1500 dollara görə “Happy birthday” məhkəməsi

1500 dollara görə “Happy birthday” məhkəməsi
21 iyun 2013
# 07:00

Sizin də ad gününüzdə heç olmaya bir dəfə xorla “Happy birthday” mahnısı oxunub. Və ya ad gününüzdə torta sancılmış şamı yandıranda mızıltıyla bu mahnı səslənib. Sonra istifadə olunmuş şamı zibil qutusuna atmısız. Və səhərə qədər bu mahnının “həzin” mızıltısından yata bilməmisiz.

Əlbəttə olub belə şeylər.

“Happy birthday”in bizim mədəniyyətimizə nə vaxtdan daxil olmasını söyləmək çətindir. Yəqin ki, bu Sovetlərin son illərinə təsadüf edir. Bəlkə də bir az sonralara. Artıq xaricdən bizə təkcə məhsulların deyil, qərb mədəniyyətinin də axışdığı bu dövrə.

Bu illər ərzində dəfələrlə bu mahnını eşitmişik. Məktəblərdə ingilis dili dərsində onun sadə mətnini əzbərləmişik. Ad günlərində səsləndirmişik. Filmlərdə eşitmişik.

Demək olar ki, dünyanın bütün ölkələrində ad günlərində səslənən bu mahnının müəllifinin kimliyi barədə düşünmüşükmü, barı? Çəkinmədən “Happy birthday”i dünyanın ən çox səslənən mahnısı adlandırmaq olar. O Artıq əsl “dünya xalqları mahnısı”dır.

Xalq mahnılarının isə müəllifləri olmur. Yox, yox xalq mahnılarının da müəllifi olmasını danmırıq. Təbii ki, hər bir xalq mahnısı da ilk dəfə bir nəfərin dilindən səslənib. Lakin o mahnılar sonradan xalqın dilində o qədər məşhurlaşır, o qədər sevilir ki, artıq müəllif mahnısı olmaqdan çıxır. “Happy birthday” mahnısında olduğu kimi.

Amma sən demə dünyanın hər yerində səslənən bu mahnının da müəllifi varmış.ı Daha doğrusu müəllif hüquqları. Məhz buna görə də ötən həftənin cümə axşamı günü ABŞ-da, Manhettendə məhkəmə qurulub.

Məhkəməyə iddia ərizəsi ilə müraciət edən isə sənədli filmlər üzrə ixtisaslaşmış kinorejissor xanım Cenifer Nelsondur. O iddia edir ki, “Happy birthday” xalqa məxsusdur. Buna görə də o mahnını səsləndirdiyinə görə heç kəs haqq ödəməli deyil.

Gəlin lap əvvələ XIX əsrə qayıdaq. Mahnını hansısa böyük bəstəkar deyil, 1893-ci ildə Luisvill ştatında məktəblərdən birində müəllimə işləyən Mildred və Petti-Smit Hill bacıları yazmışdır. Mahnının əsl adı isə “Good morning too all”, yəni “Hamının sabahı xeyir” adlanırmış. Mahnı sinfə təzə gələn şagirdləri qarşılamaq üçün nəzərdə tutulubmuş. Mahnının məzmunu dəyişməsə də sözləri illər ərzində dəyişmiş və hazırkı variant ortaya çıxmışdır.

1935-ci ildə mahnının müəllif hüquqları “Summy Company” tərəfindən alınıb. 1988-ci ildə isə musiqi nəhəngi olan “Warner/Chappele” mahnın növbəti sahibi olan “Birchtree LTD” şirkətini alaraq mahnıya da sahib çıxır. Bundan sonra isə şirkət mahnının ifa olunduğu hər yerdə onun müəllifi kimi haqq alırmış. Hətta bu müddət ərzində “Birchtree LTD” üçün ödədiyi 25 milyon dolları da geri qazanıbmış.

Amma sən saydığını say, gör fələk nə sayır. Xanım Nelson mahnının tarixindən bəhs edən “Happy birthday” adlı film çəkir. Təbii ki, filmdə bu mahnı səslənir. Bu dəm “Warner/Chappele” peyda olur və xanım Nelsonun şirkətindən filmində bu mahnını səsləndirdiyinə görə 1500 dollar tələb edir.

Musiqi şirkətinə 1500 dollar ödəmək istəməyən rejissor da məhkəməyə müraciət edir. Xanım Nelson hesab edir ki, az qala dünya xalqlarının mahnısına çevrilmiş, sevincin, xoşbəxtliyin himni olan bu mahnı bir şirkətə məxsus ola bilməz. O bütün xalqın sərvətidir.

Əgər məhkəmə xanım Nelsonun xeyrinə qərar versə o zaman “Happy birthday” bir nəfərin mülkiyyətindən çıxaraq, hüquqi cəhətdən də həqiqətdə olduğu kimi xalqın sərvətinə çevriləcək. Yox əgər xanım Nelson məğlub olsa, onda 15 dənə “göy yüzlük” saymalı olacaq.

Biz isə yenə də ad günlərində sevinclə bu mahnını özümüz üçün, əzizlərimiz üçün oxuyacayıq. Bir də Çin sexləri fikirlərini dəyişməyənə qədər ad günlərimizdə musiqili şamlarda bu mahnı səslənəcək, ad günündən sonra zibil qutusuna atılan şamın artığı isə səhərə qədər öz cırcırama cüyültüsü ilə bizi yatmağa qoymayacaq.

# 1692 dəfə oxunub

Müəllifin son yazıları

# # #