Oyuncaq silahlardan da qorxur uşaqlar

Oyuncaq silahlardan da qorxur uşaqlar
15 oktyabr 2014
# 14:21

Kulis.az gənc şair Emin Pirinin “Suriya” şeirini təqdim edir

Şeytanı daşlayır
nə qədər zəvvar
Hara yoxa çıxır
atılan daşlar?
Bəlkə uşaqların başına düşür?!

“Allah, Allah” deyib
bu daş atanlar
Kim idi axı
Bəlkə şeytan daşlayırdı Allahı.
atılan daşlardan
atılan uşaqlara
xoşbəxtlik sarayı tikmək olardı.

Sevməz şaxta babanı
burda uşaqlar.
Hədiyyəni torbasından yox,
tabutdan çıxarar.
oyuncaq yerinə
bayram gecəsi
Buxarıdan mərmi atar.

Şəriət qamçılarına
gərək yox burda.
Yer kürəsinin meridianları
hər yerdə qamçıya çevrilib
kürəyində qadınların.

Əri cəbhədə olan
hamilə gəlin
hər an
gələ biləcək
qara xəbərin qorxusundan
uşaq salır.
analar uşaq yox,
qurbanlar doğur daha.

Yeni İsalar doğulur,
daşlanır Məryəmlər.
bircə günahı varsa
ər yolunu gözləməkdi.
Asılır İsalar, -
günahı atasızlıq...

Oyuncaq silahlardan da
qorxur uşaqlar,
Birdən dili açılar.
Allah da köməyə gəlmir,
canına qorxu düşüb körpələrin
bəlkə terroristlər
əsir götürüb onu da?

Hamıdan çox uşaqları sevər
müharibələr.
Kiminin alnından ,
kiminin gözündən öpər.
Tanrı daha tez
sevdiklərini aparır deyirlər.
Allahın öpüşüdü
bəlkə elə bu güllələr?!

Dollardan boylanan,
dollarda can verən cənab
qımışıb gülürdü ciblərdə.
Axan göz yaşları,
tökülən qanlar
təzə nəfəs kimi
can verir ona.

Həyasızcasına təpiklər, -
güllələr döyməz qapını...
Anaların əlindən alıb
beşiyi özü yellər
mərmilər...
Ağlayanda qıdıqlayıb
güldürər körpələri.

Bu qızcığaz da
cuppulu barmaqlarıyla
qıdıqlayır
atasının baş daşını.

Uşaq ağlı...
Yadında belə qalıb,
bəlkə güldürə bildi atasını...

# 2787 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #