Evə çatmalıyam oğlum yatmamış – Fərid Hüseynin yeni şeirləri

Fərid Hüseyn, şair

Fərid Hüseyn, şair

8 may 2022
# 13:00

Kulis.az Fərid Hüseynin yeni şeirlərini təqdim edir.

Kərbəla gündəliyi

Gövdəsinə nur dolanmış
ağacların ayaqları altında
zülmət qurban kəsilir,
amma kimdir bundan xəbər tutan,
kimdir bu başgicəlləndirən
işıqların sərxoşluğundan ayılıb
papaqlı ağaclar arasında
öz ayaqlarını axtarıb tapan?
Kimdir Allaha sarı yol alan?
Hara getdiyini bilən?
Yoxdur, sanki yoxdur beləsi...

Hər kəs öz biganəliyinin aludəçisidir
tarix isə güzəran küçələrində azanlara
gələcək bələdçisidir.
Bomba axtaran itlər yorulub,
bir dəfə əhilləşdirilərək,
sonrasa öyrədilərək –
iki yol uzaqlaşıblar
əsl təbiətlərindən
necə ki bildiklərimizlə
bizlərdə qopmuşuq,
uzaqlaşmışıq özümüzdən.

Dilindən “Allah” sözü düşməyən birini
bir dəfə necə diqqətlə
pul sayarkən görmüşdüm.
O anda Allahı
və çox şeyi necə unutmasının
tamaşasına dayanmışdım,
o gün doğmalıq mənzilindən
baş götürüb qaçmışdım,
riya aynasının yatağında
paklıq düşmənini “yaxalamışdım”.

Kapitalizm pul sayarkən
dünyanı unutduğumuz möhlətdir.
Ömür pilləkənlərindən qalxdıqca
zirzəmisinə endiyimiz imarətdir.
Kapitalizm pul sayan əllərin zamanıdır,
ölüm əbədiyyətin
fani dünya tərəfə keçmiş
bircə anıdır.
İndi nədənsə
yol uzandıqca o günü,
o məhrəm insanı,
bir əldən o biri ələ keçən pulları xatırlayıram.
Pul sayıldıqda belə bir əldə qalmır...
Dünyanın cibidir nəfsimiz
doymur ki doymur...
dolmur ki dolmur...

Bir də uzaq əsrlərdəki həqiqət qonşum
şair Fərəqzadı yad edirəm.
Ki, ondan imam
Kərbəladakı vəziyyəti soruşmuşdu
o isə həqiqəti
düyünçəsində kəfən pulu saxlayan
nənə kimi açmışdı:
“Səni Kərbəlaya çağıranların qəlbləri sənin,
qılıncları isə Yəzidin yanındadır” demişdi”.
İnan, inan, inan...
Qəlblərlə savaşmadığı üçün
əbədi dostumuzdur imam.

Mədinə ən gözəl qürbət
Kufə ən sərt xəbərdarlıq
Kərbəlasa qaçılmaz aqibət şəhəridir.
Bu şəhərləri görmədən də
o yerlərin ruhi sakinləriyik,
Canımız arzularımızın Vətənidir –
niyyətlərimizin mənziliyik.

Təftişnamə

Dərs vermək riyasın qoymuram yaxın,
Çoxdandır öyüdlü nəğmə çalmıram
tarix təkrarların rəqsidir, – baxın.
nəticə çıxarmır, ibrət almıram.

Uçulur saraylar, dağılır yurdlar,
silinir ən əziz günlər yaddaşdan.
Əbədiyyət şövqü çəkdirir avar –
fanilik qərq olur ani təlaşdan.

Bu bilgi dünyası, xəbər əsrində
nə bir zindanban var, nə də ki, dustaq.
“Yeddi qapısı açıq” labrint qəsrində
qarışqa tükücən azadıq ancaq.

Dəm vurma şöhrətdən, nə ad, nə namdan
tarixin nəmindən əsrim kiflənib.
Qardaşlar qanıyla dolu bu camdan
sülhün göyərçini içib, ¬ keflənib.

Nə qəbir nişanə qalacaq, nə söz,
su üstünə yazır hər şeyi qələm,
Sürət əsri – ömür yeyən bir acgöz
tələsmək ipinə bağlıdır tələm.

Çox haqq bir nahaqqın içində azıb
Yanlışdı deyilən, qələtdir hesab.
“Bütün cümlələri təzədən yazıb”
bütün hesabları ən başdan sayaq.

Ərşin düyünündən zaval sallanır,
alimlər aludə bəla vəsfinə.
Sürətə uymaqla calaq olunur
nəfs ağacımız əsrin nəfsinə.

Qədir gecəsitək susmaq istədim
dindirdi sükutu səs tamahkarı.
əlimi ruhuma basmaq istədim
pozuldu zikrimin nizam qatarı.

Gözəllik çoxdandır timsalımızda
riya dayağına bərk zəncirlənib
əfsus, surətpərəst xəyalımızda –
şeytanın üzündə şər bədirlənib.

Heyif... Çox heyif...

Çatırlar dostlarım arzularına –
olurlar vəzifə, məzhəb yiyəsi,
Şeytan şərqiləri oxumaqdansa
gün gəlir çoxunun kəsilir səsi.
Mənsə soruşuram onlardan indi:
Buydumu, buydumu, istədiyiniz?

Soxulub min yerə, girib yüz dona
arzuya çatmaqla cəzalanırlar.
Vicdan zirvəsindən təpəsi üstə
riya dərəsinə yuvarlanırlar.
Mənsə soruşuram onlardan indi:
Buydumu, buydumu, istədiyiniz?

Haramı min yerdən parçalayaraq
didib-didişdirib aslanlaşırlar.
Efirdə, ekranda, səhifələrdə
hamıdan ucada yalanlaşırlar.
Mənsə soruşuram onlardan indi:
Buydumu, buydumu, istədiyiniz?

Birisi geyinir “dövlət” niqabın,
o biri bürünür “din” libasına.
Üzdən abır-həya çəkilib gedir,
bədən dönür ruhun xarabasına.
Mənsə soruşuram onlardan indi:
Buydumu, buydumu, istədiyiniz?

Baxıram sizlərə, heyifim gəlir,
Baxıram güzgüyə, heyifim gəlir,
Bəsirət bağlanıb, dilimizsə lal:
Həm sizə, həm mənə aiddir sual:
Buydumu, buydumu, istədiyiniz?
Buydumu, buydumu, istədiyimiz?

Baqi bədəl

Açarlar verir hesabat
kilidləri kiridikcə.
Şam boynudur miskin həyat
qalınlaşır əridikcə.

Qaliblərsə sıralanıb
bir ağ yaylığın fonunda.
Təcrübələr xırdalanır
sınıq ayna şablonunda.

Quş sükutu dimdikləyir
yorğun heykəl kölgəsində.
Hamı bir dəfə səsləyir,
Azan isə sonsuz dəfə.


Onurun şeiri

Paytaxt ayağıyla tələsir hamı:
Biri kefə qaçır, biri kinoya,
Qarışqa səfinə düzülüb indi
Mən də yollanıram isti yuvama.
Şeytan üzərimə torun atmamış,
Evə çatmalıyam oğlum yatmamış.

Qədəh gecələri çağırır məni,
Nəfsin üzü gülür telefonumda.
Birisə yarımçıq arzularına
Nöqtə təklif edir günün sonunda.
Razılıq qanına əlim batmamış,
Evə çatmalıyam oğlum yatmamış.

Sədd aşantək aşıb işıqforları
Bəxtimi tıxacda hər gün söyürəm,
Evə gecikəndə zəngi basaraq
Ən dadlı röyasın yarı bölürəm.
Şirin yuxusuna haram qatmamış,
Evə çatmalıyam oğlum yatmamış.

Baxıram yataqda yatmış uşağa,
Görürəm üzündə gülüşü yatıb,
Dodaqlar aralı, uzalı qalıb,
Mənə pay olmayan öpüşü yatıb.
Peşmanlıq günümə zəhər qatmamış,
Evə çatmalıyam oğlum yatmamış.

# 4039 dəfə oxunub

Müəllifin son yazıları

# # #