Yeni əsrin tənqidçisi

Yeni əsrin tənqidçisi
25 iyun 2015
# 10:15

Bu gün Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan tənqidçi-yazar Əsəd Cahangirin doğum günüdür.

Doğrudur, “özünəməxsus yeri olan” ifadəsini çox işlədirlər. Ancaq bir var bu sözün məcazi, bir var gerçək mənası. Əsəd Cahangir sözün gerçək mənasında ÖZ YERİ olan qələm adamıdır. Ədəbiyyatşünasdır, müəllimdir, yazardır...

Onun tələbəlikdən bu yana qazandığı bütün uğurların arxasında istedadla bərabər həm də böyük zəhmət dayanır. Ölkəmizin sənət camesində hər kəs bilir ki, istər Azərbaycan, istərsə də dünya ədəbiyyatında istənilən mübahisəli məsələ ilə bağlı Əsəd Cahangirə müraciət etmək olar. Və Əsəd Cahangir öyrətməyi bacaran birisidir.

Avtobioqrafiyasına nəzər salırıq:

Bakı Dövlət Universitetinin filologiya fakültəsini Nizami Gəncəvi təqaüdü və fərqlənmə diplomu ilə bitirib.

90-cı illərin əvvəllərindən “Zaman”, “Meridian”, “Ekpress” kimi müxtəlif mətbu orqanlarda çalışdığı müddətdə ədəbiyyat və incəsənətə dair çoxsaylı yazılarla çıxış edib.

Azərbaycan Yazıçılar Birliyi (1998) və onun İdarə Heyətinin (2004) üzvüdür.

AYB-nin X və XI qurultaylarında müvafiq olaraq poeziya və dramaturgiya haqqında məruzə edib.

2004-cü ildə Türkiyənin Tokat şəhərində keçirilən Yaşılirmaq şeir şüləninin iştirakçısı olub.

Azərbaycan ədəbiyyatı tarixi və çağdaş ədəbi proseslə bağlı icmal və tanıtım xarakterli yazıları müvafiq dillərə çevrilərək Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan və Özbəkistanda dərc olunub.

1990-cı ildən “Azərbaycan” jurnalının əməkdaşı, 2004-cü ildən jurnalın ədəbi-tənqid şöbəsinin müdiri, 2014-cü ildən baş redaktorun müavini işləyir.

2004-2009-cu illərdə respublikada ilk ədəbi-tənqid dərgisi olan “Körpü”yə baş redaktorluq edib.

Aydın Məmmədov (1999), Şahmaq Əkbərzadə (2003), Cəlaləddin Rumi (2007), Yaşar Qarayev (2013) və "Qızıl kəlmə" (2013) mükafatları laureatıdır, prezident təqaüdçüsüdür.

“Qədim türk ədəbiyyatının linqvistik poetikası” (2001, Bakı, Elm), “Ağ saç, qara saç” (2006, Bakı, Nurlan), “Kim yatmış, kim oyaq” (2012, Bakı, Yazıçı) kitablarının, "O adam" və "Namaz" poemalarının müəllifidir.

Azərbaycan reallıqlarını nəzərə alsaq az iş görməyib.

Əsəd Cahangir yenə sözün gerçək mənasında ömrünü ədəbiyyata, sözə həsr edən qələm adamlarındandır.

Xüsusən, 2000-lərin əvvəllərində, Azərbaycan ədəbiyyatında yeni dalğa başlayan vaxtlar onun oxucular tərəfindən böyük maraqla qarşılanan “Yeni əsrin ibtidası”, “Söz” və “Səs” esseləri Əsəd Cahangiri həqiqətən də YENİ ƏSRİN TƏNQİDÇİSİ kimi tanıda bildi.

Uzun müddət “ədəbi elita”yla açıq və gizli savaşda olan yeni dövr qələm adamları arasındakı istedadlı insanlar haqqında ilk yazan, onların dəyərli tərəflərini çəkinmədən hər kəsin diqqətinə çatdıran tənqidçi də məhz Əsəd Cahangir idi.

“Mən bir nömrəli tənqidçiyəm” frazası ilə məşhurlaşan və bu qalmaqallı fikirlə diqqəti əslində öz ciddi yazılarına yönəldə bilən Əsəd Cahangir həm də yeni dövr dünya ədəbiyyatının, müasir Avropada gedən son proseslərin, o cümlədən Rolan Bart, Jak Derrida, Rene Genon ənənələrinin Azərbaycanda tanıdılması və təbliği işində böyük zəhmətlər çəkdi. Hətta buna görə çoxlu problemlərlə, haqlı-haqsız tənqid və hücumlarla üzləşdi.

Əsəd Cahangir tənqidə yaradıcılıq gətirdi. Esselərini təkcə ədəbiyyatşünas kimi deyil, həm də yazıçı kimi, şair kimi yazmağa başladı.

Son illər tənqidçi-ədəbiyyatşünas kimi yazdığı yazı və əsərlərdən əlavə həm də bədii yaradıcılıqla məşğul olması da bu mənada təsadüfi deyil. O, yaradıcı adam üçün janr bölgüsü yoxdur mühakiməsini öz yazıları ilə sübuta yetirdi.

Əsəd Cahangir bu gün də həm yaradıcı, həm də redaktor kimi fəaliyyətini uğurla davam etdirir.

Dəyərli qələm dostumuzu doğum günü münasibəti ilə təbrik edir, ona can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq!

Həyat ürəyincə olsun!

# 2069 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #