Allah hardadı?-“Eyni suallar” layihəsi

Allah hardadı?-“Eyni suallar” layihəsi
15 avqust 2014
# 12:36

“Eyni suallar” layihəsində dünya şöhrətli yazarların müsahibələrində cavablandırdığı suallar azərbaycanlı yazara ünvanlanır. Layihədə hər iki yazarın cavabları təqdim edilir. Bu dəfəki layihədə Milorad Paviç müsahibəsində cavablandırdığı suallar yazıçı Mübariz Cəfərliyə ünvanlanıb.

Borxes sağ olsaydı, ondan nə soruşardız?

M.Paviç:

- Heç nə. Mən ona qulaq asmağa üstünlük verərdim.

M.Cəfərli:

– Kitab adam olmaq çoxmu çətindir?

Homer sizin üçün kimdi?

M.Paviç:

- Mən, həmişə Homer kimi, qədim epik şairlərə bənzəməyə çalışmışam. Homer “İliada” və “Odisseya” kimi şah əsərlərinin başlanğıcını və sonunu müəyyən etsə də, Yunanıstan və Serbiyadakı qədim epik şairlər (Homer daxil olmaqla) hər dəfə yeni nəğmə oxuyurdular. Onlar, istədikləri nöqtədən başlayır və yeni əhvalata keçmək lazım gələndə dayanırdılar. Eşq olsun! Mənim üçün bu, ədəbiyyat tarixinin ən qədim dərsidi. Əlbəttə, bu dərsin, təcrübədə tətbiqi çətindi. Eyni zamanda, həm şifahi şəkildə öz rapsodiyalarınız yaradır, həm də onları kitab halına sala bilmək üçün kağıza köçürürsünüzsə, bu iş, təsəvvür elədiyinizdən də çətin ola bilər.

M.Cəfərli:

– Coysun və bir çox dahinin ustadı.

Romanı əvvəlki gün qaldığınız yerdən yazmağa davam edirsiniz?

M.Paviç:

- Yox. Heç vaxt bu cür yazmıram. Müxtəlif fraqmentlər tədricən bir sistemdə birləşir. Yalnız düşüncəyə arxalanan oxucu, əsərlərimi başa düşməkdə çətinlik çəkəcək. Romanın öz həyatı var. (Cibindən kiçik, yaşıl bloknot çıxarır. Qeyd dəftərinin üstündə nə isə yazılıb). Bu, mənim yeni romanımdı. “Konstantinopolda sonuncu məhəbbət”. Bütün romanlarım bu cür doğulur. Bu kiçik qeyd dəftərində, yeni romanla bağlı ağlıma gələnləri yazır, sonradan yalnız əhəmiyyətli hesab elədiklərimi kitaba salıram. “Xəzər sözlüyü” də vaxtilə min səhifəlik qeyd dəftərindən ibarət idi.

M.Cəfərli:

– Yox. İlk diqqətimi cəlb edən yerdən.

İstedadsız oxucu böyük yazıçını yoxa çıxarda bilərmi?

M.Paviç:

– Əlbəttə. Məsələn, mən, uzun müddət Yuqoslaviyanın ən az oxunan yazıçıları arasında olmuşam. Ta yeni oxucu nəsli yetişənə qədər.

M.Cəfərli:

– Yox. Zaman hər şeyi öz yerinə qoyar.

Bütün sualların cavabı varmı?

M.Paviç:

– Dünyada cavabların sayı suallardan çoxdur.

M.Cəfərli:

– Əsas sualların cavabı yoxdu.

Həyatın təhqir edilməsinə misal göstərə bilərsiniz?

M.Paviç:

– İnsanın qurub-yaratdıqlarının məhv edilməsi.

M.Cəfərli:

– Böyük mənada nə baş verirsə qarşısını almaq mümkün deyil.

Sizcə, böyük əsərlər böyük ürəyin, yoxsa böyük ağlın köməyi ilə yaranır?

M.Paviç:

– Mən, böyük əsərlərin, ağlın qəlbə, qəlbin ağla səyahətləri nəticəsində yarandığına inanıram. Yaradıcılıq, yalnız bu yolla nəfəs ala bilir.

M.Cəfərli:

– Böyük səbrin.

İstedadlı yazıçının əsərini başa düşmək üçün istedadlı oxucu olmaq vacibdirmi?

M.Paviç:

– İstedadsız oxucu tərəfindən oxunan əsər sözsüz ki, başa düşülməyəcək. Təəssüf ki, indi istedadlı oxucular da, istedadlı tənqidçilərdən də, istedadlı yazıçılarda da çoxdur. Əsrimizin ən istedadlı oxucusu, Borxes idi. Hamı Universitetdə oxuya bilər. Lakin “Sehrli fleyta”nı yazmağı öyrənmək mümkün deyil. Heç kim oxucuya sətraltı mənaları başa düşməyi öyrədə bilməz.

M.Cəfərli:

– Şübhəsiz.

Hansısa romanı yarımçıq qoymusunuzmu?

M.Paviç:

– Roman yazan hər yazıçı, iki dəfə böhranla üzləşməli olur. İlk böhran lap əvvəldə baş verir. Yazıçı romanı fikrində formalaşdırıb bitirsə də, hələ kağıza köçürməyib. Bu məqam onun hərəkət tempi, romana nisbətən sürətlidir. Əsər ləng gedir, arxadan itələməli olursan. Ən əsası, onu geri qalmağa qoymamaqdı. İkinci böhran isə əsərin kulminasiya nöqtəsində başlayır. Əsərin bu yerində yazıçı, bütün hakimiyyəti əlinə almalı olsa da, öz axarıyla üzməyə başlamış, sürətlə irəli can atan roman, müəllifə tabe olmaq istəmir. Bu, romanın yazıçıya qalib gəldiyi ən çətin məqamdır, çünki siz zirvəyə qalxana qədər böyük qüvvə sərf edib yorulmusunuz. Buna baxmayaraq, bütün qüvvənizi səfərbər edib, tarazlığı gözləməli, roman üzərində nəzarəti ələ almalısız. Uşağın vaxtından əvvəl doğulmasına icazə vermək olmaz. Bu iki məqamdan adlaya bilsəniz, nəticə çox yaxşı olacaq. Sağlam bir roman dünyaya gətirsəniz də, özünüz iki həftə xəstə yatacaqsınız. “Xəzər sözlüyü”ndən sonra düz iki il xəstə yatdım.

M.Cəfərli:

– Hə. Heç vaxt bitməyəcək romanım var. Amma nə bilmək olar, bəlkə də haçansa əsərin üzərinə qayıdıb bitirməyə gücüm çatdı.

Allah hardadı?

M.Paviç:

– İçimizdə. Allah hər gün bizə nə isə öyrədir.

M.Cəfərli:

– İnsan zəkasının heç vaxt dərk edə bilməyəcəyi yerdə.

- İnsanların nə üçün yaradıldığı haqda düşünmüsünüzmü?

M.Paviç:

– Bu sualın cavabı “Küləyin içəri tərəfi” romanımda var. Zaman İblisin, əbədiyyət isə, Allahın ixtirasıdır. Zaman və Əbədiyyətin kəsişdiyi məqam isə həyatdı. İndiki zaman, vaxtın dayandığı andı. Bəlkə də Kainatda, zamanın heç vaxt əbədiyyətə qovuşmadığı yerlər var. Buna görə də orda indiki zaman mövcud deyil. Orda həyat yoxdur. Həyat, yalnız indiki zamanda mövcuddur.

M.Cəfərli:

– Yəqin ki, Adəmin günahını yumaq üçün.

Bəzi insanların istedadlı, bəzilərinin isə istedadsız olması, ədalətsizlik deyilmi?

M.Paviç:

- Başqasının bacarmadığı işin öhdəsindən gələ bilmək – xoşbəxtlikdi. Pəncərədən bayıra baxın. Hər şey müxtəlifdi, ona görə də gözəldi. İnsanlara müxtəlif qabiliyyətlər verilib. Mənim əlimdən başqa heç nə gəlmir. Məsələn, mən, atam kimi ev tikə bilmirəm.

M.Cəfərli:

– Hərə öz kodlaşdırıldığı sahədə istedadlıdı.

Sizcə, yazıçı kimi doğulmaq lazımdı, yoxsa yaxşı nasirə sonradan da çevrilmək olar?

M.Paviç:

– Yazıçı kimi mən, iki yüz il əvvəl doğulmuşam. Bildiyiniz kimi, Avropanın ən böyük kitabxanalarında mənim ulu babalarımın yazdığı kitabları tapmaq mümkündür. Hər dəfə nə isə yazmağa başlayanda, əcdadlarımdan cəsarət alıram. Hətta onlar üçün qədim dildə şeirlər də yazmışam ki, məni başa düşə bilsinlər.

M.Cəfərli:

– Yazıçı kimi doğulmaq əsasdı, sonradan onu yalnız təkmilləşdirmək mümkündür.

Ümumiyyətlə, yazıçının məqsədi nədir? Dünyada hökm sürən xaosu nizama salmaq?

M.Paviç:

– Bilmirəm, sənət əsərini xaosun nizamlayıcısı adlandırmaq mümkündürmü? Heç vaxt, Allahın yaratdığı nəyisə nizamlamaq fikrinə düşməmişəm. Əslində, mən kitablarımın köməyi ilə xaosu təsvir etməyə çalışmışam. Vəssalam. Mənim üçün bu kifayətdir.

M.Cəfərli:

– Cavabını tapa bilməyəcəyi suallar üzərində düşünərək oxucuya yeni suallar ünvanlamaq.

Zəruri qeyd: M.Paviçin müsahibəsi “Xəzər” jurnalında Ülkər Nəsibbəylinin tərcüməsində dərc edilib. Təqdim etdiyimiz hissələr həmin müsahibədən seçilib.

# 4506 dəfə oxunub

Müəllifin son yazıları

# # #