Məmurluqdan bir şey çıxmırsa alverə keç

Məmurluqdan bir şey çıxmırsa alverə keç
6 mart 2013
# 15:25

Bir az gözlə

Bağçanın içindəki 19 nömrəli ikimərtəbəli köhnə, taxta evin birinci mərtəbəsində kirayədə qalan adam evdəki əşyaların çoxunu satdı.

Məhəllədə gizli iş qalmır, hər şeydən xəbər tuturlar. Dərhal bütün məhəllə ikinci əl əşya almaq üçün evə doluşdu. Mətbəx şkafı, küpler, paslı açılan dəmir divanlar, kətillər, stol, şifoner, sac-soba, ayağı qırıq güzgülü qarderob - hamısı ucuz-baha deyilmədən satıldı. Səhəri gün tezdən qapıya bir yük maşını gəldi. Yerdə qalan bir-iki əşyanı da yük maşınına yükləməyə başladılar.

19 nömrəli evin qarşısındakı 64 nömrəli evdə Talıb bəy qalır. Talıb bəy işə getmək üçün evdən çıxanda yük maşının gördü. Talıb bəyin arvadı gecə Mürşid bəyin əşyaları satdığını demişdi. Təəccüb doğuran bir şey var idisə o da əşyalar satılarkən Mürşid bəyin arvadının və qızlarının heç də kədərli görünməmələri idi. Hamısı da gülürdü. Talıb bəy arvadına:

- Neyləsinlər, ağlamayacaqlar ki... Allah bilir necə pis olublar, dost var, düşmən var, özlərini sevincək kimi göstəriblər.

Arvadı dedi:

- Bəlkə də.

- Görəsən, Mürşid bəyin başına pis iş gəlməyib?

- Nə bilmək olar. Bəlkə də başqa bir yerə təyinatla göndəriblər. Amma arvadı “Nişantaşına köçürük. Orada bir ev kirayə götürmüşük, o evə təzə əşyalar alacağıq” deyir.

Talıb bəy arvadına:

- İnanma, yazıq Mürşid bəyin başına bir iş gəlib. Məmur da Nişantaşında ev tutub, ora yeni əşyalar ala bilər? Biz bu evin kirə pulunu güclə veririk. Mürşid bəyin də maaşı mənim kimi 50 lirədi...

Talıb bəylə arvadı gecə yatmamışdan qabaq bu cür danışmışdılar.

Qapıdan çıxan kimi maşına yüklənən son əşyaları da görəndə Talıb bəy çox pis oldu. Əşyaları maşına yığmaqla məşğul olan Mürşid bəyin yanına getdi. Salam verdikdən sonra dedi:

- Deməli bizim məhəllədən köçürsünüz, Mürşid bəy.

- Bəli, köçürük.

- Yoxsa təyinatınızı əyalətə veriblər?

- Yox canım. Nişantaşında bir ev tutmuşam. İnşallah, qonaq gələrsiniz …Yeni evimizi çox bəyənəcəksiniz. Beş otaq, böyük bir zal. Geniş, təmiz, işıqlı…

Çox kədərlənən Talıb bəy sağ əlini yavaşca qonşusunun çiyninə qoydu, əyilib qulağına yavaşca dedi:

- Mürşid bəy, mən sizin xətrinizi çox istəyirəm. Neçə illik qonşuyuq. Bilirəm dedi-qodu olacaq deyə gizlədirsən. Haqlısan, amma məni başqalarıyla eyni tutma. Bir şey olmayıb ki? Başına bir iş gəlibsə de, bəlkə bir köməyimiz dəydi.

Mürşid bəy güldü:

- Artıq məmur deyiləm, istefa verdim.

- Aaa! Vay, vay! Təqaüdə çıxmağına da bir şey qalmamışdı. Düzü pis oldum. Bəs indi nə iş görəcəksən?

- Onsuz da işləyirəm, üç-dörd aydır işləyirəm.

- Nə yaxşı, nə iş görürsən?

- Kafeyə gedirəm.

- Başa düşdüm. Nə işi görürsən?

- İşdi də. Səhərdən axşama qədər kafelərdə otururam.

- Bəs iş?

- Kafelərdə otururam, qardaşım. Kefimdən oturmuram ki, işə görə…

- Həə… Deməli, kafe işlədirsən?

- Yox… Kafe zad işlətmirəm. Harada bir kafe görsəm girib otururam.

Talıb bəy “Bu adamın başına hava gəlib”, - deyə ürəyindən keçirtdi.

Yataq dəstləri, qab-qacaq maşına yüklənirdi. Mürşid bəy:

- Sən yad deyilsən ki, sənə deyərəm. Alverlə məşğulam. İndiki zamanda ticarət kafelərdə olur. Ofisləri, idarələrdən əl çək. Onların dövranı deyil artıq. Vergisi var, yoxlaması var. İndi alverin əsasən kafelərdədi. Allahıa şükür, məmurluqdakı maaşımı indi bir günə qazanıram. Hər gün üç yüz-dörd yüz lirə qazanıram. Artıq bu evdə niyə yaşayım ki? Nişantaşında gözəl bir ev tapmışam. Yeni əşyalar alıb evi döşəyəcəm...

Talıb bəy soruşdu:

- Nə alveri edirsən ki?

- Nə olsa… İynə-sapdan tutmuş gəmiyə kimi…

Təəccübdən gözləri bərələ qalan Talıb bəy dedi:

- Alırsan, yoxsa satırsan?

- Yox əşşi, nə alıram, nə də satıram. Alan-satan yoxdu. Ortada mal yoxdu ki, alıb satasan. Amma arada biz pul qazanırıq. O qədər…

Talıb bəy yenə “Bunun başına hava gəlib”, - deyə düşündü.

Mürşid bəy dedi:

- Gəl, sənə bu işə necə başlamağımı danışım. Bir gün xanımın tikiş maşınının iynəsi qırıldı. Axtarıb heç bir yerdə maşın iynəsi tapa bilmədi. Bilirsən də xanım qonum-qonşuya tikiş tikir, üç-beş manat qazanır. Üç-beş manat deyəndə ki, mənim maaşıma yaxın qazanır. “Maşın iynəsi tapmalısan”, - deyə əl çəkmədi. Hər tərəfi axtardım, tapa bilmədim. Sonra Allah köməyi olsun, bir nəfər “Filan yerdəki kafeyə get”, - deyə nişan verdi. “Tikiş maşını hissələri satanlar o kafedə oturur”, - dedi. Dediyi kafeyə getdim.

- Salam əleykum, əleykum salam.

Yaşlı, amma gözəgəlimli bir adam yanımda oturdu:

- Nəsə axtarırsınız?

- Bəli, tikiş maşınına iynə axtarıram.

- Neçə qutu lazımdı?

Elə oradaca “tap” deyə düşüb yıxılacaqdım. Mən neçə aydır axtarıram, birini də tapa bilmirəm, o mənə neçə qutu istədiyimi soruşur. Onsuz həmişə lazım olur, elə bir qutu alım, qalsın evdə...

Həmin adam burnunu qırışdırdı:

- Səksən lirəyə gətirərəm!

- Aaaa, nə deyirsən sən? Bunun dənəsi altmış qəpikdi. Bir qutusu da yeddi yüz iyirmi qəpik eləyir.

- Elədirsə gedib alın!

Mənim yanımdan qalxdı, gedib o tərəfdə oturdu… Səksən lirə, səksən lirə… Verəcəme. Bir iynəyə görə ayda 200-300 lirə tikiş pulundan olacağıq. Arxasınca getdim:

- Qardaş, bağışla mən bilmədim. Buyurun, bu səksən lirəni. - Pulu cibinə qoydu:

- Siz burda oturub gözləyin, mən indi gətirərəm. Məlumdu, qara bazardı, arxamızca polis, müfəttişlər gəzir.

O getdi. Mən də oturub gözlədim. Axşam oldu, gecə oldu. Artıq kafe bağlanırdı, amma nə gələn vardı, nə gedən. Səksən lirə məni yandırırdı, bir həftə hər gün o kafeyə gedib gəldim, adamı tapmadım. “Yazıq mənim ucbatımdan tutuldu”, - deyə düşündüm. Uzatmayım, iynə ala bilmədik. Bunu yaddan çıxarmamış bizim xanımın revmatizması tutdu. Arvad ağrıdan, sancıdan ölürdü. Həkim resept yazdı, amma heç yerdə dərmanı tapa bilmədik. İstanbulda axtarmadığımız yer qalmadı. Sonra, Allah razı olsun, bir xeyirxah adam çıxdı qabağımıza: “Filan yerdəki kafeyə gedin, orda hansı dərmanı istəsəniz taparsınız”- dedi.

Dediyi kafeyə getdim. Heç içəri girməmiş bir nəfər qabağımı kəsdi:

- Nə axtarırdınız?

Resepti uzatdım:

- Bəli, bu dərmanı.

- Neçə qutu istəyirsiniz?

- İki qutu olsa işimizə yarayar.

- Üç yüz lirə verin!

Verməyib nə edəcəkdim?! Arvadım canı ilə vuruşurdu. Adam pulu cibinə qoydu.

- Siz burda gözləyin, mən indi gətirirəm.

Gözlə, gözlə gəlib çıxmaq bilmədi. Kafedə soruşdum, belə dedilər:

- Biz nə bilək, o da sizin kimi bura gəlib-gedən müştəridi.

Bir gün pəncərələrdən birinin şüşəsi qırıldı. Soyuqdan donurduq. Heç yerdə şüşə yoxdu. Axtarmadığımız yer qalmadı. Yenə bir xeyirxah insan çıxdı qabağımıza, filan kafedə tapacağımızı bildirdi.

Talıb bəy:

- Ay qardaş, sən niyə ağıllanmırsan? Bu neçəncisidi?

- Bu ağıl məsələsi deyil ki, bu ehtiyac məsələsidi. Bilirəm, adam pulu alıb aradan çıxacaq, amma birdən getməyib istədiyimi gətirsə? Nə edəsən, ümid. Başqa çarə var?

- Sən də onun arxasınca get.

- Razı olmurlar. Bu qara bazardı. Adam sənə necə güvənsin? Birdən sən polis, ya müfəttişsən?

- Onda malı gətirəndən sonra pulu ver.

- Mal özündə olmur… O da gedib başqasından, gizli bir yerdən alır. Uzağı ordan beş-on lirə pul qalır ona. Beş-on lirə üçün adam tutulmağı, həbs olunmağı qəbul edir. Həyat çox çətindi, qardaş. Yəni, şüşə üçün də verdiyim pul getdi.

Bir gün radio xarab oldu. Başım çıxmır, hansısa lampası yanmışdı. Bazarda lampa yox idi. Bu dəfə heç kəsdən soruşmadan bir kafeyə getdim. Bir nəfər mənə yaxınlaşdı. O məndən soruşmamış mən soruşdum:

- Nə axtarırsınız?

- Heroin axtarıram, varmı?

- Neçə kilo lazımdı?

Adam çaşıb qaldı, əllərimdən öpməyə başladı.

- On qram bəsdi.

- İki min lirə.

Pulu verdi.

- Sən burda otur gözlə mən indi gətirirəm.

Mən də getdim. Artıq alverin yolunu tapmışam, Talıb bəy. Hər gün günortaya yaxın evdən çıxıb bir kafeyə gedirəm. Beş-on dəqiqə sonra biri gəlir:

- Qəhvə axtarıram, - deyir.

- Neçə yüz kilo lazımdı? - soruşuram.

- Bir kilo bəsdi.

- Yüz lirə.

Ertəsi gün başqa kafeyə gedirəm. Kimisi mismar istəyir, kimisi boya. Dünən biri məndən iki maşın təkəri istədi. İki min səkkiz yüz lirə istədim.

Talıb bəy soruşdu:

- Yaxşı bəs pul verənlər birdən səni haradasa gördülər?

- Görsünlər. Maşın iynə almaq istədiyim adamı keçən dəfə gördüm. Yaxasından yapışıb “İynələr hanı”, - deyə soruşdum.

- Axtarıram, indiki dövrdə iynə tapmaq asandı məgər? Neçə aydır sənin iynələrinin arxasınca gəzmədiyim yer qalmayıb.

- Polisə aparaydın...

- Yooo. Bu işin təhlükəsi yoxdu. Polisə necə verim, nə deyib şikayət edəcəm ki? Mən bu malı qara bazardan almaq istəyirdim deməyəcəkdim ki. Almaq da, satmaq da cinayətdi…

Əşyalar yük maşınına yüklənmişdi. Arvadı Mürşid bəyi çağırdı.

Arvadına:

- Gəlirəm! –deyə qışqırandan sonra Talıb bəyə:

- Qardaşım, alver adama şirin gəlir. Pulu verən malı ala bilməyəcəyini bilir. Pulu alan da malı verə bilməyəcəyini bilir. Amma bir ümid olur. Birdən tapar, bəlkə gətirər deyə…

Talıb bəy:

- Bizə qır lazımdı. Tapa bilərsən? Damımız axır.

Mürşid bəy:

- Neçə ton lazımdı?

- Yox canım, iki tiyan dolusu olsa işimiz aşar.

- Yüz əlli lirə.

- Çox deyil?

- Mən də başqasından alacam. Mənə ordan qalsa-qalsa iki lira yarım pul qalacaq.

Talıb bəy yüz əlli lirəni verdi. Mürşid bəy ona:

- Sən istəyirsən ya burda, ya da evdə gözlə. Mən maşındakı yükləri yeni evə daşıyım, qırı gətirirəm. Yaxşı, Allah amanında.

- Gülə-gülə, Mürşid bəy.

# 2398 dəfə oxunub

Müəllifin son yazıları

# # #