Şeir yazılmış qapını niyə yandırdılar?  

Şeir yazılmış qapını niyə yandırdılar?  
6 avqust 2014
# 13:41

Yazıçı, tənqidçi, publisist, araşdırmacı, aktyor, aparıcı Sunay Akın. Amma hamısından daha çox şair. Ona görə ki, indi oxuyacağınız şeiri yalnız bir şair yaza bilərdi. O şair ki özündə Orxan Vəlinin lirikasını və Cemal Sürəyanın ironiyasını ustalıqla ehtiva edib.

Şeir yazma azarına 9 yaşında tutulub. Onu bu azara qonşu qızı salıb. Qızın adının baş hərflərindən ibarət bir şeir yazır və onu evlərinin damındakı odunluğun qapısının arxasına yazır. Tez-tez dama çıxıb qapını aralayır ki, ilk məhəbbəti yazdığı ilk şeiri görsün. Amma şairin ilk sevdası qara çıxır. Qız şeiri görmür ki görmür. Aradan illər keçəndən sonra şair həmin odunluğa qayıdıb öyrənir ki, qış ağır keçdiyinə görə həmin qapı sökülüb və odunlarla bərabər yandırılıb.

Hələ uşaqkən ilk sevginin və ilk şeirin itkisi şairdə dərin izlər buraxır ki, uzun müddət şeirlərində yoxluğun təsiri görünür.

Çukur

Bilerek mi yanına almadın giderken
başının yastıkta
bıraktığı çukuru

Güveniyordum
oysa ben sevgimize
vapur iskelesi
ya da tren istasyonundaki
saatin doğruluğu kadar

Beni senin gibi
bir de annem terketmişti
ki göbeğimde durur
onun yokluğundan
bana kalan
çukuru

Bir tərk edilişin, bir gedişin hər gün gördüyümüz adi və kiçik yastıq çuxuruyla simvolizə edildiyi bir neçə misra...

Bu ayrılığın özüylə məcburi şəkildə dartıb gətirdiyi gəmi körpüsü, qatar stansiyası, belə səfərlərdə gözlərimizin hər saniyəsinə zilləndiyi saatların dəqiqliyi və eyni zamanda bu metaforanın istifadə olunma dəqiqliyi...

Sonda ana həsrətiylə göbək çuxurumuzdakı boşluğun inanılmaz uzalaşması...

Bəlkə də bu çuxur 90-cı illərin Salam Sarvanının gözləməkdən gözlərinin düşdüyü çuxurun özüdü elə...

Yalnız bu şeir kifayətdi Sunay Akını daha çox şair hesab etmək üçün...

2012-ci ilin yanvar ayında "Yaşamın Portresi" dərgsinə verdiyi bir müsahibədə isə şair "Özünüzü necə təqdim edərdiniz?" sualına belə cavab verir: "Əlindən bir iş gəlməyən, bir sənəti olmayan insanlar üçün oxucu-yazıçı (okur-yazar) ifadəsi işlədilir. Mənə özünü təqdim et deyiləndə oxucu-yazıçıyam (okur-yazarım) deyirəm. Mən bu yaşıma qədər oxudum və yazdım."

Bu təvazökarlıq məşğul olduğu sahələr, gördüyü işlər, aldığı müvəffəqiyyətlərlə heç cür uyuşmur. Sunay Akın 2000-ci ildən bəri fərdi olaraq teatrsevərlərin qarşısındadır. O, səhnədə olarkən ədəbi fəaliyyətindən, araşırmalarından xeyli istifadə edir. Məhz buna görə də sübut eləyir ki, səhnə insanları təkcə güldürmək üçün yox, həm də düşündürmək üçündü.

Mərmərə Universitetinin İncəsənət fakültəsi və Müjdat Gəzən Teatr Məktəbində də dərs deyən şair "Və şairə...Və şairə..." adlı radio proqramını və "Mahya Işıkları" və "Yaşamdan Dakikalar" adlı televiziya proqramlarını hazırlayıb və təqdim edib. Hal-hazırda SkyTürk360 kanalında işləyir.

Ola bilməzdi ki İstanbul aşiqi olan incə ruhlu lirik şair körpə balaları unutsun. 2005-ci ilin 23 aprelində (23 aprel Türkiyədə uşaqlar bayramı kimi qeyd edilir) uzun zaman arzuladığı, tez-tez dilə gətirdiyi, xəyalını qurduğu Oyuncaq Muzeyini açmağa nail olur. İstanbul Oyuncaq Muzeyində şairin fərqli yerlərdən topladığı 2000-dən çox oyuncaq sərgilənib.

Orxan Pamukun Məsumiyyət Muzeyi İstanbulun ilk şəhər muzeyi olduğu kimi Oyuncaq Muzeyi də İstanbul üçün ilkdi.

Mənə elə gəlir yuxarıdakı şeirə qayıdıb bir də oxuyacaqsınız və oxuyandan sonra sadəcə susmaq istəyəcəksiniz. Hətta bir müddət hərəkətsiz qalmağa da çalışacaqsınız ki, həmin çuxura düşməyəsiniz. Ancaq bu şeiri oxumusunuzsa artıq o çuxurun içindəsiniz.

Sunay Akın şeirinin fərqi də bundadı...

# 1732 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #