Nazim Hikmət Yusif Səmədoğlunun toyunda - FOTOFAKT

Nazim Hikmət Yusif Səmədoğlunun toyunda - <span style="color:red;">FOTOFAKT
14 oktyabr 2016
# 08:30

- Siz bilirsiniz ki, Nazim Hikmət Yusif Səmədoğlunun toyunda iştirak edib?

- Yox, kim deyir onu?!

- Toyda çəkilən şəkil var: Nazim Hikmət Yusif Səmədoğlunu təbrik edir. Qəribədir, indi hər şeyi tapmaq olur, ilin günün bu vaxtında interneti ələk-vələk elədim, o şəkli tapa bilmədim. Deyirlər, həmin şəkil Aygün xanımdadır.

- Gözlə, mən dəqiqləşdirim, bir azdan danışaq.

Çox keçmir, telefonda İntiqam Qasımzadənin təəccüb dolu səsi eşidilir:

- Aygünlə danışdım, elə bir şəkil var. Sabah səndə olacaq.

İntiqam müəllimə təşəkkür edəndə gülə-gülə deyir:

- İncimə e, amma siz bu faktları goreşən kimi haradan tapıb çıxarırsınız? Mən indiyə qədər bu haqda heç nə eşitməmişəm.

Səhəri işə gəlib elektron poçtumu açıram ki, “Aygün Vəkilova” ünvanından məktub gəlib. Səməd Vurğunun nəvəsi, Aybəniz xanımın qızı Aygündən...

* * *

Nazim Hikmətlə tanışlıq...

Vaqif Səmədoğlu qardaşının Nazim Hikmətlə tanışlığından danışır:

...Nazim Hikmətlə ikinci görüşüm 1960-cı ildə oldu. Bakıya qardaşım Yusifin toyunda iştirak etmək üçün gəlmişdi. Yusif Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxuduğu zaman atam onu Nazim Hikmətlə tanış etmişdi. Söhbət zamanı Nazim Hikmət Yusifdən yazılarını hansı təxəllüslə yazacağını soruşdu. Yusif cavab verdi ki, Yusif Vəkilov.

- Onda elə biləcəklər, russan. Atanın adını özünə təxəllüs götür, ol Yusif Səmədoğlu.

Sonralar mən də oldum Vaqif Səmədoğlu.

***

Yusif orta məktəbi qızıl medalla bitirir. Çoxdankı arzusunu yerinə yetirməyin vaxtı-vədəsi idi: Moskva, Qorki adına Әdәbiyyat İnstitutu; adı dillər əzbəri olan o institutun tələbəsi olmaq, o binanın qapısından içəri girmək, pilləkənlərini qalxmaq, divarları arasında ədəbiyyat yolçuluğuna çıxan yüzlərlə tələbəyə qaynayıb-qarışmaq...

Özü də inanırdı ki, “Qorki”nin tələbəsi olacaq, imtahanlara görə qəti narahatlığı yox idi. Məsələn, Vaqif Səmədoğlu qardaşı haqqında lap sonralar heyrətlə danışırmış ki, Yusifin mütaliəsi məni həmişə təəccübləndirib, kitabı necə oxumaq lazım olduğunu mən Yusifdən öyrənmişəm.

Və belə qəribə xatirə: “Mәn atam Sәmәd Vurğunun ağlamasını iki dəfə görmüşәm: bir Stalin ölәndә, bir dә Yusif Moskvada Әdәbiyyat İnstitutuna qәbul olunanda”.

“Qorki”də oxumaq asan məsələ deyildi. İmtahanlar, müəllimlərin tələbkarlığı, gün-gündən artan dərs yükünə tab gətirməyənlər az olmurdu. Günlərin birində Səməd Vurğun yenə Moskvaya səfərə gedir. Oğlunun yaşadığı otağa gedir, hal-əhval, uzaqdan-yaxından çox söhbət edir, çay içirlər. Ata oğuldan soruşur:

- Nə oxuyursan?

- Başım imtahanlara qarışıb, təzə əsərləri oxumağa vaxtım yoxdur.

Səməd Vurğun möhkəm əsəbiləşir, nəlbəkini stolun üstünə qoyub külqabıdan sönmüş papirosunu götürüb yandırır, dərindən sümürür:

- İyirmi yaşında bir cavan deyəndə ki, təzə əsərləri oxumağa vaxtım yoxdur, tüklərim ürpəşir, deyir, - A bala, necə yanı vaxtım yoxdur? İnsanda arzu olsa, həmişə vaxt tapa bilər. Mən sənin yaşında olanda, əlimə nə keçirdisə oxuyurdum. Bəzən səhərə qədər yuxusuz qalırdım. Qəribə sözdür, vaxtım yoxdur...

“Mən üzr istəyib söz verdim ki, bir də belə sözləri deməyəcəyəm. Sonralar atam hər dəfə Moskvaya gələndə mən ona, necə deyərlər, oxuduğum əsərlər haqqında hesabat verirdim...”.

***

Söz yenə Vaqif Səmədoğlunundur:

“Cavan olanda cibim 2 qəpikliklərlə dolub-daşardı. Bu 2 qəpikliklərlə avtomat telefonlardan qızlara zəng edirdim. Əsasən də, rus qızlarına. Ancaq Yusifin cibində bir dənə də 2 qəpiklik olmazdı. Çünki Yusifə qızlar özü zəng edərdi. Mən qızlara dil tökürdüm, ancaq qızlar Yusifdən ötrü ölürdü. Elə ona görə də mən şair oldum, Yusif yazıçı. Yusif uşaqlıqda dәcәl deyildi. O, kiçik yaşlarından davranışı, әdalarıyla çoxumuzdan fәrqlәnirdi. Mәn hәyәtimizdәki yaşıdlarımızla müxtәlif oyunlar oynayırdım. Başım qarışırdı onlarla futbol oynamağa, ya da velosiped sürürdüm. Yusifin isә heç vaxt futbol topu, velosipedi olmadı. Bunlara hәvәs göstәrmirdi. Onda artıq onun dostları iyirmi dörd, iyirmi beş yaşlı oğlanlarıydı. Hәmişә özündәn yaşca böyüklәrlә dostluq, yoldaşlıq edirdi. On altı yaşından Yusif başına şlyapa qoyub. Onun maraqları artıq başqaydı. Zahirәn son dәrәcә yaraşıqlı oğlanıydı. Buna görә qızların xoşuna gәlirdi. Yusifi uşaqlığından qızlar ayırdılar. Tez ayırdılar… Elә özü dә qızların xatirinә uşaqlığından böyük mәmnuniyyәtlә ayrılmışdı.

***

Günlərin birində Vəkilovlar ailəsinə toy dəvətnaməsi gəlir. Çoxdan tanıdıqları simsar ailədən. Toya Xavər xanımla Yusif gedir. Toyda bir qızı gözaltı edir, yaman xoşu gəlir qızdan. Sən demə, o qız gəlinin bacısı imiş, adı da Nəmidə. Yusif toydan qayıdan kimi deyir, onunla evlənəcəyəm. Heç üç-dörd gün keçmir, Xavər xanımı Nəmidənin anası Həcər xanımın yanına elçi göndərir, qızı istəyir. Nәmidәnin atası Qurban kişi uzun müddәt Gәncә milisinә rәhbәrlik edib, polkovnik rütbəsi daşıyırmış. Deyilənə görə, Gәncәdә yaşlı adamlar onun başına and içirmişlər.

Yusiflə Nəmidənin iki övladı oldu. Yusif qızlarının ikisinә dә atasının әsәrlәrindәn ad seçdi: birinin adı Mehriban, o birinin adı Humay.

***

Mehriban xanıma zəng vurub hal-əhval tuturam, soruşuram ki, Nazim Hikmətin atanızın toyunda iştirak etməsi haqqında nə deyə bilərsiniz?!

Xeyli düşünür, nəyisə saf-çürük edir, yaddaşını qurdalayır. Sonra anasını səsləyir, telefonda xeyli gözləməli oluram. Xəttin o başında səsi eşidilir, Nəmidə xanımdan öyrəndiyi beş-on cümlədən savayı heç nə deyə bilmir. Bu dəfə mən təkid edirəm. Ki, dəstəyi verin Nəmidə xanıma, özüm danışım...

- Vallah, inanın mənə, anam atam haqqında danışa bilmir. Ona çox çətindir. Bax, indi danışdım, ancaq bunu xatırlayır: toy 1960-cı il, fevralın 23-də köhnə “İnturist”də olub. Nazim Hikmət tərcüməçisi və həyat yoldaşı ilə gəlibmiş. O vaxt həyat yoldaşı rus idi. Anam deyir, toy çox maraqlı keçib. O dövrün bütün məşhur yazıçıları, ədəbiyyatşünasları həmin toyda olublar. Nazim Hikmət şeirlərindən birini oxuyub. Anamdan soruşdum, xatırlamır ki, hansını oxuyub. Toyun səhəri Mehdi Hüseyngildə qonaqlıq olub. Mehdi Hüseynin yoldaşı Balacaxanım biş-düş edib, süfrə açıb. Xavər xanım, atam-anam həmin qonaqlıqda iştirak ediblər. Nazim Hikmət üç gün Bakıda qalıb, Moskvaya qayıdıb. Toyda iştirak edən adamları yaxşı xatırlamır. O dövrün bütün məşhur adamları dəvətli olublar. Məsələn, Şəfaət Mehdiyev, Süleyman Rəhimov, Süleyman Rüstəm orda olub. Mən sizə şəkildəki adamlar haqqında danışa bilərəm. Soldakı xanımı xatırlaya bilmirəm. Onun yanındakı anamdır. Sonra atam, Xavər xanım, Nazim Hikmət, Aybəniz bibim və Mehdixan Vəkilovun oğlu Cavanşir Vəkilov.

Hə, anam bir də onu dedi ki, Nazim Hikmət Xavər xanımın dəvəti ilə məhz atamın toyunda iştirak etmək üçün Bakıya gəlib...

Mənbə: "Multikultralizm" jurnalı

# 3574 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #