Çiçəklər öz rənglərinə inanmır – GÜNÜN ŞEİRİ

Çiçəklər öz rənglərinə inanmır – <span style="color:red;">GÜNÜN ŞEİRİ
10 oktyabr 2017
# 09:48

Bu gün gənc şair Fərid Hüseynin doğum gündür. Kulis.az bu münasibətlə onun oxucular tərəfindən maraqla qarşılanan “Minimalist şeirlər”ini təqdim edir.

Çiçəklər öz rənglərinə

inanmırlar -

Solurlar...

***

Allah bizə ömür

verir,

insanlarsa vaxtımızı alır.

***

Qar üzərində yeriyirəm

ancaq

sol ayağımın izləri qalır.

***

Şəkil çəkdiririk nağıla dönür:

Biri var idi, biri yox.

***

Ezop zəncirini açmağa qorxur,

Bilir ki, itləri bağlayacağıq.

***

Müharibə:

Əsgər ağzında evlərindəki

çörəyin xəyalını çeynəyir.

***

Vaxt ötdükcə,

sənin günahlarını unudub

öz günahlarımı xatırlayıram.

***

Nitq hissələri:

Sifətlərlə sevirik,

fellərlə ayrılırıq.

***

Bəlkə də səadət mən gəlməmişdən öncə

evdə işıqların yanmasıdı ancaq...

***

Səni hər görəndə

qabırğalarımı sayıram

əskik gəlir.

***

Heç nə unudulmur bu yer üzündə -

Hər şey öz adıyla əzaba dönür.

# 3552 dəfə oxunub

Müəllifin son yazıları

# # #