Məşhur şair: “Məhəbbət haqqında şeirlər yazmayın”

Məşhur şair: “Məhəbbət haqqında şeirlər yazmayın”
4 fevral 2014
# 11:32

Rainer Mariya Rilke 1875-ci ildə Praqada doğulub. Xəstəliyindən dolayı hərbi litseyi yarıda qoyub, ticarət məktəbinə qəbul olunub. İlk şeiri 1891-ci ildə Vyana qəzetində çap olunub. Rilke modernizmin ən önəmli şairlərindən biridir.

Kulis.Az Rainer Mariya Rilkenin gənc şairə məktubunu təqdim edir.

Siz şeirlərinizi jurnallara göndərirsiniz başqalarının şeirləri ilə müqayisə edirsiniz, həyəcanlanırsınız ki, bəzi redaksiyalar qələm təcrübələrinizi geri qaytarır. Demək belə. Bir halda ki, sizə məsləhət verməyə mənə icazə vermisiniz, onda xahiş edirəm ki, yazdıqlarınızı bir kənara qoyun.

Siz şöhrət, uğur axtarırsınız, məhz bunu indi etməlisiniz. Bir kəs sizə nə məsləhət edə bilər, nə də kömək; heç bir kəs. Yalnız bir əlac var, özünüz-özünüzə qapılın, sizi yazmağa məcbur edən (sizi yazdıran) qüvvənin kökünü axtarın, görün öz suyunu ürəyinizin ən gizli guşəsindənmi içir, bir düşünün: yazmasaydınız, ölərdinizmi?

Və hər şeydən əvvəl, gecənin ən sakit vaxtı özünüzdən soruşun: Mən mütləq yazmalıyammı? İçinizin dərinliyində bu suala cavab axtarın və əgər sizin sadə və qəti “hə”, “mütləq” cavabını vermək haqqınız varsa, onda bütün həyatınızı bu mütləqlik qanununa əsasən yenidən qurmalısınız – hətta ən ötəri və süst anında belə - gərək bu yaradıcılıq vergisinin şəhidinə və ifadəsinə çevrilsin.

Siz də təbiətə qovuşun, onda çalışın yer üzünün ilk sakini kimi nələr gördüyünüzü, nələri hiss etdiyinizi və sevdiyinizi, nələrlə ömürlük vidalaşdığınızı sözlərə çevirəsiniz. Məhəbbət haqqında şeirlər yazmayın, çoxdan məlum olan və möhkəmlənmiş formalardan çəkinin; onlar ən çətin formalardır. Gərək nəhəng, yetkin bir güc sahibi olasan ki, saysız-hesabsız yaxşı və çox vaxt da lap gözəl, poetik nümunələr arasında öz sözünü deyə biləsən.

Ümumi mövzulardan xilas yolunuz gündəlik həyatınızın sizə verdikləri arasında axtarın; öz kədəriniz və istəkləriniz, ötəri hissləriniz və hər hansı bir gözəlliyə inamınızdan yazın, - ürəkdən gələn, həzin və müti bir səmimiyyətlə yazın və özünüzü ifadə etmək üçün sizi əhatə edən şeylərə, yuxularınızdakı obrazlara, xatirələrinizdə yaşayan hadisələrə müraciət edin.

Əgər sizin gündəlik həyatınız özünüzə solğun və adi görünsə, onda həyatınızı günahlandırmayın; özünüzü günahlandırın, özünüzə deyin ki, sizdə şairlikdən çox az şey var və ona görə də bu kasıb adiliyin bütün zənginliyini oyada bilmirsiniz: axı yaradıcı ruh üçün nə solğun kasıblıq, nə də bu hissləri doğuran heç bir şey mövcud deyil. Əgər siz həbsxanada olsaydınız, onun divarlarını heç bir həyat sədası deşib duyğularınızı oyatmasaydı belə, onda sizin uşaqlıq adlanan xatirələr xəzinəniz qalardı. O qiymətsiz, o zəngin dünyanı bütün həşəmətiylə sizin əlinizdən kim ala bilərdi?

Fikrən üzünüzü uşaqlığınıza tutun. O böyük çağdan unutduqlarınızın hamısını yaddaşınıza qaytarmağa çalışın, onda sizin mənliyiniz özünü təsdiq edəcək, sizin yalqızlığınız yayılıb artacaq, alaqaranlıq bir komaya çevriləcək, bu komanın yanından dalğa-dalğa insan səsləri ötəcək, heç biri də ona yaxın gəlməyəcək. Və əgər öz-özünüzə üz tuta-tuta, öz içinizə çəkilə-çəkilə şeirlər doğularsa, onda heç ağlınıza gəlməz, bir kimsədən onların yaxşı olub-olmadığını soruşasınız. Onda jurnalların diqqətini yazdıqlarınıza cəlb etmək istəyi də olmayacaq.

Siz bu şeirlərdə öz doğma varlığınızı, həyatınızın cilalarını görəcəksiniz, onlardan doğma səda gələcək sizə. Daxili ehtiyacdan yaranan sənət əsəri həyat haqda verilən hökmlərin bütün qanı və canıdır: başqa heç nə yoxdur!

# 2392 dəfə oxunub

Müəllifin son yazıları

# # #