Bu günlərdə yazıçı-teatrşünas, “Ədəbiyyat” qəzeti”nin məsul katibi Atababa İsmayıloğlunun 70 yaşı tamam oldu. Kulis.az bu Atababa müəllimlə müsahibəni təqdim edir.
- Atababa müəllim, İncəsənət Universitetində dərs deyirsiniz yenə?
- Baki Xoreoqrafiya Məktəbində dərs deyirəm.
- 50 il olar yazı-pozu ilə məşğulsunuz?
-52 il oldu. “Abşeron” və “Gənclər” qəzetlərindən başlamışam.
- Heç yorulmamısız?
- Yox. Dünyada ən pis şey bekarçılıqdan yorulmaqdır. Mənim üç yerdə işlədiyim olub. Teatrda ədəbi hissə müdiri, universitetdə müəllim, qəzetdə məsul katib. Teatrda tədbirlərdə iştirak elə, repertuar tərtib elə, universitetə yubanmaq da olmaz, bir tərəfdə də qəzet ağzını açıb əjdaha kimi material gözləyir.
Amma yenə, iş yaxşıdır, insanın ömrünü azaldan elə bekarçılıqdır.
- Dediniz, beş ildən artıq teatrda işlədiniz...
- Əvvəllər də mən aktyorlarla ünsiyyətdə idim. Teatrda işləyəndə daha yaxından gördüm teatrı. Mən də onlara lazım idim, onlarla teatr tarixindən söhbətlər edirdim, bildiklərimi öyrədirdim. Məsələn, bəziləri elə bilirdi ki, dublyor aktyor mütləq əsas aktyorun etdiklərini birə-bir təkrar etməlidir. Onlara dedim ki, dublyor da özü kimi oynaya bilər. Keçmişdə də belə olub.
Bizim aktyorlarımızın əksəriyyəti, həm də tək “Azdrama”nın aktyorlarına yox, hamısına aiddir, sözlərini hərəkətlərində əridə bilmirlər. Halbuki, bizim teatr tariximizdə elə aktyorlar olub ki, dramaturqun sözü ikinci plana keçib. Məsələn, Rza Təhmasibi yadınıza salın. Filmlərdə cəmi iki-üç sözü olub. Mətni azdır, amma nə qədər təsirlidi oyunları. Ağahüseyn Cavadov özü. “Bəxtiyar” filmində iki, ya üç sözü var, amma baxın, necə yadda qalıb.
Bizim teatrda belə çatışmazlıqlar var. Mən də aktyorlarla bu mövzularda söhbətlər edirdim.
- Amma sizin işlədiyiniz dövrdə Akademik Milli Dram Teatrında qalmaqallar yaşandı. Teatrın mətbəxinə yaxın olmaq... Həm də bu mətbəx çirkli ola bilərsə...
- Mən uzun müddət Teatr Cəmiyyətində işləmişəm. O aktyorların çoxunu cavanlıqdan tanıyıram. Çoxu ilə həmişə ünsiyyətdə olmuşam. Haqlarında monoqrafiyalar yazmışam, yaradıcılıq gecələrini keçirmişəm.
O vaxt belə gözəl bir adət var idi: “Kəndə mədəni hamilik”. Dəstələr düzəldib aktyorlarla birgə rayonlara gedirdik. Qubadlıya, Xaçmaza, Füzuliyə, Cəbrayıla getmişik. Yol yoldaşı olmuşuq. İnstitutdan tanıdıqlarım da var idi.
- Ona görə soruşuram ki, teatrın qalmaqalları, aktyorların arasında yaşananlar mətbuata çıxdı. Və belə bir rəy formalaşdı ki, kaş bunları bilməzdik.
- Mən özüm də o qalmaqallarda iştirak etmişəm. Yazdıqlarıma da təəssüflənmirəm. Nə düşünürdüm, onu da yazırdım. Kimsə həqiqəti dediyi üçün peşmandırsa yenə eybi yox. Cavan aktyorlar bəzən deyirlər ki, tarix nə üçün lazımdır? Vaxt gələcək, onları araşdıracaqlar, onlardan ibrət götürənlər olacaq. Sənət adamları idi bu sözləri, ittihamları deyən, qalmaqala qoşulan. O faktlar da dübbədüz idi. O başqa məsələ ki, bir şey arzulayırdılar, əvəzində başqa bir şey əldə etdilər. Amma insan həqiqəti dediyi üçün gərək təəssüflənməyə.
- Bayaq dediniz tarixdə qalmalıdır... Bu qədər hadisələrin içində olmusunuz, heç xatirələrinizi yazmaq istəyirsinizmi?
- Elə bir fikrim var. Həm də nəinki teatr xatirələrini... Mən Bakının Xırdalan kəndindənəm. Uşaqlıq dövrümdən ta teatra gəlib çıxanaqədərki dövrü də yazmaq istəyirəm.
- Teatrşünaslığı seçməyiniz necə olub, Atababa müəllim?
- Biz on uşaq olmuşuq, üçü lap körpə olarkən tələf olub. Yeddi uşaq qalmışıq. Ailənin ən böyüyü mən idim. Bizdə belədir ki, ağırlıq ən böyüyə düşür. Mən təsadüfən teatra gəldim. Riyaziyyatçı olmaq istəyirdim. O zaman kibernetika yarananda sovet ölkəsində belə bir ideya ortaya çıxdı ki, bu sahəyə uşaqları cəlb etsinlər. Bütün məktəblərdən riyaziyyatı yaxşı bilən 700 uşaq yığdılar, üç mərhələli seçimdən sonra 20 nəfər qaldıq. Sonuncu imtahanda artıq dərslik proqramından sual vermirdilər, yalnız təfəkkür qabiliyyətini yoxlayırdılar. Kursumuz indiki Bakı Dövlət Universitetinin yanında idi. Riyaziyyat və mexanika keçirdik. Bizə ən yaxşı riyaziyyatçı alimlər dərs deyirdi. Müxtəlif say sistemlərini öyrəndik. Bizdən riyaziyyat alimi yetişdirmək istəyirdilər. Kursu da qurtardım. Bizi onsuz da güzəştli şərtlərlə Bakı Dövlət Universitetinə götürəcəkdilər.
Amma elə olmadı. Bizim bir qonşumuz var idi, Teatr İnstitutunun rektoru Rahib müəllimin sürücüsü idi. Bu sürücü də bir dəfə həyətdə maşını düzəldirdi. Yay ayı idi, bərk isti idi. Bu sürücü avtomobilin altında nəyisə düzəldirdi, iki nəfər qıraq adam də gəlib dayanmışdı və bunlarla söhbət edirdi. Baxdım ki, istidir, bunlar da ayaq üstə qalıblar. Onları həyətə dəvət etdim. Səkidə stul qoydum, çay gətirdim. Bunlar mənimlə xeyli söhbət edirdi. Bunlardan biri Qulu Əsgərov imiş, o biri də Rahib Hüseynov. Teatr İnstitutunun rektoru. Bunlardan biri, Rahib müəllim mənə dedi ki, neynirsən riyaziyyatçı olub, gəl sənədlərini ver bizim instituta, orda onsuz da imtahanlar tez başlayır. Keçərsən nə yaxşı, keçməzsən də qaytararıq sənədlərini özünə, gedib riyaziyyata imtahan verərsən. Dedi, səni tapşıracam dekana. Qəbul da oldum. Bir il candərdi oxuyurdum, teatrşünaslığı sevmirdim. Düşündüm ki, buranı bitirib gedərəm Qorki adına ədəbiyyat institutuna. Şeirlərim radioda, Azərbaycan gəncləri verilişində səslənirdi. Mehdi Məmmədov bizə ikinci kursdan dərs deməyə başladı və mənə ixtisasımı elə sevdirdi ki, heç yerə getmək istəmədim.
- Atababa müəllim, neçə kitabınız var?
- Ona yaxın. Amma hamısı teatra aid deyil. 4-5-i teatra həsr olunub.
- Sizin oğlunuz aktyordur. Və bildiyimə görə, onu bu sahəyə siz yönəltdiniz.
- Elşəndə faktura görürdüm. Amma gələcəkdə aktyor olub-ola bilməyəcəyinə tərəddüd edirdim. O vaxt teatrda idim artıq, kim aktyor ola bilər, ya yox bunu bilirdim. Onda Mikayıl Mirzədən məsləhət istədim. Dedim, belə bir duyğu hiss edirəm bu uşaqda. O da mənim gümanlarımı təsdiqlədi. Bu sahəyə yönəltdik Elşəni.
- Oğlunuz dedi ki, siz tamaşalarına getmirsiniz onun...
- Mən onun Gənclər Teatrında oynadığı tamaşaları görmüşəm. Heyf o teatr batdı-getdi. O teatrın tamaşalarında bir ansambl var idi. O üslubda tamaşalar olsa idi, Robert Sturuanın, Mark Zaxarovun teatrı kimi bir teatr olacaqdı bizdə. İndiki tamaşalarına da baxmışam. O üslubdan, sistemdən sonra bir az bu tamaşalar baxmaq bir az... Amma işim də çoxdur. Bir də həmişə onun dalınca getməyəcəm ki... O, mənim fikirlərimi qəbul etmir bəzən, mübahisə edir. Məsələn soruşursunuz ki, baş rol oynamısız? Deyir, yox. Halbuki “Qum üstündə ev”də baş rol oynayıb. Bilirsiniz, o xoşlayır mübahisə etməyi. Mənsə deyirəm, qulaq as, ağlına batar-batar, batmaz-batmaz.
- Əsas fikir ayrılığı nədir?
- Elə bir fikir ayrılığı yoxdur, əslində. Məsələn, deyirəm ki, Ağahüseyn Cavadovla, Rza Təhmasibin oyununu izləsin, öyrənsin. O deyir ki, indi o dövr deyil. Bilirsiniz, mən istəmirəm o özünə arxayın olsun. İstəyirəm, öz üzərində işləsin. Teatr kino tarixinə baxsın.
- 30 ildir dərs deyirsiniz, İncəsənət Universitetində. Nəsillər dəyişdikcə tələbələrdə nə dəyişir?
- Sənətə əvvəlki sevgi yoxdur. Məndən tələbələr soruşur ki, ay müəllim, nə edəcəyik, az maaşla-filan... Mən də həmişə deyirəm ki, siz bir qızı, ya oğlanı sevəndə onun atasının sizə nə qədər pul verəcəyini düşünürsünüz? Sevgi olan yerdə hər şey etmək olar. Test olanda məcbursan, amma test olmayanda bir dəfə də tələbəni imtahandan kəsməmişəm. Əgər tələbə oxumayıbsa deməli, mən sevdirə bilməmişəm fənni. Aktyor sevəndə sənətini az maaşa da razılaşır. İndiki tələbələrdə o eşqi görmürəm.
- Sizcə, nə ilə bağlıdır?
- Kapitalizmlə bağlıdır. Kapitalizmdə münasibətlər ideya üzərində qurulmur, pul üzərində qurulur.
- Amma yaşadığımız sosial cəmiyyətdə də sifarişli ideya üzərində qurulurdu...
- O demək deyil ki, sosializmdə hər şey əla idi. İnsanlar həmişə ideal cəmiyyət axtaracaqlar. Amma sosializmin yaxşı cəhətləri çox idi.
- Müasir tamaşalar, müasir ədəbiyyat, nə sizi narahat edir, nə sizə qaranlıq qalır, nə çatışmır və s.
- İndiki əsərlərdə böyük ideallar görmürəm. Sənət ideyasız, əqidəsiz ola bilməz. Adi həyatdan deyim. Xaricə necə getmək olar yaşamağa? İnsan niyə Vətənini qoyub getmək istəsin xaricdə yaşamağa? Əgər ailən pisdirsə qoyub getməlisən? Xeyr, qalıb düzəltməlisən. Məsələ rahat şəraitdə deyil. Mənim 70 yaşım var, indiyədək evim olmayıb, iş otağım olmayıb, həmişə işdən sonra qalıb işləmişəm. Birotaqlıda yaşamışam, indi də Elşənlə yaşayıram. Amma həmişə düşünürəm ki sözümü necə deyim? İndi hamı düşünür ki, nə deyim, mənə “Sağ ol” desinlər, nə deyim, mükafat versinlər?
- Müsbət impuls aldığınız məqamlar hansıdır?
- Həyat elə o konfliktlər üzərində qurulub. Hamısında da müsbət impuls var. Mən indiyədək gördüyüm işlərdən stimul alıram.
- Son zamanlar kimləri oxuyursuz və zövq alırsız?
- Son zamanlar Qan Turalını oxudum, xoşuma da gəldi. Şərif Ağayarı, Qəşəm Nəcəfzadəni, Həyat Şəmini... Şeirlərini, yazdıqlarını oxuyuram. Əlimə keçdikcə oxuyuram yəni. Amma elə şeylər var ki, qəbul etmirəm. Nəzəri konseptual olanları deyirəm. Sənət emosional olmalıdır.