...
Dostumun romanında yaşayacaq adın...
Belə də olmalıydı,
Adın əldən ələ gəzməliydi,
Adını əzbərləməliydi hamı.
Adın mənim sözümüydü -
Mənim sözümü deməliydilər,
Yeməliydilər mənim payımı.
Hələ bu harasıdı,
Adını bütün adlardan seçməliydilər,
Lövhələrə yazmalı,
Məktəblərdə oxutmalı,
Adını biləndən sonra üst sinfə keçməliydilər.
Adından danışmalıydı bütün el-oba,
Bir adın başına dolanmalıydı eşq pərvanələri,
Meyxanələri bürüməliydi adına deyilən tostlar,
Dostlar yığışıb adına nəğmə qoşmalıydılar,
Coşmalıydılar adını eşidəndə qəmlilər,
Vərəmlilər şəfa tapmalıydı adından,
Yadından çıxmamalıydı adın bir kəsin,
Nəfəsin gəlib-getmə səbəbi olmalıydı o,
Haş iki O, yəni iki hidrogen, bir oksigenə,
Genə, qana, yaddaşa hopmalıydı
Daşa hopmalıydı.
Dostumun romanında yaşayacaq adın...
Görəcəksən,
Dostumun romanı əldən ələ gəzəcək,
Kitabını əzbərləyəcək hamı,
Dostumun kitabı məktəblərdə tədris olunacaq,
Bütün el-oba onun kitabından danışacaq.
Yığışacaq başına dostlar,
Tostlar deyiləcək nəğmə dolu, gülməli.
Ölməli bir adam qalib gələcək əcələ,
Elə dostumun kitabını oxuyan kimi,
Duyan kimi ürəyinin havasını. nəfəsini,
Səsini eşidən kimi qayıdacaq həyata,
Kainata, genə, qana, yaddaşa.
Daşa yazılacaq dostumun kitabı,
Tarixə qazılacaq.
Mən unutsam da, nə dəyişəcək?
Dostumun romanında yaşayacaq adın,
Görəcəksən,
Dostum böyük yazıçı olacaq!..
Cavid Zeynallı üçün
24 yanvar 2014
14:46
1874 dəfə oxunub