Bu Əylisli nə istəyir bizdən?

Bu Əylisli nə istəyir bizdən?
17 mart 2014
# 14:29

Keçdi növbəti-zimistan, yenə fəsli-bahar oldu və Əkrəm Əylislinin “Daş yuxular” romanının Nobel Sülh mükafatına təqdim olunması son günlərin mətbuat tarixinə sensasion bir hadisə kimi düşdü. Yenə aləm bir-birinə dəydi, yenə mənim kimi əndəlibi-binəvaların sənəti ahü-zar oldu...

Əvvəla onu deyim ki, yazıçının bədii-estetik yox, siyasi amillərlə bağlı Nobel almaq arzusuna düşməsi dolayısı ilə öz yazıçılığından imtina etməsi deməkdir. Bu, Ağadadaş Ağayevin Xalq artisti adı alması kimi bir şeydir. Xatırladım ki, bir sənətkar kimi bu adı ala bilməyən hörmətli müğənnimiz çarəsiz qalıb başqa yola əl atmış – fəxri adı televiziya işçisi kimi almışdı.

İkincisi, Əkrəm Nobel alacaq, yoxsa almayacaq dilemması ilə bağlı fikir yürüdənlərin demək olar ki, hamısı proqnozlarının yanlış çıxacağından ehtiyat edib hökmən ayaq yeri qoyur, məsələyə dair ikibaşlı fikirlər söyləyir, hətta açıq-aşkar ziddiyyətə yol verirlər: şübhəsiz ki, almayacaq; amma ala da bilər; olmadı belə, oldu elə, birdən aldı; yaz gəldi, yonca bitdi və sair və ilaxir... Yəqin ki, Nobel alacağı təqdirdə Əkrəmdən umacaqları var. Qorxmayın (və sevinməyin!) - Allahın köməkliyi ilə o bu mükafatı almayacaq. Ay Allahın kamalından əkrəm olmayanlar, nə qədər Kamal Abdulla Nobel aldısa, bir o qədər də Əkrəm alacaq. Feyzulla Kəbirlinski arvadı Həcəri də götürüb Dantenin yubileyinə gedə bilər, amma final novellavaridir–sən demə, yubiley tədbiri üç gün əvvəl olubmuş! Saxta dəvətnamə verməklə isə kimsə biçarə Feyzulla ilə zarafat edibmiş. Ədəbi feyzullalarımızla da kimlərsə zarafat edirlər, çünki yaxşı bilirlər ki, onların böyük sənətə-Danteyə doğru gedən yolu bağlıdır. Rüstəm bəyin sözü olmasın, qızın dayısı Məşədini çox istədiyindən onunla zarafat edirmiş! Və bu zarafat edənlərin özlərinin də istedad və beynəlxalq nüfuzu heç feyzullalardan artıq deyil. Baxın, kimlərdir Ə.Əylislini Nobelə dəvət edənlər? Yazıçı Çingiz Hüseynovun hətta özü də yox, oğlu... Bəyəm, hər şey aydın deyil?

Üçüncüsü, lokal səciyyəli Qarabağ müharibəsi çağdaş dünya siyasi mənzərəsində elə mühüm hadisə deyil ki, (məsələn, “Ərəb baharı” olayları ilə müqayisədə) buna görə Azərbaycan pozucusuna Nobel versinlər.

Dördüncüsü, əgər Əkrəm hətta Nobel alsa da, bu heç nəyi dəyişməyəcək-olan olub, torba dolub. Kollaborasionist bir romanın Nobel almasının Azərbaycan xalqı və Azərbaycan ədəbiyyatına hansısa bir hörmət gətirəcəyini düşünmək əbləhlik, Ə.Əylislinin bu romanla guya barış missiyasını yerinə yetirməsinə dair cəfəng iddialar irəli sürməsi isə öz möhtəkirliyinə müqəddəslik donu geyindirməkdən başqa bir şey deyil. Erməni əlbəttə, barışa hazırdır, amma bir şərtlə: bəs deyilmi, usanmadınızmı bu Qarabağ sevdasından, bezmədinizmi iyirmi beş illik nəticəsiz müharibədən? Neyləyirsiz axı bir parça torpaqdan ötrü on illərlə sürən qarşıdurmanı? Duzsuz olmayın, verin Qarabağı, barışıq olsun, çıxsın getsin, qulağı dinc yaşayın. Bu da Haykanuş nənənin qaz tükündən düzəltdiyi yastıq, qoyun başınızın altına, yatın, yuxunuz şirin olsun! Ə.Əylisli öz romanında “dünayda hamıdan çox sevdiyi” xalqını məhz buna çağırıb, dünya ictimaiyyətinin fikrini də məhz buna yönəltməyə çalışıb.

***

Həsən bəy Zərdabinin sözü olmasın, bəs, “bu Əylisli nə istəyir bizdən? Doldurub aləmi quru söznən!” Yəni “Daş yuxular”da o yatıb nə yuxu görüb?

Belə bir suala cavabdan başlayaq - necə oldu ki, belə bir herostratik roman yarandı?

Birincisi, əgər Ə.Əylisli özü içində bir erməni ruhu olduğunu daim hiss etdiyini özü də etiraf edirsə, bunu “Daş yuxular” “fenomeninin” genetik (və söhbət ruhdan gedirsə, hətta metafizik!) kökü kimi qəbul etməyə əsas verir;

İkincisi, Ə.Əylislinin Moskva kimi erməni lobbisinin kifayət qədər güclü olduğu xristian-pravoslav şəhərində təhsil alması. Bu, məsələnin intellektual tərəfidir;

Üçüncüsü, “Daş yuxular” müəllifi ailəsinin internasional tərkibi. Bu, məsələnin sosial tərəfidir;

Dördüncüsü, Ə.Əylislinin bir xarakter olaraq avantüraya və bir insan olaraq şöhrətə meyli. Bu, məsələnin fərdi-psixoloji tərəfidir.

Beşincisi, uzun illərdən bəri yüksək karyera (xüsusən də AYB sədri) arzusuyla yaşayan Ə.Əylislinin bu arzusuna çata bilməməsindən dolayı Azərbaycan iqtidarı, Azərbaycan xalqı və Azərbaycan ədəbiyyatından qisas almaq cəhdi. Bu, məsələnin siyasi-inzibati tərəfidir.

Altıncısı, ehtimal ki, Ə.Əylislinin erməni lobbisindən dəstək alması. Və nəhayət, bu məsələnin maddi tərəfidir.

***

Sülh mükafatı almaq sevdasına düşməsinin özü göstərir ki, Ə.Əylisli artıq ədəbiyyat yox, siyasətlə məşğuldur. Və biz də onun romanına ilk öncə ədəbi-bədii yox, siyasi fakt kimi yanaşmalı, bütün ömrü boyu özünü ən böyük “ədəbiyyat cəfakeşi” kimi qələmə verən keçmiş Xalq yazıçısının son oyunlarına ilk öncə siyasi qiymət verməliyik.

“Daş yuxular” romanı onu Azərbaycan ədəbiyyatında ermənipərəst-daşnakpərəst tendensiyanın banisi kimi tənqidə kifayət qədər ciddi əsas verir. Çünki burda müəllif öz qəhrəmanının maskasını taxaraq, sadəcə erməni yox, daşnak ideoloqu kimi çıxış edir. Qarabağ məsələsinə və ümumən Azərbaycan xalqına münasibətdə Balayan, Kaputikyan, Aqanbekyanla Ə.Əylisli arasında heç bir fərqin olmadığını desək, yəqin ki, şişirtməyə yol vermərik. Təsadüfi deyil ki, romanın dərci daşnak-erməni təmsilçiləri arasında böyük şadyanalıqla, toy-bayram kimi qarşılandı və onlar “Daş yuxular” müəllifini “Naş Akram” kimi şanlı bir titulla mükafatlandırdılar. Odur ki, əgər ölkə sərhədlərindən kənarda təsadüfən bir erməni yazıçısı ilə rastlaşsam və onun mənə ilk sualı “Bizim Əkrəm necədir?” olsa, buna qətiyyən təəccüblənmərəm.

Ə.Əylislinin romanı koma vəziyyətində düşmüş qəhrəmanın hallüsinasiyaları şəklində qələmə alınıb. Bəs, müəllif necə? Məsələ burasındadır ki, roman sadəcə qəhrəmanın yox, həm də müəllifin hallüsinasiyalarından xəbər verir. Bu hallüsinasiya nədən ibarətdir – ermənilər dünyanın ən gözəl, ən mədəni, ən məzlum, haqqı tapdalanan, Azərbaycan türkləri və ümumən türklər isə ən qəddar, ən vəhşi, ən mədəniyyətsiz, ən ədalətsiz xalqıdır. Bu Əylisli hallüsinasiyasının siyasi və milli tərəfidir.

Oğlunun sünnət olunmasına dünyanın ən əcayib faktı kimi yanaşan pus personajı kimi, islamofobik təfəkkürə malik Ə.Əylisliyə görə, bütün bu etnik-siyasi kontrastın kökündə İslam etikası, zehniyyəti və fanatizmi durur. Ona görə o koma durumundan üzü o yana – ölümə gedən qəhrəmanının fani cismini Təzəpirdə dəfn-kəfn edib, daha vacib bir elementi - əbədi ruhunu erməni-qriqoryan Vatlkanı olan Eçmiədzinə yola salır və “mən həmişə hiss etmişəm ki, içimdə bir erməni ruhu var” deyir. Bu isə Ə.Əylisli hallüsinasiyasının dini tərəfidir.

Və bu milli, dini, siyasi hallüsinasiyadan doğan ümumi yekun – Ə.Əylisliyə görə, Qarabağ məsələsi, ümumən bir neçə əsrlik türk-erməni problemi ilə bağlı biz indi O.Pamukun ardınca yalnız bunu deyə bilərik - “Ermənilər, bizi bağışlayın!” Amma O.Pamuk kimi Ə.Əylilsi də bircə dəfə də olsa öz-özünə sual vermir ki, axı biz nə etmişik ki, ermənilərdən hələ üzr də istəyək!

“Daş yuxular” təkcə siyasi-ideoloji baxımdan zərərli yox, həm də bədii-estetik baxımdan zəif romandır. Niyə? İstər qəhrəmanın, istərsə də müəllifin olsun - hallüsinasiyadan söz gedirsə, analitik məntiqlə “Daş yuxular” psixoloji roman olmalıydı. Çünki koma durumu ölümə, hallüsinasiya isə yuxuya bənzəməklə hər ikisi psixoloji fenomendir. Ə.Əylisli isə, əgər belə demək mümkünsə, “yuxu yanrı”na iddia etsə də, hadisələri əsasən real planda nəql edir. Romanda “yuxu estetikası”nın göstəriciləri zəifdir və bu bütövlükdə romanın bədii-estetik fakt kimi zəifliyini müəyyənləşdirir. “Daş yuxular”ın istər qəhrəmanı, istərsə də müəllifi yuxuda olan adamdan daha çox, özünü yuxuluğa vuran adam təsiri bağışlayır. Vaxtilə V.Nabokovun C.Coysa şüur axınının təsviriylə bağlı bir iradını xatırlatmaq burda yerinə düşərdi: “onda (yəni Coysun “Uliss” romanında- Ə.C.) fikrin verbal tərəfi (yəni şifahi tərəfi – Ə.C.) şişirdilir. İnsan isə həmişə sözlərlə yox, obrazlarla da düşünür...” Ə.Əylislinin romanında yuxunun obrazından, yəni özündən daha çox, yuxu sözü var.

Yuxu şüuraltı - Freyd bizi bağışlasın, həm də şüurüstü! - bir qüvvənin şüurumuzla qeyri-ixtiyari və simvollar, işarələr diliylə dialoqu olduğundan ona bir metaforizm xasdır. Buna görə hər birimiz yuxu görəndə “şair” oluruq, yaxud da şair daimi, (ən azı şeir yazdığı müddətdə) “yuxu”da olan adamdır. Şeir bəşəriyyətin hələ tam rasionallaşmamış, ibtidai şüura malik ilkin dövrlərinin qalığıdır. Şeirlə müqayisədə nəsr insan düşüncəsinin daha gəlişmiş, daha rasional dövrünə məxsusdur və elə buna görə hər hansı nasir hər hansı bir şairdən daha “ayıq”dır.

Amma nasirin də vahid tipi yoxdur, nasir var, nasir var. Ə.Əylisli öz psixotipinə görə şeirə yaxın nasirdir. Buna görə onun ilkin dövr əsərləri, xüsusən də “Adamlar və ağaclar” silsiləsindən olan hekayə və povestləri bir nasirin yuxularıdır. Buna görə onlara bir mifologizm, xüsusən də, animizm, konkret desək, ağac kultu xasdır. Buna görə onun ilkin əsərlərinin dili poeziyaya məxsus axıcılıq, musiqililiklə şərtlənir. Buna görə onun cümlələri əksərən uzun misralara bənzəyir. Əsərlərinin biri hətta elə belə də adlanır – “Bir misranın yuxusu”.

Son on ildə meydana çıxan “Ətirşah Masan”ın finalında qəfil qalxan küləyin Masanın ətirşahlarını yerlə-yeksan etməsi Ə.Əylislinin poetik yuxudan ayılması, 40 illik ağac kultunun yıxılması demək idi. Burda Masan iz azdırmaq üçün qadın maskası taxmış müəllfin özünə, ətirşahlar ağac kultuna, külək isə sovet rejiminin yıxılması və bununla sözün bütün mənalarında cəmiyyətdə baş verən radikal, ağlasığmaz təbəddülatlara rəmzi işarə idi.

Məntiqlə “Ətirşah Masan”dan sonra biz qarşımızda yeni - ayıq bir Ə.Əylisli görməliydik. Axı bizim Xalq Masanımız özünün ətirşah epitet-ayamasından artıq imtina etmişdi. “Daş yuxular” isə ayılan və gördüyü mənzərədən dəhşətə gəlıb yenidən gözlərini yuman, özünü yuxuluğa vuran bir müəllifdən xəbər verdi - Əylis yuxusunu, Akulis “yuxu”su əvəz etdi. Yuxu sözünü ona görə dırnağa alırıq ki, onun səciyyəvi olan interaktiv məkan-zaman keçidləri, sirli atmosfera, mübhəm, dumanlı təsvirlər, qeyri-məntiqilik və qeyri-müəyyənlik “Daş yuxular”ın bəzən siyasi publisistika, bəzən isə hətta tarixi etimologiyaya varacaq qədər real üslubuna o qədər də uyğun gəlmir. Müəllif bir neçə əsr öncə yaşamış erməni tacirinin gündəliyindən dırnaq arasında sitatlar eləyəndə və sitatlara əsaslanaraq erməni-daşnak mövqeyindən tarixi-etimoloji qənaətlər irəli sürəndə isə bu uyğunsuzluq özünün pik həddinə çatır. Amma Ə.Əylislinin siyasi publisistikası siyasi demoqogiya, tarixi etimologiyası isə daşnakpərəst ehtimologiyalardan uzağa getmir - yəni belə publisist, yaxud “elmi” yuxu olmur.

***

Ermənilər bu romanla Azərbaycan ədəbiyyatının ən azı bir kəndini – Əylisi aldılar və Ə.Əylisli Azərbaycanın ilk işğal olunmuş yazıçısıdır. Amma məsələ sadəcə “Daş yuxular”la bitmir, bu romanla arzuolunmaz bir tendensiya – Azərbaycan ədəbiyaytında erməni-daşnak işğalı başlana bilər. Yeni nəsil yazarlar arasında getdikcə genişlənən beyin işğalı, yaddaşsızlıq sindromu, beyinlərin yuyulması, manqurt psixologiysı, təslimçilik ruhu, kollaborasionist təşviqat və təbliğat, deklarativ “yazıçı azadlığı” devizi altında müqəddəs dini, toxunulmaz insani və milli dəyərlərin mənəvi təcavüzə məruz qalması, erməni-azərbaycan “məhəbbətindən” bəhs edən “roman”ların peyda olması və s. göstərir ki, bu arzuolunmaz başlanğıc bütöv bir meylə çevrilmək, kütləviləşmək ərəfəsindədir. Məsələnin narahatlıq doğuran tərəfi də budur. Əgər belə olarsa, bunun mənəvi məsuliyyəti, şübhəsiz ki, Ə.Əylisinin üzərində qalacaq. Və onda Ə.Əylisliyə aydın olacaq ki, məhəbbət romanı yazmış Anarı ədəbi gəncliyin əxlaqını pozmaqda qınamsı, Azərbaycan ədəbiyyatında erotik-pornoqrafik meylin banisi elan etməsi öz gözündə tiri görməyib özgəsində qıl axtarmaqdan başqa bir şey deyil.

# 3600 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #