Azərbaycan xalqının damarına düşməyən hekayə - “Tavriya” niyə oxucunu narahat edir?

Azərbaycan xalqının damarına düşməyən hekayə - “Tavriya” niyə oxucunu narahat edir?
25 noyabr 2026
# 10:30

Kulis.az Məcid Rəşadətoğlunun "Azərbaycan xalqının damarına düşməyən hekayə - "Tavriya"" yazısını təqdim edir.

...Ulucay Akifin “Tavriya” hekayəsini oxudum. Ötən gün müəllif hekayənin anonsunu verərkən hekayənin oxucuları narahat edəcəyini səmimi şəkildə etiraf etmişdi. Açığı, inanmamışdım. Hətta düşünmüşdüm ki, oxucuları narahat etmək deyəndə, yəqin əvvəlki hekayələrində olduğu kimi, açıq səhnələri, jarqon ifadələri, vulqar sözləri, milli mentalitetdən kənar bəzi nüansları nəzərdə tutur. Ancaq “Tavriya”da tamamilə başqa mənzərə ilə qarşılaşdım.

Hekayə müharibədən sonra, yəni postmüharibə dövründə Azərbaycan cəmiyyətində baş verən hadisələrdən, daha dəqiq desək, bir çox şəhid ailəsinin üzləşdiyi, lakin etiraf etməkdə çətinlik çəkdiyi ağrılı məsələlərdən bəhs edir.

Bu yerdə haşiyə çıxaraq bir məqamı qeyd etmək istəyirəm. Ulucay Akifin yazı üslubunda ən çox bəyəndiyim cəhətlərdən biri də odur ki, o, uzun-uzadı danışmadan, oxucunu yormadan birbaşa əsas mətləbə keçir. Gənc qələm sahibi olmasına baxmayaraq, yazdıqlarının gələcəyinə, karyerasına necə təsir edəcəyini düşünərək özünə senzura tətbiq etmir, yaradıcılığına məhdudiyyət qoymur.

Hətta mənə elə gəlir ki, Ulucay nəyi oxumaq istəyirsə, onu da yazır. Daha dəqiq desək, müşahidə etdiklərini, cəmiyyətin görmək və danışmaq istəmədiyi məqamları çəkinmədən qələmə alır. “Tavriya” hekayəsi də oxucunu sadəcə bir hadisə ilə tanış etmir, onu bəlkə də üzləşmək istəmədiyi bir həqiqətlə qarşı-qarşıya qoyur...

Hekayənin dili axıcı, ruhu canlı, bədii təsvir və ifadə vasitələri isə yerli-yerindədir. Oxucu mətni bitirdikdən sonra “Kaş, müəllif bunu da əlavə edəydi” deyə düşünmür. Giriş hissəsindən etibarən oxucunu özünə çəkən hekayə dostların Yevlaxa səfəri ilə daha da ritmik və axıcı xarakter alır.

Səmimi etiraf etmək lazımdır ki, Ulucayın qaldırdığı problem hekayənin bütün ruhuna o qədər hakimdir ki, oxu prosesində nə dil-üslub xüsusiyyətləri, nə də yazıçının təhkiyəsi ayrıca diqqət çəkir. Oxucu bütünlüklə hadisənin və qaldırılan problemin təsiri altına düşür.

Bir az əvvəl də qeyd etdim: Ulucay Akif “Tavriya”da yüzlərlə şəhid ailəsinin üzləşdiyi, lakin etiraf etməkdə çətinlik çəkdiyi, hətta dilə gətirməyə utandığı bir hadisədən yazıb. Hər birimizin bildiyi, lakin el qınağından qorxaraq danışmadığımız, danışa bilmədiyimiz bir həqiqəti qələmə alıb. Məncə, oxucuların böyük əksəriyyəti hekayədən belə bir nəticə çıxaracaq: insanın hansı adla anılmasından, həyatının necə sonluqla bitməsindən asılı olmayaraq, bu, onun sağlığında etdiyi əməllərə bəraət qazandırmır.

Şəhidlik müqəddəs addır, amma insanın əməlləri də onunla birlikdə yaşayır axı... Şəhid adı alnına yazıla bilər, lakin insanın həyatda qazandığı ad, etdiyi əməllər də əbədi olaraq onunla qalır... Lakin hekayənin ideyasını və oxucuya çatdırmaq istədiklərini bununla yekunlaşdırmaq, məncə düz olmaz...

Yaxşı olar ki, “Tavriya”nın ədəbiyyatdakı və cəmiyyətdəki yerinə oxucuların özü qərar versin.

Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Ulucay Akif “Tavriya” hekayəsində şəhidlik adının müqəddəsliyini müzakirəyə çıxarmır, bu müqəddəs adın arxasında gizlədilən, susqunluğa məhkum edilən həqiqətləri üzə çıxarır. Şəhid atasının soyuqqanlı şəkildə "Mən sənə demişdim Vüsala kömək elə?" söyləməsi, şəhid anasının isə sanki heç nə baş verməmiş kimi qonaqları yola salması, əslində, ailədaxili münasibətlərdəki dərin uçurumdan, ər-arvad və valideyn-övlad arasındakı mənəvi yadlaşmadan xəbər verir. Hekayə bu ailənin timsalında daha böyük bir problemin üzərinə işıq salır.

Hekayənin sonunda Həmidin “Vüsalın halal xoşu olsun o pul!” deməsi bir növ kişiyana jesti ilə obrazı oxucuya daha da sevdirir. Ancaq hiss olunur ki, həmin “halal xoşu olsun” ifadəsinin arxasında əslində danışılmamış, dilə gətirilməyən çox söz var. Orada dostuna sədaqət də var, xəcalət də, inciklik də, deyilməyən sözlər də...

“Tavriya” gündəmdə geniş müzakirələrə və mübahisələrə səbəb ola biləcək hekayədir. Hətta bir qədər obrazlı desək, Azərbaycan cəmiyyətinin damarına düşməyən, rahat qəbul edə bilməyəcəyi bir mətndir. Amma elə hekayənin dəyəri də bir qədər buradan qaynaqlanır.

Müəllif oxucunun xoşuna gəlmək, cəmiyyətin gözləntilərinə uyğun yazmaq əvəzinə, narahatlıq doğuracağını bildiyi həqiqətləri qələmə almaqdan çəkinməyib. Bütün bu “zərərli” cəhətlərinə, doğuracağı mübahisələrə rəğmən, “Tavriya” məhz belə bir hekayədir – oxucuları narahat edən hekayə...

# 57 dəfə oxunub

Oxşar xəbərlər

Dəlikdən şəhvət anlarını güdən oğlanlar, eşqə susamış qadınlar... - İntiharı əfsanələşmiş Mişima faşist idimi?

Dəlikdən şəhvət anlarını güdən oğlanlar, eşqə susamış qadınlar... - İntiharı əfsanələşmiş Mişima faşist idimi?

10:00 25 noyabr 2026
Süni intellekt dövründə sözlə çarpışmaq... - Yaxşı roman müəllifini unutdururmu?

Süni intellekt dövründə sözlə çarpışmaq... - Yaxşı roman müəllifini unutdururmu?

16:00 23 noyabr 2026
Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı:  Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?

Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı: Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?

10:00 21 noyabr 2026
Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

10:27 15 noyabr 2026
Orxan Saffarinin romanında üzləşmək və oxumaq istəmədiyimiz məqamlar  – Nadir Yalçın

Orxan Saffarinin romanında üzləşmək və oxumaq istəmədiyimiz məqamlar – Nadir Yalçın

12:00 13 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər