Yaşar Qarayevin stolundakı yazı – Aynur Xəlilova yazır...

Yaşar Qarayevin stolundakı yazı – <span style="color:red;">Aynur Xəlilova yazır...
10 yanvar 2017
# 12:53

Kulis.az filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovanın “Yaddaşda və idrakda qərarlaşan milli sərvət” məqaləsini təqdim edir.

“Əgər Zaman – tarixi və estetik özünüdərkin faktına və

hadisəsinə çevrilmirsə, demək, idrakla və yaddaşla Zaman arasında

təmas baş vermir... Əgər tarixin dərslərindən şüur ibrət götürmürsə,

günahkar Zaman yox, şüurdur. Əgər tarixin əməyi Sizif təsəvvürü və

obrazı yaradırsa, bu da yenə Zamanın yox, şüurun xidmətidir!”

Yaşar Qarayev

Zaman formal olaraq (!) müəyyən edilmiş rəqəmlərlə vaxtı bəlləndirmək üçün icad olunmuş cihaz deyil ki, istədiyimiz vaxt əqrəblərini kiçik bir toxunuşla anındaca geri çəkə bilək. Belə olsaydı, dünya və ümumilikdə kainat, bəlkə də, yarana biləcək ən böyük xaosla üz-üzə qalardı. Zaman intəhasız kainatda, məlum və naməlum sivilizasiyalarda Yaradanın lazım bildiyi ahəng və tezlikdə tarazlanmış şəkildə mövcud olan idrakdan kənar bir mücərrədlikdir. Onu nə dayandırmaq, nə də öz xeyrinə dəyişdirmək mümkün deyil. İnsana ayrılmış ömür adlı kiçik zaman kəsimi bu böyük Zamanla nisbətdə dəryada bir damla qədərdir. İnsan ömrü bu böyük Zamana tabedir, onun içərisində əriyir, nəzərdə tutulmuş müddət bitdikdə isə öz fərdi qiyamətini yaşayaraq fiziki-cismani mövcudluğunu başa vurub ruhi mövcudluğa keçid alır. Təkcə İlahi aləmdə deyil, maddi həyatda da ruhi-mənəvi mövcud olmanı təmin etmək üçün İnsan onun üçün ayrılan ömür payının ən böyük sərvət olduğunu və bu sərvətdən necə istifadə etməyi dərk edir. Məhz bu həqiqəti dərk edənlərdən olduğu üçün “Vaxt sərvətdir” kəlamını yazdırıb iş otağında stolunun üzərinə qoymuşdu Yaşar Qarayev. Özünə və başqalarına təlqin etmək, xatırlatmaq üçün. Və bu həqiqətin dərkinin nəticəsi idi ki, fiziki mövcudluğun qarantı olan ömür payını boşuna xərcləmədi bu böyük alim. Fərqli elmi-bədii təfəkkürünün təzahürü kimi ortaya çıxan və gərəkli istinad mənbəyi olan dəyərli əsərlər yazıb yaratdı.

Yaşar Qarayevin əsərləri ədəbiyyatın ən müxtəlif dövrlərini və ayrı-ayrı problemləri əhatə edir. “Onun əsərlərini tam halda “Azərbaycan ədəbiyyatının problemləri” də adlandırmaq olar” (İsa Həbibbəyli).

Yaşar Qarayevin problemə yanaşma tərzi dar çərçivə ilə məhdudlaşmır. O, araşdırmanı mövzuya daha geniş rakurslardan yanaşaraq gerçəkləşdirir ki, bu da onun tədqiqatlarının ideya-mövzu dərinliyini təmin etmiş olur. Analitik təfəkkür, yüksək erudisiya, müxtəlif maraqlı və yalnız ona məxsus (!) maneralar etmək istedadı, ümumiləşdirmə bacarığı, güclü məntiq və fəlsəfi idrak, obrazlı-poetik düşüncə və ifadə tərzi, emosional ovqat və s. Yaşar Qarayevi bir alim kimi səciyyələndirən keyfiyyətlərdir. O, bir sıra əsərlərində problemi təkcə ədəbi-nəzəri-tənqidi istiqamətdə araşdırmaqla kifayətlənməyib mövzunun fəlsəfi müstəvidə də mahiyyətinə varmışdır. Və bu spesifik cəhət onu “Ədəbiyyatşünaslığın filosofu”, “Ədəbiyyat filosofu”, “Tənqidçi-filosof” səviyyəsinə yüksəltmişdir. “Yaşar Qarayev ədəbiyyatşünaslığı ədəbiyyatın ətrafında dolanan passiv təsvirdən... onu bədii ədəbiyyat haqqında təfəkkürün mükəmməl formalarından biri olan düşünən elmə çevirmək sahəsində, demək olar ki, ən böyük işlərdən birini (bəlkə də, birincisini) gördü... Onun ədəbiyyat filosofu kimi düşüncəsinin bütün inqilabi miqyası, orijinallıq keyfiyyəti... səksəninci illərin ortalarından təzahür edir. Yaşar Qarayevin fəlsəfəsi ədəbiyyat barəsində ardıcıl, sistemli düşüncədən yaranır: həmin fəlsəfənin bütün qneseoloji potensialı ədəbiyyatı ən müxtəlif təzahür formalarında dərk etməyin nəticəsidir” (Nizami Cəfərov).

Image result for yaşar qarayev

Yaşar Qarayevin bir sıra tədqiqatlarında mövzuya yanaşma müvafiq olaraq Şərq dəyərləri, ortaq Türk və İslam kontekstində gerçəkləşdirilmişdir. O, bəzilərindən fərqli olaraq, millət, tarix, vətən, milli şüur, azərbaycançılıq, mənəvi dəyərlər və bu qəbildən olan anlayışların ifadə etdiyi semantik tutumun mahiyyətinə vararaq tədqiqatın obyekti və predmetini məqsədəuyğun şəkildə bu müstəviyə yönəltmiş və araşdırmanı da əlaqəli şəkildə həyata keçirmişdir.

Yaşar Qarayevin əsərlərini bir dəfə oxuyub yararlanmaq kifayət etmir. Bu əsərlər sözügedən sahə ilə bağlı olan insanların, ədəbiyyat adamlarının vaxtaşırı müraciət etməyə ehtiyac duyduqları sanballı ədəbi-elmi tutuma və dərin məzmun-mündəricəyə malik, ağır siqlətli, aktual mövzulara həsr olunmuş gərəkli mənbə, fikir-ideya qaynaqlarıdır. Bu baxımdan sözügedən əsərlərin AMEA Nizami adına Ədəbiyyat İnstitutunun yenidən nəşr etməsi həm Yaşar Qarayevin ruhuna və irsinə hörmət, həm də ədəbiyyatşünaslığımıza bir töhfədir. Professor Şirindil Alışanlı və dosent Aygün Bağırlının birgə tərtibatı ilə yeni çapdan çıxmış “Seçilmiş əsərləri”nin beş cildliyinə alimin “Azərbaycan ədəbiyyatında faciə janrı”, “Səhnəmiz və müasirlərimiz”, “Tənqid: problemlər, portretlər”, “Poeziya və nəsr”, “Xarıbülbülün nağılı”, “Ədəbi üfüqlər”, “Realizm: sənət və həqiqət”, “Meyar – şəxsiyyətdir”, “Tarix: yaxından və uzaqdan”, “Min ilin sonu” kitabları, müxtəlif illərdə çeşidli mövzularda yazıb nəşr etdirdiyi məqalələri, eləcə də, məruzə, müsahibə və çıxışları toplanmışdır. Beş cildliyə Şirindil Alışanlının yazdığı ön sözdə Yaşar Qarayevin yaradıcılığı geniş şəkildə təhlil olunmuş, ədəbiyyatşünaslıq, ədəbiyyat tarixçiliyi, teatrşünaslıq, estetika və humanitar elmlərin nəzəri-metodoloji problemlərinə həsr edilmiş ayrı-ayrı əsərlərinə, “elmi-nəzəri fikrin yaxın müddətdəki başlıca tədqiqat istiqaməti və onun milli məzmununu əks etdirən konsepsiya”sına diqqət çəkilmiş, nəzəri irsi ümumilikdə və müasir ədəbiyyatşünaslığın metodoloji axtarışları kontekstində təhlil-tədqiq edilmiş, həmçinin xatirəyə çevrilmiş bir sıra yaddaqalan məqamlar əks olunmuşdur.

Beş cildliklə eyni vaxtda çap olunmuş “Yaşar Qarayev: yaxından və uzaqdan” adlı məqalələr və xatirələr toplusuna isə ədəbi-elmi ictimaiyyətin nümayəndələrinin, müəllimlərinin, dostları və yaxınlarının, institutun əməkdaşlarının (Məmməd Arif, Məmməd Cəfər, Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Tofiq Hacıyev, İsa Həbibbəyli, Həsən Həsənov, Şirindil Alışanlı, Nizami Cəfərov, Anar, Elçin, Qəzənfər Paşayev, Teymur Kərimli, Vaqif Yusifli, Aygün Bağırlı, Elnarə Akimova, Rüstəm Kamal, Tehran Əlişanoğlu, Əlizadə Əsgərli, Rahid Ulusel və b.) alim haqqında müxtəlif illərdə yazdıqları məqalə və xatirələri, tələbəlik illərindən ömrünün sonuna qədər yaxın dostu olmuş Hüseyn Kürdoğlunun ona həsr etdiyi şeirləri daxil edilmişdir. Üç bölümdə (1. Yaşar Qarayev irsi: ədəbiyyatın tarixi və müasir problemləri; 2. Yaşar Qarayev ədəbi-nəzəri fikrin yaddaşında; 3. Xatirələr.) tərtib olunmuş bu kitaba akademik İsa Həbibbəylinin yazdığı ön sözdə, başlıca olaraq, Yaşar Qarayevin Azərbaycan ədəbiyyatşünaslığındakı mövqeyi, xidmətləri, yaradıcılığının əhəmiyyəti və spesifik xüsusiyyətləri, onu tənqidçi-ədəbiyyatşünas kimi xarakterizə edən əsas cəhətlər diqqət mərkəzinə çəkilmişdir. Yaşar Qarayevin elmi fəaliyyətini ədəbiyyatşünaslıq tariximizdə xüsusi mərhələ kimi vurğulayan İsa Həbibbəyli onu klassik ədəbiyyatşünaslıq yanaşmaları ilə yeni elmi-ədəbi təfəkkür arasında möhkəm əlaqələndiricilik və ötürücülük missiyasını həyata keçirən, eyni zamanda, böyük başlanğıcların da əsasını yaradanlardan biri kimi xarakterizə etmişdir. Həmçinin mütəfəkkir ədəbiyyatşünasın elmi irsi və ideyalarını XXI əsrin milli ədəbiyyatşünaslıq elminin strategiyasını müəyyən edən mənbə kimi dəyərləndirmişdir.

Məqalələr və xatirələr toplusu Aygün Bağırlının Yaşar Qarayevin işıqlı portreti fonunda qələmə aldığı maraqlı yazısı ilə yekunlaşır. Burada Yaşar Qarayevin tədqiqatlarındakı bir sıra məqamlara, fərqli ifadə tərzinə, əxlaq və halallıq haqqındakı fikirlərinə, həmçinin, insan kimi şəxsi keyfiyyət göstəricilərinə diqqət çəkilmişdir. Ədəbiyyatşünaslıq tariximizdə özünəməxsus mövqe qazanmış Yaşar Qarayevin bu günkü və gələcək nəsillər üçün bir məktəb olduğu vurğulanmışdır.

Yaşar Qarayevin ədəbi tənqidin ədəbi proseslə bağlı sistemli fəaliyyətinin həyata keçirilməsində xüsusi xidmətləri olmuşdur. Onun təşəbbüsü və iştirakı ilə 1976-cı ildə əsası qoyulan bu ənənə bu gün Ədəbiyyat İnstitutunda daha geniş şəkildə davam etdirilir.

Yaşar Qarayevin uzun illər əməkdaşı və direktoru olduğu Nizami adına Ədəbiyyat İnstitutu bu bənzərsiz alimin xatirəsini hər zaman əziz tutmuşdur. Oktyabrın 26-da institutda alimin 80 illik yubileyi ilə əlaqədar “Yaşar Qarayevin irsi: ədəbiyyatın tarixi və müasir problemləri” mövzusunda keçirilən elmi sessiyada bir sıra maraqlı məruzə və çıxışlar dinlənildi. Tənqidçi-ədəbiyyatşünas Rüstəm Kamal çıxışında Yaşar müəllimin ən çox işlətdiyi sözlərdən birinə – sərvət sözünə , “Vaxt sərvətdir”, “Cəsarət sərvətdir”, “Şəxsiyyət sərvətdir”, “Müdriklik sərvətdir” və s. ifadələrinə diqqəti çəkərkən akademik İsa Həbibbəylinin söylədiyi “Yaşar Qarayev özü də sərvətdir” ifadəsi, fikrimizcə, bu mütəfəkkir alimin şəxsiyyətinə və fəaliyyətinə verilən yekun qiymətdir. Doğrudan da, millətin ən böyük sərvətlərindən biri onun yetirdiyi insanlardır. Öz fəaliyyəti ilə tarixdə iz qoymuş, millətin, xalqın inkişafında konkret xidmətlər göstərmiş insanlar! Azərbaycan humanitariyası və estetik fikrində xüsusi yeri olan Yaşar Qarayev də məhz belə insanlar sırasındadır.

Yaşar Qarayev üslubu üçün səciyyəvi olan dil-üslub vahidlərindən biri də “Yaddaş” sözüdür. “Ədəbiyyat filosofu”nun “Yaddaş konsepsiyası”nın əks olunduğu “Tarix: yaxından və uzaqdan” əsəri elə bu anlayış əsasında sistemləşdirilmişdir.

Milli-mənəvi sərvətə çevrilmə Yaddaşda var olmanı şərtləndirən başlıca amildir. O, həm də mənəvi yaşarılığın qarantıdır. Deməli, milli-mənəvi sərvət hesab etdiyimiz Yaşar Qarayev konsepsiyasını təqdim etdiyi Yaddaşda özü də mövcuddur.

Yaşar Qarayev gərgin və gərəkli elmi fəaliyyətinin bəhrəsi olaraq filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı, Əməkdar Elm Xadimi, professor kimi elmi ad, dərəcə, vəzifə, mükafat və s. qazandı. Lakin “Yaşar Qarayev” imzası bunların hamısının fövqündə dayandı. Deməli, məqsəd heç də elmi dərəcə almaq yox, sözün həqiqi mənasında Alim və Vətəndaş olmaqdır!

Örnəyi Yaşar Qarayev timsalında!

# 2241 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #