Şərif Ağayarın “Ağ göl” əfsanəsi - Şəlalə Göytürk yazır...

Şərif Ağayarın “Ağ göl” əfsanəsi - <span style="color:red;">Şəlalə Göytürk yazır...
4 iyun 2018
# 15:30

Kulis.az yazar-publisist Şəlalə Göytürk “Şərif Ağayarın “Ağ göl” əfsanəsi” məqləsini təqdim edir.

Nanotexnologiya dövrünün oxucusu üçün onun gündən-günə yenilənən zövqünə və hissiyyatına toxunacaq əsər yaratmaq, yazıçıdan böyük özgüvən və talant tələb edir. Tanınmış yazıçı Şərif Ağayar bu məsuliyyətin altına girməyə həmişə özündə cəsarət tapır.


Onun bu il işıq üzü görən “Ağ göl”romanını bu yaxında oxudum. Əsər qədim bir rəvayətin indiki zamanda reankarnasiyası, yəni, əski mifin real həyatda təkrarlanması üzərində qələmə alınıb.


Hadisələr Pircahan qəsəbəsində baş verir.


Vaxtilə övliyalar yurdu olmuş qəsəbənin xoş günlərinə birdən- birə qaranlıq çökür. Kapitalistləşən, texnologiyalaşan, eyni zamanda haramların və günahların çoxaldığı zaman, bu qəsəbədən də yan ötmür. Övliyalar yurdu öz müqəddəs görkəmini itirərək, tamahkar, xəbis, yalançı adamların məskəninə çevrilir. Buna görə də xeyir-bərəkət göyə çəkilir, yazıçının dediyi kimi: “Pircahanlıların qara günləri başlayır”. Qədim inancda deyilir ki, Pircahanın qoruyucusu olan Ağ baba və oğullarının ruhu bu yerlərdə dolaşır. Qəbirüstü mamırlı yazılara görə Ağ babanın taleyi ikinci dönəm təkrarlanmalıdır. Övliyalar pircahanlıların içindən təmiz, saf bir adamın gözünə görünüb, onun yeganə, gənc oğlunu öz yanlarına aparmalı, həmin adam altmış yaşına çatanda, ikinci oğlu doğulmalı, arvadı doğuş zamanı ölməli idi. Bütün bunlardan sonra qəsəbə və onun camaatının əvvəlki xoşbəxt həyatlarına dönməsi mümkün olacaqdı.


Əsər psixoloji mistikanın gərginliyinə və yüksək dramatizminə görə qorxu-gerilim filmlərini, xüsusilə, Alfred Hiçkokun ekran işlərini xatırladır. Maraqlıdır ki, bu bənzərlik həm də detallarda özünü göstərir. Məsələn, Hiçkokun “39 addım” trillerində cinayətkar şəbəkənin lideri kəsik barmağını sirr kimi hamıdan gizli saxlayır. Eyni situasiya ilə Ş.Ağayarın Camal ata obrazında da qarşılaşırıq. Camal atanın barmağını ilan sancdığı üçün, o, barmağını kəsib atır və şikəst barmağını ciddi-cəhdlə adamlardan gizləyir.


Məsələnin fərqli cəhəti ondadır ki, əsərin sonlarında Ş. Ağayarın artıq ağlını itirmiş qəhrəmanı – Camal atanın şikəst barmağı yenidən uzanmağa başlayır. Yaxud qəhrəmanın gözünə elə görünür.


Romanın dili axıcı, hadisələrin inkişaf tempi dinamikdir. Bu da süjetin qaynarlığını təmin edir, oxucunu məsafə və zaman buraxmadan oxumağa tələsdirir.


Əsərdə gözlənilən fövqəltəbii olayın baş verməsinə hazırlıq prosesi, bu prosesin doğurduğu narahatlıq və müəmmalılıq sanki obrazlardan daha çox, yazıçının özünü həyəcanlandırır. Süjetin dramaturgiyasına həddən artıq başı qarışan müəllif, bəzən, qəhrəmanların psixoloji portretini dəqiqliklə cızmağı unudur.
Romanda məlum rəvayətə inanmayan yalnız bir nəfəri, bütün məsələləri elmi yolla çözməyə çalışan Maarif müəllimi görürük. Maarif müəllimlə Molla Mikayılın dartışmaları idealist və materialist dünyagörüşü formalarının qarşılaşması müstəvisində maraq doğurur. Bu arada hissiyyatlı oxucu müəllifin “qarışmamaq siyasətindən”, onun deist mövqeyə yaxınlığını da hiss edə bilər.


Müəllif süjet boyu metafizika ilə dialektik aləmin, mifologiya ilə real dünyanın toqquşmasını bədii rənglərlə əks etdirməyə çalışıb. Buna yetərli qədər nail olduğunu söyləyə bilərik. Mövzunun irreal qatı və yürüdülən ideoloji xətt, əsəri oxucunun umduğu dərin mistik enerji ilə doldurmağa imkan versə də, müəllif nədənsə, lazımi situasiyalarda ehtiyac duyulan fantaziyasını işə salmaqdan çəkinir.


Qəsəbənin əhalisi etnik müsəlmanlar – azərbaycanlılardı. Təbii ki, onların dini dünyagörüşündə islami maskulinlik (kişimərkəzçilik) detalları mütləq yer alır. Məsələn, qədim rəvayətdə Ağ baba və iki oğlu müqəddəs elan olunur, Ağ babanın qadını, iki müqəddəsi dünyaya gətirən ana obrazı isə əhəmiyyətsiz sayılaraq, nəzərdən qaçır. Qadın nəinki övliya, heç adi insan kimi dəyərləndirilib, qəbrinə nişanə belə qoyulmayıb. Təəssüflər olsun ki, müəllif də toplumun bu ədalətsiz davranışına göz yumaraq, övliyalar anasının adını bir neçə yerdə “övrət” sözü ilə ötəri vurğulamaqla kifayətlənir və qadının şəxsiyyəti başdansovdu edilərək üstündən keçilir.

Əsərdə Ağ babanın fövqəltəbii qabiliyyətlərə malik olması, onun qurbağalara quruldamağı qadağan etməsi, ceyranların həyətinə süd verməyə gəlməsi və s. kimi hadisələrlə izah olunur. Könül istərdi ki, Ağ baba, daha incə xeyirxah əməllərin yiyəsi kimi təsvir olunaydı. İstənilən halda tanrının seçdiyi fövqəlinsan, təbiəti caynistlər kimi (caynizm – Hindistanda yaranmış fəlsəfi təlim, əsasında canı olan heç bir orqanizmi incitməmək dayanır – Ş.G.) atomlarına qədər duymalı, zərif hissiyyata malik olmalıdır. Bu şərtləri ödəyən surət, heç bir halda zorakı, hökmlü görünə bilməz.


Bundan başqa əsərdə, ilahinin nişanələrini daşıyan övliyalar mərhəmətlilikdən daha çox qəzəbli təsir bağışlayırlar.
Əhvalat Pirməmmədin – Ağ göldə batan gəncin dilindən söylənilsə də, bəzən, müəllif araya girərək təhkiyəni özü davam etdirir. Su üzlü Pirməmməd deyimi – “Kitabi-Dədə Qorqud” dastanlarından gələn “At ağızlı Alp Aruz”, “görklü tanrı” epitetlərini xatırladır və romanda qədim eposlarımızın xoş əsintisi duyulur.


Əsərin mərkəzi surəti – “Hörümçək” ləqəbli Camal atadır. O, ömrü boyu kimsəyə dəyib-dolaşmayan, qaratikan kolları qırıb adamların bağ-çəpərini yamayan, Ağ göldə balıq ovlayan qaradinməz, çəlimsiz, hörümçəyəbənzər bir adamdır. Yazıçı Camal ata obrazını təmənnasız yaxşılıq eləyən, təbiəti, quşları, böcəkləri sevən ruhani ata kimi göstərir. Di gəl, qarışqanı belə incitmədiyi deyilən Camal ata xırda cücü-böcəyi tutub yırtıcı hörümçəklərin toruna ataraq, hörümçəyin zavallı böcəyi necə sümürdüyünə baxıb əylənir. Yaxud əsərin bir yerində deyilir ki, torda çırpınan balıqlara baxmaq Camal ataya “cənnəti dirigözlü yaşadırdı”.


Belə xırda detallar, ilk baxışdan nəzərə çarpmasa da personajın müəllif tərəfindən təqdim olunan xarakteristikası ilə onun əməlləri arasında ziddiyyət yaradır.


Məsələn, Pirməmmədin ruhunun, üzünü qırçınlı ləpələrə sürtüb ağlayan anasına qarşı heç bir hiss duymaması təbii görünür, çünki o, ölümdən sonrakı yaşamında real dünyaya xas hissiyyatını itirmiş ola bilər. Lakin meyitini axtaran insanların əlacsızlığına baxıb əylənməsi, artıq astral hal deyil, real insani sifətdir və üstəlik qeyri-etikdir.


Ümumiyyətlə, yazıçılarımız sevdikləri və əsərlərində bol işlətdikləri günah, haram, savab kimi dini düşüncə idiomlarının, pislik, yaxşılıq və s. kimi ümumiləşdirici konseptuallığın, nəhayətdə bədii təfəkkürün primitivləşməsi baxımından təhlükə yarada biləcəyini unutmamalıdırlar.

Burada bir haşiyə çıxaq. Belə ki, son dönəm ədəbiyyatımızda sürreal, mistik, simvolik – konspiroloji janrlara meyllərin çoxalması müşahidə olunur. Özəlliklə, bu maraq gənc imzalar arasında daha yüksəkdir. Bəzən, onlar yanlış olaraq, irreal-metafizik üslubların əsər üçün sırf bəzək vasitəsi olduğu qənaətinə gəlirlər. Halbuki dünya ədəbiyyatı və incəsənətində irrasionallıq, müəllifin yürütdüyü ideologiyanı, təlqin etməyə çalışdığı fikri daha təsirli üsullarla çatdırma funksiyası daşıyır. Yəni, bu metodlar bədii əsərin klassik formasına immuniteti olan oxucunu silkələmək, təsir dozasını artırmaq üçün xüsusi effekt kimi seçilir. Sözsüz ki, qayəsində məqsədyönlü ideya, şüuraltı mesaj ötürməyən fövqəltəbiilik yersiz və saxta təsir bağışlayır.

Qayıdaq “Ağ göl”ə.


Çox önəmli bir məsələ əsərin dil-üslub xüsusiyyətləri ilə bağlıdır. Deməliyik ki, romanın dili bədii üslub üçün son dərəcə əhəmiyyətli olan obrazlılıq və emosionallıq tələbini yetərincə ödəyə bilir. Yazıçının oxunaqlı stili isə əsərin orta ağırlıqlı təhkiyəsini oxucunun daha yüngül qavramasına kömək edir.
Həmkarları arasında dil məsələlərinə həssas münasibəti ilə seçilən Şərif Ağayar, təəssüf ki, sözügedən romanında ədəbi dilin normalarını tez-tez zədələyir.


Romana səpilən: kərsək, rəncidə olmaq, lam qalmaq, kəhanət, xüddam, övrət, vərəvürd, cəbəlləşmə kimi ümumişlək olmayan arxaik və məhəlli sözlər, həmin normaları pozmaqla yanaşı, ədəbi dilin estetik gözəlliyinə də xələl gətirir.


Məlumdur ki, bədii əsərin dili müəllifin və personajların danışığı olmaqla, iki qrupa ayrılır. Personajın dilindən verilməsi məqbul sayılan varvarizm, dialektizm, vulqarlıq və s. ifadə edən kəlmələr, heç bir halda müəllifin təhkiyəsində istifadə olunmamalıdrı.

Bütövlükdə əsərin ideyası və oxucuya ötürülən mesaj nədən ibarətdir?

Yazıçı bu məsələdə oxucuya onun gözlədiyindən daha artıq sərbəstlik verir. Verilən subliminal mesajı bir neçə formada mənimsəmək olar.

1. İnsanlar tanrını və onun seçdiyi övliyaları unudub, pis əməllərlə məşğul olduqca, yer üzündə bəlalar artacaq, sonradan verilən qurbanlar, peşmançılıq və yalvarmalar heç kimi xilas etməyəcək.

2. Ölülərdən, nağıllardan, qəbirdən nicat ummaq ağılsızlıqdı, insan yalnız öz iradəsi və elmi ilə qalibiyyət qazana bilər. (Alman şirkətinin Ağ gölü mənimsəməsi)

3. Düşüncə və yaşam formasının idealist qütbündə (dini, fəlsəfi şüur) mənəvi kamilləşmə, materialist qütbündə (maddi-texniki şüur) isə yenilənmə, təkmilləşmənin getməsi qaçılmazdı. Pircahan qəsəbəsinin sakinləri birincini itirib, ikincini isə əldə edə bilməyənlərdi.


Xarici şirkətin Ağ gölü – pircahanlıların çörək ağacını işğal etməsi ilə qəsəbənin həyatında başlanan qarmaqarışıq dövr, naturalist cəmiyyətin – kapitalizmə, mifin - elmə, fatalizmin - rasional idraka məğlubiyyəti nəticəsində ortaya çıxır. Yazıçı həmin xaotik mənzərəni ustalıqla göstərə bilsə də, əsər sanki tamamlanmamış başa çatır. Beləliklə, Şərif müəllim əsərin sonunda Pircahanın övliyaları, yaxud Dekartın dünyanı yaradıb onun işlərinə qarışmayan tanrısı kimi insanları yarıyolda, başlı-başına buraxaraq aradan çıxır. Zənnimcə, Pircahanın gələcək taleyi üçün hər hansı bir mesaj və ya simvolik açarın verilməsi yaxşı olardı.


Qeyd olunan nöqsanlara və ümumi redaktə problemlərinə baxmayaraq, “Ağ göl” qeyri-standart məzmununa, maraqlı süjet xəttinə və sırf güclü təxəyyülün professional yazıçılıqla birləşdiyi aşağıdakı parçaya görə son illərin ən yaxşı nəsr əsərlərindən sayıla bilər.

“Hər yanı qarışqa kimi bürümüş qara qarğalardan qaranlıq fışqırır, Ağ gölün işığını batırmaq istəyirdi. Camal ata irilənib dağ boyda olan əlləri ilə nəhəng tor toxuyur, bütün qarğaları bu torun içinə salmaq istəyirdi. Lakin qarğalar ordan-burdan pırtlayıb çıxır, Camal atanın barmaqlarının arasından qaçırdılar. Onlar sürətlə çoxalır, artır, hər yana səpələnirdilər. Camal ata gah tor toxuyur, gah çəpər çəkir, qarğaların artmasının, yayılmasının qarşısını almağa çalışırdı. Alınmırdı. Bacarmırdı. Əllərinin sürəti çatmırdı. O, qarıltıyla “İstmay! İstmay! İstmay!” qışqıran, əlindəki nizəni qalxana çırpıb dəhşətli səslər çıxaran qarğalarla bacarmadığını görüb Ağ gölü onlar olan yerdən götürməyə çalışdı. Əlini suya atıb bütün gölü balıqlı, qayıqlı, yosunlu ovcuna aldı, gözlərini yaxınlaşdırıb diqqətli baxanda suyun düz ortasında ağ üzlü bir uşaq gördü. Xoşbəxtcəsinə sağa-sola üzür, çevrilib ləpələrin üstünə uzanırdı. Camal ata ona baxa-baxa təzəcə sevinirdi ki, gölün suyu şəhadət barmağının yerindən axıb tökülməyə başladı. Suyun axını ağ üzlü uşağı da özüylə aparıb Ağ gölün mənsəbinə , “İstmay! İstmay! İstmay!” qışqıraraq nizələrini qalxanlarına çırpan qara qarğaların ayaqları altına saldı. Camal ata gölü təkrar ovcuna yığmaq istəyəndə, əlləri dəmir qəfəsə ilişdi və nə illah elədisə əllərini bu qəfəsdən çıxara bilmədi…”

# 1816 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #