Maksim Qorki fəhlələri necə satdı?

Maksim Qorki fəhlələri necə satdı?
10 iyun 2016
# 15:15

O bəlalı 30-cu illər neçə-neçə ikiüzlü söz adamını ucaltdı. Sosrealizm ruhunda yazılmış “həqiqi” əsərlərə görə M.Qorki, A.Tolstoy kimi klassik yazıçılar bağ evləri, maşınlar və xidmətçilərlə təmin olunurdular.

Sinifsiz cəmiyyət uğrunda mübarizədə “qırmızı aristokratiya” bu cür formalaşırdı. İ.Bunin Fransada A.Tolstoyla görüşünü xatırlayır. “Qırmızı qraf” ona vətənə qayıtmaq müqabilində özündə nə varsa hamısından vəd edirmiş; bir neçə maşın, iki bağ evi və sair.

Tolstoy özünün xidməti mövqeyindən (O, Bütün Ukrayna Proletar Yazıçıları Assosiasiyasının sədri idi – E.A.) istifadə edərək 1940-cı ildə 83 min rubl avans almışdı. “Mənə elə gəlir ki, burda təəccüblü heç nə yoxdu, - Sovet ədəbiyyatının nəhəngi etiraf edirdi. – Birinci ailəmə hər ay 6 min rubl ödəyirəm. Bu pulu almaqla mən roman üzərində işləmək imkanı qazandım. Əgər belə şey etik deyilsə, o zaman roman yazmaq da etik deyil.”

Halbuki 1940-cı ildə SSRİ-də orta aylıq əmək haqqı 350 rubl idi.

Moskvada yaşayan bir ədəbiyyat adamının 1936-cı ildə orta aylıq əmək haqqı təqribən 2 min rubl təşkil edirdi, bu isə ölkədəki orta aylıq əmək haqqından 9 dəfə çox idi.


1938-ci ildə Yazıçılar klubunda keçirilən ziyafətin qadın iştirakçılarından biri o gecəni belə belə xatırlayır: “Yenot, meymun, maral dərilərindən hazırlanmış kürk, botlar və şərflər, şərflər və botlar səltənətinə düşmüşük. Olqa İvanova (Yazıçı L.Sobolyovun xanımı) taftadan tikilmiş uzun gümüşü dondadır. Sinəsində qiymətli bir daş parıldayır. Anam deyir, belə daşlardan taxmaq olar. Bizim dövrümüzdə heç kəs bunun əsl ləl-cavahirat olduğunu bilməyəcək. Məncə, o, bu brilyantı dövlətdən gizlədib... Axı niyə?”

O illərdə “düzgün yolda olan yazıçılar”ın asan qazancları barədə eşidənlərin bir çoxu Yazıçılar İttifaqına hücum edirmiş. N.Aseyev xatırlayır: “Zavodda frezçi vəzifəsini atan bir yoldaş gəlmişdi. Özü ilə bir topa şeir gətirmişdi. Soruşdum ki, nə məsələdir? “Hər şeyimi satdım, arvadımla boşandım, bura gəldim” – çamadanlarını yerə qoyub dedi. O, mənə düz üç saat şeirlərini oxudu. Mən izah etdim ki, onda alınmaz, katibliyə getmək, redaksiyaları gəzmək lazım deyil. O, isə cavabında dedi:

- Gedəcəm, yoldaş Aseyev, yaxşısı budur, sən mənə dostcasına de, hər misraya nə qədər ödəyirlər?

- Səndə belə bir misra yoxdur.

- Sən de görək nə qədər ödəyirlər.

- İki rubl.

- Əgər yazdıqlarımın on faizini qəbul etsələr, 5 min rubl edər. Mən buna razıyam.”

1933-cü ildə Rusiya tarixinin ən dəhşətli aclığı vaxtı, ölkədə milyonlarla insanın qida çatışmazlığından öldüyü zamanda Peredilkinoda yazıçılar üçün şəhərcik salınması barədə qərar qəbul olunur. Əvvəlcə ən görkəmli qələm adamları üçün cəmi 30 imarət tikmək istəyirlər, amma yazıçılar hökuməti elə sıxmağa başlayır ki, 80 ev tikəsi olurlar. Vsevold Vişnevskinin “daxma”sının parametri belə idi: birinci mərtəbə 146.8 kvadrat metr, üstəgəl üç metr hündürlüyündə 61.35 kvadrat metrlik çardaq və 18.02 kvadrat metrlik terrasa.

Yazıçıların Belomor kanalının tikintisinə aparılmaları daha maraqlıdır. Xüsusi seçilmiş yazıçılardan ibarət qatar Leninqrada gəlir. Səhər yeməyindən sonra onlar açıq tipli “linkoln”larda şəhəri gəzməyə çıxırlar. Daha sonra onların şərəfinə “Astoriya” mehmanxanasında banket verilir. Masaya qəlyanaltı üçün hər cür naz-nemət düzülübmüş; ağ balıq, donuz balasının bütöv qızartması, syomqa balığı, kolbasa, vetçina, pendir. İçkilərdən; araq, şampan şərabı, çaxır, narzan və borjom. Sulu yeməklərdən borş, bulyon, quru yeməklərdən kabab, qızardılmış toyuq və hinduşka, bifşteks və başqa yeməklər verilib. Desertdə isə dondurma, kojur varmış.

“Çekistlərin qonağı olduğumuz andan etibarən bizim üçün kommunizm başladı. İstədiyimiz qədər yeyirdik, əvəzinə heç nə ödəmirdik. Hisə verilmiş kolbasa, növbənöv pendir, qara kürü, meyvə, çaxır, şokolad, konyak” - sovet yazıçısı A.Avdeyenko xatırlayır.

Kanalın tikintisi dövlətə çox ucuz başa gəlirdi. Çünki texnika yerinə qul əməyindən istifadə edirdilər. Hər şeyə qənaət olunurdu. Ölkədə orta aylıq əmək haqqının 130-150 rubl olduğu vaxt hər məhbusa ayda 11 rubl xərclənirdi. Kanal tikən məhbusların gündəlik qida rasionu 500 qram çörəkdən və yosundan hazırlanmış horradan ibarət idi. Çörək o qədər keyfiyyətsiz idi ki, onu “ammonal” (partlayıcı maddə) adlandırırdılar.


Səfər hələ başa çatmadan yedirib-içirdilmiş qələm adamları arasında ən yaxşı əsər yazmaq barədə mübarizə başlamışdı. Hamını geridə qoyan isə şair A.Bezımenskiy olur.

Sovet rejimi düşərgəyə bu yürüşü təşkil etməklə bir güllə ilə bir neçə dovşan vurdu. O, bununla həm söz adamlarını qorxudur, həm də ruhlandırırdı. Onların əsərləri vasitəsi ilə xalq və dünyaya göstərilirdi ki, Stalinin düşərgə iqtisadiyyatı tamamilə ədalətlidir. Yazıçıların səfərindən sonra belə bir kitab ortaya çıxdı: “Stalin adına Belomor-Baltik kanalı. Tikinti tarixi. 1931-1934-cü illər.” Müəlliflər arasında məşhur imzalar da vardı: M.Qorki, A.Tolstoy, M.Zoşenko, Vs.İvanov, V.İnber, V.Katayev və başqaları.

“Bu kollektiv şəkildə təşkil olunmuş insan enerjisinin şimalın sərt təbiəti üzərində ən böyük qələbələrindən biridir. Eyni zamanda, bu, proletariat diktaturası və sovet cəmiyyətinin keçmiş düşmənlərinin fəhlə sinfinin ixtisaslaşmış əməkdaşlarına və zəruri dövlət əməyi tərəfdarlarına kütləvi şəkildə çevrilmələrinin mükəmməl təcrübəsidir.” - bu sözləri minlərlə insanın aclıq və amansız iş şəraiti nəticəsində öldüyü tikintinin yekunları haqqında məruzəsində Maksim Qorki deyirdi. Bu, həmin Qorki idi ki, aclıq və yoxsulluğun nə olduğunu bilirdi. Bu, həmin Qorki idi ki, ədəbi təxəllüsü insan zəhmətinin müdafiəsini təmsil edirdi.

İnqilabın fırtına quşu beləcə yağlı pinqvinə çevrildi.

Qeyd: Yazıda Antipin V.A.-nın “Sovet yazıçılarının gündəlik həyatı; 1930-1950-ci illər” əsərindən istifadə olunub.

# 1700 dəfə oxunub

Müəllifin son yazıları

# # #