Orxan Fikrətoğlunun yeni hekayəsi: “Cemin atası mələkdir”

<span style="color:red;">Orxan Fikrətoğlu nun yeni  hekayəsi: <span style="color:red;">“Cemin atası mələkdir”
28 fevral 2018
# 15:32

Kulis.az yazıçı Orxan Fikrətoğlunun “Cemin atası mələkidr” hekayəsini təqdim edir.

Cemin atası mələkdir. Qanadları da var. Gözümlə görmüşəm. Boyu çox ucadır. Yanar dağ boyda olmasa da, qız qalası boyda olar. Adı məhləmizin üstünü qalın yorğan kimi örtsə də özü yerlə göy arasında qalıb. Məhlədə Cemdən başqa heç kim ona yaxın gələ bilmir. Təni od kimidir. Adamı qarsır. Başının üstündə dəmir halqaya bənzər qırmızımtıl halə var. Gündə beş-altı dəfə özü-özünə közərib çırtıldayır. Ölüdən də “arxa” uman bələdiyyə sədri Məlikağa Cemin atası göydən enəndən işıq dirəklərini məftillər qarışıq Gürcüstana satıb. İlin-günün bu vaxtı kim puldan qaçar? Məlikağanın ərizəsiylə işıq idarəsi Mələyin başındakı elektrik haləsinə tel atıb məftil-məftil evlərə paylayırlar. Cemin atası “Atom elektrik stansiyasıdır”. Məhləyə pulsuz işıq verir. Onun işığı hökumət işığından gurdur. Göyün nuru qədər safdır. Bu ağlıq altında dibsiz qaranlıqlar belə aydınca görünür. Şüləyi haçansa olacaqları belə indidən işıqlandırır.

O, məhləyə gələndən biz ancaq bu günlə yaşayırıq. Bizim üçün hə keçmiş var, nə gələcək. Məhlədə nə qocalan var, nə ölən. Hamı sevinə-sevinə yaşadığı günün havasındadır. Uzun ömürlü olduğumuz üçün şəhərdə bizə “Qarğalar” məhləsi deyirlər. Cemin özündən savayı heç kim onu yaxından görməyib. Çox işıqlıdır deyə üzünə baxmaq olmur. Göz tutulur. Onu görmək üçün gözümüz hələ qaranlıqdır. Məhlədə alayı işıq da yoxdur ki üzünə tutasan. Ətrafımızda da fikirlərimiz kimi zülmət qaranlıqdır. Bunu yaxşı bildiyindən kişi stadion projektoru kimi səhərdən axşama kimi məhlənin başı üstə dayanıb bizə göz vurur. Hərdən nəfəsini dərib tüstü verə-verə “paravoz” kimi fısıldamağı da var. Yemək yemir. Su, heç içmir. Eləcə fənər kimi göydən asılıb durub.

Mələk olmağına baxma. O da bakılılar kimi uşaq istəyəndi. Göydə nə qədər işi olur-olsun Cemi unutmur. Hər axşam onu özüylə göyə aparır. Gülə-gülə Cemi buludlardan yuxarı atıb tutmaq onun sevgi əyarıdır. Mələk sevgisi bu boyda olacaq da. Cemin də yeməli vaxtıdır axı. Beş yaşı təzəcə tamam olub. Hələ bizim bu ilğım dünyanı dişinə vurmayıb, yaxşı tanımır. Dil də açmayıb ki danışa. Eləcə iri, kömür kimi qara gözlərini geniş açıb dinməz söyləməz atasının işığı altında başqa cür görünən insanların boş çuval kimi dartılı üzlərinə baxır.

Yaltaqlıqda ad çıxarmış Xaliq kişi Mələyə yarınsın deyə Cemə bizim dildə danışmağı öyrədir. Xeyri yoxdur. Cem bizim dildə danışmır. Quş səsinə oxşar qəribə səslər çıxarır. Onların evində bizim kimi danışan ancaq Cemin anası Məsmədir. Məsmə də bir növ mələkdir. Yer Mələyi. Onun Cemin atasına layiq nə gözəlliyi var, nə xasiyyəti. Gödək, əyri qıç, fikri-xəyalı ancaq pul olan xalis “yer adamıdır”. Başını qaldırıb bircə dəfə də olsun ərinin işıqlı üzünə baxmayıb. İşi-peşəsi ayağından dartıb onu göydən yerə salmaqdır.

Məsmə yerin ötəri dəbini göyün oturuşmuş təbindən daha yaxşı bilir. Mələyə çevrilmək qədər arif deyil. Dəb adamıdır. Onun o gözəllikdə mələklə harda və necə sevişdiyini məhlədə heç kim görməyib. Bir də gözümüzü açıb görmüşük ki, Cemin beş yaşı var. Mələklər cürbəcür olur. Göydən yerə müjdə gətirəni var. Burdan ora xəbər aparanı var. Sən Cemin atasının bəxtinə, taleyinə bax. Ona Məsmə ilə sevişmək buyrulub. Mələklər də buyruq quludur axı. Nə buyursalar canla başla eləyirlər. Hərdən də mənə elə gəlir ki Məsmə arvad mələyi güllə ilə vurub göydən yerə salıb. Ya da sapandla daşlayıb. Nə bilim vallah. Adam babal da yuya bilmir.

Cemin atası bizlərdən biri olsaydı kefinin yaxşı vaxtı ondan xəbər alardım: “Qədeş, sən allah bu əyriqıç Məsməni alanda gözün kor olmuşdu sənin? Onu öpüb eləyəndə bir qara ləkərinə də baxaydın da!”.

Amma o da var ki, mələklər həqiqətən də kor olurmuş. Bunu mənə Cem deyib. Onlar bizi necəsə başqa yerləri ilə görürlər. Gözləri olmur. Çox güman ki, bu evlilikdən Mələyin özü də peşimadır. Amma mələkdir deyə özünü sındırmır. Səsini çıxarmır. Bəlkə mələklər heç zaman boşanmırlar. Onlar üçün pis adam yerli dibli olmur. Bilmirəm axı. Təkcə onu bilirəm ki, kiməsə yaxşı və ya pis deməyi biz insanlar düşünmüşük. Mələklər üçün yaxşı və ya pis heç nə yoxdur. Mələklər üçün hamı mələkdir. Nə bilim vallah? Düzünü hardan bilim? Cemin atasına qədər mələk görmüşdüm? İndi ya zəlzələdən, ya vəlvələdən. Fərq eləməz. Olan olub, keçən keçib.

Məsmə arvad öz xoşu ilə o gözəllikdə mələyi əlindən buraxmayacaq ki. Bu işdə sən ilahi müdaxiləni də az bilmə! Bəlkə də bu evlilik ağlımıza belə gəlməyən bir sirrin açılmasından ötrüdür. Nə olsun ki, beş ildən sonra bəsirət gözüylə Cemin atasının Mələk olduğunu görmüşük. Elə bilirsiz onun məhləyə nəyə görə işıq saçdığını bilirik? Əttövbə əgər biliriksə. Vallah bilmirik. Vallah bu işin niyə belə olduğu ağlımıza belə gəlmir. Biz işıq qanırıq? Biz qaranlığıq. Könlümüzə gör haçandı işıq düşmür.

Biz xarabət əhli olsaq da, Məsmədən şükürlüyük. O, deyəsən bir yastığa baş qoyduğu ərinin mələk olduğunu bilmir. Ona elə gəlir ki, əri yadplanetlidir. Qonşulara da belə deyir: “Əşşi, siz onun göydən sallanmağına baxmayın. Əlindən bir iş gələn deyil. Əfəlin biridir. Fərsizdir e. Ona deyirəm, ay kişi, sən o göydə qalmış dədənin goru mənə bir möcüzə göstər. Əgər doğurdan da mələksənsə adi dəmir parçasını gözümün qabağında qızıla çevir. Mən də ərimə baxım sevinim də. Deyim, kişim doğurdan da ailəsini mələk kimi saxlayır. Həm də inanım ki, sən doğurdan doğruya mələksən. Nə desə yaxşıdır? Sən allah neynəsə yaxşıdır? Gülməyin ha. Hər gecə mənim üçün burnunun deşiklərindən qızıl gül çıxardır. Mən gülü neynirəm? Əgər o siz deyən kimi mələk olsaydı duadan-zaddan oxuyub məni dünyanın yiyəsi eləyərdi də. Yerlə-göy arasında yaşadıb acından öldürməzdi ki. O, mələk-zad deyil. Başında fənəri olan adi qumanoiddir!”

Hərdən də mənə elə gəlir ki, Cemin atası Əzrayıldı. Məsmə qanadlarını qırıb kişini karsız eləyib. Görmürsüz çoxdandı məhlədə heç kim ölmür. Amma bu fikrim də o qədər inandırıcı deyil. Ola bilməz. Əzrayildən çox o bizim məhləyə nəsə gətirənə oxşayır. Məsmə onun üçün dünyaya yaraşan gəlirli bir iş də tapıb. Hər gecə Cemin atası Məsmə üçün göydən rəngbərəng ulduz qırıntıları gətirir. Ağzında mələk deyirsən. Göbəyi göydə kəsilənin hədiyyəsi ulduz olacaq da. Arı şanı olmayacaq ki. Göy üzünün çiçəyi ulduzlardır. Ulduzlar ordakı çəmənliklərdə burda çiçək bitən kimi bitirlər. Əlin çatanı dərə bilirsən. İstəsən bir canı sulu buludu aşağı əyib ulduz çiçəkləri çiləkdən suladığın kimi hər gün sulayarsan da. Amma sözüm ulduz sulanmasında deyil. Sözüm Məsmənin tamahındandır. Ulduz ola, Məsmənin tamahı ola. Dedim axı, Məsmə gözlə görünən hər şeyi, hətta mələyin özünü belə pula çevirməyi bacaran xalis alver adamıdır.

Gözü açılandan əvvəldən axıra qədər oxuya bildiyi yeganə mətn manatın üstündə yazılmış beş-altı hərifdir. Hərif bilməsə də Məsmə “hərif” deyil. Ərinin ona xatirə kimi göydən düşürdüyü ulduzları nənəsi Ələviyyə kimi sandığa yığmır. Zərgər Vahidə verir ki, brilliant adıyla camaata sırısın. İndi sən təzada bax. Bu Cemin atası, bu da anası. Məsmə ellik gor əhli kimi ancaq qarnını düşünür. Mələk də ellik göy əhli kimi göylə gedir.

Yazıq Cem, bu ayrı-ayrı hallar içində necə dil açıb danışsın? Lap danışsa belə kimə nə desin? Desin ki, atam göydədir, anam yerdə? Yazıq Cem dil açıb dillənəndə atası ilə anasını bir köşəyə yığıb necə danışdıracaq? Bu ərlə arvadın özləri hələ bir dilli deyillər. Cem desin ki, yerlə-göy heç zaman bir ola bilməz. Desin ki, yerin üzü mələkləri öldürmək üçün tələdir? Deməz axı. Ona görə deməz ki, özü də mələkdir. Yəqin, yerə də elə-belə göndərilməyib.

Ərinin adı Məsmənin başqa işlərinə də yarayırdı. İşıq kirəsi ödəmirdi. Bələdiyyə sədri həftədə bir dəfə keçirdiyi iclaslarda onun adını çəkirdi. Polisi ərinin qarsıdıcı istisi ilə qorxudub ulduz qırıntılarını satdığına görə “haqq” vermirdi. Hətta bir dəfə onu hansısa bir Norveç şirkəti hamam çəkələklərinin baxış sərgisinə belə dəvət etmişdi. Ona qalsa, göydə bir dənə də olsun salamat ulduz qalmazdı. Hamısını yerə daşıtdırıb satardı. Nə yaxşı ki, Cemin atası onun bu istəyini qulaq ardına vururdu. Hələ ki külli- kainat Cemin atasının nəfs toxluğuna hərlənirdi.

Hərdən yeri-göyü yaradan Allah da Məsmənin nəfsiylə bacarmırdı. Allahın o boyda mələyini Məsmə yerlə-göy arasında günəmuzd işləyən qatar bələdçisinə çevirmişdi. Amma sən sevgini də az bilmə. Sevgi sənə asan iş kimi görünməsin. Sən çalış Məsməyə mələyin gözüylə baxasan. Allah istəyəndə quru daşın üstündə belə sevgi göyərdir. İndi bu iş də belə.

Mələklə Məsmənin sevdası tamam başqa bir həngaməydi. Deyiləsi, yazılası iş deyildi. Onların Cemi harda və hansı yolla yaratması da məhlə arvadları üçün sirri-xudaydı. Mələk isti, Məsmə soyuq. Mələklərin görəsən uşaq yaratmaq üçün nələri var? Bunlar biri-birilərinə nətər yaxın durublar? Harda öpüşüb görüşüblər? Amma bir iş də var ki ağzında mələk deyirsən. Kenquru demirsən.

Bəlkə Cem mələyin quruca nəfəsindən yaranıb. Bu işdə Məsməyə heç ehtiyac olmayıb. Bəlkə də Məsmə Məryəm ana kimi hələ də bakirədir? Nə bilmək olar. Axır vaxtlar günəş də gözümə bir qədər kəm görünür. Elə bil bir az kiçilib. Allah axırını xeyir eləsin. Məsmə arvada nə var ki. Bir də gördün günəşi paralayıb bit bazarında su qiymətinə satır. Hərdən göy üzü sıx buludlu olanda Məsmə arvadın evindəki ulduzlar işıq-işıq parıldayır.

“Çoban aldadan” ulduz misalı yanıb sönən bu parıltılı daşların işığını uzaqdan görən bəzi hərbi uçaqlar çaşıb göydə yollarını azırlar. Yeri göyə, göyü yerə oxşadırlar. Onları da bizim kimi hələ ki Allah saxlayır. Nə deyim vallah. Daha olan olub keçən keçib. İndi bu evliliyin çözülməsi daha kimə lazımdır? Ortada ayı boyda Cem var. Bundan sonra daha nə mələk maraqlıdır nə Məsmə! Cemin varlığı yerlə-göyü birləşdirib. Mələyi də, Məsməni də keçmiş edib.

Cem atasını anasından çox istəyir. Üzdən də ona oxşayır, nəfsinin toxluğundan da. Qanadları olmasa da onun ürəyi atası kimi sevdalıdır. Onun da başının üstündə işıq haləsi var. Kibriti çəkib alışdırsan, yanacaq! Boyu da tay tuşlarından iki baş hündürdür. Çinədanında atasının deyə bilmədiyi sözlər də çoxdur. Beş yaşından atası kimi o da dünyanı işıqlandırmaq istəyir. Ayaq üstə olana becid qaçmağı, yıxılana tələsik ayağa durmağı öyrədir.

Buludlu havalarda Cemin atası nədirsə göyə çəkilir. Cemlə birlikdə biz də oturub səbrlə onun yolunu gözləyirik. Ayda bir dəfə məhlə adamları onunla Allaha məktub göndərirlər. Heç kəsə yox demir. Eləcə gülümsünüb məktublarımızı qanadlarının altına qoyur. Mələk Məsmə ilə evlənəndən məhlədə heç kəsin dərdi yoxdur. Hamı xoş halıdır. Allaha bağlıdır.

Dünya beləcə Cemin atasının işığına fırlanacaqdı. Qoymadılar ki. Məhlə adamları beləcə min il yaşayacaqdılar. Olmadı ki. Soruşma kim qoymadı. Deməyəcəm. Mələk göylə yer arasında, Məsmə arvad da yer üstündə birtəhər yaşayıb Cemi böyüdəcəkdilər. O da alınmadı.

Necə oldusa Cem qəfildən mənanı anladı. Və birdəfəlik susdu. Sən yazı yazanı da az bilmə. Özümü demirəm ha. Bu oxuduğun yazını mən yazsam da mənim də yazımı yazan var. Nə yerdə, nə də göydə, “gorsuz” yazı yazılmır, ey qafil. Onu bil ki hər bir adam ömründə bir dəfə öz doğma “goru” ilə rastlaşacaq. Hər bir adamın, hər bir işin axır “goru” var. “Gor” üstünə qara kəlağayı atılmış ömürdür. Orda, o qara kəlağayının altında nə baş verir onu heç kəs bilmir. O, qaranlıq məkan ancaq “gor” yiyəsi üçün içəridən işıqlıdır. O, gor dediyin hər bir adamın gizlini, sirridir.

Bir gün cənab Əzrayıl Cemin zamanı yetmiş babası Səmədin əlindən tutub “gora” apardı. Babası gedən gün Cem “gorun” nə olduğunu anladı. Anladı ki, bütün insanların sonu ölüm imiş. İnsan sonda “gora” gedir. Baxıb gördü ki, babası yoxdur. Hamı burdadır o isə yoxdur. Bu dünyanı hələ əməlli-başlı anlamamış Cem “goru” heç anlaya bilməzdi. Bu kişi necə oldu? Dünən burda idi axı. Ola bilməz ki, adam birdən-birə yox olsun. Yox olsa onda adam olmağın mənası nədir?

Heç bir məqsədi olmasa, Allah insanı yaratmaz. Suallardan beyni yorulmuş Cem babasının arxasınca “gora” düşdü. “Goru” diriykən hələ heç kəs görməmişdi. Buranın torpaq qoxulu tamı vardı. Sağdan alov, soldan nəmişlik qoxusu bürkü kimi Cemin üzünü qarsırdı. Beləcə bu dar dolanbac yol ilə Cem canı sıxılana qədər getdi. Dayananda qarşısında qara qanadlı bir quş gördü. Quşun bir suyu atasına oxşayırdı. Dimdiyində lələkli qələm vardı. Əlini uzadıb lələkli qələmi quşun dimdiyindən götürdü. Quş dərindən nəfəs alıb iki dəfə asqırdı. Sonra tükləri tökülmüş caynağını Cemə uzadıb “Yaşadığın işıqlı dünyada nə görmüşdünsə bu qələmlə ovcuma yaz!” - dedi.

Cem beş yaşına qədər dünyada gördüklərini elə indicə qarşısında süfrə kimi açılmış quşun ovcuna yazmaq istədi. Birdən atasının mələk, anasının yer qadını olduğunu xatırlayıb başını yuxarı qaldırdı. Yuxarıdan kimsə sevgiylə ona baxırdı. Sağdan, soldan canını sıxan qəbir evinin çox geniş göyü var imiş. Görəsən yuxarı qalxmaq Cemin ağlına əvvəldən niyə gəlməmişdi? Cem sevinə-sevinə təkan verib yuxarı hoppanmaq istədi. Ya ayaqlarının heyi yox idi, ya da bədəni “gorda ” ağırlaşmışdı. Özünə gücü çatmadı. Titrəyən əlləri ilə quşun lələklərini tumarlayıb: “Babamı gorda görüb geri qayıda bilərəm?”- soruşdu.

Quş: “Hələ heç kəs burdan geri qayıtmayıb!” - söylədi.

Cem beş il ərzində gördüklərini bir-bir yazıb qələmi yenidən qara quşa qaytardı.

Quş qələmi alıb göyə çəkiləndə Cem torpaq üstə uzanmış Babası Səmədi gördü. Nə qədər çağırsa da babası onu eşitmədi. Yuxarıdan ona doğru enən qaraltını görənə qədər Cem babasını hayladı. Babası onu eşitmədi ki, eşitmədi. Qaraltı Cemin əlindən tutub qəbir evindən yuxarı qaldırdı. Cem gördü ki, boyu uzanıb buludlara dəyir. Yaşı da çoxalıb. Bir xeyli beləcə o qaraltıyla harasa uçdular. Sonra gözlə görünməyən o qaraltı Cemi bir yaşıl vadiyə çıxarıb sal daş üstə oturtdu.

Qeybdən gələn səs Cemə “Otur, gözlə! Baban özü gələcək!” - dedi.

Cem beləcə altı il gözlədi.

Altı ilin tamamında Babası Səməd kişinin axsaya-axsaya ona sarı gəldiyini gördü. Cem babasının axsadığını yuxarı dünyada görməmişdi. Ayağa qalxıb babasının boynuna sarıldı. Babası sınıxmışdı. Gözünə küskün dəyirdi.

Göz yaşlarının arasından: “Ay Baba, sən dünyada axsamırdın axı!” - pıçıldadı.

Babası da Cemi gördüyünə sevinmişdi. Sevincinin içindən: “Altı ildir yol gəlirdim. Buna ayaqmı dözər?” - söylədi.

Cem: “Baba, burda nə var?” - soruşdu.

Səməd kişi: “Ay bala, burda heç nə yoxdur. Burda nə baba var, nə nəvə var! Burda doğma, yad, dost, düşmən-filan da yoxdur! Burda nəfs də yoxdur, istək də. Arzu da. Burda düşüncələr də yoxdur. İstəklər də. Ağrı da! Burda heç nə yoxdur! Burda bədən də yoxdur. Ancaq təəssüf var, mənim balaca Cemim! Məni yola çıxarıb dolandıran da həmin o təəssüfdür! Gözümə yol kimi görünən isə peşmançılıqdır!” - dedi.

Cem: “Sən altı ildir hara gedirdin ki, ay Baba?” - xəbər aldı.

Səməd kişi: “Bilmirəm ki!” - dedi.

Cem babasının əlindən tutub onunla birlikdə yol getmək istədiyi an qarşısında atasını gördü. İri qanadlarını üstünə gərmiş atası bir göz qırpımında Cemi qucağına alıb yuxarı dünyaya çıxardı. Atası onu qucağından torpaq üstünə qoyanda Cemin iyirmi dörd yaşı vardı. Hava da soyumuşdu.

“Goru” görüb geri dönmüş Cem birdən-birə anladı ki, üç ayrı zaman kəsiyində “tanıyacaq” ömrünü bir düşüncə halqası içində yaşamağı öyrənməlidir. O, göydə olan mənanı, “gorda” anlayacağı həqiqəti və bu yalan dünyada yaşayacaq sevgini bir yaddaş uzunluğunda yaşamağı bacarmalıdır. Sualın cavabı bu üç halın çarpazlaşdığı yerdədir. Bu halın birinə çox, birinə az bağlansan heç nə anlamayacaqsan. Ömür dediyin göydə yazılmış taledən, yerin altında yaşanacaq ölümdən və bu görünən dünyada idarə olunan təsadüf və yalançı doğmalıqlardan ibarətdir. Bu üç ayrı-ayrı halın harda qovuşacağını zamanında anlamaq isə heç kəsə nəsib olmadığı kimi ona da nəsib olmayacaq. İnsan haldır, canlı deyil. O, həm mələkdir, həm insandır, həm də çürüyəcək cəsəd. Bunu bilən Cem atası kimi birdəfəlik susdu. Bir də heç zaman danışmadı.

Cemin atası özündən çox yaşadı. Sən bizə baxma. Bizi zaman öldürür. Mələklər isə ölmürlər. Ona görə ölmürlər ki, onların ölüb çürüməyə canları olmur. Onlar haldırlar.

# 1128 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #