Əyyaş qonşumuz evini yandıran gün... – Hikmət Orhundan YENİ ŞEİRLƏR

Əyyaş qonşumuz evini yandıran gün... – <span style="color:red;">Hikmət Orhundan YENİ ŞEİRLƏR
5 yanvar 2018
# 11:30

Kulis.az gənc şair Hikmət Orhunun yeni şeirlərini təqdim edir.

***

salam, daş hasar, salam...

...yüz ildir salam almırsan, salam.

sən sağ ol,

elə mən də almıram,

almıram,

almıram.

eynimə də almıram.

indi kimsə kimsənin gözünün içinə baxmır,

indi adamların gözləri bumbuz,

üzləri bomboz.

indi adamlar səndən də daş, daş hasar.

salam, daş hasar, salam.

***

biz müharibənin göbəyində doğulduq,

müharibənin göbəyində...

özgə şəhərlərin

arxa məhəllələrində böyüdük

yıxıla-dura...

yaşamağı

biri-birimizin səhvinə baxıb öyrəndik,

ölməyi

yaşayanların iztirabına.

əyyaş qonşumuz evini yandıran gün

mən içkini atdım,

vüsal yaşamağın daşını...

***

birdən hamı üstünə gələr, üstünə,

birdən hər şey qəsdinə durar, qəsdinə

balaca boyunu,

yumruq boyda ürəyini nəzərə almazlar.

birdən böyümək istəyərsən,

yumruq boyda ürəyini qumbara əvəzi

atmaq istəyərsən adamların üstünə,

durarsan kainatın qəsdinə...

vecinə alan olmaz,

çünki sən balaca adamsan, balaca.

və onlar çoxdur, sən az.

***

qəfil gələcək ölüm -

mən gözümü qırpmadan,

sən qapıdan çıxmadan.

nə yatağımda qoxum,

nə qoxumda qoxun qalacaq.

yatağımı da götürüb

bir tərəfə atacaqlar.

yerinə ya bir kamod,

ya televizor altlığı qoyacaqlar.

beş gün,

uzağı on beş gün

köks ötürəcəklər,

sonra şəklimi də götürəcəklər

evin ən görkəmli yerindən.

***

gecə saat üç;

nə tanrı yatıb,

nə mən çimir almışam.

oturub dərdləşirik -

tanımaq istəyir,

ona səndən danışıram.

***

bəlkə də bulud bulud deyil - torpaq,

bəlkə də torpaq torpaq deyil - bulud.

Bəlkə də bulud torpağa deyil,

torpaq buluda yağır, bəlkə də...

bəlkə də yarpaq yarpaq deyil - torpaq,

bəlkə də torpaq torpaq deyil - yarpaq.

Bəlkə də yarpaq torpağa deyil,

torpaq yarpağa çökür, bəlkə də...

bəlkə də insan insan deyil - torpaq,

bəlkə də torpaq torpaq deyil - insan,

Bəlkə də insan torpağa deyil,

torpaq insana köçür, bəlkə də...

***

(N.... - ə)

bəlkə də söz olmasa

danışmağa ehtiyac olmazdı,

göz olmasa baxmağa...

küləklərin diliylə anlaşardıq,

suların gözüylə baxışardıq,

bəlkə də...

bəlkə də hər şey başqa cür olardı,

amma olmadı...

söz var...

indi deyirsən:

“zəng etmə, susaq”,

“mesaj yazma, baxışaq”.

yaxşı, zəng eləmərəm,

day mesaj da yazmaram

xoruz banına qədər...

bircə onu de, görüm,

necə biləcəm ki, sən mesajın o

üzündə susursan?

***

...hamı getmişdi,

bircə sən qalmışdın o küçənin tinində -

it ilində...

əsəbləşib ağzının payını vermişdim,

tanrının da, dinin də...

***

bəli,

sevirdim onu.

bəlkə, özünü deyil,

güllü-güllü donunu,

gülüşünü

sevirdim;

bəlkə, yerişini deyil,

eləcə duruşunu,

baxışını

sevirdim;

bəlkə də heç birini...

bəli,

sevirdim onu.

# 1733 dəfə oxunub

Oxşar xəbərlər

Uşaqlar hələ də nağıllara inanırmı? - Nuran Yaqub

Uşaqlar hələ də nağıllara inanırmı? - Nuran Yaqub

10:30 2 iyun 2025
Molla onun əlyazmalarını niyə oğurlamışdı? - Ədəbiyyatımızın kədərli dəqiqələri

Molla onun əlyazmalarını niyə oğurlamışdı? - Ədəbiyyatımızın kədərli dəqiqələri

09:00 30 may 2025
Epos miqyası və magiyası ilə - Elnarə Akimova

Epos miqyası və magiyası ilə - Elnarə Akimova

11:51 28 may 2025
"Bu hekayədə ədəbiyyat adına heç nə yoxdur!" - Müzakirə

"Bu hekayədə ədəbiyyat adına heç nə yoxdur!" - Müzakirə

12:00 27 may 2025
"Onunla dostluq anlayana başucalığı gətirər" - Kamal Abdulla

"Onunla dostluq anlayana başucalığı gətirər" - Kamal Abdulla

18:04 24 may 2025
Rayondan gəlmiş biri "şəhər romanı" yaza bilərmi? - Nuran Yaqub

Rayondan gəlmiş biri "şəhər romanı" yaza bilərmi? - Nuran Yaqub

13:47 23 may 2025
#
#
# # #