Şərif Ağayar yazır ki, Nizaminin yubiley tədbirində bir hörmətli alimlə söhbətləşib. Ona deyib ki, Nizaminin tərcüməsinə yenidən qayıtmaq lazımdır, çünki Nizaminin məşhur irfan ənənələrinin sovet vaxtı oxucuya lazımi səviyyədə çatdırılması qeyri-mümkün idi. Hörmətli alim də qaşlarını çatıb, qayıdıb ki: «Kimin nəyinə lazımdır axı o irfan?! O boş illüziyalar?! Oxucular onu bilməsələr yaxşıdır!».
Bunu oxuyanda bu günlərdə yaşadığım bir hadisəni xatırladım.
Səhər-səhər işə gələndə «Xalqlar dostluğu» metrosunun girişində bəzən BSU-nun Tərcümə fakültəsinin dekanı Seyfəl Həsənovla qarşılaşıram; yolumuz birdir, ikimiz də Günəşlidə yaşayırıq. Yeri gəlmişkən, Seyfəl müəllim rus dilinə və ruscadan mükəmməl tərcümələr edən sənətkardır və onunla bu barədə söhbətləşməyin ayrı ləzzəti var.
Deməli, bir neçə gün bundan əvvəl yenə Seyfəl müəllimlə rastlaşdıq. Hal-əhval tutub, yenicə metroya enmək istəyirdik ki, qarşımızda otuz yaşlarında, səliqəylə geyinmiş bir oğlan peyda oldu:
- Seyfəl müəllim! Salam! – O, sevincək əlini uzadıb ikimizlə də görüşdü və müəllimin bir ayağını dala qoyub ona zəndlə baxdığını görüncə, - deyəsən, tanımadınız! – dedi.
- Yox, tanımadım!
- Bəs, mən Filankəsəm də! Yadınızdadır, məni ikinci kursdan qovmuşdunuz.
Seyfəl müəllim handan-hana nəyisə xatırladı və üzünü turşudub:
- Hə, nolsun? – dedi.
- Heç, müəllim! Sadəcə sizə təşəkkür etmək istəyirəm. Xahiş edirəm, səmimi qəbul edəsiniz, o vaxt məni qovmasaydınız, indi diplomlu işsizlərdən biri də mən idim. Amma indi, baxın, o supermarket mənimdir, - o bir az aralıdakı böyük mağazanı göstərdi, - demək olar, sizin sayənizdə adam oldum…
Seyfəl müəllim mağazaya baxıb-baxıb:
- Yox, sən hələ yarı adam olmusan, - dedi.
- Niyə?
- Ona görə ki… Kefli İskəndər nə deyirdi: «Adam odur ki, nə elmi var, nə mərifəti». Doğrudur, sənin elmin yoxdur, amma mərifətin yerindədir. Ona görə də hələlik yarı adam sayılırsan…
Şərifin söhbətləşdiyi sənətkar ya Kabbalaçılar kimi elmin xalqdan uzaq tutulmasının tərəfdarıdır, ya da onun elmi, göründüyü kimi, tamamilə qıcqırmış vəziyyətdədir. Elm də mərifətə bağlı məsələdir, ona görə, Kefli İskəndərin təsnifatında həmin adamın hansı statusu daşıdığını özünüz müəyyənləşdirin.
Bu personaj mənə Qriboyedovun «Ağıldan bəla» əsərindəki Prostakovanı xatırladır. Coğrafiyanı öyrənməyin nəyə lazım olduğunu kəsdirə bilməyən Prostakova deyir: «Eh, Dədə! Bəs arabaçı nə üçündür? Bu elm zadəganlar üçün deyil. Zadəganın «məni filan yerə apar» deməsi kifayətdir, arabaçı hara desən aparacaq».
Əslində Şərifin alimini qınamaq da olmur. Çünki bu təkcə bizə aid məsələ deyil. Vaxtilə Rusiya qəzetlərindən birində maraqlı bir məqalə oxumuşdum. Yazırdı ki: «Rus mədəniyyəti, incəsənəti və ədəbiyyatının onda doqquzu ümumbəşəridir, dörddə üçün Avropa dəyərlərinə söykənir və yalnız onda biri millidir». Müəllif rus mədəniyyətinin böhran vəziyyətinə düşməsinin səbəbini məhz bunda görürdü.
Bizdə vəziyyət ruslardan da betərdir. Bilmirəm, bəlkə də, bu obyektiv prosesdir, amma, fakt budur ki, ruslardan fərqli olaraq müsəlman ölkəsi olduğumuz halda gətirdiyimiz örnəklər, sitatlar, ifadə tərzləri əksərən xristian – Avropa müəlliflərinin mətnlərinə, qərb xalqlarının miflərinə əsaslanır. Azərbaycan insanı yunan miflərini türk miflərindən yaxşı bilir, irfan və təssvüf ədəbiyyatı apriori ikinci kateqoriya ədəbiyyat sayılır və s.
Avropa insanı isə bəzən bizdəki zənginlikləri bizim özümüzdən yaxşı bilir və öyrənir. İyirminci əsrdə irfanın ən böyük araşdırmaçılarından biri fransız alimi Anri Korbendar. Hazırda irfan üzrə rusdilli aparıcı mütəxəssislərdən biri latviyalı alim Yanis Eşotsdur…
Görəsən, «o boş illüziyalar» Umberto Ekonun, Koelhonun, Orxan Pamukun, İskəndər Palanın nəyinə lazımdır?...
Nizami kimə lazımdır?
12 oktyabr 2012
07:30
3621 dəfə oxunub