Mart ayının 14-ü Xalq yazıçısı Anarın 88 yaşı tamam olur.
Kulis.az bu münasibətlə "Tarixi şəxsiyyət" layihəsi çərçivəsində Xalq yazıçısı Elmira Axunovanın onunla müsahibəsini təqdim edir.
Elmira Axundova: Anar müəllim, maraqlıdır, ötən əsrin 60-70-ci illərində Azərbaycan ədəbiyyatında nələr baş verirdi? Belə bir fikir var ki, o vaxtlar ciddi dissident təmayüllü, lakin rəsmi qadağan edilməmiş ədəbiyyat yaranmışdı. Necə hesab edirsiniz – Rusiya və başqa sovet respublikaları ilə müqayisədə bizdə rəssamlar, yazıçılar və digər mədəniyyət xadimləri öz əsərlərində daha sərbəst, daha azad idilər? Bəlkə, yanılıram?
Anar: Əlbəttə, elə idi. Və bu paradoks şəksiz Heydər Əliyevin adı ilə bağlıdır. Baxın: onu nə vaxt Azərbaycan KP MK-nın birinci katibi təyin etdilər? 1969-cu ildə. 1968-ci ilin avqustunda sovet tankları Çexoslovakiyaya daxil oldu. Müttəfiq respublikalarda da mərkəzdənqaçma təzahürləri ilə nəticələnə bilən milli əhvali-ruhiyyənin yaranması təhlükəsi vardı (bu məsələ Siyasi Büroda müzakirə olunmuşdu). Dövlət Təhlükəsizlik Komitəsi məktəbini keçmiş inanılmış, etibarlı şəxs kimi Heydər Əliyevi ilk növbədə ona görə MK-ya birinci katib təyin etdilər ki, bu cür milli təmayüllərin kökünü kəssin.
Bu mənim şəxsi fikrimdir. Yadımdadır ki, Heydər Əliyev vəzifəyə təsdiq olunandan sonra Ohanov soyadlı Moskvalı jurnalist bir qonaqlıqda azərbaycanlılara demişdi: «Sizə qarşı necə qəddarlıq etdilər».
Bəs nəticədə nə baş verdi? Bu da mənim şəxsi fikrimdir. Zənnimcə, o baş verdi ki, DTK-nın əməkdaşı, çekist və s. olan Heydər Əliyev qəlbində həmişə millətçi-azərbaycanlı olaraq qalmışdı. Pis mənada millətçi yox, məhz öz millətinə sadiq insan mənasında.
Odur ki o, millətçiliklə mübarizə üçün göndərilsə də, tezliklə bu kampaniyanı korrupsiyaya qarşı mübarizəyə çevirə bildi. Bax, belə bir maraqlı yerdəyişmə baş verdi. O vaxtlar bütün SSRİ korrupsiya çirkabında batmışdı. İyul ayında Heydər Əliyevi təyin elədilər, avqust ayında isə o, böyük tənqidi çıxışla Azərbaycanı silkələdi. Bundan öncə mənim «Molla Nəsrəddin-66» satirik hekayələrim çıxmışdı. Mən Plenumda iştirak etməmişəm, lakin məşhur məruzəni dinləyənlər sonra mənə danışırdılar ki, Əliyev «elə bil hekayələrinin ruhunda danışırdı, eyni mənfi hadisələr və prosesləri tənqid edirdi».
O məhz neqativ halları qamçılayan əsərləri dəstəkləyirdi. Məsələn, mənim «Şəhərin yay günləri» pyesim onun xoşuna gəlmişdi. Əsər ali məktəblərdəki proteksionizmə, tanışbazlığa, təbabət və ədliyyə sahəsində rüşvətxorluğa qarşı yazıçı barışmazlığını ifadə edirdi. Mən Mədəniyyət Nazirliyi ilə müqavilə bağlamışdım, bizim məşhur rejissor Tofiq Kazımov artıq aktyorlarla məşqlər aparırdı. Premyera ərəfəsində «Qlavlit» (mətbuatda dövlət sirlərinin qoruması üzrə Baş idarə – E.A.) dirəndi ki, bu antisovet pyesdir, çox şeylər çıxarılmalı, dəyişdirilməli və s. Onda MK mədəniyyət şöbəsinin müdiri Azad Şərifov bizə kömək etdi, «Qlavlit»ə «təpindi». Pyesə icazə verdilər. Premyeradan sonra Mirzə İbrahimov «Kommunist» qəzetində, Gülruh Əlibəyli «Bakinski raboçi»də alqışlayıcı məqalələr yazdılar. Bir neçə gün sonra mənə Heydər Əliyevin tamaşaya gəlmək istədiyini dedilər. Onunla birgə bütün nazirlər, yaradıcı ittifaqların rəhbərləri təşrif buyurdular. Mən bədii rəhbərin yanında oturub oradan salona baxırdım, görürdüm ki, reaksiya, deyəsən, normaldır. Tamaşa sona yetdi və bax onda Heydər Əliyev ilk dəfə səhnə arxasına yaradıcı kollektivlə söhbətləşmək üçün keçdi. Sonralar o belə ünsiyyət yoluna tez-tez qayıdacaqdı. O bizim işimizi bəyəndi. Dedi ki, Mirzə İbrahimovun və Gülruh xanımın məqalələrini oxuyub maraqlanmış və özü tamaşaya baxmağı qət etmiş, çünki «müxtəlif rəylər» varmış. «İndi mən, – söylədi, – özüm əmin oldum ki, pyes vaxtında yazılıb, onu müvafiq rus teatrında da tamaşaya qoymaq lazımdır, bundan başqa film çəkilişi haqqında da düşünmək olar». Yeri gəlmişkən, elə həmin axşam o, üç cavan aktyoru ruhlandırdı və onların mənzil məsələsini həll etdi». Bundan sonra anşlaqlar, ali məktəblərdə tələbələrlə çoxsaylı görüşlərim başladı...

Anar – Bəli, bu olduqca maraqlı əhvalatdı. Bununla belə, Heydər Əliyevin gözə görünməyən dəstəyini biz həmişə hiss edirdik.
E.A. – Xahiş edirəm, bu barədə daha ətraflı danışasınız. Çünki senzurasız məkanında yaşayan cavan oxucularımız üçün bu xatirələr ibrətamizdir.
Anar – Jurnalın tarixçəsi belədir: 60-cı illərdə «Azərbaycan incəsənəti» toplusu nəşr olunurdu, hərçənd məşhur teatr xadimi, rejissor Mehdi Məmmədovun redaktorluğu altında cəmi üç sayı çıxdı. Sonra almanaxın buraxılışı dayandırıldı. 1968-ci ildə Mərkəzi Komitənin ideologiya katibi Cəfər Cəfərov məni baş redaktor vəzifəsinə dəvət etdi. Mən razılaşdım, həm də dərgini «Qobustan» adlandırmağı təklif etdim. İndi hamı bilir ki, Qobustan ən qədim tarixi-arxeoloji qoruq, qayaüstü rəsmlərdə qədim insanların müxtəlif peşə və sənət növlərinin ibtidai görüntülərini cizgilədikləri təbii muzey, Azərbaycan xalqının unikal sərvətidir. O zamanlar isə bu ad sıravi «obıvatel»i çox da maraqlandırmırdı. Cəfər Cəfərov almanaxın adının dəyişdirilməsi məsələsini MK Bürosundan keçirib müvafiq qərar qəbul edilməsinə nail oldu. «Qobustan»ın ilk sayı 1969-cu ildə çıxdı. O vaxtdan da onun çətin həyatı başladı.
Almanax Stalindən sonrakı cəmiyyətin mənəvi həyatında tamamilə yeni hadisə idi. O, azərbaycanlı «altmışıncılar»ın istedadlı nəslinin bəhrəsi oldu. Topluda hər şey – quru rəsmilikdən uzaq, qeyri-standart, baxımlı bədii tərtibatdan tutmuş – yeni, təravətli idi. Cildini orta əsr Azərbaycan miniatürləri, «Molla Nəsrəddin»dən karikaturlar, çağdaş rəssamlar Cavad Mircavadovun, Mikayıl Abdullayevin, Tahir Salahovun, Rasim Babayevin əsərləri süsləndirirdi. Bununla yanaşı, toplunun cildindən oxucular italyan İntibah rəssamlarının əsərləri, Yaponiya qravürləri, Pikassonun qrafikası ilə də tanış olurdular. Və belə cəsarətli sərbəstlik, əlbəttə ki, anlaşılmazlıq doğururdu.
Partiya məmurlarını toplunun məzmunu, əyalətçilik çərçivəsini aşıb keçməyə çalışması daha da çox qıcıqlandırırdı. Dərgidə Pikassodan, Çaplindən, Stravinskidən bəhs edilir, Qüney Azərbaycan poeziyasından, Türkiyənin, türkdilli xalqların çağdaş sənətindən söz açılırdı. Onun səhifələrində qazax rəssamlığı, qırğız kino sənəti, tatar musiqisi, Tuva abidələri və başqa bu kimi mövzulara yer verilirdi. Bununla belə, almanax ideoloji qəliblərdən tamamilə xali idi. «Qobustan»ın kollektivi inqilabdan əvvəl, ya Azərbaycan Demokratik Respublikası dövründə fəaliyyət göstərmiş görkəmli milli ziyalıların unudulmuş adlarını üzə çıxarır, xidmətlərini xatırladırdı. Bütün bunlar rəsmi ideologiyanı qoruyanların əlində dərgi əməkdaşlarını «pantürkizm» və başqa «izm»lərdə günahlandırmağa bəhanəyə çevrilirdi.
İş absurda gətirib çıxarırdı. Aprel inqilabının ildönümünə mən üz qabığında Toğrul Sadıxzadənin «Nərimanov, Kirov, Orconikidze və Mikoyan» adlı tablosunu yerləşdirmişdim. İdeologiya üzrə katib Daniil Quliyev bizi təcili Mərkəzi Komitəyə çağırdı. Sən demə, bu şəkildə – yeri gəlmişkən, rəssam artıq sərgilərdə nümayiş etdirdiyi şəkildə – Nərimanov öz partiya silahdaşlarından bir az qabağa düşübmüş. «Bu nə deməkdir? Niyə o qabaqdadır? Buna görə 1937-ci ildə sizi dama basardılar». Toğrul dözmədi: «Buna görə bizləri yetərincə dama basıblar». O, Seyid Hüseynin və Gülsüm xanımın oğludur, atası da, anası da perpessiya qurbanlarıdır. Daniil Quliyev israr edir: «Siz cildi dəyişməli, başqa rəsmlə əvəz etməlisiniz». Siqnal nüsxəsi təzəcə çıxmışdı. Amma mən də burada «demaqogiya»ya əl atdım: «Bacarmaram, – dedim. – Mən mətbəə işçilərinə izah edə bilmərəm ki, nəyə görə inqilab bayramı ərəfəsində üz qabığından dörd inqilabçını çıxarıb atırıq».
Yaxud jurnalımızda Elturanın məqalələri gedirdi. Daniil Quliyev də bizi danlayır: «Bu nədir, necə yol vermisiniz? Belə imza qoymaq olar?» – «Axı bu onun adıdır!» – «Siz deməliydiniz!» – «Yəni adını dəyişsin?» – «Qoy dəyişsin!».
«...Başıbəlalı «Qobustan»la bağlı söz-söhbət hələ ilk sayı işıq üzü görməmişdən başlamışdı. «Qobustan» adından başqa «toplu» sözü də mübahisələr doğururdu. Əcnəbi «almanax», yaxud «məcmuə» kəlmələri heç kəsi narahat etmirdisə, «toplu»nu türk dilindən (?!) alınma söz kimi qəbul edirdilər və bunun yaman nigarançılığını çəkirdilər. Türk sözü! Bu irad, xüsusilə Azərbaycanda o dövrün və o sistemin anlayışlarına görə ən ağır siyasi ittihama bərabərdi...
...İş ondaydı ki, Azərbaycan dili lüğətlərinə daxil olan, amma çox istifadə edilməyən, az qala unudulmuş sözləri məhz «Qobustan» səhifələrində görəndə bunları «türk dilinin» (oxu: Türkiyə türkcəsinin) təsiri kimi qələmə verirdilər. Məsələn, müvəffəqiyyət əvəzinə daha çox uğur, nümunə əvəzinə örnək, əsr əvəzinə yüz il, əlaqədar əvəzinə bağlı işlədəndə bunu pantürkizm əlamətləri kimi qiymətləndirirdilər. «Qobustan» haqqında şeytançılıq edən «qeyrətli donosbazlarımızın» xəbərdarlıqları əsasında Mərkəzi Komitənin ikinci katibi Kozlov Cəfər Cəfərovdan soruşurdu: Doğrudurmu ki, «Qobustan» türk dilində çıxır? (Bu günün gənc oxucularına bir daha izah edirəm ki, o dövrdə «türkcə» anlayışı yalnız «Türkiyə türkcəsinə» şamil edilirdi və dünya imperializminə xidmət kimi ciddi siyasi suç sayılırdı).
Yenə də izahat verməli olurduq ki, məsələn «təfsir etmək» əvəzinə «yozmaq» kəlməsini işlətməyin Türkiyə türkcəsinə, pantürkizmə və dünya imperializminə heç bir dəxli yoxdur. İzah etməli olurduq ki, incəsənətin bəzi növləri (məsələn, kino, balet, dəzgah rəsmi) sənətimizə yeni gəlib, odur ki, simfonik musiqi, yağlı boya, heykəltaraşlığa aid terminlərimiz yox dərəcəsindədir. Onları yaratmalıyıq. Tutalım, yağlı boya sənətində «mazok» mənasında «yaxmaq» feilindən «yaxı» sözünü işlədə bilərik. Heykəltaraşlıqda taxta heykəli yonmaq, gipsi isə yapmaq olar. Və bu «yapmaq» kəlməsindən Türkiyə türkcəsindəki «yapmağa» görə hürkmək lazım deyil.
Bundan başqa, Azərbaycan dilində incəsənətşünaslıq, tutaq ki, dəzgah rəngkarlığı, balet, simfonik musiqi, yəni mədəniyyətimizə artıq XX əsrdə gələn sahələr üzrə çox az terminlər vardı. Ona görə də söz yaradıcılığı ilə məşğul olmaq, hansısa yeni sözlər tapmaq lazım gəlirdi. İndi həmin sözləri biz gündəlik leksikonumuzda işlədirik: «çağdaş», «önəmli», «öncə». O vaxt isə bunlar ilk dəfə «Qobustan» toplusunun səhifələrində dilimizə qatılmışdı. Və bu yönümü «pantürkizm» kimi qələmə verməyə başlamışdılar».
E.A. – Jurnal barədə hansısa administrativ tədbirlər görülürdü? Məsələn, nömrənin buraxılışını gecikdirmək ya da tamamilə qadağan etmək?
Anar – Yox, belə şeylər yadımda deyil. Lakin bəziləri müxtəlif idarələrə «donos»lar göndərməyə girişdilər. İş o yerə gəldi ki, «müxalif» Azərbaycan jurnalı haqqında şayiələr Moskvaya çatdı və Sov.İKP MK katibi Kapitonov hansısa müşavirədə dilə gətirdi ki, Azərbaycanda «Qobustan» adlı millətçi jurnal buraxırlar. Və Azərbaycandakı ideoloji katib bütün bu sıxma-boğmalarda öz neqativ rolunu oynamışdı. O, Aktyorlar Evində, jurnalistlərin qurultayında çıxış edirdi. Mən gecikmişdim, foyedə dayanmışam. Mənə deyirlər: «Daniil Piriyeviç yenə də adını «hallandırdı». Moskvadan qurultaya gələn «Komsomolskaya pravda»nın müxbiri Vasili Peskova üz tutub deyirmiş: «Yoldaş Peskov, Moskvada cavan nasir Anarı çox tez-tez çap edirlər. Və tamamilə nahaq. Siz orada yoldaşlarınıza çatdırın ki, bu adam millətçidir».
Daha bir məqam. Moskvadan hansısa böyük ideoloji müşavirədən qayıtmış Daniil Quliyev ziyalıları Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində toplayır. Müxtəlif məsələlərin sırasında Daniil Piriyeviç belə bir etirafını dilə gətirir: «Orada Gürcüstanı və Estoniyanı millətçiliyə görə tənqid etdilər. Bizi isə tərifləyib qeyd etdilər ki, Azərbaycanda yaxşı beynəlmiləl atmosfer mövcuddur. Lakin mən çıxış edib dedim: «Yoldaşlar, bu heç də elə deyil. Bizdə də millətçilik tendensiyaları var, məsələn, «Qobustan» jurnalı». Və onda məndən soruşdular: «Bəs niyə indiyədək siz jurnalın redaktorunu cilovlaya bilmirsiniz?»
Amma yenə də hökumət mətbuatında cürbəcür hücumlara, tənqid və hətta «Kirpi» jurnalında karikaturlara baxmayaraq, «Qobustan»ı qapamadılar. Hərçənd toplu əslində qeyri-qanuni nəşr idi, çünki Sov.İKP Mərkəzi Komitəsinin reyestrinə daxil deyildi. O zaman bütün jurnallar yalnız Sov.İKP MK reyestrinə daxil ediləndən sonra abunə üçün «Soyuzpeçat»ın kataloqlarına qatıla bilərdi. «Qobustan»a abunə yazılmaq mümkün deyildi. O, almanax kimi (yəni kitab statusunda), «Azərnəşr»in məhsulu kimi buraxılır, sonralar Mədəniyyət Nazirliyinin nəzdində sayılırdı.
_1773230196.jpg)
E.A. – Belə çıxır ki, yuxarıda sadalanan və sadalanmayan ittihamlara görə Heydər Əliyev dərgini hər hansı məqamda qapaya, yaxud ora ən azı başqa daha üzüyola redaktor təyin edə bilərdi.
Anar – Tamamilə doğrudur, amma o bunu etmədi. Əksinə, «Qobustan»ı da, onun redaktorunu da çox bəlalardan, o cümlədən öz əli altında işləyən partiya məmurlarından qoruyan məhz MK-nın birinci katibi Heydər Əliyev idi.
Müəllif qeydləri:
Heydər Əliyev, bir çərək əsr ötəndən sonra artıq müstəqil Azərbaycanın prezidenti olaraq, «Qobustan» dərgisinin tarixi rolunu belə dəyərləndirirdi: «Bizim milli mədəniyyətimizi, milli keçmişimizi, milli ruhumuzu o vaxtlar təbliğ edirdi. Bizim rəsmi jurnallardan fərqli olaraq bu jurnal bunları təbliğ edirdi və insanlarda milli ruhu oyadırdı, öz tarixinə, öz keçmişinə, öz mədəniyyətinə hörmət və ehtiramı yaradırdı. Çünki dövr belə idi – hesab edilirdi ki, Oktyabr inqilabına qədər heç bir şey olmayıbdır, hamısı Oktyabr inqilabından sonra olubdur. Bax, o illər bu cür oyanış bizim yazıçılarımızın çox əsərlərində olmuşdur. O cümlədən «Qobustan» jurnalında. Beləliklə, Azərbaycanda bu gənc insanlar həqiqəti deyirdi, düzü deyirdi və insanları həqiqətə çağırırdı».
E.A. – Mən sizə bir sual vermək istəyirəm. Azərbaycanda yazıçılar arasında əsl dissident olub, ya yox?
Anar – O vaxtlar bizim hər birimizi dissident edə bilərdilər. Vaqif Səmədoğlunu, Əylislini, məni. Amma Heydər Əliyev vəziyyəti qaynar nöqtəyə gətirib çıxarmırdı.
E.A. – Misal gətirə bilərsiniz?
Anar – Nə qədər istəsəniz! Mövlud Süleymanlının «Dəyirman» povesti çap olunduqdan sonra baş vermiş qalmaqallı əhvalatı xatırlamaq olar. Bu əsər 1979-cu ildə «Azərbaycan» jurnalında dərc edilmiş və dərhal hücumlar hədəfinə çevrilmişdi. Bəziləri hətta onu antisovet əsər adlandırırdı. «Yuxarı»ya məktublar, siqnallar axırdı. Həmin ilin payızında Azərbaycan Yazıçılar İttifaqında «Dəyirman»ın daha çox divanxananı xatırladan müzakirəsi keçirildi. Bu əsərin müəyyən yozumu və ətrafında baş vermiş qalmaqal əsasında Mərkəzi Komitə xüsusi qərar da çıxarda, hətta müəllifi sevdiyi sənətindən bezdirib, uzun müddətə ayıra da bilərdi. Heydər Əliyev, əksinə, cavan ədibi hücumlardan qurtardı.
Yaxud «Bir cənub şəhərində» filmini ekranlara qoymurdular. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldi və filmi ekranlara buraxdılar. Halbuki Bakıya Pribaltikadan yazıçılar gəlirdilər və filmə baxaraq təəccüblə deyirdilər ki, onlarda belə əsərlərə görə Yazıçılar İttifaqından xaric edərdilər, divanxana qurardılar.
Mənim ilk hekayəm – «Keçən ilin son gecəsi» 1960-cı ildə çıxmışdı. Bir həftə keçəndən sonra Qulu Xəlilov «Azərbaycan gəncləri» qəzetində hekayəni darmadağın elədi. İlk povestim – «Ağ liman» – «Kommunist» qəzetində Xalid Əlimirzəyev tərəfindən hücumlara məruz qaldı. O yazırdı ki, əsər sosializm realizminə ziddir, yazırdı ki, bu antisovet əsərdir. Bundan az sonra çağırılan partiya fəallarının toplantısında Vəli Axundov böyük məruzə ilə çıxış etdi. Təvazökarlıqdan bir qədər kənar görünə bilsə də, həmin aktivdə böyük Qara Qarayevin mənim müdafiəm naminə dediyi sözləri səsləndirmək istəyirəm: «Mən ən istedadlı Azərbaycan yazıçısı Anarın əsərlərinin əsassız tənqid olunmasını qətiyyətlə rədd edirəm».
Yaxud «Ulduz» jurnalında çıxmış «Yaxşı padşahın nağılı». Mən onu Moskvada «Drujba narodov» jurnalının məsul katibi Şilovtsevaya göstərdim, o mənə çox xeyirxah münasibət bəsləyirdi. Əsəri oxuyub dedi: «Anar, bunu nəinki çap etməzlər, sən həm də heç kimə göstərmə». O hesab edirdi ki, «Nağıl» son dərəcə qanunazidd əsərdir. Mən bildirdim ki, əsər Bakıda çap olunub. Şok vəziyyətində «ola bilməz!» – dedi. Sonra hekayəni «Nedelya»ya, Makarova göndərdim, o da mənə məktub yazdı ki: «Əziz Anar, əsər əladır, amma indiki zəmanəyə görə yox!» Onlar yalnız yenidənqurma başlanmasıyla senzura zəifləyəndən sonra «Nağıl»ı dərc etdilər.
Amma elə hallar da olurdu ki, biz hansısa əsəri əvvəl Moskva qəzet və jurnallarında çap etməyə nail olur, sonra isə o, Azərbaycanda özünə «yol tapırdı». Cəlil Məmmədquluzadə haqqında «Anlamaq dərdi» məqaləmi «Novıy mir» dərc etdi. Yalnız bundan sonra İsmayıl Şıxlı həmin yazını «Azərbaycan» jurnalında «keçirdə» bildi.
Yəni biz zaman-zaman senzura, partiya orqanları ilə toqquşmalı olurduq; mən ədəbiyyatda az-çox önəmli nə edirdimsə, müqavimətlə qarşılanırdı. Və bizi qurtaracaq yeganə pənah yerimiz vardısa, o da Heydər Əliyev idi. O, bəlkə də, bizlərdə dissident ədəbiyyatı mövcudluğu haqqında Moskvada təəssürat yarana biləcəyindən ehtiyatlanaraq, məsələni partlayışa gətirib çıxarmırdı. Bizi qoruyaraq, özünü qoruyurdu. Bəlkə də, bizə şəxsi rəğbət bəslədiyinə, «olanlar-bizik» həqiqətinə inandığına görə...»
Müəllif qeydləri:
1999-cu il fevralın 5-də Rüstəm İbrahimbəyovun yubileyində Azərbaycan Prezidenti respublikada istisna edilə bilən, ümumiyyətlə isə, sovet dönəmlərində dəbdə olan «dissident ovu»nu yada salacaq: «...60-70-ci illərdə Azərbaycanda dissident axtarsaydıq, onlar çox idi. Ən böyük dissident Bəxtiyar Vahabzadə idi... Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov əsl dissident idilər. Ancaq biz qoymadıq ki, onlar dissident olsunlar. Bəlkə də, onlar indi heyifsilənirlər ki, o vaxt Əliyev qoysaydı və biz dissident olsaydıq, indi, bəlkə, hörmətimiz daha da artıq olardı. Yaxud götürək Anarı. O da dissident idi. Məsələn, «Qobustan» jurnalının yaranması və... səhifələrində dərc olunan əsərlər, şübhəsiz ki, dissident xarakteri daşıyırdı...»
E.A. – Görkəmli Azərbaycan şairi, atanız Rəsul Rza ilə Heydər Əliyevin münasibətləri də maraq doğurur. Bir tərəfdən, Moskvanın təzyiqləri altında Heydər Əliyev Rəsul Rzanı Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru vəzifəsindən azad etdi, digər tərəfdən – tezliklə ona SSRİ-də ən yüksək ad sayılan Sosialist Əməyi Qəhrəmanı adının verilməsinə nail oldu. Bundan başqa o, yenə də Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdi. 1980-ci il dekabrın 4-də bu mükafatı Ali Sovetin binasında şairə təqdim edən Heydər Əliyev onu «sovet ədəbiyyatının görkəmli nümayəndəsi» və «Azərbaycan sovet poeziyasının banilərindən biri» adlandırmışdı. Cavab nitqində Rəsul Rza məmnunluqla özünü «Azərbaycanın ən xoşbəxt övladlarından biri» saydığını bildirmişdir.
Anar – Heydər Əliyev bir dəfə kiməsə deyirmiş: «Əgər Rəsul Rza üçün Sosialist Əməyi Qəhrəmanı adını ala bilməsəm, bunu özümə bağışlamaram». Demək, o, atama «qənim» kəsilməyib, onu məhv etmək niyyətində olmayıb. Sadəcə donosbazların, ədəbi qatillərin basqınları müqabilində o, reaksiya verməyə məcbur olub. Ələlxüsus da donoslar Moskvaya, Şaumyanın oğlu oturduğu Baş redaksiyaya gedib çatırdı.
2001-ci ilin 25 dekabrında Respublika Sarayında Rəsul Rzanın 90 illiyi təntənəli şəkildə qeyd olunurdu. Gecədə ölkə Prezidenti Heydər Əliyev, hökumət nümayəndələri, ictimaiyyət iştirak edirdilər. Mən öz çıxışımda atama qarşı Moskvaya yazılan donosları, «pantürkizm, millətçilik, antisovet təzahürlər» haqqında ittihamları xatırladıb qeyd etdim ki, belə bir şəraitdə Heydər Əliyev şairə Sosialist Əməyi Qəhrəmanı adı verilməsinə nail olmuş və bu da Əliyev tərəfindən göstərilən «siyasi cəsarət» demək idi. Bəziləri indi belə adlar xatırlananda ağızlarını büzürlər. Amma bu sadəcə sinəüstü nişan deyildi, belə adlarla mükafatlandırma Azərbaycanın nüfuzunun qaldırılması demək idi. Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasda təsdiqlənməsi demək idi.
Müəllif qeydləri:
Bu məqamları «Deyirdim ki, bu quruluş dağılacaq» kitabında Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy də xatırlayırdı. Onun fikrincə, Azərbaycan xalqının vətənpərvərlik, azadsevərlik hissiyyatının inkişafında 60-70-ci illərin milli ədəbiyyatı önəmli rol oynamışdır. Və Heydər Əliyev, Əbülfəz Elçibəy etiraf etdiyi kimi, yazıçılara «liberallıq»la yanaşırdı. Bundan əlavə, «əvvəllər tənqid elədiyi adamların hamısına sonradan həm vəzifə verdi, həm də müdafiə etdi, həm Sosialist Əməyi Qəhrəmanı adı verdi və sair. Beləliklə də, «Azərbaycanda yeni bir millətçilik, bir düşmənçilik var» sözünü götürtdü (ab-havanı yumşaltmaq məqsədilə)».
E.A. – Anar müəllim, siz 1992-ci ilin may ayında Sədərək körpüsünün açılışında iştirak etmisiniz. Bu tarixi hadisə haqqında nə danışa bilərsiniz?
Anar – Sədərək körpüsünü inşa etmək və Türkiyəylə birbaşa quru əlaqəsi yaratmaqla Heydər Əliyev bir vacib strateji məsələni də həll etdi. Sədərək körpüsünün açılışına bir dəstə ziyalıyla bərabər mən də dəvət olunmuşdum. Təyyarəylə rəhmətlik Xəlil Rzayla, Rüstəm İbrahimbəyovla, Fərhad Xəlilovla Naxçıvana gəldik.
Türkiyədən başda Süleyman Dəmirəl olmaqla xeyli qonaq gözlənilirdi. O vaxt Azərbaycan Ali Sovetinin sədri olan İsa Qəmbər də gəlmişdi. Başı çox qarışıq olduğuna baxmayaraq, Heydər Əliyev iş otağında Rüstəmi, Fərhadı və məni qəbul etdi. Neçə ildən sonra ilk görüşümüz idi, qucaqlaşıb öpüşdük.
Heydər Əliyev:
– Görürsünüz də, – dedi, – Moskvada işləməyə qoymadılar, Bakıda yaşamağa qoymadılar, Naxçıvanda işləməli oldum.
Körpünün təntənəli açılışından sonra bizi qonaq evinə dəvət etdilər. Dəmirəl və onunla gəlmiş otuza qədər Türkiyə hökumətinin naziri, millət vəkili burada idi, həyətdə toplaşıb gözləyirdilər. Heydər Əliyev görünmürdü. Yenə də ona daima sadiq olan Saşadan:
– Bəs Heydər Əliyeviç haradadır? – deyə xəbər aldım.
– Duş qəbul edir, indicə gələr.
Heydər Əliyev Heydər Əliyev idi. İstər Kremlin zirvəsində olsun, istər Naxçıvanda. Dəfələrlə onun yüksək rütbəli rus generalları ilə, vəzifəli şəxslərlə necə ötkəm danışdığının şahidi olmuşam. Bir neçə ölkəyə onunla səfərlərim zamanı müşahidə edirdim ki, ən böyük dövlətlərin başçılarıyla da eyni qürurla və məğrurluqla davranır. O vaxt Bakıya qayıdarkən Naxçıvandan bu qəti qənaətlə ayrılırdıq ki, ən yaxın zamanda Heydər Əliyev bütün Azərbaycanın rəhbəri olacaq.

E.A. – Anar müəllim, Heydər Əliyev sizi çox qiymətləndirirdi, öz növbəsində siz də Heydər Əliyevlə olan səmimi münasibətlərinizi «Unudulmaz görüşlər» kitabında əks elətdirmisiniz. Aranızdakı yaş fərqinə və sosial statuslarının müxtəlifliyinə baxmayaraq, siz mənən çox yaxın idiniz. Belə demək mümkündürsə, sizin qan qruplarınız eyni idi. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev ədəbiyyat sahəsində ilk Heydər Əliyev mükafatını məhz sizə təqdim etmişdi və bu, son dərəcə ədalətli addım idi. Söhbətimizin sonunda istəyirəm, kitabınızdan bir sitat gətirim:
«2003-cü ili – ömrünün son ilini də Heydər Əliyev qalib kimi başa vurur. İnfarkt keçirmiş, gecəsi-gündüzü olmayan, nə şənbə, nə bazar, nə məzuniyyət, nə istirahət bilən, yaşı səksənə çatmış insan çıxış edərkən qəlb böhranı keçirir, yıxılır, yeddi qabırğası sınır və dözülməz ağrılara tab gətirərək yenidən səhnəyə qayıdır, sözünə davam edir. Bir də yıxılır və yenə görünməmiş, inanılmaz bir iradə ilə səhnəyə dönür, xalq ilə vidalaşmağa özündə güc tapır. Bu da onun yıxılması haqqında hərzə-hərzə danışan və yazan mənəviyyatsız düşüklər üzərində qələbə idi. ...Heydər Əliyev hər xalqa, bəlkə də, əsrdə bir dəfə qismət olan qənimət, nadir şəxsiyyət idi.
Həyata qalib kimi gəlmişdi. Xalqı vəfatıyla sarsıdan, sarsıdaraq birləşdirən, kədərləndirərək bütövləşdirən Heydər Əliyev ölümüylə də zəfər çaldı. Kim nə deyir desin, nə yazır yazsın, qalib gəldi, qalib getdi».