Bir qız balıq tutur, məni ağlamaq...

Bir qız balıq tutur, məni ağlamaq...
23 dekabr 2013
# 12:51

Kulis.az Elvin Bakiroğlunun yeni şeirini təqdim edir.

Nə xoşdu bir qızın balıq tutmağı,

Amma ha gözləyə balıq düşməyə.

Hirsindən partlaya, əsə dodağı,

Toruna bir dənə şey ilişməyə.

Eləcə dayanıb dənizə baxa,

Eləcə baxasan sən də o qıza.

Bir balıq olasan, bir adam yox a,

Bəxt kimi çıxasan sən də o qıza.

O, balıq gözləyir uzaq sahildə,

Mən ona baxmaqdan heç yorulmuram.

Ötüb keçsə belə bir milyon il də,

Onun gözlədiyi balıq olmuram.

Nə qədər qayıtmır mənim dünənim,

Balıq çıxan deyil, qız gələn gələn deyil.

O balıq o qızın, o qız da mənim,

Halımı anlayan, üzülən deyil.

Satsam kim göz qoyar bu ayrılığa?

Kim bu ayrılıqdan nə istəyəcək?

Görən nə sözü var qızıl balığa?

Görən o balıqdan nə istəyəcək?

Tutur tərəfimi balıqlar mənim,

Çıxmır ki o qıza baxım aramsız.

O qızın əlində tilov var, mənim

Əlimdə bir şəkil, şəkildə o qız.

O qız balıq tutur, məni ağlamaq,

Salır göz yaşlarım şəkildə cığır.

Başını qaldırıb hamıdan qabaq,

Deyir ki, İlahi, nə gözəl yağır.

# 2425 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #