Nəvəsi banan istəyən babanın iş yeri

Nəvəsi banan istəyən babanın iş yeri
3 avqust 2015
# 10:30

Bu yaxınlarda bir yazı oxudum. Oradakı bir cümlə yaddaşımda ilişib qaldı: “Bu şəhərdə kimsə işə, kimsə də iş dalınca gedir”. Maraqlı müşahidə və deyim idi.

Səhər-səhər adətimə uyğun binaların arasıyla gəzərkən iş dalınca gedənin birini gördüm. Babaydı. Əlində ağ torbası vardı. Nurani kişiydi. Pəncərənin altında dayanıb ona əl edən nəvələrilə sağollaşırdı. Körpələr sevinclərindən çığırışırdılar. Onlardan biri “Baba, mənə banan alarsan” deyir, o biri velosiped istəyirdi.

Baba gülümsündü və söz verdi ki, işdən qayıdanda onların dediklərini mütləq alacaq. Sonra gəlinin səsi gəldi: “Babanız işə gecikir...” Gözümün quyruğuyla gəlinə baxdım. Onun üzündə məyusluq vardı. Bəlkə heç gəlin də yox, kişinin qızıydı. Amma hər necə olur-olsun babaydı.

Baba getdi, sonra döngəni burulub gözdən itdi. Onun addımlarında ümidsizlik sezilirdi, sanki hara və niyə gedəcəyini bilmirdi. Güman ki, işə yox, iş dalınca gedirdi...

Mən ata babamı (atamın atasını) görməmişəm. O, əsrin əvvəllərində kazaklarla atışmada öldürülüb. Sərhədi keçmək istəyirmiş, yəqin onu gözləyən balalarına azuqə gətirmək üçün. Ana babamı (anamın atasını) isə xatırlayıram. O, yekə taxtda böyrü üstə uzanıb dirsəklənər və mənə ala-bəzək nağıllar danışardı. Nurani qocaydı...

Mən onun qəhrəmanlarını, onların getdiyi sehrli şəhərləri yuxumda görərdim. Bir dəfə soruşdum ki, o sehrli şəhər hardadı? “O dağların dalında” dedi və əliylə kəndimizi dövrələyən dağları göstərdi. Mən inandım və yekəlməyə tələsdim...

Bu yaxınlarda təsadüfən şəkillərə baxarkən onu gördüm. Şəklin arxasında doğum və ölüm tarixi də vardı: 1878-1977. Daha bir qeyd: xirik vaxtı. Bizlərdə barama yetişdirilərdi və ən çətin zaman xirik vaxtıydı. İpək qurdlarına yarpaq çatdırmaq olmurdu.

Babam az yaşamamışdı, 100-ə bir il qalmış bu dünyadan köçmüşdü. Mən onu xatırladım. Xüsusən də pensiya pulu alan zaman hər dəfə mənə bir manat verməyini. Sonradan başa düşdüm ki, babamın hər dəfə mənə pul verməyinin sadə bir səbəbi varmış: qışda ona odun doğrayım, yayda “Yal bulaq”dan soyuq su gətirim, quluncu tutanda belini ayaqlayım. “Sümüklərim üşüyür...” –deyə babam daim şikayətlənərdi.

Babalar nəvələrini çox istəyir. Amma nəvələr o istəyə adekvat cavab verə bilirmi? Çətin sualdır. Amma baba həmişə babadır. Kimi iş dalınca gedib, nəvələrinə çörək pula gətirir, kimsə nəvələrinə bahalı kolyaskalar, maşınlar alır, onları ən gözəl şəhərlərdə gəzdirir...

Bu yaxınlarda mən həmin nurani babanı gördüm. O, əmək bazarında, adamlardan bir az aralıda divara söykənib harasa baxırdı. Qayğılıydı. Əlində həmin ağ torba vardı...

Mən babalarını sevinclə yola salan körpələri, gözlərində məyusluq ifadə olunan, amma ümidini itirməyən gəlini düşündüm....

İyul-avqust 2015

# 1361 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #