Onlar özlərini yazmağa necə məcbur edirdilər?

<b>Onlar özlərini yazmağa necə məcbur edirdilər?</b>
14 sentyabr 2017
# 12:37

Dahiyanə əsərlər necə yaranıb? Nabokov “Lolita”nı yazmağa özünü necə məcbur edib? Aqata Kristi harada yazırdı? Heminqueyin günlük rejimi necə idi? Məşhur yazıçıların yaradıcı proseslərinin bu və başqa təfərrüatları ilə bu yazımızda tanış ola bilərsiz.

Kitab yazmaq üçün ilk növbədə təb gəlməlidir. Ancaq hər bir yazıçının özünə aid ilham pərisi-muzası olur, özü də bu muza həmişə və hər yerdə gəlmir. Məşhur müəlliflər yazmağa çalışdıqları əsərin süjet və personajlarını ən yaxşı şəkildə başlarında cəmləmək üçün hansı hiyləgərliklərə əl atmayıblar ki. Kim inanardı ki, bu dahiyanə əsərlər belə şəraitlərdə yaranıblar.

1. Aqata Kristi (1890-1976), kitablarının sayı onu keçəndən sonra da anketlərin “məşğuliyyət növü” qrafasına “evdar qadın” qeydini edirdi. O, fasilələrlə yazırdı. Nə ayrıca kabineti vardı, nə də yazı masası. Yataq otağındakı əl-üz yuma stolunun arxasında da yaza bilirdi, nahar masasında yemək yeyərkən də yaza bilirdi. “Mənim üçün yazmaq çox çətin idi. Ancaq təkliyə çəkilmək imkanı qazandımmı, ardımca qapını örtüb, heç kəsin mənə mane olmamasına nail oldummu, o zaman hər şeyi unudurdum.”

2. Frensis Skott Fitscerald (1896-1940) özünün ilk romanı “Cənnətin bu üzü”nü təlim düşərgəsində olduğu zaman boş vaxtlarında əlinə keçən kağız parçalarına yazıb. Hərbi xidmətdən sonra nizam-intizamı unudan yazıçı ilham mənbəyi kimi alkoqoldan istifadə etməyə başladı. Nahara qədər ya yatır, ya da işləyirdi, gecəni isə barda keçirirdi. Aktivlik damarı tutanda bir oturuma 8000 söz yaza bilirdi. Bu, iri həcmli hekayə üçün kafi, povest üçün az idi. Fitscerald “Nəvazişli gecə” romanını yazdığı dövrdə yalnız üç-dörd saat ayıq qala bilirdi. “Redaktə prosesi zamanı içməklə incə qavrayış və mülahizə yürütmək heç cür uyğun gəlmir.” - Spirtli içkilərin yaradıcılığına mane olmasından şikayətlənən Fitscerald naşirinə belə yazırdı.

3. Qustav Flober (1821-1880) “Madam Bovari”ni beş ilə yazıb. Əsər çox ləng və əziyyətlə irəliləyirdi: “Bovari” getmir. Bir həftəyə iki səhifə yazılıb! Üz-gözümü əzişdirmək üçün əməlli-başlı səbəb var”. Flober səhər saat onda yuxudan ayılır, yataqdaykən qəzetləri, məktubları oxuyur, qəlyan çəkir, anası ilə söhbətləşirdi. Bundan sonra vanna qəbul edir, səhər və nahar yeməklərini birləşdirib yeyir, gəzintiyə çıxırdı. Qohumunun qızına tarix və coğrafiyadan bir saat dərs keçəndən sonra kresloya əyləşərək axşam yeddiyə qədər oxuyurdu. Yaxşıca yeyəndən sonra sevimli anası ilə bir neçə saat söhbət edir və nəhayət gecə düşəndən sonra yazmağa başlayırdı. İllər sonra o, yazırdı: “Nəhayət, yazmaq həyatdan sürüşüb getmək üçün ən yaxşı vasitədir”.

4. Ernest Heminquey (1899-1961) ömrü boyu şəfəq söküləndə yuxudan qalxıb. Hətta gecə yarıya qədər içdiyi günlərdə də o, səhər altıdan gec oyanmırdı. Rəfin yanında dayanan Heminquey günortaya qədər işləyirdi. Rəfin üstündə çap maşını vardı, maşınkanın üstündə isə üzəri kağızlarla örtülü taxta lövhə olardı. Karandaşla yazandan sonra o, lövhəni götürüb yazdıqlarını maşınkada yığırdı. Heminquey hər gün yazdığı sözləri sayır və bunun qrafikini tuturdu. “Yazıb qurtarandan sonra içinin boşaldığını, ancaq yenə də dolmağa başladığını hiss edirsən, elə bil sevimli bir adamla sevişmisən”.

5. Ceyms Coys (1882-1941) özü haqqında yazırdı: “Səxavətsiz, ekstravaqantlığa və alkoqolizmə meylli adam idim.” Nə rejimi, nə də təşkilatlanmağı vardı. Səhər saat ona qədər yatır, buynuzşəkilli bulka və kofe ilə səhər yeməyini yeyir, ingilis dili və pianinodan pullu dərslər verir, daima borc edir və siyasət barədə söhbətləri ilə kreditorlarının başını qatırdı. “Uliss”i yazmaq fasilələrlə yeddi ilini aldı. Bu müddət ərzində o səkkiz xəstəlik tapdı, İsveçrə, İtaliya və Fransada yaşadı, ümumilikdə on səkkiz dəfə yer dəyişdi. Bu illər ərzində o yazmağa təxminən 20 min saat vaxt ayırdı.

6. Haruki Murakami (doğum 1949) hər səhər dörddə yuxudan durub dayanmadan altı saat işləyir. Bundan sonra qaçışla, üzgüçülüklə məşğul olur, kitab oxuyur, musiqi dinləyir. Axşam doqquzda isə yatır. Murakami hesab edir ki, təkrarlanan rejim ona trans vəziyyətinə düşməyə kömək edir, bu isə yaradıcılıq üçün faydalıdır. O, nə vaxtsa oturaq həyata keçirir, kilo alır, günə üç qutu siqaret çəkirdi. Sonra kəndə köçdü, balıq və tərəvəzlə qidalanmağa başladı, siqareti atdı, nəhayət 25 ildən çoxdur ki, qaçışla məşğuldur. Onun yeganə çatışmayan cəhəti ünsiyyətcil olmamasıdır. Rejiminə əməl etmək üçün Murakami bütün görüşlərini təxirə salmalı olur, dostları isə buna görə ondan inciyirlər. “Mənim gün rejimim oxucuların vecinə də deyil, təki növbəti kitab əvvəlkindən yaxşı olsun”.

7. Vladimir Nabokov (1899-1977) romanın cızma-qarasını kiçik kartoçkalara qeyd edir, kataloq üçün tutduğu uzun qutuya yığırdı. O, mətnin hissələrini kartoçkalara yazır, sonra fraqmentləri və kitabın fəsillərini bir yerə toplayırdı. Beləliklə sanki əlyazma və yazı masası bircə qutuya sığışmış olurdu. Nabokov “Lolita”nı gecələr, avtomobilin arxa oturacağında yazıb. Belə hesab edirdi ki, burda səs-küy və yayındırıcı faktorlar yoxdur. Yaşlanandan sonra Nabokov heç vaxt nahardan sonra işləmirdi, futbol matçlarına baxır, arada bir qədəh şərab içir və kəpənək tuturdu. Bəzən nadir bir kəpənək növünə görə 25 kilometrə qədər məsafə qət edirdi.

8. Ceyn Ostin (1775-1817) “Qürur və qəzəb”, “Emma” və başqa romanların müəllifi. Ceyn Ostin anası, bacısı, rəfiqəsi və üç xidmətçisi ilə birlikdə yaşayırdı. Onun heç vaxt tək qalmaq şansı olmadı. Ceyn qonaq otağında işləməyə məcbur olurdu, burda isə ona hər dəqiqə mane ola bilərdilər. O, balaca kağız parçalarına yazır və gələn olduğunu bildirən qapı cırıltısını eşidən kimi onları dərhal gizlədir və tikmə işlərini qoyduğu səbəti götürürdü. Sonralar Ceynin bacısı Kassandra təsərrüfat işlər ilə məşğul olmaq öhdəliyini öz üzərinə götürdü. Xeyirxah Ceyn yazırdı: “Adamın başımda qoyun kotleti ilə rəvənd (bitki növü) bir-birinə qarışanda nəsə yazması mümkünsüzdür”.

9. Marsel Prust (1871-1922) “İtirilmiş zamanın axtarışında” romanını 14 ilə bitirib. Bu vaxt ərzində o, milyon yarım söz yazıb. Diqqətini bütünlükdə öz işinə cəmləmək üçün Prust cəmiyyətdən gizlənir və özünün palıd ağacından yığılma məşhur yataq otağından çıxmırdı. Prust gecələr yazır, gündüzlər isə üçə-dördə qədər yatırdı. Yuxudan ayılan kimi tərkibində tiryək olan toz yandırırdı, bu üsulla asmadan müalicə olunurdu. Səhər yeməyində demək olar ki, qəhvə və kruassandan başqa heç nə yemirdi. Prust yatağından çıxmadan, dəftəri dizinin üstünə qoyub, başını yastığa söykəyərək yazırdı. Yuxu tutmamaq üçün həb şəklində kofein qəbul edir, yatmaq zamanı gələndə isə veronalla birlikdə kofein yeyirdi. Belə görünür ki, o, qəsdən özünə əziyyət verir, hesab edirmiş ki, fiziki əzab sənətin yüksəkliklərini fəth etməyə imkan verəcək.

10. Jorj Sand (1804-1876) adətən bir gecəyə 20 səhifə yazırdı. O, uşaq vaxtından gecələr işləməyi öyrənmişdi. Uşaq olanda gündüzlər xəstə nənəsinə baxıcılıq edir, yalnız gecələr istədiyi işlə məşğul ola bilirdi. O, yanında yatdığı sevgilisini yataqdaca qoyub gecənin bir yarısı yazı masasının arxasına keçirdi. Çox vaxt səhərlər yuxulu vəziyyətdə nə yazdığını xatırlaya bilmirdi. Qeyri-adi insan olması ilə seçilən Jorj Sand (kişi paltarında gəzir, kişilərlə yanaşı qadınlarla da eşqbazlıq edirdi) qəhvə, spirtli içki və tiryəkdən sui-istifadəni bəyənmirdi. Yatmamaq üçün şokolad yeyir, süd içir və siqaret çəkirdi. “Fikirlərinə şəkil vermək zamanı gələndə özünü tamamilə ələ almaq lazımdır, istər səhnədə olsun, istərsə də kabinetinin daldalanacağında”.

Image result for mark tven

11. Mark Tven (1835-1910) “Tom Soyerin macəraları”nı fermada, özünün xüsusi köşk formalı kabinetində yazmışdı. Pəncərələri açıq qoyur, kağız-kuğuzun uçub-dağılmaması üçün üstünə kərpic yığırdı. Heç kəsə kabinetə yaxınlaşmağa icazə verilmirdi, Tven təcili lazım olduqda isə evdəkilər şeypur çalırdılar. Tven yazdıqlarını axşamlar ailəsinə oxuyurdu. O, dayanmadan siqar çəkir, harda olursa-olsun, Tven gedəndən sonra həmin yeri havalandırmaq lazım gəlirdi. İşləyən zaman yuxusuzluqdan əziyyət çəkirdi. Dostlarının xatirəsinə görə buna görə də gecələr şampan şərabı içirdi. Şampan şərabı da kömək etməyəndə Tven dostlarından xahiş edir ki, ona pivə təşkil etsinlər. Daha sonra Tven elan edir ki, ona yalnız şotland viskisi kömək edə bilər. Saysız eksperimentlərdən sonra Tven axşam saat onda sakitcə yerinə girir və anidən yuxuya gedir. Bütün bunlar onu əyləndirirdi. Qısacası həyati olan hər şey onu əyləndirirdi.

12. Jan-Pol Sart (1905-1980) hər gün üç saat səhər, üç saat axşam çalışırdı. Qalan vaxtını dünyəvi işlərə, nahara, şam yeməyinə, dostları ilə düzənlənən içki məclislərinə, rəfiqələrinə, tənbəkiyə və narkotiklərə xərcləyirdi. Bu rejim filosofun əsəblərinin pozulmasına səbəb olur. Sart isə dincəlmək yerinə amfetamin və aspirinin qarışığı olan koridran qəbul etməyə başlayır. Bu dərman 1971-ci ilə qədər qadağan deyildi. O dərmandan gün ərzində yalnız bir ədəd qəbul etməyə icazə verilirdisə Sart iyirmisini qəbul edirdi. Birincini acı qəhvə ilə qəbul edir, qalanların çalışdığı zaman asta-asta çeynəyirdi. Bir ədəd dərman “Dialektik ağlın tənqidi” əsərinin bir səhifəsi demək idi. Bioqrafının şahidliyinə görə Sartrın gündəlik menyusuna iki qutu siqaret, bir neçə qəlyan qara tənbəki, bir litrdən çox spirtli içki (araq və viski), 200 milliqram amfetamin, barbituratlar (tibdə yuxusuzluqdan əziyyət çəkənlərə kömək etmək üçün istifadə olunur), çay, qəhvə və yağlı yeməklər daxil idi.

13. Jorj Simenon (1903-1989) XX əsrin ən məhsuldar yazıçısı hesab olunur. 425 kitabı var, onlardan 200-ü müxtəlif ləqəblərlə yazılmış bulvar romanlarıdır, qalan 200-ü isə öz adı ilə çıxıb. Bununla belə Simenon heç bir rejimə əməl etmir, dayanmadan iki-üç həftə işləyir bir dəfəyə 80 çap vərəqi həcmində yazırdı. Bundan sonra gəzir, qəhvə içir, yatır və televizora baxırdı. Roman yazan zaman əsər bitənə qədər eyni paltarda gəzir, trankvilizatorlar (psixotrop dərman maddələri) qəbul edir, yazdıqlarına heç vaxt düzəliş etmir, əsəri yazmağa başlayanda və bitirəndən sonra özünü tərəzidə çəkirdi.

14. Lev Tolstoy (1828-1910) iş vaxtı qaşqabaqlı olurdu. Gec durur – hardasa doqquzda – yuyunub geyinməyənədək, saqqalını daramayanadək heç kəslə danışmırdı. Səhər yeməyində qəhvə içir və bir cüt ilıq yumurta yeyirdi. Bundan sonra nahara qədər kabinetindən çıxmırdı. Bəzən arvadı Sofya da lal-dinməz kabinetdə oturub gözləyirdi ki, “Hərb və sülh”ün yeni fəslinin üzünü köçürsün, ya da əsərin növbəti hissəsini dinləsin. Nahar qabağı Tolstoy gəzintiyə çıxırdı. Gəzintidən xoş ovqatla qayıdanda, ya öz təəssüratlarını bölüşür, ya da uşaqlarla məşğul olurdu. Yox əgər ovqatı pis olurdusa onda kitab oxuyur, pasyansla (əylənmək və ya fala baxmaq üçün kart kağızlarının müəyyən üsulla düzülməsi) məşğul olur və qonaqlarla söhbət edirdi.

15. Somerset Moem (1874-1965) 92 illik ömründə 78 kitab buraxdı. Moemin bioqrafı onun yazıçılığını istedaddan çox asılılıq hesab edirdi. Moem özü də yazı vərdişi ilə içki aludəçiliyini bir tuturdu. Hər ikisinə yiyələnmək asan, ancaq atmaq çətindir. İlk iki frazanı Moem vannada uzandığı yerdə düşünüb tapır, sonra min beş yüz söz həcmindəki gündəlik normasını yazırdı. “Yazanda, personajı yaradan zaman, o, səninlədir, sən onunla məşğul olduğun müddət boyu, o, yaşayır.” Yazmağa ara verəndə Moem özünü inanılmaz dərəcədə tənha hiss edirdi.

# 1335 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #