Homer, Şekspir və Ossian – Mövcud olmayan dahilər

Homer, Şekspir və Ossian – <span style="color:red;">Mövcud olmayan dahilər
27 aprel 2016
# 11:55

Şekspir adı ilə tanınan kimdir? Homer niyə mövcud olmayıb? Adi meymun dahi rəssam ola bilərmi? Bir çox araşdırmaçılar hələ də mübahisə edirlər – Şekpir həqiqətən də mövcud olubmu? Kulis.Az bu günə qədər mövcud olan ən hay-küylü mistifikasiyalar (fırıldaqlar) və müəlliflik problemləri ilə bağlı yazını təqdim edir.

Uilyam Şekspir

Şekpiri tanıyan adamlar bir şeyi də bilməmiş deyillər. Dahi dramaturqun əsərləri haqqında həmişə mübahisəli fikirlər olub. “Hamlet” də daxil olmaqla onun bəzi əsərlərini özünün yazmadığını iddia edənlər hələ də var.

Əfsanəvi yazıçının həyatı haqqında çox az şey məlumdur: O, 1564-cü ildə İngiltərədə anadan olub, Anna Hetueylə evlənib, üç uşaq atası olub. Şekspir nə memuar yazıb, nə də gündəlik. Heç bir əlyazması qalmayıb, ədəbi qonorar alması barədə də heç bir qeyd yoxdur.

Onun yaradıcılığının sənədli təsdiqinin olmaması ədəbiyyatda “Şekpir sualı” yaradıb. Dahi dramaturqun məktub və işlə əlaqədar yazışmalardan başqa bir şey qələmə almadığını düşünənlər var.

Şekspir heç vaxt universitetdə oxumayıb. Teatrdakı karyerasına isə əvvəl qarovulçuluqdan başlayıb, sonra aktyor, teatral prodüser olub, daha sonra isə sələmçi kimi tanınıb.

Şekspirin pyeslərinin müəllifliyinə şübhə edən alimlərin əsas arqumenti belədir ki, yaxşı təhsil almayan və mədəni ailədə böyüməyən insan bu qədər çox söz ehtiyatına sahib ola bilməz, üstəlik belə dahiyanə əsərlər yaza bilməzdi.

Şekspir işində təkcə gözlənilməz faktlar deyil, onun ölümü də müəmma yaradır. O dövrdə Şekspirdən dəfələrlə az şöhrətə malik şairləri belə Vestminster abbatlığında dəfn edirdilər. Nə üçünsə böyük dramaturqun ölümü müasirləri tərəfindən diqqətə alınmayıb. Bundan başqa dramaturq özünün vəsiyyətnaməsində çarpayısından, mətbəx avadanlıqlarından bəhs etsə də əlyazmalarının adını hallandırmayıb.

Təəccüblüdür ki, Şekpirin adına yazılmış bu dahiyə pyeslərə müəlliflik etmək istəyən 60-a yaxın adam var. Onların arasında filosof Frensis Bekon, qraf Oksford, Kristofer Marlo, lord Sautqempton və hətta kraliça Yelizaveta (onun ölümündən sonra Şekspirin yaradıcılığına maraq azaldı). Bu qədər müəllif azmış kimi “şübhəli”lər arasında yazıçının arvadı da yer alır, baxmayaraq ki, o illərdə qadınlar yazı işi ilə məşğul olmurdular.

Homer

“İliada” və “Odissey” poemalarının müəllifi, əfsanəvi yunan şairi Homer haqqında məlumatlar Şekspir haqqında olan məlumatlardan da azdır. Onun hamı tərəfindən qəbul olunan bioqrafiyası isə asanlıqla şübhəyə çevrilə biləcək fantastik faktlarla yüklənib. Misal üçün, Homerin kor olması faktı antik məntiqə əsaslanır. Çünki qədimdə belə düşünürdülər ki, bütün öncəgörənlər kordurlar.

Məşhur şairin bioqrafiyasında ziddiyyətlər həmişə olub. Antik ədəbiyyatda onun həyat tarixçəsinin doqquz variantı var. Təkcə şairin vətəni şərəfinə nail almaq üçün yeddi yunan şəhəri bir-biri ilə mübarizə aparıb: Kuma, Smirna, Xios, Kolofon, Pafos, Arqos, Afina. Belə hesab olunur ki, Homer e.ə. XII-VI əsrlərdə yaşayıb.

Bütün bu ziddiyyətlər belə deməyə əsas verir ki, Homer ayrıca tarixi şəxs olmayıb, bir neçə şairin təmsili fiquru olub. Bundan başqa bəzi alimlər Homerin adına yazılan poemalar arasındakı fərqləri müqayisə edərək bu qərara gəliblər ki, onlar bir adamın qələmindən çıxmayıb.

Üstündən neçə əsr keçəndən sonra Homerin həyatı haqqında yeni məlumat əldə etmək və dünya ədəbiyyatının ilk abidələrinin müəllifliyi haqqında yekdil fikir əldə etmək çətin ki, mümkün ola.

Karl Valdman

Üstündən uzun müddət keçəndən sonra müəllifi müəyyənləşdirməyin mümkün olmaması başqa məsələdir, demək olar ki, gözünün qabağına mistifikasiya yaradılması ayrı məsələ. Misal üçün, 2015-ci ildə Almaniyada uzun illər incəsənət dünyasını axmaq yerinə qoymuş naməlum rəssam haqqında həqiqət üzə çıxdı. Bir çox kolleksiyaçılar eşidəndə ki, 1980-ci illərin sonlarında məşhurluq qazanan rəssam-dadaist Karl Valdman uydurma adamdır, şok keçirdilər.

Əvvəllər belə hesab olunurdu ki, Valdman XIX əsrin sonlarında Drezdendə anadan olub. Ömrünün çox hissəsini orada yaşayıb. Daha sonra Sovet incəsənətinə maraq göstərək SSRİ-yə gedib. 1958-ci ildə isə ordakı lagerlərin birində itib. Əfsanəyə görə Berlin divarının sökülməsindən onun bütün məşhur əsərlərini bir fransız jurnalisti kəşf edir. Valdman dərhal alman dadaizminin yeni kəşfi adlandırılır, əsərləri muzey və auksionlarda nümayiş etdirilməyə başlanır.

İşin fırıldaq olduğu bu yaxınlarda bir fransız qalereyaçı rəssamın rəssamın həyatını daha geniş öyrənmək istərkən üzə çıxıb. Məlum olub ki, Karl Valdman adlı adam heç vaxt Drezdendə yaşamayıb, yerli incəsənət adamları isə bu adda avanqardist tanımırlar. Polis belə qərar gəlir ki, bu kriminal qrupun işidir. Kriminal qrup uzun illər hərrac evləri və qalereyaları axmaq yerinə qoyaraq onlara bu qondarma rəssamın əsərlərini satıblar.

Ossian

Ossian – III əsrdə yaşamış əfsanəvi kelt bardı-el şairidir. Onun şeirləri 1762-ci ildə üzə çıxıb. Amma sonradan belə bir şairin mövcud olmadığı məlum olub. Bu şeirləri XVIII əsr şotland şairi Ceyms Makferson yazıbmış. O, bu şeirlərdə irland balladaları ilə Homer və Miltonun əsərlərini birləşdirirmiş.

Ossianın əsərlərinin kelt dilindən “tərcümə”si Makfersona böyük sərvət qazandırıb. Amma bir dəfə şotland qaş düzəltdiyi yerdə vurub gözü çıxarır: şübhələrə son qoymaq üçün tərcümə ilə yanaşı Ossianın əsərinin “orijinal”ını da çap etdirir. Bundan sonra şairin fırıldağı üzə çıxır, məlum olur ki, guya Ossianın yazdığı şeirlərdə müasir söz və ifadələr var.

Buna baxmayaraq uydurma bard dünya ədəbiyyatında önəmli rol oynayıb. Onun şeirləri lord Bayron, Uilyam Bleyk, Uilyam Vordsvort kimi şairlərin yaradıcılığına təsir edib. Onlar özləri də Ossianın yaradıcılığından təsirləndiklərini etiraf ediblər.

Pyer Brasso

1964-cü ildə İsveçin Höteborq şəhərindəki qalereyaların birində abstraksionist rəssam Pyer Brassonun əsərləri sərgilənir. Rəssamın işləri dərhal diqqəti cəlb edir, kolleksiyaçılardan biri isə onun tablolarından birinə 90 dollar ödəyir. Səhəri gün sənətşünas Rof Andenberq yazırdı: “Pyer Brasso güclü yaxmalarla çəkir, onun fırçası kətan üzərində qəzəbli incəliklə əzilir... Pyer Bressoda balet rəqqasının incəliyi var.” Görəsən sənət dünyası öyrənəndəki rəssam Brasso jurnalist Eke Akselsson və rəssam İnqve Funkeqardın uydurmasıdır nə hisslər yaşayıb?! Sən demə jurnalist ilə rəssam yerli zooparkda olan şimpanzeyə fırça və boya verərək rəsm çəkdiriblər, daha sonra da o əsərləri Pyer Brasso adı ilə qalereyada sərgiləyiblər. Maraqlıdır, fırıldaq üzə çıxandan sonra da sənətşünas Andenberq sözündən dönməyərək deyib ki, həmin gün sərgidə ən yaxşı iş Brassonun idi.

# 1640 dəfə oxunub

Müəllifin son yazıları

# # #