"Müsəlmanlar Qurana əməl etsələr, bizim dinə gələrlər" - Krişna məbədindən REPORTAJ

<b>"Müsəlmanlar Qurana əməl etsələr, bizim dinə gələrlər" - </b> <span style="color:red;">Krişna məbədindən REPORTAJ
28 sentyabr 2017
# 09:00

Kulis.az Beynəlxalq Krişna Şüuru Cəmiyyətindən reportajı təqdim edir.

Özümü tanıyandan inanc axtarışında olmuşam. Gah əhli-sünnilərə qoşulub “Əbu-Bəkr”də cümə namazı qılmışam, gah nurçularla iftar mərasimlərinə qatılmışam, gah Yeqova şahidləri ilə dostluq etmişəm. Ancaq adlarını çox eşitsəm də heç vaxt krişnaçılarla üz-üzə gəlməmişəm. Özü də nədənsə qeyri-ənənəvi dini icma sahiblərindən həddən ziyadə mehribanlıq, xoş rəftar müşahidə etmişəm. Təki onlara rəğbət bəslə, nə zaman desən, harda desən səninlə görüşəcəklər.

Açığı, Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin Bakı rəhbəri Ramin Əliyevdən də bu münasibəti gözləyirdim. Danışdığımız saatda “Qara Qarayev” metrosunun qarşısında görüşüb məbədə getməli idik, telefon danışığında ondan elə münasibət görmüşdüm, düşünürdüm ki, desəm Lökbatandayam, Ramin müəllim gəlib orda da qarşılayar, sonra da gətirər “Qarayev”ə. Ancaq belə olmadı. Biz “Qarayev”ə yetişəndə müəllimə zəng çatmadı, yaxşı ki, məbəd rahat yerdəydi, özümüz tapdıq.

Və budur, kənardan həyət evinə bənzəyən sarı tikilinin qarşısındayıq. Qapı açıqdır, bütün məbədlərdə olduğu kimi. Fotoqrafımız Nicatla həyətə giririk. Divarlara hind kinosundan tanış olan şəkillər asılıb. “Yəqin Krişnadır”, - düşünürəm, guya minlərlə hinduist tanrısının hamısını tanıyıram. Bəs tanrılardan başqa kimsə çıxacaqmı qabağımıza? Tərslikdən Ramin müəllimə hələ də zəng çatmır. Bu vaxt səsimizə otaqların birindən Əsgər adlı şəxs çıxır. Məbəddəcə yaşayır. Mən “burda işləyirsizmi?” soruşuram, o, “işləmirəm, xidmət edirəm” deyir. Əsgərə gəlişimizin məramını izah edirik. O, da Ramin müəllim gələnə kimi kömək etməyə razılaşır və bizi yuxarı mərtəbəyə, ibadətlərin keçirildiyi əsas salona dəvət edir.

Salonda bizi musiqiyə bənzər dua qarşılayır, səsgücləndiricilərdən ətrafa yayılan səs... Deyəsən, “Hare Krişna” oxunur... Krişnaizmin məşhur mantrası. Adam özünü Rac Kapur, Şahrux Xan kimi hiss edir, elə bil hind filmindəsən. Qaraşın fotoqrafımızın boy-buxundan hindlilərə oxşamağı lap yerinə düşür. Bu fikrimi bir azdan Ramin Əliyev də təsdiqləyəcək, Nicatı görən kimi: “Sən hazır hindlisən...” – deməklə. Məni hansı millətə oxşatması isə qoy sirr qalsın.

Məbədə daxil olanlar ehtiram əlaməti olaraq əvvəl girişdə, sonra mehrabın qabağında, daha sonra nəhəng kresloya bənzəyən taxtın üstünə qoyulmuş iri kişi fotosunun qarşısında səcdə edirlər. Kişilər adətən səcdə zamanı yerə uzanırlar. Qadınlar sadəcə diz çöküb başlarını önə əyirlər. Əsgər deyir ki, fotodakı adam Abhay Çaranaravinda Bhaktivedanta Svami Prabhupadadır - Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin qurucusu və açaryası. Ad sizə də qəliz gəldi, eləmi, bu adı oxumaq çətindir, o ki qaldı reportaj edən zaman yadda saxlayasan. Yaxşı ki, internet var, mən də ordan kopyaladım. İnternetdən başqa şeylər də oxudum. Məsələn; Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin (ISKCON) 1966-cı ildə Nyu-Yorkda yaranmasını; krişnaizmin, yəni vayşnaizmin hinduizm dini içində bir qol olmasını, ötən əsrin 70-ci illərindən SSRİ-də krişnaizmin yayılmasını və s. Maraqlı gəldisə qalanını özünüz oxuyarsınız...

Əsgər həmişə Allah axtarışında olub. Lap əvvəllər namaz qılırmış: “Öz-özümə soruşurdum ki, mən niyə doğulmuşam, mən niyə bu dünyaya gəlmişəm?” Sonralar krişnaizmdə özünü tapıb. Təkcə geyimi ilə deyil, xarici görkəmcə də hindlilərə oxşayan bir qadın mehrabdakı geyimli-keçimli iki heykələ əvvəl qoxu verir, sonra onları yelpikləyir. Mən adam heykəllərinin yanına adlamaq istəyəndə Əsgər icazə vermir, deyir, ora ancaq həmin xanım – Səmayə kimi xüsusi dərəcəsi olan adamlar keçə bilər:

- Mənim belə ora keçməyə ixtiyarım yoxdur.

- Niyə? Orda nəsə vacib iş olsa da keçə bilməzsiz?

- O başqa, adi vaxtda icazəm yoxdu. Mehrab ruhi dünyadan fərqlənmir, ora müqəddəsdir. Özü də siz heykəl dediniz. Onlar adam heykəli deyillər. Allah Ali Şəxsdirlər.

- Krişnadır?

- Beş yüz il əvvəl Hindistana enmiş Tanrının obrazıdır. Həmin tanrı bahti-yoqanı yaradıb. Orda gördüyünüz şəkillər də ruhani ustaların obrazlarıdır.

- Bu heykəllərin ikisi də eyni adamdır?

- Eyni deyil. Bayaq dedim axı, adam bizik, o Allah Ali Şəxsdir.

- Bəs mehrabdakı o qadın nə edir?

- O qadın tanrılara xidmət göstərir. Bilmirəm, bayaq fikir verdinizmi - əlindəki çiçəyi göstərir – əvvəl tanrıya təqdim elədim, sonra özüm qoxladım. – Bu vaxt o qadın mənə də bir çiçək uzadır. - Biz nə yeyiriksə, nə içiriksə əvvəl tanrıya təqdim edib sonra ondan özümüz istifadə edirik. Biz gördüyümüz hər işi xidmət şəklində edirik.

Əsgər məbəddəki işindən də danışır: “Səhər tezdən dururuq, yuyunandan sonra xüsusi geyimlərimiz var, onları geyinib bura qalxırıq, ruhani ustaya minnətdarlıq duaları oxuyuruq və başqa hazırlıqlarımızı görürük.”

Bu vaxt başqa bir qadın məbədə daxil olub girişdə səcdə edir, daha sonra mehraba yaxınlaşır. “Görürsüz, adamlar yavaş-yavaş çoxalır. Axşam saat altıda rusiyalı quru (ustad - M.A.) təşrif buyuracaq. Camaat onu dinləmək üçün yığışır.”

Bayaq mehrabda tanrılara xidmət göstərən Səmayə xanım bu dəfə də bizə çaya bənzər xüsusi içki, bir də meyvələrdən hazırlanmış yeməli bir şey gətirir.

- Buyurun, için, dadlı içkidir, bundan da yeyin, meyvələrdən hazırlanıb. – Bunu Hacı deyir, indicə gəldi. O da krişnaçıdır.

- Bizdə çay, qəhvə, spirtli içki, siqaret, narkotik vasitələr, zina qadağandır. Bir də ət yemək olmaz, vegeterianıq.

- Çayla, qəhvə niyə qadağandır?

- Çayın, qəhvənin də tərkibində narkotik var. Ona görə qadağandır.

Şərbətə bənzəyən içkidən bir neçə qurtum alıram. Ancaq, nə yalan deyim yeməyi iki qaşıqdan artıq yeyə bilmirəm, meylim çəkmir. Məndən fərqli olaraq fotoqrafımız boşqabda heç nə saxlamır. Şübhələnirəm. Ramin müəllim demiş, Nicat hindli olmasın?

Əsgər bizi Hacının dini məlumatları ilə baş-başa qoyub öz rolunu tamamlamış aktyor kimi səhnədən uzaqlaşır: “Müsəlmanlar Allahı nur aspekti kimi qəbul edir, sufilər Allahı qəlbində görür. Biz isə tanrının şəxsi aspektinə ibadət edirik. Yəni Allah-Taala şəxsdir, onun da bədəni var. Allahın bir çox enerjisi məlumdur, onlardan biri də insana bənzəməyidir. Bu gördüyünüz də Allahın mücəssəmələrindən biridir.”

Bu vaxt orta yaşlı bir kişi ilə on yaşlarında bir uşaq içəri girib mehrabın qarşısında səcdə edirlər. Səcdədən sonra uşaq gəlib yanımızda dayanır, maraqla bizə baxır. Adı Ramaldır. Burda ibadət edənlərdən birinin oğludur. Darıxmayın, bir azdan Ramalın atasıyla da tanış olacaqsız, məbəddə gördüyümüz ən qəribə adamlardandır. Hələliksə oğlundan sözləri “kəlbətin”lə çəkirik:

- Adın nədir?

- Ramal? - Çəkinə-çəkinə deyir.

- Neçə yaşın var?

- On. - Pıçıldayır.

- Məktəbə gedirsən?

- Hə, beşinci sinfə.

- Bura tez-tez gəlirsən?

- Hərdənbir.

- Bu barədə məktəbdə uşaqlara danışırsan?

- Nırç.

- Niyə?

- Onlara danışsam...

- Ələ salacaqlar?

- Yox... Çıxardacaqlar...

- Hardan?

Susur.

- Başqa dostlarına da bu barədə danışmırsan?

- Nırç.

- Bura gələndə dua edirsən?

- Hə. Krişnaya burda baş əyirəm.

- Dua edəndə nə deyirsən? Krişnadan nə istəyirsən?

- Maşın istəyirəm.

Ramal söhbətə can atmır deyə, Hacı müəllimin dəyərli məlumatlarını dinləməyə qayıdırıq:

- Ruhani ustad bizdə çox yüksək mərtəbə sayılır. Allahdan sonra gəlir. Bizim mədəniyyətdə ruhani ustada Allahın özü qədər ehtiram göstərilir.

- Mehrabın qabağındakı qutu nəzir üçündür?

- Bəli.

- Sizin dində də nəzir var?

- Bizim cəmiyyət heç yerdən maliyyələşmir, yalnız üzvlərin ianələri və o qutudan gələn nəzirlər hesabına dolanır.

“Nəzir qutusu” görəndə əksər azərbaycanlıların ağlına gələn o şeytani sual mənim də ağlıma gəlir: Görəsən, bu qutunun nəziri kimin cibinə gedir?

- Bizim həyatımız Allaha xidmətdir. İşləyən üzvlərimizin də Allaha xidməti odur ki, öz gəlirlərindən nəzir verirlər. Bu nəzirlər məbədin saxlanılmasına sərf olunur. Adamlar nəziri könüllü verir. Bir də ki, bütün bunların hesab-kitabı aparılır.

- Qadınlarla kişilər bir yerdə ibadət edirlər?

- Aha. Kişilər öndə durur, qadınlar arxada.

- Başqa müsəlman ölkələrində də Krişna cəmiyyəti var?

- Dünyanın hər yerində var.

- İranda, Ərəbistanda, Türkiyədə var?

- İranda yoqa adı ilə fəaliyyət göstəririk. İranda hələ şah dövründə Krişna cəmiyyəti olanda Azərbaycanda olmayıb. Türkiyədə də yoqa adı ilə fəaliyyət göstəririk.

- Bizdə isə dini icma kimi qeydiyyatdan keçmisiniz...

- Bəli.

Bu da Ramalın atası. Hindu geyimindədir, boynundan xüsusi torba asılı, sağ əli də torbanın içində. Adını soruşuram.

- Viphu Çaytanye Das.

Ramalın atası adını deyib qurtarmamış bir neçə uşaq hay-küylə içəri girir. Elə bil məbədə mələklər axın edir, bir anda hər yer canlanır. Aralarında biri də var, iki yaşlı, ağ donda, mələkdən fərqi bircə qanadlarının yoxluğundadır.

Bəs bu gələn kim ola, kim ola, bayaqdan telefonuna zəng çatmayan Ramin Əliyev.

- Aşağıda telefonu zaryadkaya qoymuşdum, sizə zəng edəcəkdim. – Ramin müəllim deyir.

- Biz də gördük sizə zəng çatmır, özümüz gəldik.

- Çoxdan burdasız?

- Yarım saat olar.

Ağ geyimli mələk Ramin müəllimə qısılır:

- Qızımdı, - Ramin müəllim deyir: - Əl çəkmir, mənsiz ağlayır.

- Adı nədir?

- Mirra. Anası qonaq gedib, məcburən mən baxıram.

- Uşaqlara krişna təlimini necə öyrədirsiz, bu bilikləri necə izah edirsiz? Çətin olmur?

- Uşaqlar hər şeyi bizdən yaxşı bilirlər. – Ramalın atasıdır. - Əgər reenkarnasiyaya inansaz belə suallara tez cavab taparsız. Uşaqlar əslində bizi öyrədirlər, çünki keçmiş həyatlarından təzə ayrılıblar. Artıq onlara heç nə öyrətmək lazım deyil, onlar da bizim kimi fədaidirlər.

- Siz söhbət edin, mən qızı sakitləşdirim gəlirəm – Ramin müəllim, Mirranı qucağına alıb gedir.

Ramalın atasından adını bir daha soruşuram:

- Viphu Çaytanye Das.

- Bəs əsl adınız?

- Bu əsl adımdır.

- Əvvəlki adınızı soruşuram.

- Əvvəlki adımı unutmuşam. Gərək pasporta baxam.

- Dostlar sizi necə çağırır?

- Viphu deyirlər. Bu mənim ruhi adımdır, bu adla mən ruhi aləmə daha tez yol tapıram.

- Viphu bəy, boynunuzdan asdığınız torba nədir?

- Bunun içində təsbeh var, 108 dənəlidir, hər biri Allah-Təala və onun 108 ən yaxın fədaisini təmsil edir.

- Niyə torbadadır?

- Gərək heç kəs görməsin.

- Təsbehi çevirəndə nə oxuyursuz?

- “Hare Krişna” duasının iki cür oxunuşu var. Biri camaat içində oxunuşdur, o biri də fərdi oxunuş. Təsbeh çevirəndə “Hare Krişna” oxuyuruq.

Viphu alnındakı işarə, geyimi və davranışı ilə hindu rahiblərini xatırladır. Elə bil danışmaq, camaat arasında görünmək istəmir, guşənişin olmaq istəyir. Özünü əsl ruh adamı, dərviş kimi aparır və daha heç nə soruşmadığımı görüb sakitcə çəkilərək zikr edə-edə məbədin həyətində gəzinməyə başlayır.

Saytdan gəldiyimizi öyrənən bir xanımsa yaxınlaşıb özünü təqdim edir: “Oğlum, mən ruhi mədəniyyətin təbliği ilə məşğulam. Adım Padma Devi Dasadır. – Əsl adım Fərqanə - İslamdakı adım isə... İslamda da ad almışam, Fatimeyi-Zəhranın şərəfinədir adım.”

Padma Devi Dasa, eləcə də Fərqanə, eləcə də Fatimə xanım (yoruldum – M.A.) əvvəllər müsəlman kimi namaz qılıb, ibadət edirmiş, özü də Ərəbistanda təhsil alıb, Quranı əzbər bilir. Ancaq sonradan krişnaizmə üz tutub. Yaxşısı budur özü danışsın:

“Hər bir dövrün özünün qanunları, yolları var. 120 milyon 400 min il qabaq ruhun kamilliyi haqqındakı bu elm yaranıb. Vaxt vardı insanlar bir dildə danışırdılar, o da sanskrit dili idi. Onda insanlar demirdilər, mən müsəlmanam, xristianam, yəhudiyəm. O vaxt insanlar bir Allahı - Krişnanı çağırırdılar. Krişna “cəlbedici” deməkdir, Rama “sevindirici”. O, qızıl dövr idi, indi isə dəmir dövründə yaşayırıq. Qızıl dövrün insanlarının boyu 1 kilometr 800 metr olub, yüz min il yaşayıblar. Mənim nənəm deyərdi ki, vaxt gələcək insanlar balaca olacaq, çiyələk koluna tüfəng açacaqlar. İndi baxıram ki, insanlar get-gedə balacalaşır. Sən demə qədimi insanların bunlar haqqında bilikləri varmış. Sivilizasiya aşağı düşdükcə bu yollar unudulub. Gümüş dövründə insan on min il yaşamağa başladı, boyu da qısalıb 180 metr oldu. Mis dövründə insan boyu yenə aşağı düşdü, 18 metr oldu. Quranda yazılıb: “Kim Quran və Qurandan əvvəl göndərilən kitablara iman gətirirsə...” İslamdan əvvəlki kitabları oxumasan, “Rəhman” sözünün mənasını aça bilməzsən. Mən Allahı təbliğ edirəm. Həzrəti Əli deyir ki, hardan gəlib hara getdiyini bilmirsənsə insan adını daşımağa layiq deyilsən. Mən buddizmin də təbliğatçısıyam, caynizmin də, islamın da, yəhudiliyin də, xristianlığın da...”

Adı Salman Rüşdinin “Gecəyarı uşaqları” əsərinin qəhrəmanı Padma ilə eyni olan xanım maraqlı söhbət eləsə də onu yarıda kəsməli oluruq ki, başqalarına da zaman çatsın. Necə ola bilər, bu boyda məbədə gələsən, ancaq bayaq mehrabda Allaha yemək təklif edən, onu yelpikləyən xanımı danışdırmayasan - Səmayə xanımı deyirəm. Özünün sözlərinə görə doxsanıncı illərdə krişnaizmə üz tutub, o vaxta qədər allahsız imiş. İngilis dilini özü öyrənib, krişnaizmə aid kitablar tərcümə edir.

- Səmayə xanım, bayaq mehrabda nə edirdiz?

- Əvvəl Allaha ətirli çubuq təklif elədim, sonra da ətirli gül təklif elədim. Ətirli çubuq ona görə təklif elədim ki, pis ruhları qovum, ətirli gül ona görə təklif elədim ki, həzz alsın Allah. Yelpik də təklif elədim ki, ona yaxşı olsun. Bilirsiz necə, Allah birdir, ancaq o bizə yaxın olmaq üçün müxtəlif forma alır. Və bizim xidmətinizi qəbul edir.

- Anladım.

- Heç nə anlamdız (gülür). Bunun üçün gərək “Hare Krişna“ oxuyasız.

Səmayə xanım deyir, ətin zərərini elmi surətdə öyrənəndən sonra ondan imtina edib: “Doxsanıncı ildən ət yemirəm, bizim bədənimiz heyvan qəbiristanlığıdır.”

- Bəs ətə ehtiyac hiss etmirsiz?

- Yox.

- Mən özüm ətyeyənəm, işdir, birdən krişnaid olsam nə edərəm?

- Lazım deyil atmaq, gərək içəridən gəlsin. Krişna yolu xoşbəxtliklə doludur, əgər kimsə bu yola gəlib iztirab çəkirsə o Krişna yolunda deyil. Ət istəyirsizsə yeyə bilərsiz.

- Hamı kimi toya-yasa gedirsiz, yoxsa krişnaid olduğunuza görə belə şeylərdən uzaqsız?

- Əlbəttə gedirəm. Toyda oynayıram, tərkibində ət olmayan yeməklərdən yeyirəm, ancaq pul salmıram.

- Niyə, sizin dində toya pul salmaq da olmaz?

- Çünki bilirlər pulum yoxdu (gülür). Yasda da otururam. Nolsun onlar mərsiyə deyirlər yasda. Göydən düşməmişəm ki. Eyni mədəniyyətdir də. Əgər müsəlmanlar Quranda yazılanlara əməl eləsələr krişanizmlə heç fərqləri olmaz, bizim dinə gələrlər, ət yeməzlər.

- Quranda “Ət yemək olmaz?” deyə bir şey yazılmayıb axı?

- Quranda “İnək” surəsi var. Deməli inək adi heyvan deyil.

- Müqəddəsdir?

- Anamızdır da, süd verir bizə. Öküz də atamızdır, onunla torpağı şumlayırıq bizə taxıl verir.

Bu vaxt Ramin bəy məni səsləyib müsahibəyə çağırır. Tanrını yelpikləyən Səmayə xanımla sağollaşıb Ramin müəllimin yanına getməyə məcburuq. Sakit bir guşəyə çəkilib söhbətə başlayırıq. Ancaq nə danışdıq, nədən danışdıq, bunu yazımızın ikinci hissəsində oxuyarsız, bu dəfəlik bəsdir.

Sağlıqla qalın.

Hare Krişna!

# 3087 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #