Arvadıyla anasını səhv salan məşhur şair – GİZLİN ƏDƏBİYYAT

Arvadıyla anasını səhv salan məşhur şair – <span style="color:red;">GİZLİN ƏDƏBİYYAT
3 dekabr 2015
# 08:30

Kulis “Gizlin ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının “Uğursuz gecə həmləsi” yazısını təqdim edir.

Yayın isti günləri idi. Şair Zeynal Cabbarzadə anasını, arvad-uşağı götürüb bağa köçmüşdü. Bakıdan uzaqda, dəniz havasında başını girləyirdi. Amma dost-aşnası üçün də darıxırdı.

Bir gün nə üçünsə şəhərə gəlir. İşini bitirəndən sonra, yenə hazırlaşır bağa, arvad-uşağın yanına qayıtsın. Yolda qarşısına təsadüfən dostları çıxır – Ənvər Əlibəyli və Böyükağa Qasımzadə. Çox sevinir. Gəzişə-gəzişə şəhərdəki istidən, cənnətməkan bağından, ordan-burdan söhbət edirlər. Ayrılanda nə fikirləşirsə yarıciddi-yarızarafat hər iki dostunu bağa dəvət edir, deyir, bir gün gəlin, lap gecə də qalın bizdə, əncirdən, üzümdən dadın, dənizə gedək, bir az havanız dəyişsin. Ənvər Əlibəyli cavabında “Sağlıq olsun, bir gün dəyərik sənə, darıxma” söyləyir. Ayrılırlar. Böyükağa Qasımzadəylə Ənvər Əlibəyli üz tuturlar sahilə tərəf, Zeynal Cabbarzadə də yollanır bağa, arvad-uşağın yanına.

Sabahı şair vaxtını ailəsiylə keçirir. Arvadıyla bağda gəzişir, şirin-şirin söhbət edirlər. Cabbarzadə hərdən gözünə dəyən yetişmiş, sulu meyvələrdən dərir, öz əliylə çox sevdiyi yarına yedirir. Gülüşürlər...

Günortadan bir az keçmiş yığışırlar tut ağacının altına. Süfrə açıb masa arxasına keçirlər, allah verəndən yeyib mehribanlıqla dəqiqələri yola verirlər. Sonra süfrəni yığıb çay içməyə başlayırlar. Şair arada yoldaşının qulağına nə isə pıçıldayır. Arvad başını yelləyib gülməkdən uğunur. Şairin anası bir uşaqlara baxır, bir oğluyla gəlinə, ürəyi dağa dönür, axır özünü saxlaya bilməyib “Ay xətəkarlar, deyin biz də gülək də!” - söyləyir. Bir azdan aralığa sükut çökür. Yeməkdən, bürküdən hamı xumarlana-xumarlana öz aləminə qapılır.

Elə bu vaxt yolda bir maşın görünür, ləngər vura-vura astaca gəlib durur Zeynal Cabbarzadənin bağının qapısı önündə. Hamı gözünü maşına zilləyir. Qapılar açılır. İçəridən Ənvər Əlibəyli və Böyükağa Qasımzadə həyat yoldaşları ilə çıxır. Zeynal Cabbarzadə ilğım görürmüş kimi gözlərinə inanmır. Beynində dünənki “bir gün dəyərik sənə” cümləsi dolaşır. “Heç, bir sutka keçmədi ki...” fikriylə ayağa qalxır, ucadan “Nə yaxşı adamlar gəlib!” təkrar edə-edə dostlarının pişvazına çıxır.

Bağın mübhəm sakitliyi bir andaca pozulur. Tez-tez qəhqəhə, gülüş, şaqqanaq səsləri eşidilməyə başlayır. Kişilər Ənvər Əlibəylinin təhriki və başçılığı ilə dərhal manqal, şiş, samovar əyləncələrinə girişirlər. Qadınlar yaşılbaş sonalar tək cüt-cüt bağda gəzişir, xısın-xısın söhbətləşir, hərdən kişilərinə sarı boylanıb təbəssüm göndərir, qeybət edirlər. Bir-iki gün belə keçir. Dostların gəlişi, yeknəsəqliyin aradan qalxması, süfrə başında zarafatlar Zeynal Cabbarzadənin özünə də xoş gəlir. Xüsusən, Ənvər Əlibəylinin təşəbbüskarlığı, manqal işlərinə himayədarlığı, “varam bağ həyatına” nidaları, şişə keçirilən nemətlərin çeşidlərinin get-gedə artması hamının ürəyincə olur, ötən anlara təravət qatır.

Üç-dörd gündən sonra manqalarası fasilədə dəniz yada düşür. Yığışıb gedirlər, suya baş vurub əylənirlər. İlıq, xırçın ləpələrin təmasından çuşa gəlib Xəzər, Bakı haqqında mahnıları zümzümə edir, ehtiraslı misralar söyləyirlər.

Beş-altı gün keçmiş manqal və dəniz əyləncələrinə nərd yarışları da əlavə olunur. Uduzan manqalı qalamalı, o biri məğlub şişləri hazırlamalı olur. Ənvər Əlibəylinin fərasəti burda da köməyinə yetir, udduqca nəşələnir, “varam kənd həyatına”, “o biri gəlsin” deyərək dostlarını cırnadır. Gecələri qadınlar evə yığışır, kişilər açıq səmanın altında, külafirəngidə keçirirlər. Kişilər uzanıb sayrışan ulduzları seyr edir, bürcləri tapıb rəvayətlər söyləyir, göyün mənzərəsindən riqqətə gəlib lirik misralar dilə gətirir, sakit, romantik gecənin sehrindən bihuş halda yuxuya gedirlər.

Səkkizinci gün Zeynal Cabbarzadə dostlarının bu vurhavurdan usanmadığının, hər sabah yeni ruh yüksəkliyiylə qalxdıqlarının, bir sözlə möhkəm lövbər saldıqlarının fərqinə varır. Görür, daha nə şişə keçirilən nemətlərin çeşidi, nə Ənvər Əlibəylinin Moskva səyahətlərində başına gələn macəralar haqda söhbətləri, nə doğma Xəzərin ağuşunda keçirdiyi dəqiqələr, nə xəzri, nə gilavar könlünü oxşamır, günləri lap gicəvar sayaq ötüşür. Qəfildən darıxmağa başlayır. Bağa hakim olan əvvəlki idilliya, susqun romantika, sevdiciyi ilə baş-başa gəzintiləri, ailəsiylə tənha günləri üçün darıxır. Əvvəlcə, dostlarına xəyanət edirmiş kimi düşüncələrindən utanır, sonra bu hissi də yola salıb, “əşşi, keyf bir gün olar, iki gün olar, keyfdən yorulduq ki” düşüncəsiylə carəsiz, dostlarına qoşulur. Ənvər Əlibəyli onu görən kimi həvəslə sözə başlayır:

- Hə... deyirəm, gəlin bu gün də, gedək...

-... balıq tutmağa, - Zeynal Cabbarzadə dostunun cümləsini tamamlayır.

Onun həyəcansız, sakit müdaxiləsindən alınan Ənvər Əlibəyli ciddiləşir və “balıq tutmaq nədi, ay Zeynal, deyirdim bəlkə, bir bazara baş çəkək... Amma qalsın sonraya, onsuz da birisi gün getməliyik”.

Ürəyində “birisi gün?” deyə təəccüblənən Zeynal Cabbarzadə “əşşi, hara gedirsiz? Sizi buraxan kimdi...” söyləyib gülümsünür.

- Yox, ay Zeynal, biri gün on gün olur ki, burdayıq, getməliyik – deyir Böyükağa Qasımzadə.

Qərəz, o günü də külləmə, pamidor-yumurta çığırtmasıyla yola salırlar.

Gecə külafirənginin həzin mehi, dostlarının yarı romantik, yarı məzəli söhbətləri Zeynal Cabbarzadəni heç cür ovutmur. Elə düşünür. Düşünür ki, niyə məhz on gün, niyə doqquz gün olmasın. Daha ulduzlara da baxmır, elə üzüqoylu uzanıb, birtəhər yuxuya gedir. Səhər oyananda “sabah gedirlər...” fikriylə bir az sevinən kimi olur, amma sonra bu bir gün ona bir il kimi uzun gəlir. Çox sevdiyi arvadının simasını xəyalına gətirmək istəyir, nədənsə bacarmır, Ənvər Əlibəylinin çopur sifəti gözü önündə canlanır. Çevrilib baxır. Dostlarının ikisinin də şirin-şirin yatdığını görür. “Əşşi, belə də şey olar, burdan-bura arvada həsrət qalasan... Bu gün danışacağam onunla,.. mütləq danışacağam...” fikriylə qalxıb dostlarını oyadır.

Bu günü də birtəhər başa vururlar, amma təmtəraqsız, sönük... Şam yeməyindən sonra Zeynal Cabbarzadə fürsət tapıb arvadını yanlayır və tələsik deyir:

- Gecə çıx bağa, güdüb düşəcəyəm yanına...

Gülümsəyib, hərəsi öz dəstisinə sarı gedir.

Nəhayət gecə düşür. Arvadlar evə çəkilir, kişilər də qalxırlar külafirəngiyə. Bir az ordan-burdan söhbət edirlər. Özünü yuxuluğa qoyan Zeynal Cabbarzadə susur, yerindən dəbərmir. Birazdan dostlarının da səsi kəsilir. Bir az keçir. Gecənin zülmətində şair nigarançılıq içində ürək döyüntülərini eşidir. Boylanıb bağı marıtlamağa başlayır. Birdən gözünə meynələrin arasında aram-aram hərəkət edən qaraltı dəyir. Tələsik sivişib aşağı düşür, astaca yüyürüb arxadan qaraltını qamarlayır. Qaraltı cəld ona sarı çevrilib deyir:

- Ay əclaf, anonam aaa! Doqquz gün dözmüsən, bir gün dözə bilmirsən?

# 2127 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #