşüb danışırsan? Hamısının nə dediyini yadda saxlamalı deyilsən ki? Mən də bir neçə dəfə bu romanla rastlaşıb ayrılmışam. Vəssalam... Onu əzbərləməmişəm ki, Qolbeynin “Çarmıxdan çıxarma” tablosu haqqında İppolitin nə deyiyini yadımda saxlayım?

- Qəribədir ki, Dostoyevski İsaya (mahiyyətcə Mışkinə) da tam haqq qazandırmırdı, sadəcə onların tərəfində olduğunu seçim kimi qiymətləndirirdi, bu barədə o gündəliyində yazır: “Daim öz-özünə belə bir sual verməlisən: “Mənim əqidəm doğrudurmu? Onları isə təkcə İsa vasitəsiylə yoxlamaq olar. Bu isə artıq fəlsəfə deyil, inamdır, inam isə qırmızı rəngdir... Kafirləri odda yandıranı mən, mənəviyyatlı adam hesab edə bilmərəm, çünki sizin mənəviyyat daxili əqidəyə sədaqətdir, tezisinizi qəbul edə bilmirə,m bu yalnız düzlükdür. Mənəviyyat idealı İsadır. Soruşuram: o kafirləri yandırardımı, – yox. Deməli, kafirləri yandırmaq mənəviyyatsızlıqdır. İsa səhv edirdi: bu təsdiq olunub! Bu qızğın duyğu deyil, yaxşısı budur, mən səhvin və İsanın tərəfində qalım, nəinki sizin tərəfinizdə...” – Aydın müəllim, bütün bu dediklərim əslində elə “İdiot”un kredosu deyilmi – Mışkin yaxşıdır, amma yanlışdır.

- Mışkin nə yaxşıdır, nə yanlış... Onun özü kimi fikirləri də qarışıqdır. Çünki Mışkin gicbəsərdir, çünki seçim eləyə bilmir, yaşaya bilmir. Onun “xoşbəxtliyi” onun gicbəsərliyidir. Mışkin “gicbəsərdir” deyə, heç kim onu ciddi qəbul eləmir: ciddi qəbul eləmir deyə, knyaz fikirlərini sərbəst ifadə etməyə icazəlidir. Fikirlərini sərbəst ifadə etməyə icazəlidir deyə, faktiki şəkildə, romanı knyaz Mışkin yaradır, toplumu qaynadıb-qaynadıb xıltını, insanlara isə doğrunu söyləyib onların içini üzə çıxarır və belə bir yanaşma tərzi, münasibət, maskasızlıq “mən”ləri bir-birilə toqquşdurur...

- Dostoyevsknin bu əsərdə də qarşımıza çıxan karnaval estetikası barədə də fikirlərinizi bilmək maraqlı olar.

- İstəyirsən ki, mən Mixail Baxtinin fikirlərini təkrar eləyim? Yox, eləməyəcəyəm. Əksinə, Baxtinin dediyinin tərsini deyəcəyəm: bu romanda liturgiya karnavaldan daha güclü səslənir.

- Əsərdə dialoqun sonsuzluğu hiss olunur, Mışkinin və Nastasyanın saatlarla uzanan daxili dialoqları, həmişə yarımçıq qalır. Yarımçıq...

- İndi mən nə deməliyəm? Onu deməliyəm ki, biz nə desək də yarımçıqdır... Yəni nonfinito...

# 5192 dəfə oxunub

Müəllifin son yazıları

# # #