Emin Piri: Müharibə şeirləri

Emin Piri: Müharibə şeirləri
15 may 2014
# 12:46

Kulis.Az Emin Pirinin şeirlərini təqdim edir.

Başdaşları utandırdı məni

Şəhid məzarlarını

mərmərə bükdük,

daş qoyduq başlarına

qalxa bilməsinlər

üzümüzə tüpürməyə.

Bu yaşıma görə

Şəhidlər Xiyabanında

18 yaşlı

baş daşları

utandırdı məni.

məndən kiçikdi hələ

məndən öncə doğulanlar

əmi deyib

üstümə qaçır başdaşları

bir əsgərin ölüm günü

başdaşının doğum günüymüş.

can qoydular

nə düşdü paylarına

sağ qalanlar

daşladılar

torpağının başını.

Şəhid məzarlarını

mərmərə bükdük,

daş qoyduq başlarına

qalxa bilməsinlər

üzümüzə tüpürməyə.

Mələklərə atilan mərmilər...

Toplardan,

təyyarələrdən

doğan uşaqlar

yerdə bələklərdən çıxırdı.

uşaqların yerdə

batan səsləri

göydə mələklərdən

çıxırdı.

Analar saxlaya bilmirdi

bombaları

uşaqlar qaça bilmirdi

bombalardan.

hara qaçsalar da

bombalar tuturdu uşaqları.

şəhər bombalanarkən

itirmişdi

altıaylıq körpəsini.

qoparmışdı

əllərindən mərmilər.

bir qolu balasında

biri özündə qalmışdı ananın...

itkin qoluna yalvarıb,

itkin balasını tapşırırdı ana:

“yaxşı bax balama

ağlayanda

əllərindən tut,

bir az güldür.

qulağı üşüyəndi

qulağını yaxşı ört”.

Balasıyla itən

qolunu günahlandırıb,

geri qayıtmayan

əlinə ağlayırdı.

itirdiyi qolunun

yerinə baxıb

yarasını danlayırdı,

ana.

bu dağılmış şəhərin

hər daşını qaldırıb,

axtarırdı yavrusunu.

daş qaldırmaqdan

daşa dönmüşdü təklənmiş əli.

ancaq bala vermirdi

daşlar...

on altı il keçsə də

ana balasını axtarırdı

altı aylıq körpələr arasında.

Sağ qalan varmı?!...

Əsgər sinəsi axtarır

isinməyə

fevral şaxtasından

üşüyən güllə.

hər əsgər tabutu

bir ağ gəlinliklə köçər...

əsgər deyil,

sevən qızın arzularını

götürüb gedər

hər atılan güllə.

soba yanında

gecə yarısı bir qız

məktub yazır səngərə.

anasının yarıyuxulu

“qızım yatmamısan?”

sualına diksinib

“üşüyürəm, ana

odun atıram sobaya” ...

Daha

gecələri oyaq qalmağa

soba yanında

məktub yazmağa,

yalandan üşüməyə

sobaya odun atmağa

ehtiyac yoxdu...

tağım komandirinin

səngərdən qıvrıla-qıvrıla

boğuq səsi gəlir:

kimsə sağdı?!

ayağim özümdən qeyrətli çixdi

çiçək açırdı

torpağa basdırılan

minalar

toxunanda ayaqlar.

çiçəklər yara açırdı

yaralar

anaların yuxusuna qaçırdı.

yuxular qara xəbərin

ardınca qaçırdı.

Qəlbinə qara xal düşən qızların

gözünün altından

öpüş yerini

səhər eşitdiyi xəbərlər yuyar.

evli xanımlar

yatağında yox,

torpaqda

əriyçün dərin yer salar.

...O da cəbhədəydi

mərmilər qucaqlamışdı

sağ ayağının addımını.

arxada can verən

addım səsinə

qayıdıb

itmiş ayağını aldı əlinə.

Bir vaxt sevgilisinə

gül verən əllər

bugün nə aparacaqdı?!

cəbhədə qalan sağ ayağının

təqaüdünü də

sol ayağı alıb xərcləyir!

danlayır özünü hər səhər-axşam

əlini başına, dizinə çırpır:

o qaldı cəbhədə,

mənsə qayıtdım

ayağım özümdən qeyrətli çıxdı.

İTİRİLMİŞ ƏLLƏR

Görüşəndə

Sevgilisinin əlində

gözü axtarardı

ona veriləcək gülləri.

İndi

kitabları arasında qurutduğu

Gül ləçəklərində axtarır

Sevgilisinin cəbhədə itirdiyi əlləri.

ATƏŞKƏS

İyirmi illik

köhnəlmiş sözlərlə

başladı

televiziya

xəbər başlıqları:

atəskəs pozulub...

düşmən susduruldu.

mərmilərə

atılan

Ana fəryadıyla.

Məmməd İsmayıla

Daha qapı döymür ağacdələnlər,

Yorulub dimdiyi, dişi bir ildir.

Ömrü cox çəkməz e... bu qandalın da,-

Çırpır Prometey daşı bir ildir.

Altda ilan yatan bu otu-layı

Qaldırdın,

üstünə yeridi ayı.

Adam öldürənə medal havayı,

Görüb dinməyənin işi bir ildir.

Haqq batır dünyanın nahaq üzündə,

Çör-çöplər gur çayın axar üzündə.

Bağlı qapıların arxa üzündə

Özün kefə tutub naşı bir ildir.

Bir şah fərman verir, biri qol çəkir,

Qollu kağızların yükün el çəkir.

Varlının yayı da ildə il çəkir

Lüt-üryan yetimin qışı bir ildir.

Savalanda yatan belin əydisə,

Baba Dərvişə də xəta dəydisə...

Qırx gün çəkməliydi bu hər nəydisə...

Qırxı çoxdan keçib yaşı bir ildir.

Gecİkmİsən

Məni sevənlərin çoxu gecikdi

Sən də gecikdin

Əzrayıl.

Səndən öncə bir qız gəlib,

Göz dikdiyin canımı,

səndən öncə apardı.

Gəlirsən günorta gəl,

Gecə evdə olmuram.

Mən sözümdə oluram,

Heç özümdə olmuram.

Eh əzrayıl...

Gəlirsən, vaxtsız gəlmə.

Heç kimə yoxdu etibar,

Bir də gördün yaradana

Çatdırıblar,-

Aramızda nəsə var!

cənnətdən

mələk qaçırmışam

Mənimlə

”ölüm-ölüm” oynama,

Allah!

mən ölümü barmağında

oynadan bəndənəm.

Sözün varsa

mələyini göndərmə,

özün gəl otur qarşımda

de ki, nə vermişdim

nə istəyirəm.

Axı nə vermişdin

nə istəyəsən?

Bu göy Sənin,

bu yer Sənin,

Sən dediyim hər şey Sənin

istədiyin bu deyilmi,-

məni Sənə basdırsınlar?!

Mənə çox da bel bağlama

mən Sənin mələyini

cənnətdən

oğurlayıb

qaçıran bəndənəm.

məni çox sevmə,

özün özünü

özün öz Allahlığını unudarsan

məni allah bilərsən özünə...

Mənə bel bağlama!

səngərdəkİlərİn acığına

Aylardır səngərdəyik,-

sevgidən, qadından uzaq.

Elə bil

bizə,

bütün savaşlara,

düşmənimizə,

və bizi səngərdə isidən

düşüncəmizə

meydan oxuyur

öz öpüşləriylə

mərmilər altında

sevişən göyərçinlər.

Çətin keçib uşaqlığım

Çətin keçib uşaqlığım,
ayaqqabım yırtılardı
Böyüyəndə ayağım.
ayağınız böyüməsin deyə
dua etmisinizmi heç?!
Uşaqlıq illərim asan keçməyib...
Bir az çətin olub uşaq illərim.

Sərhəddin
tikanlı məftilləri kimi görünərdi
kasıb uşaqlarının gözündə
məktəb bufetinin qapısı.
O sərhədi keçə bilmək
alın yazımıza qarşı
ən böyük üsyan idi.
bəlkə də həyatımızın
ən böyük inqilabı.

Anamın erkən ağaran saçlarında
görünürdü
ala bilmədiyi oyuncaqlar.
Taleyin oyuncağına çevrilmişdik.
Bəs hardaydı
Körpələri sevən Tanrı?!

Hindu olmasaq da,
Atamızın cibinə görə
bölmüşdülər bizi
sinif otaqlarında
Kastalara.
Dəniz suları okean sularına
qarışmadığı kimi
Bizi qarışdırmazdılar...
Heç də sevgidən udmur
Okean balıqları
Dəniz balıqlarını.
Oynayanda belə varlı uşaqları
Bizi özlərinə yaraşdırmazdılar.
Paltarının yamağını gizlətməkdi
varlıların gözündən
Kasıb uşaqlarının oyunu.

Kişilər ağlamaz deyən anam
yerimə özü ağlardı.
Nağıl söylərdi,
göydən üç alma düşməzdi nağıllarında,
deməzdi bunu anam-
birdən ürəyimiz alma istəyər...

Allahın zarafatı

Ölənlər oyanıb çıxa qəbirdən
durub dirilərin qaza qəbrini.
gedəsən sevdiyin qəbrin üstünə
görəsən yazılıb:
bir zarafatdı.

Şeytan da bezikib çıxa özündən
içindən Allahın özü boylana
dönüb arxasıyca gələn bəndəyə:
“Yaman aldatdım ha...”
Deyə!

Sancıdan qıvrılan anaya
məktub gələ
bətnindəki körpədən:
məni gözləməyin,
bu, zarafatdı.

75 yaşında döyülə qapın-
məktəbdə sevdiyin qızdı
qayıdıb.
əlində əsanın qoyduğu qabar
toxuna saçlarına...

Qoşulub İblisə çıxıb gedəsən
Allahın dalınca qeybət edəsən
arxanca mələklər yalvara
Allah da göydən qışqıra:
Emin,
bu,
zarafat deyil?!

Erotika-moretika

Sənə toxunduqca,

yenə,

yenə toxunduqca,

dəcəl balıq balaları

hoppanıb analarının çiynindən

göyə

heyrətlə baxar bizə.

Sənə toxunduqca

bir ay doğar,

itər göy üzü,

bitər göy üzü,

dənizin qucağına düşər ay,

təcrübəsiz qız kimi bişər ay...

Dəniz,

sevdalı dəniz,

necə də gözəl görünür,

baxdıqca

döşlərinin dərəsindən.

Alpinist barmaqlarım

keçib dərələrdən-təpələrdən,

qalxar, qalxar

mərmər zirvəyə.

Çiynimə qoyduğun

odlu dişləmlər kimi

ləpələr

sahildə qoyar

ehtiraslı cırmağını.

Əcəb işdir!

Mənim akulam

xoşlamaz dəryaları,

tələsər baş vurmağa

sənin ensiz çayına.

Gah sən, gah da mən

sayarıq ulduzları,

qumda çəkərik

belimizin şəklini.

Həvva nənənin

milyon illik dərsini

unudarsan guya -

gönü verərsən suya.

Şahə qalxan qəhrəmanım

unudub qorxu-hürkünü,

çıxarar sikəfandrını,

nə çıxarar!

Qırpmaz gözünü də!

Bir, iki, beş, on...

vurduğu yaquar pəncələri

axırı səni də ağladar,

özünü də.

Dəniz susar,

ay batar,

ulduzlar yatar...

Mən də susaram, sən də...

Xoş bir çarmıx əzabı

duyarsan canında...

Axar, axar uzaqlara

bakirə baxışların,

boğular qadınlıq okeanında.

Sənİ sevməyə qorxuram, Allah!

Döyülməyə qapım yoxdu,

Özüm özümü döyürəm.

Sözüm ağzımda döyülür,

Döyənə də baxan yoxdu.

Sözü qorxudurlar,

Allah!

Ürəyimi oyan oydu,

Bizə qalan elə yoldu.

Qəbrimi də qazan yoxdu,

Ölməyə qorxuram,

Allah!

Kimi sevdim dönük çıxdı,

dönüklərim yaman çıxdı.

Mələk sevdim

şeytan çıxdı,

Səni sevməyə qorxuram,

Qorxuram,

Allah!

Abort stolunda yalvaran körpə

Cənnət anaların ayağı altındadı

deyən qadın

bətnində doğratdığı

körpə bədənini

yığıb ayaqları altına

qalxır cənnətə sarı.

Burda Hippokrat andına,

körpə qanı axıdaraq

and içirlər.

Kimlərinsə

ömür boyu arzuladığı

körpə səsi

cərrah bıçağıyla kəsilir...

Şeytan boylanır

ağ xalatlı pəncərədən

gözləri bərəlib

dizləri əsir

ürəyi dözmür baxmağa.

qadın dözür ancaq

Və baxır..

Öz fəryadından tutulan qulaqları

eşidə bilmir

bətnindəki körpənin

“yaşamaq istəyirəm” hayqırtısını.

Alın yazısında həyat

ana bətnindən

abort stoluna kimi

uzanan yolmuş.

Küncə atılmış

körpə bədəni

əllərini açıb göyə

“mən təsliməm, ana,

yetər bu işgəncə! “-

deyib yalvarır.

Işıqforda çaşan külək...

Döngələrdə gizlənib

oğrun-oğrun

baxır qızlara külək.

Kiminin taleyini,

kiminin telin aparır.

Tutub ətəklərindən

şit-şit zarafatlaşır,

əl atıb saçlarına

yolur

və gülür külək.

Bu külək canından çıxıb

harda can verəcək bilmir.

adamlar küləkdən qaçıb

hara gedəcək bilmir.

Işıqforda gözləyib

baxır

havalı keçən maşına

necə keçsin küçənin

bu başından o başına.

Yorulub əldən düşür,

şəhərin gözündən düşür,

o qədər qıza ilişib

utandığından

dağlara qaçır külək.

Toylarda oynayan xanımlar kimi

yellənir

sünbülü dolmuş zəmilər

bu küləyin havasına.

Yayın istisi vurub başına

üz-gözü tər içində

payızçün yaman darıxıb.

oturub ağac kölgəsində

özünü küləyə verir

bu külək.

Can borcu

Gəl,

döy qapımı...

yolun uzaqdı bilirəm,

əziyyət çəkmə,

sizə gətirrəm

qapımı

döy,

ürəyin döyünən qədər.

Yaşayıb güldürmədim

səni doyunca.

qoy,

ölüm...

doyunca ağladım səni.

Tanrım,

sənin də yanında

yalançı oldum,

göndərə bilmədim əmanətini.

sənə də can borcum qalıb,

nisyə dəftərinə yazarsan məni.

Tanrı səni qorusun, Allah!

Sabahın xeyir, Allah!

yuxuda səni görmüşəm

bir az narahat qalmışam

orda həyatın necədi?

sözün necə,

keçirmi

mələklər arasında?!

ancaq...

mələklərin də

can alıb can satır

sənin adından,

səndən yuxarı uçurlar

sənin altında...

Uşaq vaxtı böyüklərdən

soruşardım yerini

deyərdilər göydəsən.

baxardım göyə

bulud da göydə

sən də.

göydən lopa-lopa

qar yağır,

yağış yağır

bəs niyə Allah yağmır?!

bir uşaq arzusuna

yağış kimi yağ

səninlə islanım başdan ayağa

mən başdan ayağa sən olum, Allah!

Buralarda deyirlər ki

sən yoxsan

nə dedim inanmadılar

istədim yerini deyəm

qorxdum

baxmazlar Allahsan

qıyarlar sənə də

lap yolundan çıxardıb

Allahsız edərlər Səni.

qorxma

səninçün dua edəcəm:

Tanrı

səni qorusun, Allah!

Qız qalası

Bakının bəkarəti

Qız qalası,

tək tənha yalqız qalası...

Harda darıxan varsa

Qız qalasını göstər.

Hər qız qalası yanında

bir oğlan qalasın istər.

Ancaq

Şuşa qalasına

qonaq getmək də

keçir könlündən

bizim Qız qalasının.

Səhəng alıb çiyninə

sudan gəldiyi günlər

qalıb dabanı altda,

qalıb zamanın altda.

Anlaya bilmir

ayaq səslərinə dolaşan

əcnəbi sözləri, kəlmələri,

uzaqlardan gəlmələri.

Dolanbac pillələrdə

fırlanır zamanın başı

Qız qalası-

dənizə uzanan barmağımızda

üzüyün qaşı.

Gecələr qoynuna qaçıb

cırmaqlayar dalğalar ətəyini

tutsa,

guya qalxıb siləcək

əs

rlərdən bəri

doluxsunan gözlərini.

qucaqlayıb bu qalanın kölgəsini

üzünə sürtər dəniz.

Uyuyar işıqlı şəhər,

pıçıltıyla danışar dalğalar,-

birdən oyansa Bakı

sual dolu baxışlarına

Qız qalası

nə cavab verər?!

səhər

Qız qalası

üz-gözündə dənizin izi.

Günəş boylanar

qızarar öpüş yeri,

qızarar qalanın qızı...

əsrlərin daş yaddaşında

süzər qolları

dövrəsindəki qızlarla

yallı getmək istəyər-

qollarını açan olsa.

Bəlkə də qoşulub gedər

Götürüb qaçan olsa.

Söndürülmüş telefon

Çempionlar liqası...

Həsrətlə gözlədiyim

cavab oyunları.

Hakim fitiylə bərabər başlayan

Sənin bezdirici smslərin.

Və 90 dəqiqə

zənginə söndürülmüş telefonum.

Hələlik...

Sağ ol!

Səndən daha çox yaddaqalanmış

bir zənci balasının

uzaq küncə vurduğu

həlledici qol.

dünyanın ən təmiz

yalanı

Yağma qar,

yağma

əlcəyim olmasa da

əllərim üşümür mənim.

atamın

“daha yeddi yaşın var

böyük kişisən

heç kişi də əlcək taxar?!”

sözləri üşüdür məni.

yalan danışmağı bacarmır atam

dodaqlarının titrəməsindən

gözlərinin dolmasından bilinir

ciblərinin yalanı.

qar qardaş,

dünyanın ən təmiz

yalanı sənsən.

qar qardaş,

mənə görə yox

atama görə yağma

o, yalan danışmağı bacarmır

ata oğul arasına girmə, qar.

Yağma,

çirkli əllər atmasın səni

çirkli ayaqlar altında

əzməsinlər təmizliyini.

təmiz dillər

çirklənməsin sənə görə,

yağma.

uşaqların sızıldayan

barmaqlarında üşümə,

isti əlcəklərində qızın, qar.

...Uşaq əllərini özləmişdi qar

qar vardı

uşaqlar yoxdu

müharibə qovmuşdu

yavruları torpaqlarından.

onların yerində

tanklar oynayırdı.

qar ağlayırdı uşaqlarçün,

can verirdi

tankların

qanlı tırtılları altında.

qar istəyir uşaqlar

tanksız,

yalansız,

əlcəkli qar.

yağırsansa belə yağ qar!

# 7045 dəfə oxunub

Müəllifin son yazıları

# # #