“Ciddi yazıçılarımız Markesdən bəhrələnib...” SORĞU

“Ciddi yazıçılarımız Markesdən bəhrələnib...” <span style="color:red;">SORĞU
18 aprel 2014
# 15:17

Kulis.Az yazıçıların Qabriel Qarsiya Markes haqqında fikirlərini təqdim edir.

Afaq Məsud: “Markes, bu dünyada tapıb-tanıdığım ən yaxın adamlarımdan biridi. Onunla heç vaxt yaxın ünsiyyətdə olmamışam, amma dünyanın genişliyini və azadlığını mənə hansısa, sirli yollarla təlqin edən bu adamı daim yaxınlığımda hiss eləmişəm. Markes onu tanıdığım gündən, hər zaman köməyim olub. Məni ən darısqal, ən çıxılmaz məqamlardan qansız-xatasız ötüşdürüb, ən keçilməz maneələrdən adladıb, yayındırıb. Bir sözlə, xırdalanıb kiçilməyə, zəifləyib əyilməyə qoymayıb. Yazıçı kimi yaşamağıma imkan yaradıb. Ayrı cür desəm, məni müqəddəs, şəfqətli Ədəbiyyat Ərazisində qoruyub saxlayanlardan biri də Markes olub.

Böyük yazıçılar ölmürlər. Onlar, hələ sağ ikən, Böyük Ədəbiyyatın Əbədiyyət Ərazisinə daxil olur, dünyalarını dəyişsələr də Orada yaşamağa davam edirlər.

Markes də beləcə. O, heç zaman yoxa çıxmayacaq.”

Yaşar: “Doğurdan da Markesin vəfatı dünya ədəbiyyatı üçün olduqca böyük itkidi. Çünki Markes bəlkə də XX əsrin kult yazıçılarından biri sayılırdı. Ümumiyyətlə ədəbiyyatda rolu, ədəbiyyata gətirdiyi yeniliklər, ədəbiyyat anlayışı təsəvvürlərini dəyişməsi yolunda gördüyü işlər XX əsrdə çox az yazıçıya nəsib olmuşdu. Bu mənada çox nadir yazıçılar var ki, dünya ədəbiyyatına, əsasən də 50-ci illərdən sonrakı dünya ədəbiyyatına bu qədər təsir eləsin. O cümlədən Azərbaycan ədəbiyyatına Markesin həddən artıq böyük təsiri oldu. Çox ciddi yazıçılarımız Markesdən bəhrələnib gözəl əsərlər yaratdılar: Yusif Səmədoğlu, Əkrəm Əylisli, Afaq Məsud, Mövlud Süleymanlı. Onlar maqik realizmdən doğurdan məharətlə istifadə etməklə çox ciddi əsərlər ortaya qoydular. Markesin “Yüz ilin tənhalığı” yaranandan sonra Azərbaycan ədəbiyyatına təsiri bizim öz klassik ədəbiyyatımızdan daha çox olub. Baxmayaraq o ispandilli yazıçdı, Kolumbiya yazıçısıdır, onun Azərbaycan ədəbiyyatında izi var.“

Mahir Qarayev: “Bizim nəsil sovet dövrünün sonlarını gördü. Markes də bu dövrdə dünyanın çox məşhurlaşmış yazıçılarından biri idi. Düzdür, sonradan məlum oldu ki, onun sovet vaxtı rus dilinə çevrilən əsərlərində xeyli ixtisarlar olub. Bununla belə onun əsərləri Markesi sevməyə bəs elədi. Azərbaycanda Markesin ilk dəfə “Polkovnikə məktub yoxdur” əsəri “Ulduz” jurnalında İshaq İbrahimovun tərcüməsində çap olunmuşdu. Ondan sonra Natiq Səfərov hekayələrini tərcümə elədi. Daha sonra Əkrəm Əylisinin çox gözəl tərcümə elədiyi “Gözlənilən bir qətlin qısa tarixçəsi” əsəri çap olundu. Afaq xanım “Patriarxın payızı” əsərini tərcümə elədi. 1996-cı ildə isə biz “Patriarxın payızı”nı onun digər əsərləri ilə birlikdə nəfis şəkildə çap elədik. Sonuncu tərcümə isə Günel Mövludun “Yüz ilin tənhalığı”dır. Mən də Markesdən bir neçə hekayə tərcümə etmişəm. Bu yaxınlarda müsahibələrinin də yer aldığı bir kitab çap olunacaq.

Heminquey vaxtilə çox məşhur idi. Folkner o qədər tanınmırdı. Amma iş elə gətirdi ki, Folkner Nobeli Heminqueydən sonra aldı və Folkner ədəbi zirvə oldu. Folknerdən sonrakı mərhələ birbaşa Markesə keçdi. Folknerdən sonra dünyanı zəbt eləməyin ən yaxşı yolunu Markes tapa bildi. Markes Folknerdən fərqli çox böyük təhkiyəçidir. Markes dünyanın tarixçəsini bir kəndin timsalında ümumiləşdirdi və bunu çox gözəl nəql edə bildi. Onun nağılçılığı yeni bir hadisə oldu. Markesin ən böyük üstünlüyü mənə elə gəlir onun nağıl etmək qabiliyyətidir. Onun əsərləri ilk cümlədən oxucunu cəlb edir.

Günel Mövlud: “Markes çox az yazarlardan idi ki, sağlığında şöhrətin zirvəsinə çatmışdı. Hər bir oxucu, yazar mütaliə, dünyagörüşündən asılı olaraq tədricən Markesə münasibətini dəyişir. Oxucunun, ədəbiyyatşünasların gəldikləri qənaətin nə olduğuna baxmayaraq həqiqət budur ki, Markes sağlığında bəlkə də ədəbiyyat tarixində heç bir yazara nəsib olmayan uğura, şöhrətə, sevgiyə nail oldu. Mən onun əsərlərini çox sevmişəm, birini tərcümə eləmişəm. Müəyyən yaş və mütaliə həddi var ki, o mərhələdə Markesi oxumaq vacibdir. Ədəbiyyatda iki Markes tanıyıram, Latın Amerikasının Markesi və Qafqazın Markesi-Əkrəm Əylisli. Markes dünyasını dəyişdi, Əkrəm Əylisliyə uca qüvvələrdən uzun ömür diləyirəm.”

# 2492 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #