Bu dəfə “Dəli Kür”dən yazacağıq... 1967-ci ildə işıq üzü görmüş bu əsər Azərbaycan ən gözəl romanlarındandır. Roman köhnə kişilərdən olan Cahandar ağanın Allahyarın arvadı Mələyi götürüb qaçmaqla başlayan faciəsindən bəhs edir. Cahandar Ağanın bu hərəkətindən sonra oğlu Şamxal evi tərk edir. Cahandar ağanın digər oğlu Əşrəf atasının israrına baxmayaraq Qori seminariyasına oxumağa gedir. Burada baş verənlər, inqilabçıların gördüyü işlər, eyni zamanda maarifçi rus Əhmədin yaşadıqları, onların həbsi əsərdə ikinci xətdir. “Dəli Kür”də maarifçilərin yorulmaz fəaliyyəti, mövhumatçıların at oynatması, maarifçilərin bunun qarşısını almaq cəhdləri təsvir olunub.
Cahandar ağa oğlunun Qoriyə getməsinə qarşı çıxsa da oxumağı təbliğ edənlərin üzərinə hücuma keçən mollalara təpinir. Molla Sadıq isə bunun qisasını alır. Cahandar ağanın bacısı Şahnigarı tora salır, nəticədə Cahandar ağa bacısının qatilinə çevrilir.
Əsərin sonunda Cahandar ağa onun torpaqlarını almaq istəyənlərə qarşı silahlı müqavimət göstərir və çar əsgərləri tərəfindən öldürülür.
Hadisələr ötən əsrin əvvəllərində baş verir.
Maraqlıdır ki, başqasının arvadını götürüb qaçan, bacısının qanına bais olan Cahandar ağa oxucular tərəfindən sevilir. Ümumiyyətlə onun müsbət, yoxsa mənfi surət olması barədə qərar vermək çətindir. Cahandar ağa maarifçilərlə mövhumatçıların mübarizəsində birincilərin tərəfini tutur, başqasının torpağına göz dikən çar əsgərləri ilə açıq döyüşə girir. Bu, eyni zamanda Cahandar ağanın addımlarındakı ağayanalıq ona hörmət qazandırır. Qeyrət keşikçiləri isə ona bacısını öldürdüyünə görə də haqq qazandırırlar.
Bu bizim düşündüklərimiz, görək yazıçının özü, oğlu, yazarlar əsər haqqında nə deyir?
Yazıçı öz əsəri haqda danışır...
“Dəli Kür” haqqında danışan İsmayıl Şıxlı çox maraqlı məqamlara toxunub. “Azərbaycan gəncləri” qəzetinə (20 dekabr 1988-ci il) verdiyi müsahibədə “Dəli Kür”ün real hadisələr əsasında qələmə alındığını söyləyib:
“...özümdən uydurma süjetlər, hadisələr qura bilmirəm. Yazılarımın hamısını əsasında gerçək hadisələr, mövcud insanlar dayanır. “Kerç suları” adı altında toplanmış hekayələrimdən tutmuş son yazılarıma qədər təsvir olunan hadisələr əsasən özümün iştirak etdiyim hadisələrdir. İnsanlar isə yoldaşlarım, həyatda təsadüf etdiyim adamlardır. “Ayrılan yollar”dakı epizodik surətlərə qədər hamısının prototipləri var. “Dəli Kür”də həmçinin, hekayələrim də bu qəbildəndir”.
Cahandar ağanın xarakter geniş işləndiyi halda müəllifin digər obrazlara qarşı soyuqluğu barədə iradlarla yazıçı razılaşmayıb: “Mən ən balaca, ötəri obrazların da canlı çıxmasına çalışmışam. Gəmiçi Qocanı, stansiya gözətçisini belə, təsvir edəndə çalışmışam ki, yaddaqalan cəhətlər tapım, onların xarakterini yaradım. Əsərdəki surətlər böyüklü-kiçikli müəllifin övladlarıdır. Ata isə övladlarının birinə mehriban, o birinə soyuq ola bilməz. Amma övladın biri güclü, o biri isə zəif ola bilər. Bu baxımdan, Cahandar ağa, əlbəttə qalan surətlərin hamısından güclüdür. Onun belə güclü və hardasa əzəmi xarakter olması müəllifin iradəsindən asılı deyil, zamandan asılıdır. Cahandar ağanı feodal dünyası yaratmışdır. Onun timsalında orta əsr cəngavərliyi, qüruru, mənliyi, kişiliyi, eyni zamanda ziddiyyətləri əksini tapmışdır. Elə ziddiyyətləri ki, onu əyib təslim edə bilmir, ancaq məhvinə hökm verir. Demək, bu xarakteri, bayaq dediyim kimi müəllif yox, zaman yaradıb. Bir dəfə oxucularla görüşə getmişdim. Müzakirədə iştirak edənlərin hamısı bir ağızdan Cahandar ağanı güclü xarakter, əsl kişi kimi bəyəndiklərini söylədilər. Axırda sual verdilər ki, “İndiki zamanda” əsər yazsanız, belə bir obraz yarada bilərsinizmi, yaxud indiki zamanda Cahandar ağa kimi kişilər yetişə bilərmi?” -Yox,- deyə qəti cavab verdim. Çünki qüdrətli şəxsiyyətlərin yetişməsi üçün müəyyən amillər lazımdır. Hər şeydən əvvəl insanı sındıran, insan qürurunu, insan mənliyini tapdalayan məhdudiyyətlər olmamalıdır. Cılızlıq cəngavərliyə meydan oxumamalıdır. Mənəvi zənginliyi mənəvi müflisliyə çevirən, rəzaləti qüdrətə qarşı qoyan cəmiyyət qanunları olmamalıdır...”
İsmayıl Şıxlı deyir ki, “Dəli Kür”ü yazarkən Şahnigar surətini nəzərdə tutmamışdım, yəni belə bir surətin nəzərdə tutmayıb, belə bir surətin təsvirini əvvəlcədən düşünməyib: ”Amma bir axşam əlimə qələmə alanda gördüm ki, yaraşıqlı, şux, deyib-gülən, bir az ayar, zarafatcıl, telli-toqqalı bir gəlin dayandı qarşımda, gözlərini zillədi üzümə: “Mən Cahandar ağanın bacısıyam. Gəlmişəm yanına. Məni təsvir etməlisən-dedi.-Qardaşım Şamxal Gəmiçi Qocanın qızı Gülsəri götürüb qaçıb, gedək yanlarına”. Getdik. Sonradan məndən əl çəkmədi. Dedi: ”Bilirəm, düz iş görmürəm, amma meyxanaya gedəcəm”. Getdi. Sonra da “Ölməliyəm. Qardaşıma qanım halaldır”- deyə atın qabağına düşdü. Öləndən sonra lazım olan kimi gəldi kitabın səhifələrinə və beləliklə, romandakı ən canlı surətlərdən birinə çevrildi. Belə anlarda müəllif soyuqluq eləmək istəsə də bacarmaz”.
Jurnalist yazıçıdan “Dəli Kür”ün davamını yazıb yazmayacağı barədə suala da cavab verib: “Bu barədə mənə doğrudan da çoxlu suallar veriblər, külli miqdarda məktublar da almışam. Amma heç yerdə deməmişəm ki, “Dəli Kür”ün davamını yazıram. Ona görə ki, bir çox ədəbi təcrübələr göstərir ki, az-çox müvəffəqiyyət qazanan əsərin təzədən davamını yazmaq o qədər də uğurlu olmur. Əlbəttə, Əşrəflə Şamxalın timsalında hadisələri davam etdirmək olar. Onların taleyini otuzuncu illərin hadisələri ilə bağlı izləmək mümkündür. Nə vaxtsa mənim də xəyalımdan bunlar keçib, hətta bəzi fəsillər də var. Ancaq sonradan fikrimi dəyişmişəm. Hələlik yazmaq fikrində deyiləm. Yaradıcılıq prosesi isə mürəkkəb bir şeydir. Bir də gördün ki, gözləmədiyin bir gözləmədiyin halda səni məcbur etdi ki, əvvəlcə məni yaz, sonra başqalarını yazarsan”.
Jurnalist deyir ki, “Dəli Kür” milli özünüdərk işığında yazılmış ilk və ən siqlətli əsərlərdəndir. İsmayıl Şıxlı isə təvazökarlıqla jurnalistin “Dəli Kür” romanı barədə bir qədər aludəçiliyə vardığını deyir.
Mehdi Hüseyn niyə sarsıldı?
İsmayıl Şıxlı "Qranit kimi sərt" əsərində də “Dəli Kür” haqqında danışır: "Dəli Kür" jurnalda çap olunandan sonra Mehdi Hüseyn məni evinə çağırdı. Yazı stolunun arxasına keçdi, gözümə "Dəli Kür"ün çap olunduğu "Azərbaycan" jurnalı dəydi. Jurnalın arasından bozumtul bir zərf çıxartdı. Mənə verdi. Üstündə üçcə söz yazılmışdı. "İsmayıl Şıxlıya Mehdidən". Evdə oxuyarsan, - dedi. Evə çatan kimi zərfi açdım. Vərəqin bircə üzündə aşağıdakı sözlər yazılmışdı: "Əzizim İsmayıl, "Dəli Kür" əsərini dünən gecə oxuyub qurtardım. Əhsən! Bərəkallah! Son on ildə bizim ədəbiyyatımızda oxuduğum heç bir əsər məni bu cür sarsıtmamışdı".
Cahandar ağa İsmayıl Şıxlının babasıdır
“Dəli Kür”ün yazılması prosesi haqqında danışan İsmayıl Şıxlının oğlu, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyir ki, Cahandar ağa Qara Nəbi adlı şəxsin və İsmayıl Şıxlının ana tərəfdən babasının prototipidir: ”Cahandar ağa atamın ata tərəfdən babasıdır. Atam təbii ki, onu görməmişdi, ancaq eşitdikləri əsasında Cahandar ağa obrazını yaradıb. Amma başqa bir maraqlı fakt da var. Mənim ata babam bir sıra kəndlərdə müəllimlik edib. Son dəfə müəllimlik etdiyi yer Qazaxın Kosalar kəndi olub. Bibilərim orada yaşayıb. Babam orta məktəbin 5-ci sinfinə qədər burada oxuyub. Kənddə Qara Nəbi adlı kişi varmış. Atam Cahandar ağanın zahiri görünüşünü Qara Nəbini göz önündə canlandıraraq təsvir edib. Əsərdəki Cahandar ağanın taleyi atamın ana babasının taleyinə uyğundur. Amma atamın babası öz əcəli ilə ölüb. Onu da deyim ki, atamın dayılarından ikisi Qori seminariyasında təhsil alıb. Atamın atası bu seminariyanı bitirib. Ümumiyyətlə Qori seminariyası ilə bağlı məqamlar sənədli şeylərdir. Atam 8 ay ərzində seminariyanın arxivindən materiallar toplayıb. Mirzə İbrahimovun “Pərvanə” romanında Qori ilə bağlı məqamlar var, ancaq o, arxivdə işləməyib”.
Çap çətinlikləri
Elçin Şıxlı deyir ki, “Dəli Kür” səkkiz il yarıma yazılıb: “Təxminən bir il, il yarım əsəri çap etmək istəməyiblər. Atam bu barədə danışmağı xoşlamırdı. Bizim yazıçılardan bir qismi atama mane olurdular. Ancaq ad çəkmək istəmirəm. Çünki belə şeylər söylənilməməlidir. Paxıllıq, ədavət, gözü götürməməkdən əsəri çapına imkan vermirdilər. Çap olunandan sonra çox ciddi şəkildə tənqid etmişdilər ki, bəyi ideallaşdırır. Sonra deyirdilər ki, bu əsər ruslara qarşıdır, hansısa bəy rusun sözünün qabağına söz deyir, öz torpağını onlara vermək istəmir. Onu da deyim ki, əsər rus dilinə çevrilmişdi, ancaq Rusiyada uzun müddət çap etmədilər. “Molodaya qvardiya” jurnalının baş redaktoru Anatoli İvanov cəsarət və kişilik göstərərək əsəri çap etdirdi. Özü də bir giriş yazdı ki, mən bir rus yazıçısı kimi qətiyyətlə deyirəm ki, bu əsərdə antirus, antibolşevik məqam yoxdur. O, əsərin damarını tutmuşdu. Bundan sonra “Dəli Kür” kitab şəklində Moskvada da işıq üzü gördü”.
Yazıçının oğlu “Dəli Kür”ün uğurunu belə izah edir: “O vaxtlar bizi alçaltmağa çalışır, gözüqıpıq olmağımızı istəyirdilər. Hərbi xidmətə gedən azərbaycanlılar daha çox anbarda, yeməkxanada işləyirdilər. Belə bir vaxtda Cahandar ağa obrazı ortaya çıxdı. Doğrudur əsərin uğur qazanmasına təkcə bu surətin adı ilə bağlamaq olmaz. Ancaq etiraf edək ki, oxucular Cahandar ağa obrazını çox sevirlər. İsmayıl Şıxlı göstərmək istədi ki, bizdə də kişilər olub və indi də var. Həm də o dövrdə kolxoz-sovxozdan, nakam məhəbbətdən daha çox yazırdılar. “Dəli Kür” isə tam fərqli əsəri idi”.
Hər fəsli mənə oxumuşdu
Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri İsa Hüseynov Kulis.az saytına verdiyi müsahibədə bildirmişdi ki, “Dəli Kür” romanının yazılmasında birbaşa iştirak edib: “Firuzə xanım (İsa Hüseynovun həyat yoldaşı-red.) şahiddir, hər fəsli oxuyurdu, müzakirə edirdik, ondan sonrakı fəsli yazırdı. “Dəli Kür”ün yazılmağı 10 il çəkdi. Və yazıçı kimi əmələ gəldi, yetişdi”.
On illik guşənişinliyin nəticəsi
Filologiya elmləri doktoru Nizami Cəfərov “İsmayıl Şıxlı şəxsiyyəti və "Dəli Kür"” məqaləsində qeyd edir ki, Azərbaycan xalqı təbii olaraq özünün ən narahat günlərində xalq yazıçısı İsmayıl Şıxlıya, onun şəxsiyyətinə, yaradıcılığına üz tutdu:”Və mütəfəkkir yazıçının şah əsəri "Dəli Kür", onun baş qəhrəmanı Cahandar ağa milli ictimai təfəkkürdə bütün gücü ilə bir daha canlandı.
"Dəli Kür" onlarca povestin, romanın düşüncələrdə yaratdığı mənəvi səhradan axıb keçdi və ona can verdi - adi bir məktəblidən tutmuş böyük Mehdi Hüseynə qədər "Dəli Kür"lə tanış olan hər kəs öz emosiyasını, heyrətini gizlədə bilmədi. İsmayıl Şıxlı 50-ci illərin sonlarından 60-cı illərin ortalarına - təxminən 10 ilə qədərki "guşənişinlik"dən çıxaraq ədəbiyyatımızın Səməd Vurğundan sonrakı şah əsərini yaratdı... Bu əsərin ilk oxucusu Səməd Vurğun olmalı, yazıçını ilk dəfə o özü təbrik etməli, "Ayə, yaman yazıbsan" sözünü də o deməli idi. Və nədənsə, mənə elə gəlir ki, İsmayıl Şıxlı "Dəli Kür"ü heç kimin yox, məhz Səməd Vurğunun xeyir-duası ilə yazmağa başlayıb. Əsər üzərində işlədiyi dövrdə də ölməz sənətkarın ruhu həmişə onunla olub. Kim bilir, bəlkə yazıçı xəyalən öz sələfindən məsləhətlər alıb, təhtəlşüur bir qüvvə ilə Səməd Vurğunun işini davam etdirib...
Mənim dərin inamıma görə, İsmayıl Şıxlının "Dəli Kür"ə qədərki yaradıcılığı onu "Dəli Kür"ə gətirib çıxarmır... "Cəbhə yolları"ndan tutmuş "Ayrılan yollar"a qədər yazıçı, demək olar ki, heç bir əsərində "Dəli Kür"ə işarə eləmir. Lakin İsmayıl Şıxlı çox gənc yaşlarında - tələbəlik illərində "Dəli Kür" adlı hekayə yazıb təhsil aldığı ali məktəbin qəzetində çap etdirmişdi. 1962-ci ildə "Azərbaycan" jurnalında (N 5, 6, 7, 8) "Dəli Kür"ün birinci hissəsi çap olunur və ədəbi ictimaiyyətin diqqətini cəlb edir.
"Dəli Kür"ün nəşrindən dərhal sonra çap olunmuş tənqidi məqalələrin, resenziyaların hamısında İsmayıl Şıxlının nə isə qeyri-adi iş gördüyü, ədəbiyyatımıza nəhəng bir əsər bəxş etdiyi ya bilavasitə, ya da dolayısı ilə qeyd olunur, lakin "isti başla" yazılmış həmin yazılarda "Dəli Kür" bütün mürəkkəbliyi ilə şərh olunmur (və əslində oluna da bilməzdi). Sənət barədə artıq köhnəlmiş trafaret təsəvvürlər həm professional, həm də kütləvi (qeyri-professional) təfəkkürü əsəri bütün mürəkkəbliyi ilə başa düşməkdən məhrum edir.
"Dəli Kür" - eposdur, Cahandar ağa isə, hər şeydən əvvəl, epos qəhrəmanıdır... Onu nə keçmiş qəbul edir, nə də gələcək, lakin o əbədidir...”
Ənənədən kənar
Yazıçı Şərif Ağayar əsərin uğurunu belə izah edir: “Məncə “Dəli Kür” romanının ədəbi hadisəyə çevrilməsinin əsas səbəblərindən biri o oldu ki, müəllif əsərin baş qəhrəmanına ənənəvi sovet obrazları kimi birmənalı yanaşmadı. Onu nə tam mənfi, nə tam müsbət qəhrəman kimi qələmə verdi. Obraza insan kimi yanaşdı – mənfisiylə, müsbətiylə... Nəsrdə bu çox ciddi məsələdir. “Dəli Kür” milli ədəbi fakta çevrilmiş əsərdir”.
Ağa CƏFƏRLİ
Ajiotaj yazılar:
Vidadi Babanlı: “Vicdan susanda”
Cahandar ağa İsmayıl Şıxlının babası idi - AJİOTAJ LAYİHƏSİ
3 oktyabr 2012
10:20
16759 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024