Müəllimlər qaçqın şagirdlərə həqarətlə baxırdı - XATİRƏ

Müəllimlər qaçqın şagirdlərə həqarətlə baxırdı - <span style="color:red;">XATİRƏ
21 iyun 2018
# 10:30

Kulis.az Faiq Xudanlının “Mənim velosiped həsrətim” yazısını təqdim edir.

Uşaq vaxtı mən də velosiped həsrəti ilə yaşamışam. Səbəb bəlkə də uşaqlıq illərimin bitməyən Qarabağ müharibəsi dövrünə düşməsi idi. Bütün çətinliklərə baxmayaraq velosiped arzusu ilə yaşayırdım. Ancaq maddi durumumuz və demək olar hər il bir rayonda yaşamağımız bu arzumu dilə gətirməyə imkan verməyib.

Hələ də unutmamışam, unuda bilməmişəm. 1992-ci ildə şəhərdə məktəbləri bağladılar, məktəbə top düşmüşdü. Horadiz qəsəbəsində qohum evinə yerləşdik və burada məktəbə getdim. Anam və atam rayonda poçtda işlədiklərindən yanımızda qala bilmirdi. Axı poçt strateji obyekt idi. Beləcə Nənəm baxardı bizə. Mən məktəbdən qalmağı heç xoşlamazdım. Vəziyyət hər necə olur olsun mütləq məktəbə gedərdim. Qaçqın olduğum üçün yolda yolumu kəsib döymək istəyən kim, söz atan kim. Görün nə vəziyyət idi ki, müəllimlər də məktəbə gələn qaçqın uşaqlarına təhqiredici nəzərlərlə baxır, aşağılayırdı. Bir sözlə yağış yağsın, xəstə olum fərqi yox idi, mütləq getməli idim. Doğuluşdan tərs olmuşam. Qış ayları idi ayaqqabım cırılmışdı. Bu cırıq ayaqqabını hər gün ya babam, ya özüm tikib geyinərdim.

Evdə yəqin elə tərsliyimə görə çörək almaq kimi ağır və məsuliyyətli bir vəzifəni mənə həvalə etmişdilər. Xatırlayanlar bilər, o illərdə çörək almaq ən ağır iş hesab olunurdu. Çörək alıb evə gələn adamı az qala milli qəhrəman kimi qarşılayardılar. Və mən bu qarşılanmadan qürurlanardım. Nənəmin, babamın üzündəki təbəssümü, uşaqların (əmim və mamam uşaqlarına da nənəm bu evdə baxardı) sevincini görmək məni xoşbəxt edərdi. Bəlkə də nə zamansa bu haqda daha geniş yazacam.

Nəsə mətləbdən uzaqlaşmayım. Bu cırıq ayaqqabı ilə yağışlı gündə çörək növbəsində durmuşdum. Amma bu dəfəki növbə əvvəlkilərdən çox fərqlənirdi. O qədər adam vardı, elə bil mitinq idi. Adamların arasında nəfəsim tıxanmışdı. Bir anlıq huşumu itirdim və “Qərib çinlər diyarında” filmində olduğu kimi qulağıma bu səslər gəlirdi “Qərib bizə çörək ver, Qərib bizə çörək ver... ver... ver... ver”.

Bir də hiss etdim ki, kimsə məni qucağına alıb qaldırmaq istəyir, ancaq nafilə. Qəfil necə itələdilərsə insanların ayaqlarının altına düşdüm. Mənim işimə yaramışdı ki, ayaqlar arasından keçərək lap ön sıradan çörək ala bildim. Evə qayıdanda maykam cırıq, ayaqlarımsa yalın idi. İndiki zamanda heç kəsin yeməyəcəyi çörəyi nənəmə verəndə özümü əsl qəhrəman sansam da nədənsə mənə elə gəldi ki, nənəm kövrəlib və məni qucaqlayıb “ay mənə oxşamış köpəyöğlu” dedi.

Ən çox burnum onun burnuna oxşayırdı. Deyəsən, həmin gün anamla atam gəldi. Çox sevincli idim. Düz bir həftə idi ki, onları görmürdüm. Uşaq vaxtı atamın qollarını qucaqlamadan yata bilmirdim. Artıq onun qolları olmadan da yatırdım, böyümüşdüm yəqin.

Anam məni o vəziyyətdə görəndə bəlkə də ağlamışdı, bilmirəm. Bircə onu bilirəm ki, sabahı tam bir aylıq maaşına məna təzə ayaqqabı aldı. Bir aylıq maaşına...

Belə vəziyyətdə mən necə velosiped istəyə bilərdim.

Sonra Horadiz də işğal olundu. Biz Beyləqana, sonra İmişliyə və nəhayət Bakıya köçdük. Bakıda qəpik-qəpik pul yığdım, kiçik uşaq işləri ilə pul qazandım və nəhayət 8-ci sinifdə oxuyanda köhnə bir velosiped aldım, beləcə arzuma çatdım.

Mamam oğlu (bibim oğlu) Rüstəmlə bu köhnə velosipedi Dərnəgül yataqxanalarından Yasamal yataqxanalarına kimi demək olar belimizdə gətirdik. Amma çox xoşbəxt idim... Özüm onu başdan təmir edib sürdüm. Həmin vaxtlar atam evdə çox az olardı, ancaq ən çətin vaxtlarda bizi çörəksiz qoymadı.

İndi özüm valideynəm uşaqların arzularını reallaşdırmaq indi də asan deyil. O qədər söz verirəm, sonra bilmirəm, verdiyim sözləri necə yerinə yetirim.

Allah hər valideynə övladlarının arzularına çatdırmağı qismət etsin.

# 2192 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #