Novruz sayıqlamaları - Günün Şeiri

Novruz sayıqlamaları - <span style="color:red;">Günün Şeiri
22 mart 2019
# 10:25

Kulis Elvin Bakiroğlunun “Novruz sayıqlamaları” şeirini təqdim edir.

Bu bayram keçdi sənsiz,

Keçdi bu bayram belə.

Novruz bahar gətirdi,

Gül açdı yaram belə.

Axışdı kəpənəklər

Yaza müştəri kimi.

Göyərdi səmənilər

Yaramın yeri kimi.

Səndən xəbər də yoxdu,

Gətirməyib qaranquş.

Sənsiz qaranquşun da

Yazdan xəbəri yoxmuş.

Bir tonqal qalamısan

İçimdə, gəl görəsən.

Bəlkə özün tullanıb

Xeyir-dua verəsən.

Qalmışam bir kosayla

Bir keçəlin əlində.

İki can arasında,

Bir əcəlin əlində.

Süfrəmdə yeddi nemət

Çatışmır səkkizinci.

Sevincimin ürəyi,

Ürəyimin sevinci.

Gözlərinin qarasın

Axtarıram aşımda.

Rəngli yumurtaları

Qırıram öz başımda.

Ümid varsa, qapıya

Papaq atmaq çox asan.

Elə istəyirəm ki,

Papaqdan sən çıxasan…

# 2468 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #