Yazıçı uydurduğu miflərin elmiliyinə iddia etməməlidir - İsa Hüseynov niyə məğlub oldu?

Yazıçı uydurduğu miflərin elmiliyinə iddia etməməlidir - İsa Hüseynov niyə məğlub oldu?
22 yanvar 2024
# 09:00

Kulis.az Fəxri Uğurlunun "Köhnə bazara təzə nırx" adlı yeni məqaləsini təqdim edir.



Ədəbiyyatımızı doğma kontekstində yeni alətlərlə bir də incələsək…

Ötən əsrin 60-90-cı illərində yaranmış nəsrimizi (elə poeziyamızı da) fəlsəfi-estetik baxımdan yenidən dəyərləndirməyə, zənnimcə, ehtiyac var. Əlbəttə, deyilən dönəmin bədii məhsulları haqqında dövrün ədəbi analitikləri çox yazıblar (elə bu gün də yazırlar), çox əsəri təhlil süzgəcindən keçiriblər, ancaq təəssüf ki, əksər müəlliflər bu məsələdə sosializm realizmindən miras qalmış kanonların çərçivəsindən çıxa bilməyiblər. Yəni söhbət, tutalım, Anarın Təhminəsindən gedirsə, mütləq əlləşib-vuruşub ondan müsbət qəhrəman, nümunəvi qadın obrazı düzəltmək lazımdır, əks halda əsər mənasını, mahiyyətini itirəcək. Yaxud da nə olur olsun Əkrəmin kür, cığal Qədirini Kür qırağının meşələrində kök atmış nəhəng ağacların ucalığına qaldırmalısan, yoxsa bu əsərdən bir məzmun hasil olmayacaq.

Məgər Balzakın Rafaelini, Floberin madam Bovarisini, Tolstoyun Anna Kareninasını, Dostoyevskinin Nastasya Filippovnasını, Mopassanın Gonbulunu, Çexovun Qağayısını, Coysun Blumunu, Folknerin Kristmasını, Heminqueyin Qocasını, Kamyunun Mersosunu, Selincerin Holdenini, Markesin Buendialarını sosrealizm kanonları çərçivəsində anlayıb-anlatmaq olarmı? Bizim altmışlardan başlanıb sovet imperiyasının dağılmasına qədər çəkən təxminən otuz illik bir dövrdə yaranmış parlaq əsərlərimiz də həmin çərçivəni aşıb keçməklə qlobal miqyasda gedən ədəbi prosesə pis-yaxşı qoşulub. Ona görə bu əsərlərə analitik yanaşma da adekvat olmalıdır.

***

O vaxtlar bizim ədəbiyyatın dünyaya pəncərəsi Moskvadan açılırdı. Stalindən sonrakı yumşalma dönəmində Qərb mədəniyyəti, impressionizm, ekspressionizm, ekzistensializm kimi modern sənət cərəyanları sovet fəzasına da yol tapmışdı. Rus mədəniyyətinin yeni intibah dalğası təkcə siyasi həlimləşmənin nəticəsi kimi yox, həm də yeni dünyayla mənəvi bağlantının təsiri altında baş qaldırmışdı. İmperiya mərkəzində baş verən proseslərin yeli əyalətləri də vurmuşdu.

Mən sənət meydanına çıxan yenilikləri birbaşa ictimai-siyasi hadisələrə bağlamağın tərəfdarı deyiləm; çox vaxt tərsinə olur – sənət özü ictimai-siyasi gedişata yön verir. Ancaq bir az da insaflı danışsaq, bu proses ikibaşlıdır, yəni təsir qarşılıqlıdır. Burası da var ki, sən yeniliyə açıq olmasan, ona doğru getməsən, yenilik səni tapası deyil. Ötən əsrin altmışıncı illərində Azərbaycan nəsrinin (bütövlükdə ədəbiyyatının, üstəlik başqa sənət sferalarının da) həm məzmun, həm forma baxımından simasını dəyişən keyfiyyət artımı heç də keçmiş imperiyanın bütün əyalətlərində baş verməmişdi. Bununla hətta öyünə də bilərik.

***

Sovet filologiya elmi ədəbiyyata yön verən yeni fəlsəfi-estetik tendensiyaları sosrealizm, nə bilim, tənqidi realizm, marksizm, sosial determinizm qəlibinə dürtməyə çalışsa da, yeni sənət yeni analitik yanaşma, yeni kanonlar, yeni meyarlar, bir sözlə, yeni düşüncə tələb eləyirdi. Bizdə isə, məsələn, İsa Hüseynovun 1978-ci ildə işıq üzü görmüş “Məhşər” romanı islam dini əleyhinə yazılmış ateistik roman kimi təqdim olunurdu. Yusif Səmədoğlunun “Qətl günü”, Elçinin “Ölüm hökmü” romanlarını bu günün özündə də otuzuncu illər repressiyalarının, stalinizmin ifşasına yönəlmiş əsərlər kimi qavrayanlar var. Anarın ötən əsrin 80-ci illərində yazdığı “Nəsrin fəzası” məqaləsində göstərildiyi kimi, hətta görkəmli moldovan yazıçısı İon Drutse Əkrəm Əylislinin “Kür qırağının meşələri” povestiylə bağlı qeydlərində müəllifin bu əsəri Qədirin timsalında ucqar əyalət kəndlərindən mərkəzi şəhərlərə can atan qastrolçuların çıxardığı hoqqaların ifşası məqsədilə qələmə aldığı qənaətinə gəlmişdi. Ədəbi dəyərlərə münasibətdə tam bir vulqar sosiologizm!

Deyək ki, sovet vaxtı belə yozumlar konyunktura uyğunlaşmaq (həm də əsəri uyğunlaşdırmaq) məqsədi güdürdü. Bəs artıq çoxdan milli ədəbiyyatımızın klassik irsi sayılmağa layiq bu əsərləri özünə doğma kontekstdə incələməyə indi nə mane olur? Elə həmin “Məhşər” romanında heterodoks islamla ortodoks islamın, ürfanla şəriətin, sevgiylə qorxunun, əbədiyyət aləmiylə fani dünyanın necə, hansı səbəbdən üz-üzə gəldiyini, əsərin məhz bundan doğan hansı problemlərin həllinə həsr olunduğunu, yazıçının hansı ideallara hədəfləndiyini xırdalamağı kim qadağan eləyib? Yoxsa bu, artıq köhnəlmiş mövzudur? İsa Hüseynovdan on beş il sonra klassik Şərq-islam mədəniyyətinin verdiyi mövzuları Orxan Pamuk ələ aldı, nəticəsi də məlumdur…

***

Yazıçılar (yəqin həm də oxucular) arasında İsa Hüseynov yaradıcılığının “Məhşər”ə qədərki mərhələsini bəyənənlər daha çoxdur. Bunun səbəbini anlamaq çətin deyil – sosial ədəbiyyat fəlsəfi ədəbiyyatdan daha çatımlıdır, çünki ona nisbətən daha üzdədir. Ancaq bu iki dönəm arasında keçilməz sərhəd də yoxdur – “Məhşər”dəki Əmir Teymur “Saz”, “Tütək səsi” povestlərindən tanıdığımız Qılınc Qurbanın gücü, hökmü, miqyası min qat böyüdülmüş versiyasıdır. Yazıçının yaradıcılığını bir də bu yöndən araşdırmaq, iki mərhələnin istər ideya-məzmun, istərsə də forma-üslub baxımından oxşar-fərqli cəhətlərini üzə çıxarmaq nəinki gec deyil, hətta ola bilsin, zaman keçdikcə daha artıq ədəbi-tənqidi aktuallıq qazanacaq.

Yeri gəlmişkən, İsa Hüseynovun “Məhşər”dən sonrakı mərhələsi – Muğanna dövrü, məncə, alınmamış sayılmalıdır, çünki bu dönəmdə yazıçı formayla məzmun arasında əlaqəni itirdi, sıradan bir raykom katibinə tarixin ən qaranlıq məsələləri barədə hökm yürütmək səlahiyyəti verdi; elə məsələlər haqqında ki, dünya elmi bu gün belə onları çözmək iqtidarında deyil. “İdeal”da Muğannanın nəyə can atdığı şəxsən mənə gün kimi aydındır – bu gün genetika elminin ən son tapıntıları da cəmi bəşərin bir kökdən qopduğunu sübuta yetirməkdədir. Muğanna bu gerçəyi sözləri qol-budaq eləmək kimi təhlükəli bir metodla təsdiqləməyə girişdi, bu səbəbdən də məğlubiyyətə uğradı. Axı onlarla dil bilən, hətta ölü dilləri dirildən dünya miqyaslı alimlər belə bu məsələlərə olduqca ehtiyatlı yanaşırlar, dil qruplarının, dil ailələrinin ortaq keçmişinə işıq tutmaq üçün gecə-gündüz tədqiqat aparırlar. Bir yazıçı masanın arxasında oturub ağ kağıza baxa-baxa belə qəliz mətləbləri necə çözə bilər! Əlbəttə, yazıçının öz ideyasını oxucuya çatdırmaq üçün hər cür mif uydurmağa, hər cür fantastik versiya irəli sürməyə ixtiyarı var, bir şərtlə ki, uydurduğu miflərin elmiliyinə iddiası olmaya…

***

Sabir Əhmədovun sovet dövründə yazdığı əsərlər sosial baxımdan konseptuallığı ilə seçilir. Əkrəm Əylislinin eyni dövrdə qələmə aldığı povest-hekayələr də insan-cəmiyyət qarşıdurması sxemi üzərində qurulub. Fəqət bu iki yazıçının sosial platformaları arasında incə bir fərq var: siyasi dilə çevirsək, Sabir Əhmədovun qəhrəmanları sovet gerçəkliyinə münasibətdə konstruktiv, liberal müxalifətdə dururlar, Əkrəm Əylislinin personajları isə barışmadıqları eybəcərliklərə qarşı destruktiv, radikal mübarizə üsulu seçirlər.

Müqayisə üçün bu iki fərqli yazıçının bir-birinə çox bənzəyən iki povestinə nəzər salaq: “Yamacda nişanə” (Sabir Əhmədov), bir də “Kür qırağının meşələri” (Əkrəm Əylisli). Hər iki əsər bircə il fərqlə, demək olar, birnəfəsə (təqribən bir həftəyə) yazılıb. Hər iki povestin baş qəhrəmanı kür, davakar, ipə-sapa yatmaz tipdir. Ancaq Sabir Əhmədovun Laçını nə istədiyini yaxşı bilir; istəyir işi olsun, ailəsi olsun, cəmiyyətə yararlı həyat sürsün, odun üstünə su səpsin, yalandan, saxtalıqdan, riyadan uzaq dursun. Əkrəm Əylislinin Qədiri isə nə istədiyini özü də bilmir; o, həyatda zordan, zorakılıqdan savayı mübarizə üsulu tanımır, zahirən sovet gerçəkliyinə uymayan tip kimi görünsə də, ayağını həmin gerçəkliyin çərçivəsindən qırağa qoyan alverçinin piştaxtasını dağıdır, illərlə zülm verdiyi, sonra da atıb getdiyi arvadı qarışıq bütün yaxın ətrafıyla xalis bolşevik kimi olduqca radikal, qəddar davranır. Əlbəttə, dediklərim məzmundan doğan ideoloji yanaşmadır, bunları deməklə mən obrazın, ya povestin bədii siqlətini şübhə altına almıram; əksinə, mənə görə, “Kür qırağının meşələri” müəllifin şah əsəri, onun sənətkarlığının zirvəsidir.

Təsadüfi deyil ki, hər iki müəllifin əsərlərində eşq-məhəbbət süjetlərinə də çox az (o da sosial münasibətlər kontekstində) rast gəlinir, çünki onları iki cinsin qarşılıqlı münasibətindən çox fərdlə cəmiyyət arasındakı mürəkkəb münasibətlər sistemi maraqlandırır…

***

Sovet dövrü tənqidimiz üç yazıçının adını uzun illər bir cərgədə çəkib: Əkrəm Əylisli, Anar, Elçin. Bu imzaların ədəbi konsepsiya baxımından ortaq cəhətləri olsa da, onları bir-birindən ayıran cəhətlər, zənnimcə, daha qabarıq, daha güclüdür.

Anarın, Elçinin də cəmiyyətin acı reallıqlarına, həyatın dibinə, sosial orqanizmin bətninə fokuslanmış əsərləri var. Məsələn, “Dantenin yubileyi” (Anar) povesti Qoqolun “Şinel”indən, Çexovun erkən hekayələrindən, Mirzə Cəlilin “Poçt qutusu”ndan üzübəri yol gələn kiçik adamın ədəbiyyatımızda yeni libasda zühurudur. Ancaq Anar nəsrinin şah damarı, məncə, onun yaradıcılığındakı bu xətt deyil; “Ağ liman” (eləcə də “Beşmərtəbəli evin altıncı mərtəbəsi”), “Macal” kimi əsərlərində müəllif oxucunun diqqətini insan-cəmiyyət probleminə yox (bəzi məqamlarda sosial motivlər nə qədər qabarıq görünsə də), insan-həyat münasibətlərinə, dünyanın faniliyi, anın təkrarsızlığı, xoşbəxtliyin ötəriliyi, insanın kainatda tənhalığı, köməksizliyi məsələlərinə yönəldir.

Təhminəyə insan-cəmiyyət qarşıdurması kontekstində baxanların bir qismi onu qəhrəman, başqa bir qismi pozğun elan eləsə də, Təhminə epikürçü obraz tipidir. Təkcə elə onun bir neçə ətirin qarışığından düzəltdiyi, reseptini heç kəsin bilmədiyi, heç vaxt təkrar olunmayası ətir bir metafora kimi dediyimi isbat eləməyə yetər. Xoşbəxtliyin, yaşamın yalnız indiki zaman içində var olduğunu deyən Təhminənin həyat fəlsəfəsi antik dövrün epikürçülüyündən iyirminci əsrin ekzistensializminə qədər yol gəlib. Onun xarakteri də, qəhrəmanı olduğu əsərlərin mahiyyəti də bu kontekstdə araşdırılmalıdır, daha “pozğundur, yoxsa müqəddəs?” kontekstində yox.

***

Elçinin yaradıcılığında ideya-məzmun baxımından həm Əkrəmin, həm də Anarın başlıca əsərləriylə səsləşən, onlarla bir cərgədə duran əsərlər var. Məsələn, “Dolça” povesti kobud, eybəcər sovet gerçəkliyinin ifşasına yönəlibsə, “Ölüm hökmü” romanı (arxa planında sosial-siyasi motivlər tüğyan eləsə belə) bəşəriyyətə kəsilmiş amansız hökmün kafkavari diaqnozu, insanlığın çarəsizlik, əlacsızlıq epiqrizidir. Fəqət Elçin nəsrinin də qızıl xətti, məncə, bunlar deyil; onun yaradıcılığının şah damarı, fikrimcə, mərhum ədəbiyyatşünas Əziz Mirəhmədovun romantik əsərlər kimi xarakterizə elədiyi povest-hekayələrdən keçir: “Gümüşü furqon”, “Toyuğun diri qalması”, “Şuşaya duman gəlib”, “Talvar”, “Gül dedi bülbülə”…

Rus ədəbiyyatçıları əsasən də Lev Tolstoyun bədii yaradıcılığı timsalında belə əsərlər haqqında “ruhun (yaxud da qəlbin) dialektikası” ifadəsini işlədirlər. İnsan hansısa sıfır nöqtəsindən yola çıxıb bəlli bir mənəvi-əxlaqi kamillik həddinə çatandan sonra öz sərhədlərini aşıb dünyaya açılır, ruhuyla kainatın ruhuna toxunur, öz eqoistik maraqlarını başqalarının ayaqları altına atır. Əslində bu tip əsərləri romantik də yox, mistik adlandırmaq daha doğru olar. Zənnimcə, Elçinin bu qəbildən olan yaradıcılığı ideya-məzmun baxımından mistisizm kontekstində, fantasmoqorik elementlərlə zəngin “sehirli” hekayələri forma-üslub baxımından magik realizm kontekstində öyrənilməlidir.

***

Elçinin “Ölüm hökmü” romanı haqqında dediklərimi ondan da əvvəl Yusif Səmədoğlunun “Qətl günü” əsəri haqqında deyə bilərəm, ən azı o səbəbdən ki, Səmədoğlunun romanı daha əvvəl yazılıb. Bu əsər də bəşəriyyətə kəsilmiş ölüm hökmünün həm çox qəddar, həm də parlaq ifadəsidir. Forma-üslub cəhətdən Bulqakovun “Master və Marqarita”, Markesin “Yüz ilin tənhalığı” romanlarına bənzərliyi olsa da, ab-havasının ağırlığı, çıxılmazlıq duyğusunun dərinliyi etibarilə “Qətl günü” daha çox Kafkanın zülmətlə rənglənmiş əsərləriylə səsləşir.

Bəzən bu cür əsərlərin fonunda çığırışan ictimai-siyasi hadisələr, sosial motivlər nəinki oxucuları, hətta peşəkar ədəbiyyat mütəxəssislərini də aldadır. Yusif Səmədoğlunun romanında da belə tələlər az deyil. Kimsə bu əsəri sosial-siyasi, kimsə də dini-mistik əsər saya bilər, ancaq mənə elə gəlir, hər iki yanaşma qüsurludur. “Qətl günü” romanında nə din var, nə siyasət, nə Allah var, nə ədalət; burada Baba Kahanın buzlu bətnindən dünyaya dil uzadan yekə bir Fələk obrazı var ki, uşaq demir, böyük demir, padşah demir, nökər demir, haqlı demir, haqsız demir – hamını qabağına qatıb otarır, sonra da hamını bir-bir kəsib torpağa yedirir…

***

Ötən əsrin 70-80-ci illərində əsərləriylə Azərbaycan nəsrində hadisə yaratmış Mövlud Süleymanlı, Saday Budaqlı kimi yazıçıların da yaradıcılığı, fikrimcə, ədəbi-bədii təsnifləndirmə baxımından konseptual qiymətini almayıb. Burası aydındır ki, Mövlud Süleymanlının başlıca əsərləri (“Köç”, “Şeytan”, “Yel Əhmədin bəyliyi”) magik realizm, Saday Budaqlının nəsri modernizm kanonları çərçivəsində gözdən keçirilməlidir. Bu arada onu da deyim ki, Ramiz Rövşənin yetmişinci illərin əvvəllərində qələmə aldığı hekayələrinə (“Ağrı” silsiləsi), ondan bir neçə il sonra yazdığı “Daş” povestinə də nasirlərin əl işlərinə bənzəməyən şair nəsri kimi hələ də sərrast bədii-estetik dəyər verilməyib…

***

Mövzu o qədər genişdir ki, onu nəinki bir qəzet məqaləsinə, heç bir monoqrafiyaya da sığdırmaq olmaz. Bu deyilənləri yazmağımın da səbəbi ədəbi tənqidə istiqamət vermək iddiasına düşməyim deyil, tam tərsinə, sanballı tənqidçiləri, ədəbiyyat xiridarlarını polemikaya cəlb eləmək yoluyla onlardan nəsə öyrənmək diləyimdir. Biliklərinizi əsirgəməyin, dostlar!

“Yeni Azərbaycan” qəzeti

# 2779 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #