"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?
22 oktyabr 2026
# 15:00

Bu gün görkəmli ədib Hüseyn Cavidin oğlu, bəstəkar Ərtoğrol Cavidin doğum günüdür.

Kulis.az Məcid Rəşadətoğlunun "Kölgələr çəkiləndə..." oçerkini təqdim edir.

...Son dəfə gözlərini aralayıb pəncərədən içəri süzülən Günəşin şüalarına baxdı. Deyəsən, günlərdir gözlərində kölgələnən mənzərə yavaş-yavaş çəkilirdi. Aylardır xəstə yatağına məhkum olduğu üçün təbəssümün də nə olduğunu unutmuşdu. Ancaq bu dəfə ürəkdən gülümsədi. Sonra nəzərini pəncərədən ayırıb ətrafa diqqətlə göz gəzdirdi. Başının üstündə dayanıb ağlayan insanlara baxdı. Baxışlarında son bir ümid, səsində uşaqlıq saflığından qalan kövrək bir yalvarış vardı. Onlara anasını sonuncu dəfə görmək istədiyini söylədi. Bəlkə də, ömrünün son anlarında təsəlli tapa biləcəyi yeganə şey anasının üzünü görmək, onun səsini eşitmək, doğma nəfəsini duymaq idi. Lakin ətrafındakıların üz ifadələrinə nəzər saldıqca bu arzunun artıq gerçəkləşməyəcəyini anladı.

Ərtoğrol Cavid... Bu ad bizlər üçün yarımçıq qalmış bir ömrün, gerçəkləşməyən arzuların və Azərbaycan mədəniyyətinin itirdiyi böyük bir istedadın simvoludur. O, 1919-cu ilin küləkli payız günlərindən birində dünyaya göz açmış, elə payızın hüznlü nəfəsi altında da həyata gözlərini yummuşdu. Cəmi 24 il sürən ömrü taleyin amansız hökmü ilə yarıda qırılmış, həyatın mənasını yenicə dərk etməyə başladığı, istedadının çiçəkləndiyi bir dövrdə dünya ilə vidalaşmışdı. Ərtoğrol Cavid ədəbiyyatın, sənətin və sözün hakim olduğu bir ailədə dünyaya gəlmişdi. Dahi şair və dramaturq Hüseyn Cavidin və Mişkinaz xanımın sevimli övladı, Cavidlər ocağının ilk çırağı idi. Sözün, fikrin və sənətin ruhuna hopduğu bu ailə mühiti onun dünyagörüşünün formalaşmasında, yaradıcılıq duyumunun inkişafında mühüm rol oynamışdı. Hələ uşaqlıq illərindən incəsənətə və mədəniyyətə böyük maraq göstərən Ərtoğrolun daxilində qeyri-adi bir istedadın qığılcımları parlayırdı. Adətən, gənc istedadlardan söz açarkən onların rəssamlığa, musiqiyə, poeziyaya və ya digər sənət sahələrinə olan marağı vurğulanır. Lakin Ərtoğrol Cavidin istedadı bu sərhədlərə sığmırdı. O, şeir yazır, musiqi bəstələyir, rəsm çəkir, duyğularını və düşüncələrini müxtəlif sənət növlərinin dili ilə ifadə edirdi. Sanki onun ruhu təkcə sözlə danışmaqla kifayətlənmirdi. O, daxili dünyasının al-əlvan çalarlarını musiqinin ahəngində canlandırır, rənglərin dili ilə kətan üzərinə köçürürdü.

1941-ci ildə ali təhsilini bitirdikdən sonra ordu sıralarına çağırılan Ərtoğrol Cavid “xalq düşməni”nin oğlu olduğu üçün xidmətini fəhlə batalyonunda keçirməli oldu. Qışın amansız soyuğu, müharibənin gətirdiyi aclıq, qıtlıq və ağır məişət şəraiti gənc sənətkarın səhhətinə ciddi təsir göstərdi. O, amansız xəstəliyə tutuldu. 1943-cü ildə səhhətinin pisləşməsi səbəbindən ordu sıralarından tərxis olundu və Naxçıvana, qohumlarının yanına qayıtdı. Dərmanların tapılmaması və müalicə imkanlarının olmaması xəstəliyini daha da ağırlaşdırdı. Ən acınacaqlı mənzərə də o idi ki, Ərtoğrol ömrünün son günlərində atasının sürgündə dünyasını dəyişməsindən xəbərsiz idi. O, elə zənn edirdi ki, uzun sürən ayrılıqdan sonra bir gün atası bəraət alacaq, evinə, ailəsinin yanına qayıdacaq və bütün bu əzablı günlər bitəcəkdi.

Müəllimi Üzeyir Hacıbəyovun zəngin sənət ənənələrindən bəhrələnən Ərtoğrolun ilk böyük əsəri fortepiano üçün bəstələdiyi “Doqquz variasiya” olub. O, yaradıcılığı boyu müxtəlif janrlara müraciət edərək zəngin musiqi irsi yaradıb. Skripka və fortepiano üçün poema, Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, Nigar Rəfibəylinin “Eşq olsun”, türkmən şairi Kəminənin “Leylanın vəsfi”, Tahir Rasizadənin “Səninlə olaydım” və digər şeirlərə romans və mahnılar bəstələyib.

Bəstəkarlıq və rəssamlıqla yanaşı, Ərtoğrol Cavidin yaradıcılıq dünyasında poeziya da xüsusi yer tuturdu. Sözün qüdrətinə, şeirin sehrinə böyük maraq göstərən gənc sənətkarın “Göyərçinin naləsi”, “Sönük həyat”, “Qalibiyyət nəğməsi”, “İspan qadının dilindən layla” kimi şeirləri onun zəngin mənəvi aləminin, incə duyğularının və dərin düşüncələrinin bədii ifadəsidir. Ümumiyyətlə, Ərtoğrol Cavidin çoxşaxəli yaradıcılığına nəzər saldıqda onun yalnız istedadlı bəstəkar, rəssam və şair deyil, həm də yüksək mənəvi dəyərlərin daşıyıcısı olduğunu görürük. O, sənətində hər şeydən əvvəl nəcib əxlaqi keyfiyyətlərə, milli-mənəvi dəyərlərə bağlılığa və xalqa xidmət amalına xüsusi yer verirdi.

Hərbi xidmətə yollanarkən Ərtoğrolun ən böyük nisgili və narahatlığı anası Mişkinaz xanımdan və bacısı Turandan yana idi. Atasının həbs olunmasından sonra onların maddi və mənəvi çətinliklər içində yaşadığını, məşəqqətli günlərdən keçdiyini bilirdi. Hüseyn Cavidin “xalq düşməni” elan edilməsi yalnız ailənin güzəranına deyil, ətrafdakı insanların münasibətinə də təsir etmişdi. Hətta öz yaxınlarının belə ailə ilə münasibətlərinin təhlükəli olacağından ehtiyat edən Ərtoğrol ordu sıralarına getməzdən əvvəl müəllimi Üzeyir bəyə məktub yazdı: “Hörmətli Üzeyir bəy! Əsgərliyə getməzdən əvvəl sizinlə görüşmək istədimsə də, qismət olmadı. Yeganə narahatlığım anam və bacımın acınacaqlı halıdır. Rica edirəm, keçirdiyimiz səmimi dərs günləri və ümidli gələcək xatirinə, mümkün ola biləcək yardımınızı əsirgəməyin. Anam uşaq bağçalarında işləyə bilər. Bacım həm bağçada, həm maşinistkalıq, həm də ibtidai məktəbdə dərs deyə bilər. Lakin ən lazım məsələ çətin hallarda nəzər etmək, ürək vermək, mənəvi yardımdır. Zənn edirəm, rədd etməzsiniz”.

Tələbəsinin məktubunu alan Üzeyir bəy, təbii ki, bu işə biganə yanaşmadı. Onun tapşırığı və dəstəyi ilə Turan xanım Radio Verilişləri Komitəsinə, Mişkinaz xanım isə Klara Setkin adına tikiş artelinə işə qəbul edildi. Bütün bunlardan xəbərsiz olan Ərtoğrol Cavid martın 15-də yenidən müəlliminə məktub yazdı: “Hörmətli Üzeyir bəy! İlk duracaq mənzilimiz Abxaziya dağları oldu – hər tərəf qarlı dağlar, soyuq, ağır iş. Bakıdan çıxdığım gündən heç kimdən məktub almamışam. Hətta ailəmizdən də. Yavaş-yavaş kimsəsizlik, ayrılıq, nigarançılıq duyğularım artır; səhhətim zəifləyir. Lakin nə olursa-olsun, mən səhhətimi saxlayacağam. Ən böyük əzab verən, məni rahat buraxmayan səbəb varsa, yalnız ailəmizdir. Mən çox yaxşı bilirəm ki, anam xəstədir, bəlkə də yataqdadır, bacım həyatı dərk etməyə başlarkən ancaq sıxıntılıq, ağır yaşayış gördü. Mən öz oğulluq borcumu yerinə yetirə bilmədim”.

Ata qayğısından məhrum olmaq Ərtoğrolun həyatında aldığı ilk və ən ağır zərbə idi. Hüseyn Cavidin ailədən qoparılması, ardınca gələn əbədi ayrılıq bu ocağın mənəvi dayaqlarını sarsıtdı, ailənin mübarizə əzmini qırdı. Ərtoğrolun mənəvi sarsıntıları, ruhən və cismən tükənməsi də məhz bundan sonra başladı. Gündən-günə ağırlaşan xəstəlik isə istedadının çiçəkləndiyi, gələcəyə böyük ümidlər bəslədiyi bir vaxtda onun ömrünə son qoymağa hazırlaşırdı.

Anası Mişkinaz xanımla son görüşü Tiflisdə baş tutdu. Oğlunun ağır xəstə olduğu xəbərini alan ana böyük çətinlikləri dəf edərək Tiflisə yetişdi. Bəlkə də, bu səfər boyu qəlbində bir ümid yaşadır, oğlunun üzünü görəcəyi, onun əlindən tutacağı, bəlkə də, bir möcüzənin baş verəcəyi anı düşünürdü. Lakin xəstəxanada həkimlərdən eşitdiyi sözlər bu ümidləri bir-bir söndürürdü. Mişkinaz xanım deyilənləri dinlədikcə acı həqiqəti daha dərindən duyurdu: ana ürəyinin inanmaq istəmədiyi, dilinin deməyə belə cəsarət etmədiyi bir ayrılıq getdikcə yaxınlaşırdı...

Həyatda qazandığı və itirdiyi hər bir şeyi 24 illik ömür yoluna sığdırdı Ərtoğrol Cavid. 1919-cu ilin payızında başlayan ömür nağılı 1943-cü ilin payızında sona çatdı. Yaşasaydı, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə onlarla dəyərli əsər bəxş edəcəkdi. Bəlkə də, neçə-neçə milli ruhlu musiqimiz onun duyğularından ilham alacaq, neçə-neçə qiymətli rəsm əsəri Cavidlər dünyasına əbədi bir işıq tutacaqdı.

...Göz işlədikcə uzanıb gedən süd kimi ağ yolun başından gələn taqqıltı səsi onu xəyallarından ayırdı. Başında buxara papaq, gözlərində eynək, əlində əsa olan şəxsi ilk baxışda tanıya bilmədi. Lakin başının üzərini almış qara buludların kölgəsi yavaş-yavaş çəkildikcə qarşısındakının kim olduğunu anladı. Atasının əsasından ətrafa yayılan taqqıltı səsi onu dumanlı xəyallarından ayırmaqla kifayətlənmədi, həm də qarşıda uzun bir yolun gözlədiyini xəbər verdi. Cavid əfəndi əlini uzatdı. Xəstəlikdən və yorğunluqdan saralmış əllərini atasına tərəf uzadaraq onun əlindən bərk-bərk yapışdı. Bədənini bürüyən ani soyuqluq, sinəsinə çökmüş ağırlıq atasının təbəssümü ilə bir anda yox oldu. Başlarının üzərini almış qara buludlar yavaş-yavaş dağıldı, ətrafı aydınlıq bürüdü. Ata ilə oğul bir payız günü asimana doğru uzanan süd kimi ağ yolda yanaşı addımlamağa başladılar...

# 252 dəfə oxunub

Oxşar xəbərlər

"Sən ey xəyanətə, zülmə bir yuva..."  - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

"Sən ey xəyanətə, zülmə bir yuva..." - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

12:00 21 oktyabr 2026
Sorğu:  Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

Sorğu: Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

11:15 20 oktyabr 2026
"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

15:00 12 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

16:00 10 oktyabr 2026
Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər